"Şirvan şəhəri"
"Müəllim"
nəşriyyatı Eldar Qəmərlinin
"Şirvan şəhəri"
adlı kitabını nəşr etmişdir.
Kitabda müasir Şirvan şəhərinin yerləşdiyi ərazi
haqqında ən qədim dövrlərdən 1920-ci ilə qədər
olan dövrü əks
etdirən tarix-diyarşünaslıq oçerkləri toplanmışdır.
Müasir
Şirvan şəhərinin yerləşdiyi ərazinin
keçmişi haqqında geniş oxucu kütləsinə,
demək olar ki, heç nə məlum deyildir. Respublika əhalisinin
əksəriyyətində belə bir fikir
formalaşmışdır ki, "sosialist şəhəri"
adlandırılan Əli Bayramlının formalaşdığı
XX əsrə qədər bu ərazidə diqqətəlayiq
heç nə olmamışdır. Eldar Qəmərli
"Şirvan şəhəri" kitabında bunun tam əksini
sübut edir.
Kitab
320 milyon il əvvəl yaranmış və milyon illər
müddətində mövcudluğunu saxlamış Tetis
okeanı haqqında məlumatla başlayır. Daha sonra Tetis
okeanından qalmış dənizlər, əsrlər boyu dəfələrlə
təkrarlanan reqressiya və transqressiya hadisələri (dənizin
quruya doğru irəliləməsi və geriyə çəkilməsi)
haqqında məlumat verilir. Aydın olur ki, müasir Şirvan
şəhərinin ərazisi bir zamanlar Xəzər dənizindən
şimal-qərbə doğru dil şəklində
uzanmış körfəz suları altında
qalmışdır. Şirvan şəhəri dənizin nisbətən
gec çəkildiyi ərazidə yerləşir. Bu ərazidə
bir vaxtlar mövcud olmuş dənizin qalıqlarını indi
də görmək mümkündür.
Kitabda
belə maraqlı faktlar çoxdur. Ən maraqlı faktlardan
biri budur ki, müəllif müasir Şirvan şəhəri ərazisində
hələ ibtidai icma quruluşu dövründə məskunlaşma
olduğunu iddia edir. O, bu fikrini Kürovdağdakı
mağaralarla əsaslandırır. Çünki ibtidai
insanların yaşayış məskəni kimi mağaralardan
istifadə etdiyi tarix elmindən məlumdur. Əvvəllər
Kürovdağda belə mağaraların sayı çox
olmuşdur. Lakin zaman keçdikcə onlardan bir çoxu
uçmuş, günümüzədək yalnız bir
neçəsi gəlib çıxmışdır.
Kürovdağda mövcud olan mağaralardan biri yerli əhali, eləcə də bəzi digər bölgələrin əhalisi arasında xüsusilə məşhurdur. Vağam adlanan bu mağaranı məşhur edən X-XI əsrlərdə yaşamış, şərqdə səyyah, böyük şair, filosof kimi tanınmış, hələ sağlığında müqəddəslik zirvəsinə ucalmış Şeyx Məhəmmədəli Baba Kuhinin bir müddət bu mağarada məskunlaşmasıdır. Məhz buna görə Vağam Şirvan sakinləri üçün, eləcə də bir sıra bölgələrin əhalisi üçün müqəddəs ziyarətgah sayılır.
Kitabın müəllifi qarşısına qoyduğu məsələyə kompleks şəkildə yanaşmışdır. O, təkcə Şirvan şəhərinin ərazisi haqqında deyil, həm də ona bitişik ərazilər haqqında söhbət açmışdır. Məlumdur ki, bütövlükdə Cənub-Şərqi Şirvan düzü adlanan bu ərazidə Güştəsbi, Yunanşəhr, Mahmudabad, Qırxçıraq adlı tarixi şəhərlər olmuşdur. Kürsəngi yaşayış sahəsi də bu ərazidədir. Keçən ilin sonlarında Ələt-Astara yolunun çəkilişi zamanı Babazənən dağında aşkar edilmiş qədim yaşayış məskəni də Cənub-Şərqi Şirvan düzündədir. Şirvan şəhərinin 1-2 kilometrliyində ilkin arxeoloji tədqiqatlar zamanı şəhər qalıqları və dulus kürələri aşkar edilmişdir. Bütün bu faktlara əsaslanan müəllif sübut edir ki, Şirvan şəhərinin ərazisi tarix üçün ağ vərəq deyil. Sadəcə reqressiya və transqressiya prosesləri zamanı maddi-mədəniyyət abidələri torpağın dərin qatları altında qalmışdır.
Müəllifin fikrincə, müasir Şirvan şəhərinin ərazisində tarix boyu müəyyən fasilələrlə bir neçə dəfə məskunlaşma olmuşdur. Sonuncu məskunlaşmanın tarixi 1880-ci ildən başlayır. Həmin ildə ərazidə yarımköçəri həyat tərzi keçirən tayfalardan biri-Ərəbşahverdi tayfası burada oturaq həyat tərzinə keçmişdir. Bu kiçik kənd sonralar inkişaf edərək müasir Şirvan şəhərinə çevrilmişdir.
"Şirvan şəhəri" kitabında oxucuların marağına səbəb ola biləcək fakt və məlumatlar çoxdur. Müəllif Vağam adlı mağara, min il əvvəl orada yaşamış Şeyx Məhəmmədəli Baba Kuhi, general Zubovun bu ərazidə qışlaması, dövrün varlı feodalı Hacı Ağa Qasım haqqında ətraflı söhbət açır. Bunlardan əlavə Kür çayı, ərazinin təbiəti, iqlimi, əhalinin iqtisadiyyatı və məişəti, yerli toponimlər haqqında maraqlı məlumatlar verilir.
Müəllif kitabı yazarkən azərbaycan və rus dillərində olan çoxsaylı elmi və elmi-kütləvi ədəbiyyatdan istifadə etmişdir. Lakin o, mənbələrin verdiyi məlumatlara passiv şəkildə istinad etməmiş, hər bir məsələyə öz münasibətini bildirmiş, yeri gələndə elmi mülahizələr də irəli sürmüşdür.
Kitabın sonunda mətnlərdəki məlumat və faktları tamamlamaq üçün müxtəlif nəşrlərdən və internetdən götürülmüş xəritələr, xəritə-sxemlər, həmçinin müəllifin özünün çəkdirdiyi fotoşəkillər verilmişdir.
Müəllif tərəfindən yazılmış ön sözdə bildirilir ki, "Şirvan şəhəri" kitabı üç cilddən ibarət olacaqdır. Müəllif oxuculara təqdim etdiyi birinci cilddən sonra sovet dövrünü əhatə edəcək ikinci, daha sonra isə müstəqillik illərini əks etdirən üçüncü cildi yazmağı nəzərdə tutur.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.-28 fevral.- S. 11.