Ermənistanın
işğalçılıq siyasəti onu
uçuruma sürükləyir
Ermənistanın
işğalçılıq siyasətini davam etdirməsi bu
ölkəni beynəlxalq aləmdə küncə
sıxışdırıb. İrəvana yardım edən
dövlətlər də artıq bu ianələri azaltmaq məcburiyyətində
qalıblar. İndi erməni lobbisinin bu istiqamətdəki
bütün səyləri nəticəsiz qalır.
Çünki artıq bütün dünyaya bəllidir ki, Ermənistan
Azərbaycan ərazisinin 20 faizini işğal altında
saxlayır və işğalçılıq siyasətindən
əl çəkmir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
ilə əlaqədar dünyanın ən mötəbər
beynəlxalq qurumlarının da qəbul
etdikləri rəsmi sənədlərə və beynəlxalq
hüququn norma və
prinsiplərinə saymazyana münasibət
göstərən Ermənistan hakimiyyəti artıq çətin
duruma düşüb.
İşğalçı
ölkədə getdikcə dərinləşən
ictimai-siyasi və iqtisadi böhran daha da
ağırlaşıb. ABŞ Prezidenti Barak Obamanın bü
günlərdə büdcə ilə bağlı irəli
sürdüyü təkliflərdə Ermənistana göstərilən
iqtisadi yardımın həcminin 19 faiz azaldılması təklifi
də işğalçı dövlətin beynəlxalq aləmdə
nüfuzunun heçə enməsindən xəbər verir.
Bununla yanaşı, artıq beynəlxalq aləmə də məlumdur
ki, Ermənistana verilən yardımlar təyinatı üzrə
yox, hakimiyyətdə olanların istədikləri sahələrə
sərf olunur, onların maddi maraqlarının təmin
olunması məqsədini güdür. Bu faktdır ki, Ermənistanın
işğal altında saxladığı Azərbaycan ərazilərindən,
xüsusilə də Dağlıq Qarabağ ərazisindən
narkotik maddələrin tranziti, alqı-satqısı məqsədilə
istifadə olunur. Təbii ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
vasitəçilik missiyasını üzərinə
götürmüş ATƏT-in Minsk qrupuna həmsədrlik edən
bir dövlətin ayırdığı yardımlardan belə
çirkin məqsədlərlə istifadə olunması
haqlı narazılıqlara səbəb olub. Onu da qeyd edək
ki, Barak Obama ilkin olaraq Ermənistana ayrılan yardımların
32 faiz azaldılması təklifini irəli
sürmüşdü. ABŞ Konqresi Ermənistana 40 milyon
dollar yardım ayırmağı nəzərdə tutsa da,
Prezident Barak Obama bu rəqəmi 27, 219 milyon dollaradək
azaltmağı tövsiyə edib. Göründüyü kimi,
bu, amerikalı konqresmenlərin təklif etdikləri məbləğdən
12,8 milyon dollar azdır.
Artıq
ABŞ konqresmenləri də Ermənistandan üz döndərməyə
başlayıblar. Onlar işğalçı dövləti
müdafiə etməyə heç bir əsas tapmırlar.
Hazırda Konqresdə 135-dək konqresmen Türkiyə-Amerika
dostluq qrupuna üzv olub. Əgər 5 konqresmen də bu qrupa
üzv olsa, bu, Konqresdə ən böyük dostluq qrupu olacaq.
Obama administrasiyasının Türkiyədə beynəlxalq hərbi
təhsil proqramının həyata keçirilməsi
üçün əlavə olaraq 3,6 milyon dollar
ayırmağı təklif etməsi də Ermənistana
böyük zərbə olub. Amerikada fəaliyyət göstərən
güclü erməni lobbisi ABŞ Prezidenti Barak Obamanın bu
təklifindən çaş-baş qalıb. Amerikadakı Erməni
Milli Komitəsinin yaydığı bəyanatda bildirilir:
"Biz ABŞ Prezidenti Barak Obamanın qərarı ilə
razılaşa bilmərik.Bu qərar bizi təəccübləndirdi.
Çünki ABŞ hakimiyyətinə çox yaxşı məlumdur
ki, Ermənistan hazırda çox ağır vəziyyətdədir.
Bu vəziyyəti isə yaradan Türkiyə ilə Azərbaycandır.
Bu iki ölkə Ermənistanı iqtisadi blokadaya alıb. Belə
bir şəraitdə Ermənistana yardımlar
azaldılır, Türkiyəyə isə
artırılır."
Dünyanın
ən qüdrətli dövlətinin Ermənistanla münasibətlərinin
mənfiyə doğru dəyişməsi Ermənistanda ciddi təşviş
doğurub. Yerli kütləvi informasiya vasitələri Ermənistanla
münasibətlərdə soyuqluq yaranmasını Serj Sarkisyanın
yarıtmaz siyasət yeritməsi ilə əlaqələndirirlər.
