Azərbaycanda nəhəng
infrastruktur layihələri regional inkişafa təkan verir
Amerika iqtisadiyyatında ən
yaxşı ənənələrin müəllifi kimi tarixə
düşən prezident Eyzenhauerin ilk layihələrindən
biri "Sürətli yol proqramı" olub. Azərbaycanda da yol-nəqliyyat sektorunun
inkişafı ilə bağlı möhtəşəm, bir
çox hallarda isə regionda ilk dəfə tətbiq edilən,
ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr
reallaşır. Bu sahədə icra edilən
layihələrə ölkə Prezidenti İlham Əliyev
böyük önəm verir. Hər bir yerdə sürətlə
yollar, qovşaqlar, tunellər, yol ötürücüləri
tikilir, körpülər salınır, mövcud yollar
genişləndirilir. 2012-ci ildə Azərbaycan hökuməti
daxili mənbələr və beynəlxalq kreditlər
hesabına avtomobil, su və dəmir yolu nəqliyyatının
inkişafına 2 milyard 766,6 milyon manat vəsait
yönəldəcək.
Yol inkişafdır, mədəniyyətdir
1969-cu ildə Azərbaycana rəhbərlik etməyə
başlayan Heydər Əliyev yeni yolların çəkilmsinə,
köhnələrinin bərpa edilməsinə xüsusi diqqət
yetirirdi. O
dövrdə asfalt yolların ümumi uzunluğu 12,7 min
kilometr idisə, 14 il ərzində Azərbaycanda aparılan
işlər nəticəsində bu rəqəm 20,4 min kilometrə
çatdırıldı. "Heydər Əliyev
çəkdiyi yollarla Azərbaycanı öz müstəqilliyinə
çatdırdı" - deyənlər tamamilə
haqlıdırlar.
Bu gün ölkə başçısı İlham Əliyevin
apardığı iqtisadi siyasətin nəticəsidir ki,
bütün sahələrdə olduğu kimi, yol təsərrüfatında
da dinamik inkişaf aydın gözə çarpır. Son 8 il ərzində
avtomobil yollarının tikintisində və təmirində
istifadə olunan 2822 ədəd müxtəlif təyinatlı
vasitələr - yol tikinti maşınları, avadanlıq və
qurğular alınıb. O cümlədən, 30-a yaxın
asfalt-beton zavod istifadəyə verilib. 2003-2011-ci
illər ərzində respublikada tikilən, yenidən qurulan və
təmir olunan yolların uzunluğu 6240 kilometrdən artıq
olub. Bu dövrdə ümumi uzunluğu 18
kilometr olan 160-a yaxın körpü tikilərək istifadəyə
verilib. 2003-ci ilədək son 100 il ərzində
respublikanın avtomobil yollarında tikilmiş körpülərin
ümumi uzunluğu isə 40,2 kilometr
olmuşdu.
Azərbaycanın inkişafında böyük rolu olan
yol tikintisi çox böyük maliyyə vəsaiti tələb
edən layihələrdir. Yola qoyulan bu
investisiyalar öz iqtisadi səmərəsini, bəlkə, 10
ildən, 15 ildən sonra verəcəkdir. Amma
Azərbaycan dövləti üçün əsas hədəf
odur ki, ölkəmizin inkişafı təmin olunsun,
bütün regionlarda müasir infrastruktur yaradılsın.
Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinin
keçirilməsi ilə əlaqədar paytaxtın iri yol
layihəsində işlərin əsas hissəsini başa
çatdırmaq nəzərdə tutulur. Nəqliyyat
naziri Ziya Məmmədov bildirib ki, hazırda Nəqliyyat Nazirliyi
və Bakı Şəhər İcra Hakimiyyəti paytaxt
yollarının inşası ilə məşğuldur.
Bakıda çox sayda körpü inşa olunur
və bəziləri yenidən qurulur. Bütövlükdə,
Bakı şəhəri bütün sahələrdə
olduğu kimi, yol sahəsində aparılan işlərin nəticəsində
də gözəlləşir.
