Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə bütünlüklə çatdırmalıyıq

 

Bəşər tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının törədilməsindən 20 il keçir. Erməni faşistlərinin keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi və bilavasitə iştirakı ilə Xocalının dinc azərbaycanlı əhalisinə qarşı 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə görünməmiş qəddarlıqla divan tutması daşnak şovinizminin iç üzünü, onun mahiyyətini bütün dünyaya nümayiş etdirmək baxımından, bəlkə də, ən tutarlı faktdır.

 

Həmin müdhiş gecədə 613 nəfər qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106-sı qadın, 70-i qoca və ahıllar idi. Şəhidlər təsdiqləyirlər ki, ermənilər və onların havadarları Xocalıda törətdikləri qəddarlıqlarla faşistləri belə üstələmişlər. Onlar dinc əhaliyə - körpəyə, uşağa, qadına, xəstəyə, qocaya belə aman verməmiş, işgəncə ilə öldürmüş, meyitlərin başlarının dərisini soymuş, gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, köməksiz, zavallı insanları diri-diri xəndəklərə dolduraraq yandırmış, üstünə torpaq tökmüş, yaralıları təkrar güllələmiş, meyitləri təhqir etmişlər və s.

Təəssüf ki, bu erməni vəhşiliyindən 20 il ötməsinə baxmayaraq, dünya birliyi Xocalı həqiqətləri barədə hələ susur, xalqımıza qarşı törədilmiş misli görünməmiş vəhşiliklərə görə təcavüzkar Ermənistan dövləti, həmin soyqırımın təşkilatçıları, icraçıları olan cinayətkarlar beynəlxalq aləmdə qınaq obyektinə çevrilməmiş, cəzalandırılmamışlar. Bu, bir yana qalsın, hələ bəzi "demokratik" dövlətlərin parlamentləri uydurma təbliğatın təsiri altına düşərək, yaxud dini təəssübkeşlik mövqeyindən yanaşaraq, "erməni soyqırımı" kimi gülünc məsələni müzakirəyə çıxarıb, heç bir qanuni əsası olmayan ədalətsiz qərarlar qəbul etmişlər...

Bu barədə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda Xocalı soyqırımının iyirminci ildönümünə həsr olunmuş elmi konfransda ətraflı söhbət getdi. İnstitutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Xocalı faciəsi ermənilər tərəfindən təkcə Azərbaycan xalqına qarşı yox, bütövlükdə bəşəriyyətdə, insanlığa, humanizmə qarşı törədilmiş soyqırımı aktıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində deyildiyi kimi, Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üçü ifşa olunmur və dünya ictimai fikri Xocalı həqiqətlərini artıq qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı linsanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qərar qəbul edilmişdir.

Məlum olduğu kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü bu il dünyanın təqribən 70 ölkəsində, 100-dən çox şəhərində qeyd olunur. Soyqırıma həsr olunmuş anma mərasimləri dünyanın ən böyük şəhərlərində silsilə tədbirlərlə keçirilir. Bu sahədəki fəaliyyətimizin daha böyük səmərə verməsi üçünkimi işlər görməliyik, diqqəti hansı vacib sahələrə yönəltməliyik. Bugünkü elmi konfransın iştirakçıları - qonaqlar, respublikamızın tanınmış hüquqşünasları, alim və mütəxəssislər bu barədə fikir mübadiləsi aparacaqlar. Lakin əvvəlcə həmin hadisə barədə çəkilmiş "Xocalı soyqırımı" filminə baxıb sonra müzakirəyə başlayaq. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edən filmin nümayişindən sonra çıxışlar başlandı. Xocalı hadisələrinin şahidləri - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, dosent Havva Məmmədova, 20 il bundan əvvəl Xocalı şəhər polis bölməsinin rəisi işləmiş Sabir Məmmədov, habelə Fəlsəfə, SosiologiyaHüquq İnstitutu direktorunun müavinləri, hüquq elmləri doktoru Bəhram Zahidov, fəlsəfə doktoru Roida Rzayeva institutun şöbə müdirləri, hüquq elmləri doktoru İsaxan Vəliyev, hüquq elmləri doktoru Habil Qurbanov, bölmə müdiri, fəlsəfə doktoru Yaşar Əliyev, aparıcı elmi işçi, hüquq elmləri üzrə fəlsəfə doktoru Rauf Qarayev və başqaları öz çıxışlarında qeyd etdilər ki, Xocalı soyqırımının hüquqi cəhətdən düzgün təqdimatı, təbliği, əsaslandırılması və beynəlxalq aləmdə tanıdılması bu gün qarşıda duran ən ümdə vəzifələrdəndir. Bu vəzifənin yerinə yetirilməsində hər kəs, ilk növbədə isə hüquqşünaslar, mütəxəssislər, ziyalılar yaxından iştirak etməlidirlər. Həmçinin vurğulandı ki, Xocalı soyqırımını törədənlərin, təşkilatçıların haqqında danışarkən ümumilikdən qaçmaq, onların konkret adlarını çəkmək, cinayət əməllərini göstərmək lazımdır. Azərbaycan Prezidentinin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar müraciətində bu cinayəti törədənlərin keçmişindiki Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejim olduğu birmənalı şəkildə öz əksini tapıb. Bu mənada Xocalı soyqırımı ilə bağlı respublikaının Hərbi Prokurorluğunda aparılan istintaqın əhəmiyyəti xüsusi qeyd olundu. İstintaq nəticəsində 39 nəfərin (onlardan 18-i 366-cı alayın hərbi qulluqçuları, 8 nəfəri Xankəndi və Əskəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfəri digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmişdir.

Konfransda azərbaycanlılara qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymətin verilməsi, cinayətkarların layiqincə cəzalandırılması istiqamətində bundan sonra da daha böyük əzmlə ardıcıl və məqsədyönlü iş aparılmasının zəruriliyi qeyd edildi.

 

 

Qüdrət PİRİYEV

 

Xalq qəzeti.- 2012.- 26 fevral.- S. 5.