Erməni ekspert Arkadi Samvelyan Sarkisyan hakimiyyətinə
gözlərini açıb beynəlxalq aləmdə baş
verən hadisələrə diqqətlə baxmağı, gec
də olsa, yuxudan oyanmağı tövsiyə edib. O bildirib ki,
artıq Ermənistan beynəlxalq miqyasda ən hörmətsiz
dövlətdir. Ötən hər gün Ermənistanı
daha faciəli günlərə yaxınlaşdırır. Ermənistanın
indiki iqtidarının tutduğu siyasi xətt ölkəni
nüfuzlu beynəlxalq qurumlardan təcrid edib. A.Samvelyan
ABŞ-ın Ermənistana yardımlarını
azaltmasını ölkələri üçün faciə
hesab edib. Onun fikrincə, ABŞ-ın yardımları
azaltması ilk növbədə bu ölkənin Ermənistana
qarşı münasibətinin soyumasından, siyasi xəttini
dəyişməsindən xəbər verir. Siyasi ekspert Serj
Sarkisyanı təcili olaraq öz siyasətində dəyişiklik
etməyə çağırıb.
Təbii ki, həm A.Samvelyan, həm də digər erməni politoloqları Ermənistan iqtidarını işğalçılıq siyasətindən əl çəkməyə çağırırlar. Onlar dünyanın qüdrətli dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq qurumların bir-birinin ardınca Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması barədə bəyanatlar səsləndirmələrindən, hətta rəsmi sənəd qəbul etmələrindən ciddi narahatlıq hissi keçirmələrini gizlətmirlər.
Bu günlərdə Almaniya Xristian Demokratik İttifaqı və Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul etməsi və bu sənəddə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsi faktının öz əksini tapması Ermənistan üçün daha ağır bir zərbə oldu. "Dağlıq Qarabağda 20 illik münaqişə: münaqişənin sülh yolu ilə həllində yeni stimul" adlanan bu sənəddə bildirilir ki, azərbaycanlılarla ermənilər arasında etnik zəmində dəfələrlə baş verən zorakılığın ardınca, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi böyük miqdarda qaçqın axınına, Azərbaycan və erməni qoşunlarında minlərlə itkilərə səbəb olub. 1993-cü ildə erməni qüvvələri Ermənistan və Dağlıq Qarabağ arasındakı qərb dəhlizini tutub, Azərbaycan torpaqları, keçmiş muxtar ərazi olan Dağlıq Qarabağın şərq və cənub hissəsi ermənilərin nəzarəti altına keçib.
Ermənistanın işğalçı dövlət olması bu sənəddə açıq şəkildə bəyan olunur. Sənəddə daha sonra bildirilir: "Dağlıq Qarabağ müharibəsinin ardınca erməni qüvvələri nəinki Dağlıq Qarabağın özünü (Azərbaycan ərazisinin təxminən 5 faizi), eləcə də Azərbaycan ərazisi olan 7 rayonu da işğal etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan dövlətinin ərazisinin bu hissəsinin silahlı işğalını pislədi. Bu gün Azərbaycan ərazisinin təxminən 20 faizi ermənilərin nəzarətindədir." Qəbul olunmuş sənəddə, həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanmasında üzərinə götürdüyü vasitəçilik missiyasının öhdəsindən gələ bilməməsi qeyd olunur. Bildirilir ki, 20 illik vasitəçilik cəhdlərinə baxmyaraq, "status-kvo" vəziyyətindən çıxış yolu tapmaq səmərəsiz olub. Yeri gəlmişkən, Minsk qrupunun həmsədri olan digər bir ölkənin paytaxtında- Moskvada qərar tutan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərliyi də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlardan əl çəkə bilmir. Məsələn qurumun baş katibi Nikolay Bordyuja bu günlərdə keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda hərbi əməliyyatlar başlayarsa, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi, bu quruma üzv olan ölkələr tərəfindən dəstəklənəcək. Təəssüf ki, N.Bordyuja rəhbərlik etdiyi qurumun nizamnaməsini hələ də bilmir. Ona xatırladırıq ki, bu qurumun nizamnaməsində göstərilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan dövlətlər bir-birinə kömək etməlidir. Unutmaq olmaz ki, Azərbaycanın beynəlxalq hüquqa əsasən işğal altında olan öz ərazilərini azad etmək hüququ vardır. Bu ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması artıq beynəlxalq aləmdə də öz təsdiqini tapıb. Hətta Birləşmiş Millətlər Təşkilatı Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmək barədə dörd qətnamə qəbul edib. Digər nüfuzlu beynəlxalq qurumlar da bu barədə qərarlar qəbul ediblər. Bütün dünyaya bəlli olan bu sənədlərdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbərinin xəbərsiz olması inandırıcı deyil. Lakin qurumun rəhbəri yalnış mövqe tutaraq öz səlahiyyətindən kənar hüquqazid fikirlər səsləndirir.
Artıq Ermənistan dövləti çıxılmaz vəziyyətdədir. Ölkənin aclıq və səfalət içərisində çabalaması, bu ölkəyə göstərilən yardımların azaldılması onsuz da ağır olan həyat tərzini daha da çətinləşdirib. Yerli əhali acından ölməmək üçün xarici ölkələrə üz tutub. Hətta erməni politoloqları da etiraf edirlər ki, bu dözülməz vəziyyət uzun müddət davam edərsə, Ermənistan tamamilə boşalacaq. Vəziyyətdən çıxış yolu beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaq, işğalçılıq siyasətindən əl çəkmək və bundan sonra regionda həyata keçirilən layihələrə qoşulmaqdır. Azərbaycan isə inkişaf tempini qoruyub saxlayır,beynəlxalq miqyasdakı mövqelərini getdikcə daha da möhkəmləndirir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 24 fevral.- S. 4.