Biləsuvar: inkişaf dinamikası hər sahədə duyulur

 

Son illər sürətlə inkişaf edən rayonlardan biri də Biləsuvardır. 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında qazanılan nailiyyətlər bir daha nəzərdən keçirildi və qarşıda duran vəzifələr müəyyənləşdirildi.

 

İcra hakimiyyətinin başçısı Mahir Quliyevin məruzəsində ötən il həyata keçirilmiş quruculuq tədbirlərinə daha çox yer ayrılmışdı. O bildirdi ki, il ərzində rayon ərazisində tikinti və abadlıq işləri genişlənmişdir. Ələt-Astara və Bəhrəmtəpə-Biləsuvar magistral yollarında təmir aparılmış, şəhərdə 8 kilometr, kəndlərdə 1,6 kilometr yol asfaltlaşdırılmışdır. Eyni zamanda, daxili imkanlar hesabına 60 kilometr yola qum-çınqıl qarışığı səpilmişdir.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 mərtəbəli, 16 mənzilli yaşayış evirayon kəndlərində 9 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, Əliabad və Dərvişli kənd tam orta məktəblərinin, Zəhmətabad kənd ümumi orta məktəbinin və idman zalının əsaslı təmiri başa çatmışdır. Maliyyə idarəsinin inzibati binasının əsaslı təmiri, "Aqrolizinq" ASC-nin rayon Aqroservisi üçün inzibati binatexnika parkının, Səmədabad kəndində yanğından mühafizə bölməsinin tikintiləri sona yetmişdir.

Milli Qəhrəman Mübariz İbrahimov adına küçədə tağvari giriş qapısının müasir üslubda yenidən qurulması bitmək üzrədir. Bu küçədə yeni işıqlandırma sistemi qurulmuş, digər yenidənqurma işləri aparılmışdır. Şəhər ərazisində "Bayraq meydanı" və 2 hektar ərazidə yeni parkın, Baytarlıq idarəsi üçün inzibati binanın, Vergi terminalının tikintisi, Xırmandalı kənd 1 saylı tam orta məktəbinin idmanakt zalının, şəhər 1 saylı uşaq bağçasının əsaslı təmir işləri davam etdirilmişdir.

Əhalinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar 3,8 kilometr uzunluğunda hava xətləri SİP kabellərlə əvəz edilmişdir. 19 elektrik transformatoru əsaslı təmir edilmiş, 62 elektrik dirəyi dəyişdirilmişdir. Lakin görülən işlər rayonun elektrik təsərrüfatının tam gücü ilə xidmət göstərməsi üçün qaneedici deyil. Belə ki, Biləsuvarın elektrik təsərrüfatı ötən əsrin 60-cı illərində qurulmuş, demək olar ki, istismar müddətini başa vurmuş bir sistemdir.

Əhalinin təbii qazla təminatı üçün müəyyən işlər görülmüşdür. Rayonun vaxtilə qaz almış 7 kəndinin qazla təmin edilməsi istiqamətində işlər aparılmışdır. Ovçubərə qazpaylayıcı stansiyasında yenidənqurma tam başa çatmış, Təzəkəndə təbii qaz verilişi bərpa edilmişdir. Aşağı Cürəli kəndində vaxtilə qaz almış 60 abonentə də artıq mavi yanacaq verilir. 5 kənddə isə daşıyıcı və paylayıcı qaz xətlərinin təmir-bərpa işləri tam başa çatdırılmışdır. Lakin bu vacib sahədə də işlərin sürəti qaneedici deyil.

Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədilə yeni Elektron ATS quraşdırılmışdır. Eyni zamanda rayonun bütün kənd ATS-ləri elektronlaşdırılmışdır.

Dövlət Proqramının uğurlu icrası rayon infrastrukturunun inkişafına, sosial problemlərin həllinə töhfə verir, əhalinin rifah halı xeyli yaxşılaşır. Son səkkiz ildə rayonda 13581-i daimi olmaqla 18265 yeni yeri yaradılmışdır. 2011-ci ildə 586 daimi yeri açılmışdır. Müxtəlif sahələrdə fəaliyyət göstərən 53 özəl subyektə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 4,3 milyon manatlıq güzəştli kredit verilmişdir. Üzvlərinin sayı 8281 nəfər olmaqla 1690 ailə dövlətdən ünvanlı sosial yardım almışdır.

Regional inkişaf Dövlət Proqramının tətbiqi aqrar sahənin inkişafına böyük təkan vermişdir. Ötən il rayonda 60,2 min ton dənli, 13 min ton pambıq, 47 min ton tərəvəz, 2,5 min ton bostan məhsulları, 3 min ton kartof, 1525 ton günəbaxan, 68,3 min ton şəkər çuğunduru, 61 min ton quru yonca otu və digər kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. İribuynuzlu mal-qaranın sayı 39,1 min başa, xırdabuynuzlu mal-qaranın sayı 134,8 min başa, süd istehsalı 23,8 min tona, ət istehsalı diri çəkidə 5,2 min tona, yumurta istehsalı 9,9 milyon ədədə çatdırılmışdır. Dövlət büdcəsi hesabına mülkiyyətçilərə 1 milyon 914 min manat kompensasiya verilmişdir.

Bütün bunlarla yanaşı, Biləsuvar rayonunda əkin sahələrinin şoranlaşmaya çox meylli olması məhsuldarlığa ciddi şəkildə təsir göstərir. Kəndlərdə keçirilən səyyar qəbullarda da bildirilib ki, aqrar rayon olan Biləsuvarda bu vacib sahədə işlərin gedişi müntəzəm nəzarətdə saxlanmalı və planlı şəkildə tədbirlər həyata keçirilməlidir.

2011-ci ildə təhsil, səhiyyə və mədəniyyət sahələrində də məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Rayon gəncləri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun misilsiz şücaəti ilə haqlı olaraq fəxr edir, vətən qarşısında xidməti borclarını şərəflə yerinə yetirirlər.

Rayon bələdiyyələri əhalinin yerli problemlərinin həllində yaxından iştirak etməyə çalışır. Ötən payız bələdiyyələrə keçirilən əlavə, təkrar və yeni seçkilər Biləsuvarda da Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada, qanun pozuntusuna yol verilmədən başa çatmışdır.

Rayonda vətəndaş müraciətlərinə baxılması işinin mövcud qanunvericiliyin tələblərinə uyğun qurulması təmin edilmişdir. Əhali ilə canlı əlaqəni möhkəmləndirmək, qaldırılan problemləri operativ həll etmək məqsədilə idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə müntəzəm olaraq hər ay kəndlərdə səyyar qəbullar keçirilir.

Bəli, Biləsuvar rayonu get-gedə daha abad və gözəl diyara çevrilir. Sakinlər bunu dövlət qayğısının ilbəil daha da artırılması kimi dəyərləndirir, ölkə rəhbərliyinə minnətdarlıq duyğularını ifadə edirlər. İnanırıq ki, cari ildə rayonun sosial-iqtisadi inkişafı naminə daha vacib addımlar atılacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 28 fevral.- S. 10.