Xocalı soyqırımı insanlığa xəyanətdir

 

Azərbaycan Turizm İnstitutunda Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş Açıq dərs keçirildi. İnstitutun kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev Xocalı soyqırımına həsr olunmuş tədbirin fərqli formatda təşkilinə aydınlıq gətirdi.

 

Açıq dərs 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı əks etdirən videoçarxın təqdimatı ilə başladı. Xocalıların o gecə - insanlığa sığmayan vəhşiliyin qurbanı olduğunu əks etdirən videoçarxın təqdimatından sonra hamını düşündürən dəhşətli "nəyə görə Xocalı?" sualı, həmçinin ermənilərin zamanlara hesablanan strateji maraqları tarixi faktlarla iştirakçıların diqqətinə çatdırıldı. Açıq dərsdə tarix elmləri doktoru Kərim Şükürov videoçarxdakı dəhşət doğuran anlara nəzərən soyqırım, genosid anlayışının leksikona necə daxil olduğunu, erməni xislətinin nədən qaynaqlandığını izah etdi. Xocalıda törədilən faciənin vətən tarixinə 20 il əvvəl qanla yazıldığını, lakin məkrli siyasətin 20 il əvvəl deyil, təxminən 300 ildən bəri davam etdiyini bildirdi. Tarixə qısa ekskurs edən K.Şükürov 1828-ci ildən 1905-ci ilə kimi ermənilərin torpaqlarımızda möhkəmlənmək səbəbindən qan tökmədiyini xatırlatdı. 1905-ci ildən sonra müxtəlif bölgələrimizdə ( 1905, 1907, 1918, 1948-1953, 1963-cü illərdə və XX əsrin sonlarında) törədilən qətliamların coğrafiyası və səciyyəvi xüsusiyyətlərinin xarici və ölkə tarixçilərinin araşdırmalarında da yer aldığını bildirdi. Xocalı soyqırımını zaman-zaman baş verən qanlı və etnik təmizləmələrin daha dəhşətli yekunu kimi qiymətləndirdi. O "Xocalı faciəsi bir xalqa, bir millətə deyil, bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir, insanlığa xəyanətdir" fikrini xüsusi vurğuladı. K. Şükürov dedi: "Dünyada 250-yə qədər ölkə var. İstənilən ölkənin tarixini sadəcə nəzərdən keçirsək, məlum olar ki, heç bir xalq, heç bir millət siyasi maraqlardan, etnik təmizləmələrdən sığortalanmayıb. O xalqlardan, millətlərdən biri də, nə yazıq ki, bizlərik. Deyirlər ki, tarix ən böyük ibrət dərsidir. Deməli, tarix həm də sadəcə olub keçənlər deyil, həm də əbədilik yaddaşlarda qalandır. ATİ-nin profilinə uyğun olaraq "Soyqırım marşrutları" Tələbə klubunun fəaliyyətini məqsədəuyğun bilirik. Nəzərdə tutmuşuq ki, əvvəlcə Bakını, sonra Qubanı, Şamaxını qarış-qarış gəzib, soyqırım törədilən yerləri ziyarət edək. Ermənilərin törətdikləri vəhşilikləri ötən əsrlərin deyil, günün faciəsi kimi yaddaşımıza yazaq".

Açıq dərsdə ATİ-nin kafedra müdirləri Bahadur Bilalov, Seyidəli Məmmədli, ictimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı və tələbələr Xocalı soyqırımı ilə bağlı tarixdə yazılanlara, eləcə də bu qətlimalara öz münasibətlərini bildirdilər.

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 28 fevral.- S. 7.