SUMQAYIT hadisələri: Aysberqin görünən və görünməyən tərəfləri

 

Erməni təxribatçılarının və onların havadarlarının bu şəhərdə törətdikləri qanlı olaylardan 24 il ötür

 

Mənfur qonşularımızın millətimizə qarşı məkrli ideoloji təbliğatda silah kimi istifadə etdikləri hadisələrdən biri də 1988-ci ilin fevralında elə onların öz əlləri ilə Sumqayıtda törədilmiş "erməni qırğını"dır. Onlar Sumqayıt hadisələrini bu gün də "zavallı" xalqa qarşı qondarma soyqırımı faktı kimi qabardırlar. Amma ataların bir sözü var ki, haqq nazilsə də, üzülməz. Çoxdan, özü də tutarlı faktlarla əsaslandırılıb ki, Sumqayıt olayları Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına və keçmiş SSRİ-nin dağılmasına təkan verəcək vasitələrdən biri kimi düşünülmüşdü.

 

"Mən istərdim ki, respublikanın şimal-qərbində yerləşən Qarabağ Ermənistanın olsun, o, Azərbaycana nisbətən Ermənistana daha çox bağlıdır. Mən bu istiqamətdə bir təklif irəli sürmüşəm. Ümidvaram ki, yenidənqurma, demokratiya şəraitində həmin problem öz həllini tapacaqdır". - Fransa Erməni İnstitutunun və Erməni Veteranları Assosiasiyasının təşkil etdiyi qəbulda akademik A.Aqanbekyanın bu çıxışı 1987-ci ilin noyabrında Parisdə nəşr olunan "Humanite" qəzetində dərc ediləndən dərhal sonra qəzəblənən Azərbaycanı etiraz dalğası, ruhlanan Ermənistanı isə milli ədavət və türkləri deportasiya meyilləri bürüdü.

Bədnam "Qarabağ Komitəsi" və "Krunk" cəmiyyəti tezliklə açıq fəaliyyətə başladılar. Azğın qonşular Ermənistanda yaşayan soydaşlarımıza hədə-qorxu gəlir, onları təhqir edir, əmlaklarını əllərindən alır, dədə-baba yurdlarından qovurdular. 1988-ci il fevralın 22-də Əsgəranda iki ağdamlı gənc düşmən gülləsinin qurbanı oldu: ilk qan töküldü. Masis və Qafan rayonlarında vəziyyət daha da gərginləşdi, ilk qaçqın axını Azərbaycana üz tutdu. Fevralın 26-da şair Silva Kaputikyan televiziya ilə erməni xalqına müraciət etdi, Qorbaçovun onları dəstəklədiyini və onun Qarabağla bağlı tarixi "ədalətsizliyi" aradan qaldıracağını söylədi. Beləliklə, hələ də Moskvaya, Kremlin qanunlarına inamını itirməyən azərbaycanlılar çaşqın halda nəyi isə gözlədikləri bir vaxtda "Böyük Ermənistan" ideoloqları əzəli ssenarilərinin növbəti səhifəsini həyata keçirirdilər. Hadisələrin davamını çox gözləmək lazım gəlmədi. Bir gün sonra Sumqayıta daxil olan təxribat qrupları əhali arasında ekstremist əhval-ruhiyyəli iş aparmağa başladılar. Şəhərin müxtəlif yerlərində adamları başına toplayan meşin gödəkçəli naməlum şəxslər özlərini Ermənistandan qaçmış soydaşlarımız kimi qələmə verir, ermənilərin onlara necə divan tutmalarından danışırdılar. Araqızışdıranların səyləri təsirsiz qalmadı. Onlar hələ yetkinləşməmiş gəncləri inandırıb cürbəcür şüarlarla meydana topladılar. Mitinqlər başlandı və Sumqayıtda yaşayan ermənilərə divan tutmaq çağırışları eşidildi. Şəhərin başbilənləri əhalini şayiələrə uymamağa, təmkinli olmağa çağırsa da, artıq gec idi. Elə həmin andan qanunazidd hərəkətlər baş alıb getdi. Fevralın 28-29-da təhrikçi dəstə şəhərin emosiyalara uymuş gənclərinin kortəbii axını ilə faciəli hadisələrə yol açaraq aradan çıxdı. İki gündə 50-dən artıq mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomaşın sıradan çıxarıldı, 200-dən artıq mənzil talan edildi, 400-dən çox adam bədən xəsarəti aldı.

"Paşa" ləqəbi ilə meydana atılmış Sumqayıt ermənisi Eduard Qriqoryan "komandası" ilə qanlı aksiyalarda 26-sı erməni olmaqla 32 nəfər sakini qətlə yetirdi. Buna qədər o, iki dəfə cinayət törətdiyinə görə məhkum olunmuşdu. Özü qanlı aksiyalarda "nümunə" göstərərək beş ermənini öldürdü, bir neçə erməni qızını zorladı. Sən demə, o "Krunk" cəmiyyətinin fəal üzvlərindən imiş. Beli bağlı olduğuna görə heç nədən çəkinmirdi. Paşanın cəza qruplarını talan və qətllər üçün yönəltdiyi ünvanlar isə "Krunk"a haqq ödəməyən ermənilərin mənzilləri idi.

Nədənsə üç gün ərzində şəhərdə sabitliyi bərpa etmək naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı pasport rejiminin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə minə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.

Qriqoryanın arxasında dayanan qüvvələr onu hər vəchlə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar Paşanın əməllərini gizlədir, kimisə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən Paşa erməni lobbisinin Moskvadakı havadarlarının köməyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın haqsız tutulduğunu yazırdı. Qatı cinayətkarın cəzası sonradan 9 ilə endirildi.

