Hərbi təlimlərdə silahlı qüvvələrimiz yüksək peşəkarlıq nümayiş etdirdilər

 

"Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan ordusu ən yüksək standartlara cavab versin". Hələ 2010-cu il aprelin 23-də Müdafiə Nazirliyində keçirilən və ordu quruculuğu məsələlərinə həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən səsləndirilən bu fikirlər ordumuzun sonrakı fəaliyyəti dövründə də əsas xidmət prinsipinə çevrilmiş, əldə olunan uğurların miqyasını daha da genişləndirmişdir.

 

Ölkə başçısının bu il yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissəsinə baş çəkməsi, əsgər və zabitlərlə birgə çay süfrəsi arxasında görüşərək ordumuzun bugünkü vəziyyəti haqqında yüksək fikirdə olduğunu bildirməsi Silahlı Qüvvələmizin şəxsi heyətini bu gün də yeni döyüş uğurlarına ruhlandırır. Təsadüfi deyil ki, hərbi qulluqçuların sosial müdafiəsinin, xidmət və yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, ordunun maddi-texniki bazasının gücləndirilməsini prioritet məsələ kimi dəyərləndirən Silahlı Qüvvələrin Ali Baş Komandanı xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif edərkən demişdir: "Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi, peşəkarlığınızı, Vətənə sədaqətinizi göstərmisiniz və bu ağır, çətin şəraitdə düşmənlə üzbəüz, ön cəbhədə, təmas xəttində xidmət göstərirsiniz".

Görüş zamanı Müdafiə naziri general-polkovnik Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud durumla bağlı ətraflı məlumat verərək bildirmişdir ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Yeni silahsursatlarla təchizat nəticəsində Azərbaycan ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı Qüvvələrin döyüş qabiliyyətini, texniki təchizatını, zabit kadrlarının hazırlıq səviyyəsini, əsgərlərin mənəvi-psixoloji durumunu bu nəticənin əldə olunmasında mühüm rol oynayan amil kimi dəyərləndirən müdafiə naziri hərbi hissələrin komplektləşdirilmə tərzinin və keyfiyyətinin də yüksək səviyyədə olduğunu xüsusi qeyd etmişdir: "Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fizikipsixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır".

Azərbaycan ordusunu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclü qurum kimi xarakterizə edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev onu da xüsusi vurğulamışdır ki, güclü ordu potensialımız bizi əsas məqsədimizə - işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard 500 milyon dollara yaxındır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Bunu şərtləndirən digər amillər isə obyektiv əsaslara söykənir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.

Bu mənada son hərbi təlimlər ordumuzun hazırkı durumu ilə yaxından tanış olmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması istiqamətində ən mühüm yeri, heç şübhəsiz, komanda-qərargah təlimləri tutur. Ordunun döyüş qabiliyyətinin daim möhkəmləndirilməsi ilə bağlı, demək olar ki, hər tədris ilində birlik və birləşmələrdə keçirilən 70-dək müxtəlif xarakterli hərbi təlimləri cari tədris ili ərzində qazanılmış nailiyyətləri saf-çürük etmək, döyüş hazırlığının artırılması istiqamətində həyata keçirilən tədbirlərə yekun qiymət vermək baxımından son dərəcə önəmlidir.

Müxtəlif qoşun birləşmələrinin cəlb edildiyi bu təlimlərdə ən müasir tələblərə cavab verən simulyatorkompyuter şəbəkələrindən, hərbi arsenalımızı zənginləşdirən müasir texnikasilahlardan intensiv şəkildə istifadə olunması, o cümlədən qeydə alınan ümumi nəticələr bir daha onu sübut edir ki, bu gün ordumuzun döyüş hazırlığının artırılması ilə bağlı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur.

Xəbər verildiyi kimi, müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən bugünlərdə Azərbaycan ordusunun bölmələri tərəfindən cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirilmişdir. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin komandanlığı altında reallaşdırılan hərbi təlimlərə quru qoşunları və Hərbi Hava Qüvvələri ilə yanaşı, ordumuzun müxtəlif qoşun növlərinin şəxsi heyəti də cəlb olunmuşdur. Təlim zamanı əsas məqsəd son illər Azərbaycan ordusunun əldə etdiyi ən müasir texnikasilahlardan istifadə olunmaqla şəxsi heyətin döyuş hazırlığını və mənəvi-psixoloji səviyyəsini yoxlamaq, qoşunların birgə fəaliyyətinin planlaşdırılması və praktiki olaraq həyata keçirilməsini reallaşdırmaq olmuşdur.

Təlimin bütün mərhələlərində hərbçilərimiz bu dəfə də qarşıya qoyulmuş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmiş, öz üzərlərinə düşən vəzifələrin icrasında peşəkarlıq sərgiləmişlər. Ordumuzun taktiki döyüş tətbiqini əhatə edən bu genişmiqyaslı təlimdə yüksək standartlara cavab verən və kifayət qədər böyük döyüş qabiliyyətinə malik hərbi texnikaların, modern radiolakasiya stansiyalarının, avtomatlaşdırılmış komanda məntəqəsinə malik zenit-raket bölmələrinin, kompyuter multimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah və rabitə kunqlarının cəlb olunması, xüsusilə şəxsi heyətin yüksək mənəvi-psixoloji durumu ordumuzun döyüş hazırlığında yeni keyfiyyət göstəricilərini üzə çıxarmaqla yanaşı, peşəkar hərbi kadrların hazırlığı işində də ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirmişdir. Təlim zamanı artilleriya bölmələrinin şəxsi heyəti təlim sahəsindəki hədəflərə sərrast atəş açmaqla etimadı doğrultmuşlar. Döyüş təyyarə və vertolyotları yüksək pilotajla yanaşı, hədəflərə dəqiq aviasiya zərbələrinin endirilməsində fərqlənmiş, tank və piyadaların döyüş maşını\ heyətləri idarə etdikləri texnikaların manevr və atəş imkanlarından maksimum səviyyədə bəhrələnərək qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən məharətlə gəlmişlər. Uğurların əldə olunmasında ayrı-ayrı qoşun növlərinin birgə fəaliyyətinin təmin olunması xüsusilə əhəmiyyətli rol oynamışdır. Təlimə yekun vurularkən qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə müvəffəqiyyətlə yerinə yetirilməsi xüsusi vurğulanmışdır.

 

 

İbrahim RÜSTƏMOV,

Əməkdar jurnalist, mayor

 

Xalq qəzeti.- 2012.- 25 fevral.- S. 6.