Dünya
Xocalı həqiqətlərini etiraf etməyə
başlayır
İnsanlığa və bəşəriyyətə
qarşı ən qanlı cinayətlərdən olan
Xocalı soyqırımının 20-ci
ildönümüdür. 1992-ci il fevralın 25-dən 26-na
keçən gecə xüsusi qəddarlıqla törədilmiş
Xocalı soyqırımı erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı iki əsrdən artıq
müddətdə həyata keçirdiyi etnik təmizləmə
və soyqırım siyasətinin davamı, ən qanlı səhifələrindən
biridir.
Xocalı
soyqırımı Ermənistanın Dağlıq
Qarabağı işğal etmək məqsədi ilə
apardığı işğalçılıq müharibəsinin
gedişində dinc azərbaycanlı əhaliyə
qarşı törədilmiş qətliamların miqyasca ən
dəhşətlisidir.
Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları, habelə uzun illər beynəlxalq ictimaiyyətə "sülhsevər" ordu kimi təqdim edilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalı şəhərini sakinləri ilə birlikdə gülləbaran edərək, insanlığa silinməz ləkə olan soyqırım aktını törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca milli mənşəyinə görə qəddarcasına, dözülməz işgəncələr verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək zülm, təhqir və həqarətə məruz qoyulmuşlar. Erməni qəsbkarları azərbaycanlıları qətlə yetirmək üçün hətta faşistlərin belə istifadə etmədikləri ən qəddar, tükürpədici üsullardan istifadə etmişlər.
Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və digər atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar ermənilərin 20 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz genosid (soyqırım) niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. Genosid cinayəti üçün xüsusi niyyətin olması zəruri şərt sayılır və bu dəhşətli akt hökmən milli, etnik, irqi, dini qruplara qarşı yönəlməlidir. Erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur. Ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətinə məqsədli şəkildə, bilərəkdən əl atmış, misli görünməmiş qətliam törətmişlər.
Beynəlxalq hüquq normaları Xocalı faciəsinin soyqırım cinayəti kimi tövsifi üçün kifayət qədər ciddi əsaslar verir. Ümumiyyətlə, ilk dəfə olaraq Nürnberq Hərbi Tribunalının nizamnaməsində beynəlxalq cinayətlərin nədən ibarət olduğu göstərilmişdir. Orada soyqırım cinayəti insanlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir. BMT-nin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli Konvensiyasında isə soyqırım cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır.
Beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla, müharibə cinayəti sayılır. Soyqırım hər hansı milli, irqi, etnik və dini əlamətlərinə görə fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən məhv edilməsinə yönəlmiş aşağıdakı hərəkətlərə deyilir: birincisi, həmin qrupun üzvlərinin öldürülməsi; ikincisi, onların şikəst edilməsi, bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; üçüncüsü, hər hansı qrupun qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; dördüncüsü, həmin qrupda doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; beşincisi, azyaşlı uşaqların bir insan qrupundan alınıb başqasına verilməsi. Bu hallardan hər hansı birinin mövcudluğu hadisənin soyqırım kimi qiymətləndirilməsi üçün kifayət edir. Bu meyarlar baxımından, Xocalı faciəsi soyqırım cinayəti kimi qiymətləndirilməlidir.
Soyqırım - beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasıdır. Soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri, ənənələri, bir sözlə yaşam tərzi olan milli, etnik, irqi, və ya dini qrup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə, beynəlxalq nizamlama qanunauyğunluqlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT Baş Məçlisinin 10 dekabr 1948-ci ildə qəbul etdiyi "Ümumdünya insan hüquqları" Bəyannaməsində qeyd olunur ki, "Hər bir insanın yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz. Hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdir və qanunlarla eyni dərəcədə müdafiə olunurlar".