Şərq - Qərb nəqliyyat dəhlizinin
mərkəzi - Azərbaycan
Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat
marşrutlarının kəsişdiyi əlverişli strateji
mövqedə yerləşir. Məhz bu amil
respublikamızın tranzit əhəmiyyətini xeyli
artırır. Ölkəmizin ərazisindən
keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin
nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil
yollarının tikintisinə münbit zəmin yaratmaqla
yanaşı, ölkənin iqtisadi inkişafına da
güclü təkan verir. Elə bu səbəbdəndir
ki, son illər respublikada görülən yol-inşaat işlərinin
miqyası ölçüyəgəlməzdir.
Nəqliyyat sektorunda strateji layihələr
sırasında beynəlxalq əhəmiyyətli magistral
yolların çəkilişi də mühüm yer tutur. Beynəlxalq
miqyaslı layihələrin həyata keçirilməsi isə
ölkəmizin nüfuzunun və strateji mövqeyinin möhkəmlənməsinə
baza yaradıb. Böyük İpək
yolunun istifadəyə verilməsi, Bakı - Tbilisi - Qars tranzit
dəhlizlərinin yaradılması istiqamətində işlərin
həlledici mərhələyə qədəm qoyması Azərbaycanın
regionda Şərq - Qərb nəqliyyat dəhlizinin mərkəzi
nöqtəsinə çevrildiyini göstərir. Hazırda inşası davam etdirilən Bakı -
Rusiya və İran dövlət sərhədləri üzrə
avtomobil yollarının yenidən qurulması və digər
layihələr respublikamızın trans-nəqliyyat mərkəzi
kimi strateji mövqeyini daha da möhkəmləndirməkdədir.
Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu
yaradılıb. Dünyada bu cür səkkiz mərkəz
var və onların arasında ən qabaqcıl və ən
mütərəqqi texnologiyalara malik olanı Bakı Mərkəzidir.
Koreya şirkətlərinin fəal
iştirakı ilə Azərbaycanda, Bakıda qurulan bu sistemdə
həm təhlükəsizlik məsələləri öz həllini
tapacaq, həm də yol hərəkətinin tənzimlənməsi
üçün yeni imkanlar yaradılacaq. Gələcəkdə
ölkənin bütün şəhərləri bu sistemlə
təmin ediləcəkdir.
Yeni yol - Tovuzda yeni həyatın
başlanğıcı
Zəyəm çayını keçib Böyük
İpək yolundan Tovuzun Alakol kəndinə dönəndə
diqqəti ilk çəkən asfalt yol və bu yol boyunca
vaxtı ilə qaz və istilik olmadığından
qırılmış, amma indi onun yerində təzə
salınmış meşə zolağı oldu. Bir də
sumqayıtlıların yaxşı tanıdığı,
sovetlər dönəmində məsul partiya -sovet işlərində
çalışmış Vaqif Qasımovun Alakol haqqında -
Xınna dərəsinin qucağında uyuyan, bu barlı-bərəkətli
kəndin torpağından, suyundan, adamlarından çox
böyük məhəbbət və qürur hissi ilə
danışan, həm də böyuk təəssuf hissi ilə
Alakolun yolsuzluğunu vurğulayan çöhrəsi xəyalımda
canlandı. Bu az imiş kimi, dilçi
alim, mərhum Bəşir Əhmədovun bir vaxtlar zarafatdan
çox ciddi dediyi sözlər də yadıma
düşdü: "Bakıdan Qovlara 450 kilometrlik yolu da 5
manata gedirik, Qovlardan Alakola 5 kilometrlik yolu da..." Maraqlıdır ki, sonralar da Bakıdan Qovlara olan
yolun qiyməti dəyişmədi, amma Qovlar - Alakol yol
haqqı 2 dəfəyə qədər qalxdı. Hətta
sürücülər adama bir minnət də qoydular ki,
Alakolun yolu çox pisdir!