Paşa azsaylı müsahibələrində iğtişaşlara qoşulduğunu boynuna alsa da, cinayətkarlara rəhbərlik etdiyini danmış, adam öldürdüyünü, erməni qızlarını zorladığını etiraf etməmişdi. Halbuki qətlə yetirdiyi adamların qohumları zorladığı qızlar hüquq-mühafizə orqanlarında üzləşmə zamanı cinayətlərin başında məhz onun durduğunu təsdiq etmişdilər.

Mərhum akademik Ziya Bünyadov yazırdı ki, "Qarabağ komitəsi"nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən bir qədər əvvəl əmanət kassalarında olan pullarını kütləvi surətdə çıxarmağa başlayıblar. Mindən yuxarı erməni dekabr-fevral aylarında 8 milyon 343 min 691 rubl pul çıxarıb Sumqayıtı tərk ediblər. Bu, bir daha sübut edir ki, Sumqayıt olayları qabaqcadan düşünülmüş, planlı bir aksiya idi. Daha sonra məqalədə cinayəti törətməkdən ötrü üçün məhz Sumqayıtın seçilməsinə aydınlıq gətirilir. O zaman 260 min əhalisi olan Sumqayıtda yaşayanların əksəriyyəti gənclər idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər valideyin nəzarətindən uzaq idilər. Məhz belə gəncləri ələ almaq asan olardı. Bundan başqa, icbari almış 20 min dustaq da Sumqayıtda yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti olan bu şəhərdə bir qığılcım bəs edirdi ki, aləm bir-birinə qarışsın necə deyərlər, yalan yerisin. Bunu nəzərə alan düşmənlər Sumqayıtda qan tökməklə bütün dünyaya car çəkmək istəyirdilər ki, məhz azərbaycanlılar erməniləri dinc yaşamağa qoymur, onları fiziki mənəvi cəhətdən məhv etmək istəyirlər. Dünya ictimaiyyətinin buna inanması asan olacaqdı.

Həmin ərəfədə İsveçdən Artaşes Qabrielyan adlı bir erməni videokamera ilə Sumqayıta gələrək qabaqcadan planlaşdırılmış hadisələri lentə çəkmək üçün mövqe seçmişdi. O, lentə aldığı hadisələrə belə bir ad qoymuşdu: "Bizi başkəsənlərdən xilas edin". Həmin film xarici ölkələrdə fəaliyyət göstərən erməni mərkəzləri üçün nəzərdə tutulmuşdu. Aydındır ki, Qabrielyanın çəkdiyi kadrlar hansı məqsədlər güdürdü.

Bədnam qonşular onlara qarşı yönəldilən yeni "genosid"i operativ şəkildə xarici mətbuat səhifələrində işıqlandırıb xislətlərinə uyğun şəkildə ağlayıb qan-yaş tökdülər. "Azadlıq" radiostansiyasının erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan həmin günlərdə dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini bəşər tarixində görünməmiş bir aksiya adlandırırdı. Ermənilər ölənlərin sayının 32 deyil, 500 nəfərdən çox olduğunu iddia edirdilər. Yerevanda təcili olaraq "Sumqait, genosid, qlasnost" adlı kitab nəşr olunub bütün ölkəyə yayılmışdı.

Martın 1-də Sumqayıtda komendant saatı tətbiq olunandan sonra DİN general-leytenantı V.Krayev şəhərə komendant təyin edildi. Onun əmri ilə bütün erməni ailələri evlərindən çıxarılaraq şəhər partiya komitəsinin akt zalına, mədəniyyət evlərinə, sanatoriyalara yerləşdirildi. Komendantın dediyinə görə, bu, ermənilərin təhlükəsizliyi üçün edilirdi.

O zaman yüzlərlə sumqayıtlı tutulub milis şöbəsinə aparıldı, hüquqazidd şəkildə dindirildi incidildi. Yersiz şayiələr baş alıb gedirdi. Məsələn, Babayan familiyalı bir erməni Moskvadan gəlmiş nümayəndələri görüb qışqıra-qışqıra danışmışdı ki, guya martın 3-də mədəniyyət evinin arxasında iki erməni uşağının başını kəsib atıblar. İstintaq qrupunun rəhbəri, SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi B.Qalkin təcili olaraq faktı yoxlamaq üçün hadisə yerinə adam göndərmiş şayiə yalan çıxmışdı. Sonralar Babayan kimilər qeyd elədilər ki, 15 erməni qadını öldürülüb. Bu da yalan oldu. Beləcə, ermənilər öz çirkin əməllərindən əl çəkmirdilər.

Əslində isə azərbaycanlı ailələr bir çox ermənini öz evlərində gizlətməklə Paşanın cinayətkar dəstəsindən qorumuşdu. Şəhərin komendantı Moskvada çap olunan "Pravda" qəzetinin 21 mart 1988-ci il tarixli sayındakı müsahibəsində bu barədə demişdi: "Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğma rayonu Şəkiyə aparıb"...

Sumqayıtda "uğur"la həyata keçirilən erməni təxribatından ikicə gün sonra Xankəndində "Sumqayıt genosidi" qurbanlarına abidə ucaldılması təxribatı onların özlərinin törətməsini sübut edən aşkar faktdır. Axı, iki günə böyük bir abidə düzəltmək yerinə qoymaq mümkün deyil. Qaranlıq mətləblərə qədər çox aydınlıq gətirilsə, ermənilərin şər böhtan üçün faktları bir o qədər azalar. Dünya ictimaiyyəti kimin haqlı, kimin haqsız olduğuna bir daha əmin olar.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.-28 fevral.- S. 7.