Xocalı soyqırımı ilə bağlı aparılmış istintaqla müəyyən edilmişdir ki, bu əməldə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" 1948-ci il 9 dekabr tarixli konvensiyasında və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində nəzərdə tutulmuş soyqırım cinayətinin tərkibi vardır. Cinayət işi öyrənilərkən müəyyən edilmişdir ki, Xocalı soyqırımını həyata keçirən Ermənistanın hərbi birləşmələri, Dağlıq Qarabağdakı silahlı separatçı birləşmələr və Xankəndində yerləşən keçmiş SSRİ-nin 366-cı alayının hərbçiləri tərəfindən dünya dövlətlərinin qəbul etdiyi beynəlxalq hüquq normalarına riayət edilməmişdir. Konkret olaraq 1949-cu il 12 avqust tarixli "Döyüşən silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında", "Hərbi əsirlərlə rəftar haqqında" və "Müharibə zamanı mülki əhalinin qorunması haqqında" Cenevrə konvensiyalarında nəzərdə tutulan tələblər kobud şəkildə pozulmuşdur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırım cinayəti "Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə" kimi qəbul olunur.
70 il tərkibində yaşamalı olduğumuz imperiya bədnam qonşularımızın 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qətliamları, soyqırımları unutdurma siyasəti yeritdi. 1948-1953-cü illərdə 200 minədək azərbaycanlının Ermənistandan müxtəlif bəhanələrlə deportasiya edilməsi, fiziki-mənəvi məhrumiyyətlərə məruz qalması, yurd-yuvasını itirməsi kimi acı həyat reallıqları da yaddaşımıza əbədi həkk olunmadı. Bütün bunlar azmış kimi, imperiya rəhbərliyinin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana verildi. Saxta "beynəlmiləlçilik" ideologiyasının diktə etdiyi unutqanlıq mərəzi 80-ci illərin ortalarında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırmasına gətirib çıxardı. Xalqımız tarixi unutqanlığın dəhşətli nəticələrini taleyində yaşamalı olub. Zaman-zaman məkrli qonşularımız olan ermənilərin türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları, terror və soyqırım siyasətini unutmağımız bizlərə baha başa gəlib. Məhz bu tarixi unutqanlıq üzündən də XX əsrin əvvəllərində baş vermiş hadisəni əsrin sonunda yenidən yaşamalı olduq. Etiraf etməliyik ki, 20-ci ildönümü ilə bağlı anım tədbirləri keçirdiyimiz Xocalı soyqırımı müəyyən mənada tarixi unutqanlığımız nəticəsində baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəhşətli genosid aktı idi. Lakin nə yaxşı ki, erməni vandallarının insanlığa və bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayətindən sonra yaddaşımızı bir daha silkələdik və unutqanlığa "yox" deyə bildik.
Bir çox tarixi faciələrimiz kimi, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli və ardıcıl iş məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına ilk dəfə olaraq düzgün siyasi-hüquqi qiymət verildi. Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı. Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görüldü, xarici dillərdə kitablar, sənədlər dərc olundu. Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirildi, bununla bağlı bir çox internet saytları yaradıldı. Ulu öndərin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.
Bu siyasəti davam etdirən Prezident İlham Əliyev ilk gündən "Biz müdafiədə deyil, hücumda olmalıyıq" - deyərək bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bildirmişdir: "Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliymiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir. Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".
Bu gün Xocalı soyqırımı ilə bağlı dövlətin gördüyü işlər göz qabağındadır. Lakin tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında məsuliyyəti tam olaraq dövlətin üzərinə qoymaq, şübhəsiz, düzgün olmazdı. Bu gün siyasi mövqeyindən, ictimai mənşəyindən, sosial mənsubiyyətindən, cinsindən asılı olmayaraq hər bir azərbaycanlı özünü bu ruhda kökləməli, xüsusən də Xocalı soyqırımını dünyaya tanıtmaq üçün əlindən gələni əsirgəməməlidir. Bunu ilk növbədə, hər bir azərbaycanlının vicdan səsi, vətəndaşlıq məsuliyyəti tələb edir. Belə bir taleyüklü məsələdə gözləmə mövqeyi tutmaq, şübhəsiz, əleyhimizə işləyən bir məsələdir.
