Ocağınız gur yansın Bu gün Od çərşənbəsidir

 

Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən ikinci mühüm amil oddur. Əski inanclara görə odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Həmin təsəvvürlərə görə, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi kimi göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edən bir element hesab edilir.

 

Mifologiyaya nəzər salsaq görərik ki, Od anlamı "Kitabi-Dədə Qorqud" eposunun bütün ruhuna hopmuşdur. Eposda Dədə Qorqud insanları daxilən saf, qüdrətli görmək istəyir. Ona görə də mənəvi aləmdən bəhs edən fikirləri odla əlaqələndirməyi tövsiyə edir. Ulu əcdadlarımız belə hesab edirdilər ki, dünyasını dəyişmiş babaların ruhları ildə bir dəfə nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişi məhz ilin son çərşənbələrinə düşür. İnanca görə, əgər onlar görsələr ki, nəsilləri yaşayan evdə tonqal qalanmayıb, qazan asılmayıb, ocaqlar sönüb, elə bilərlər ki, saxladıqları adət-ənənəyə artıq əməl etmirlər, övladlarına qoyduqları var-dövlət göyə sovrulub, hər şey məhv olub, onda qayıdıb gedərlər və bir daha geri dönməzlər. Belə də deyirlər ki, çərşənbə axşamı ruhlar gəlib görəndə ki, onların ocaqlarından tüstü gəlmir, xörəklər bişmir, nəvə-nəticələri deyib-gülmürlər, küsülüdürlər, onda da inciyər və bir daha o yerlərə gəlməzlər. Məhz bu inama görə də çərşənbələrdə tonqallar qalanır, şənliklər keçirilir, insanlar arasında umu-küsü aradan götürülür.

Novruza qədər keçirilən çərşənbələrdən ən kütləvisi ikinci-Od çərşənbəsidir. Bu gün bütün bölgələrdə hər kəs öz həyətində bir tonqal çatıb, əlavə olaraq küçədə də ocaq qalayıbsa, şəhərlərdə də hər binanın önündə olmasa da, iki-üç binadan bir alovu göyə ucalan tonqal qalanacaq. Uşaqlar buna xüsusi hazırlaşırlar, çünki od üstündən tullanmaqda hər kəs öz məharətini göstərir, cəsurluğunu bildirmək üçün alov ərşə bülənd olanda yerdən götürülürlər.

Bugünkü Od çərşənbəsinin də öz özəllikləri, atributu, öz süfrəsi var. Bu günün əsas atributu oddur, ocaqdır. Müqəddəs ocaq, ilkinliyimizin ilıq hənirinə belə tapındığımız, "od haqqı", "ocaq haqqı" deyə and içdiyimiz ocaq. Od çərşənbəsi günübaşqa çərşənbələr kimi qonum-qonşuya, lap yaxın qohuma belə evdən çıraq, od, maya, un, kibrit vermək olmaz. Axşama qalmasın deyə, evi də ertədən təmizləyərlər. Adət-ənənəyə görə, Od çərşənbəsi günü qızlar, gəlinlər əllərini xınaya boyayar. Əllər od rəngində olar. Ağsaqqal, ağbirçək olan ailələrdə indi də çərşənbələr öz əzəlliyini, ilkinliyini tamlığı ilə qoruyub saxlayır. Nə uşaqların yumurta döyüşdürməsinə qadağa qoyan olur, nə də onların evdən obaşdan çıxıb qaş qaralanda dönməsinə söz deyən. Şənlik gözləyən uşaqlara bunları qadağan etmək özü günah sayılır. Gün uzunu bir-birinə tapmaca deyən uşaqların səsi qulaq batırsa da böyüklər onlara yenə acıqlanmır.

 

El-obada addanar,

Şirin olar daddanar,

Gah atdanar yellənər,

Gah alışar, oddanar

(Çərşənbə)

Say istəsən say verər,

Pay istəsən pay verər,

Əyilib gülün dərsən,

Xoşbəxt ömür ay verər.

(Novruz bayramı)

 

Süfrələr hər çərşənbədə özünəməxsus atributlarla bəzədilir. Bu axşam mer-meyvə, şirniyyatla bəzənən xonçaya ailə üzvlərinin sayına görə şam yandırıb qoyurlar.

Od çərşənbəsində ailə üzvlərinin hər biri qalanan tonqalın üstündən hoppanıb "Ağırlığım bu tonqalda qalsın" deyə alqış-dua edirlər. Evdə xoş əhval-ruhiyyə yaradan söhbətlər edirlər ki, dilək tutub qapı pusan olsa, yaxşı söz eşitsin. Bu gün ehsan vermək, yas yerinə getmək günah sayılır. Od çərşənbəsi günündə süfrəyə acı, şor nemətlərdən başqa olsa düzülür. Su çərşənbəsində olduğu kimi, bu gün ertədən qohum-əqrəbaya pay ayrılır, onların könlü xoş edilir.

Dedik ki, çərşənbələr arasında ən kütləvisi, ən şən keçiriləni Od çərşənbəsidir. Çünki qaranlıqda ocaq başına, alovun istisinə işığına toplaşanların sayı-hesabı olmur, onlar bir-birinə xoş niyyətli diləklər arzu edirlər.

Bu gün şamlarla bəzədilmiş süfrə başına toplaşanlar, hamınızın gününüz xoş, çərşənbəniz mübarək olsun! Suyunuz axar, ocağınız yanar olsun! Arzu edin ki, alovu yağı düşmənin gözünü qarsan bu müqəddəs tonqallar indi tapdaq altında qalan torpaqlarımızda çatılsın!

 

 

Zərifə BƏŞİRQIZI

 

         Xalq qəzeti.- 2012.- 28 fevral.- S. 11.