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələmişlər. Təəssüflə vurğulamaq lazımdır ki, uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu gün də kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırıma məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən qabıqdan çıxırlar. Halbuki, ötən əsrin əvvəllərində havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər özləri qonşu xalqların tarixi əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırım və terror aktları törətmişlər. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapmışdır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi iddiasının cəfəngiyyat olduğuna şübhə yeri qoymur. Lakin həyasızlıqla əsassız təbliğat aparan erməni ideoloqları qondarma lsoyqırım iddialarını" son 60 il ərzində 20-dən artıq dövlətə qəbul etdirə bilmişlər.
Fransanın bir müddət əvvəl erməni soyqırımını tanımayanların 1 il müddətinə azadlıqdan məhrum edilməsi və ya 45 min avro məbləğində cəzalandırılması ilə bağlı qondarma, insan hüquq və azadlıqlarına zidd qanun qəbul etməsi erməni fitnəkarlığının stimullaşdırılmasına yönəlmiş daha bir absurd addımdır. Faktiki olaraq Avropanın aparıcı dövlətlərindən biri öz ərazisində insan hüquq və azadlıqlarını kobud şəkildə pozan bir qanun qəbul etməklə, demokratik ideallara, beynəlxalq hüquq normalarına aşkar hörmətsizlik göstərmişdir.
Fransanın baş verməyən, absurd hadisə ilə bağlı qəti hökm verdiyi halda, Xocalı faciəsinə göz yumması rəsmi Parisin ikili standartlara yol verdiyini tamamilə təsdiqləyir. Halbuki, 1915-ci ildən fərqli olaraq bu hadisələr müasir dünyanın gözü qarşısında baş vermiş, foto və audio vasitələrlə sənədləşdirilmiş, bütün ölkələrə yayılmışdır. Xocalıda soyqırım aktının baş verdiyini istintaq materialları da tam təsdiqləmişdir. İstintaqla müəyyən edilmişdir ki, 25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş hərbi birləşmələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmişdir. Hücumda 366-cı alayın komandiri Zaviqarov Yuri Yureviç və mayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və praporşiklər iştirak etmişlər. Eyni zamanda hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur.
366-cı alayın hərbi qulluqçuları və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü maddəsi, habelə, CM-nin 107-ci (əhalini deportasiya etmə və ya köçürtmə), 113-cü (işgəncə), 115.4-cü (müharibə qanunlarını və adətlərini pozma), 116.0.17-ci (zorlama, cinsi köləlik, məcburi fahişəlik, məcburi sterilizasiya, məcburi hamiləlik, habelə cinsi zorakılıqla əlaqədar başqa hərəkətlər etmə) maddələri ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirləndirilən şəxs kimi cəlb olunmaları barədə qərarlar çıxarılmışdır. Həmin şəxslər barəsində məhkəmələr tərəfindən həbs qətiimkan tədbiri seçilmiş və beynəlxalq axtarışların həyata keçirilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikası Milli Bürosuna göndərilmişdir.
Xocalıda baş verənlərin soyqırım olduğunu həmin dövrdə bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri də təsdiqləmişlər. Bu baxımdan faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın "Libardion" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi çoxlu müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist "Libardion" qəzetində çap etdirdiyi "Erməni terroriziminin canlı şahidi oldum" sərlövhəvli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizimi dünyanı məhz bu yolla "ram etməyə" çalışmışdır. Fransalı müxbir Xocalı qətliamında iştirak edən erməni terror dəstələrinin necə amansızlıq etdiklərinin canlı şahildi olduğunu yazmışdır. Mənfur sovet ordusunun 366-cı motoatıcı alayının ermənilərlə birgə Xocalı üzərinə hücumundan bir gün əvvəl Xankəndində bu alayın qərargahında olan Vayner orada rus polkovniki Zaviqarovun əməliyyata ciddi hazırlaşdığının şahidi olduğunu göstərmişdir. "Hələ Xocalı işğal edilməmişdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Cəsədlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi. Çünki oradan dəhşətli dərəcədə meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi" - deyə müşahidələrini obyektiv şəkildə qeydə almış fransalı jurnalist Xocalıya hücum ərəfəsində Ermənistanın hakimiyyət orqanları rəhbərlərinin 366-cı motoatıcı alayın qərargahında olduğunu da vurğulamışdır.
"Böyük Ermənistan" ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımında birbaşa iştirakını təsdiqləyən faktlar mövcuddur. Zori Balayan 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabında (260-262-ci səh.) Xocalıda baş verən soyqırım barədə qeyd edir: "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim".
Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallardan istifadə edən Azərbaycan bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Türk və Azərbaycan diasporlarının, kütləvi informasiya vasitələrinin bu istiqamətdə birgə fəaliyyətini də yeni dövrün siyasi reallıqları tələb edir. Qardaş Türkiyənin dünya miqyasında tanınan, ingilis dilində nəşr olunan nüfuzlu mətbuat orqanları var. Həmin qəzetlərdə, həmçinin geniş auditoriyaya malik telekanallarda Xocalı soyqırımı ilə bağlı müntəzəm məlumatların yerləşdirilməsi son dərəcə zəruridir. Bundan başqa, xaricdəki türk və Azərbaycan diasporları Xocalı soyqırımı ilə bağlı əyani vəsaitlərdən istifadə edərək geniş təbliğat aparmaq imkanlarına malikdirlər.
Bu baxımdan dövlət başçısının tapşırıq və tövsiyələri əsasında son illər Xocalı faciəsinin dünya ölkələrində tanıdılması, erməni qəsbkarlarının ifşası istiqamətində sistemli iş aparılır. Hər il Prezident Administrasiyası tərəfindən xüsusi tədbirlər proqramı təsdiqlənir və icra edilir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış "Qarabağ həqiqətləri" bukletlər toplusu və onların CD, DVD variantlarının bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarının elektron variantları Xocalı soyqırımının 20-ci ildönümündə təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə göndərilmişdır. Zəngin faktlar və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.
İslam Əməkdaşlıq Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır.
2010-cu il dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması" İctimai Birliyi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq təşviqat kampaniyasının "online" fəaliyyətlərinin təqdimatına həsr olunmuş tanıtma tədbiri keçiriblər. 10 dekabr İnsan Hüquqları Günü həftəsinə həsr olunmuş tədbir çərçivəsində "Xocalıya ədalət!" kampaniyasının yeni internet saytı ictimaiyyətə təqdim edilib, kampaniyanın "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkələrdəki fəaliyyəti barədə məlumat verilmişdir.
Həyata keçirilən bu və digər tədbirlər tədricən müsbət nəticələrini göstərir. Xocalı soyqırımının son aylarda Pakistan və Meksika parlamentləri tərəfindən soyqırım kimi tanınması, habelə bu qətlimla bağlı bir sıra dövlətlərin parlamentlərində dinləmələrin keçirilməsi deyilənlərin təsdiqidir. Bu günlərdə Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yaymışdır Bəyanatda deyilir: "Xocalıda baş verənlər insanlığa qarşı cinayətdir. Türk milləti Azərbaycan türklərinə qarşı törədilmiş bu qətliamın acılarını ürəyində hiss edir və bu qətliamı qınayır. Bu qətliamın qurbanlarının çəkdikləri acıların bütün dünya xalqları tərəfindən hiss edilməsi lazımdır. Türkiyə ən təməl insan haqları və vicdan dəyərləri yox sayan belə bir hüquqazidd hərəkətlərin öyrənilməsi və günahkarların ədalət qarşısında cavab verməsi istiqamətində Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəkdir".
Fikrimizcə, Xocalı soyqırımının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərdə, eləcə də türkdilli dövlətlərdə tanıdılması istiqamətində aparılan işlər daha da gücləndirilməlidir. Çünki Xocalı soyqırımı, ilk növbədə, türk dünyasının faciəsidir. Bu səbəbdən də təkcə Azərbaycan deyil, həm də qardaş Türkiyə, habelə türkdilli ölkələr bu sahədə fəal iş aparmalıdırlar. Xüsusən də hər iki ölkənin qanunverici orqanlarının bu sahədə fəal iş aparmasının vaxtı çatmışdır.
Etiraf etməliyik ki, indiyə qədər türkdilli dövlətlərdə Xocalıda baş verənlərin soyqırım kimi tanınmaması bizim bu sahədə yetərincə səmərəli iş aparmadığımızın nəticəsidir. Təəssüf ki, İrəvanda qondarma "erməni soyqırımı" abidəsinin önünə əklil qoyan bəzi türkdilli dövlətlərin rəhbərlərinə Xocalı faciəsini soyqırım kimi tanıtdıra bilməmişik. Ona görə də məsələni belə qoymalıyıq ki, ermənilərin saxta iddiaları təkcə Azərbaycan və Türkiyənin deyil, bütövlükdə türkdilli dövlətlərin maraqlarına qarşı yönəlib!
Şübhəsiz, Azərbaycan haqlı təbliğatında bədnam ermənilərin istifadə etdikləri iyrənc vasitələri qəbul etmir. İrəvandan fərqli olaraq rəsmi Bakı yalnız sübuta yetirə biləcəyi məsələ ətrafında hökm verir və təbliğatını aparır. Bu mənada, söhbət Xocalı soyqırımının tanınmamasına görə cinayət məsuliyyəti yaradan hansısa qanunun qəbulundan da getmir. Bununla bağlı cəmiyyətdə müəyyən təkliflər səslənsə də, Azərbaycan Fransa kimi mürtəce qanun qəbul etmək niyyətindən uzaqdır. Söhbət, əslində, konkret fakt və sübutlarla təsdiqlənmiş, sübuta xüsusi ehtiyacı olmayan soyqırım faktının tanınmasından gedir. Şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları Xocalıda baş verənlərin soyqırım olduğuna şübhə yeri qoymur. Unutmayaq ki, ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992-ci ildə faciə ilə bağlı geniş reportajlar vermiş, məlumatlar yaymışdılar. Ən müxtəlif ölkələrdən gələn jurnalistlər Xocalı dəhşətlərini öz gözləri ilə görmüş, sənədləşdirmiş, eyni zamanda, sarsıldıqlarını gizlətməmişdilər.
Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, dünyanın tərəqqipərvər dövlətlərinin bu məsələdə susması, ikili standartlara yol verməsi mənfi presedentlərin formalaşmasına gətirib çıxarar. Nədənsə unudulur ki, 20 il əvvəl Xocalıda yaşananlar bu gün başqa millətlərin başına gətirilə bilər. Faktiki olaraq Qarabağ müharibəsi də başa çatmamışdır. Ona görə də soyqırım törətmiş Ermənistana qarşı yeni beynəlxalq cinayət məhkəməsinin yaradılması təklifləri də biganəliklə qarşılanmamalıdır.
Bəli, təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Halbuki, ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqi normalara əsasən düşünmək və qərar qəbul etməyin zamanı çoxdan çatmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, işğalçı Ermənistana qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Amma, son illərdə bir çox dünya dövlətləri Xocalı həqiqətlərini qəbul etməyə başlamışlar. Bu onu göstərir ki, Xocalı soyqırımının dünyada tanıdılması bir neçə ilin işi deyildir. Bu istiqamətdə hələ uzun illər ərzində fəal iş aparmaq lazımdır. İnanırıq ki, dövlət başçısı İlham Əliyevin hücum diplomatiyası nəticəsində biz öz həqiqətlərimizi dünyaya qəbul etdirə biləcəyik.
Hər bir azərbaycanlı bu sahədə üzərinə düşən vəzifəni də unutmamalıdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2012.- 26 fevral.- S. 1;4