Tovuz
RİH-nin başçısı Tofiq Zeynalovla
görüşəndə bu xırda, amma ağrılı əhvalatları
xatırlatmasam da, səmimi bildirdim ki, sovet hakimiyyətinin 70
ildə düzəldə bilmədiyi yolu siz bir ilə
asfaltlaşdırdınız, buna görə çox sağ
olun! Minnətdarlığımı özünməxsus təbəssümlə
qarşılayan başçı "bu sağ ol Alakolun el qədri
bilən oğlanlarına düşür", - deyə cavab verdi. Rayon icra hakimiyyəti
başçısının Alakol üzrə nümayəndəsi
Hətəm Saadov isə kənddə aparılan yenidənqurma
işlərini, o cümlədən "70 ildə sovet
hökumətinin çəkə bilmədiyi yolun" bir ildə
asfaltlaşdırılması məhz Tofiq müəllimin təşəbbüskarlığının
nəticəsi adlandırdı.
Alakol Tovuzun 102 kəndindən ancaq biridir. Son illər
Tovuzun hər bir kənd və qəsəbəsində
böyük quruculuq və yenidənqurma işləri
görülmüşdür. 2003-cü ildən
bəri ölkə Prezidenti İlham Əliyev 5 dəfə
Tovuzda olmuş və onun hər bir səfəri aparılan
quruculuq işlərinə böyük təkan vermişdir.
"Tovuz
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli 516 nömrəli
sərəncamına əsasən, strateji əhəmiyyətli
53 kilometrlik Tovuz - Böyük Qışlaq - Qaralar avtomobil
yolu yenidən qurulmuş və 2011-ci ilin fevralında istifadəyə
verilmişdir. Strateji əhəmiyyətli bu
yolun yenidən qurulması nəinki bir Tovuz rayonunun, eləcə
də bölgənin həyatında mühüm hadisə
olmuşdur. Yolun açılış
gününü əsl bayram əhval-ruhiyyəsi ilə qeyd
edən tovuzlular bu mühüm hadisəni Tovuzda yeni həyatın
başlanğıcı kimi dəyərləndirirlər.
Ölkə
Prezidenti İlham Əliyev son səfərində də burada
aparılan quruculuq işlərindən razı
qaldığını bildirmişdir: "Bütövlükdə,
Tovuz rayonunda gedən işlər məni çox
sevindirir". Tovuzlular isə deyir bir ki,
Prezidentin hər bir səfəri aparılan quruculuq işlərinə
böyük təkan vermişdir.
Mütəxəssis təklifi...
2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramının icrası ilə əlaqədar
həyata keçirilən iri layihələr yol infrastrukturunun
yaxşılaşdırılması, həmçinin beynəlxalq
standartlara uyğun qurulması işində öz bəhrəsini
verməkdədir. O da həqiqətdir ki, yeni salınan bəzi yollar
sonradan dağılmağa başlayır. Yağış-qar
suları və iritonnajlı avtomobillərin müntəzəm
hərəkəti bu prosesi daha da sürətləndirir.
Çəkilən zəhmət də zay olur, xərc
də itib gedir. Bəs yollarin belə tez
dagılmasına səbəb nədir? Mütəxəssislərin
fikrincə, asfalt qövsvari olmayanda yağış və qar
suları düz yollarda axmır və nəticədə
yaranan süni gölməçələr yollarda
çökmələrə və dağılmalara səbəb
olur. Təəssüf ki, bu problem əsasən
payız və qış aylarında Bakı küçələrində
müşahidə olunur.
Asfaltın altının lazımi qaydada möhkəmləndirilməməsi
də bu məsələdə önəmlidir. Abşeron ərazisində
yolun bünövrəsi gil təbəqəsindən
ibarətdir və yagış-qar sularının təsiri ilə
yolların sürətlə dağilması başlayır. Ona görə də yol çəkilməmişdən
əvvəl asfaltaltının daha möhkəm qurulması
vacib şərt olmalıdır. Bunun
üçün müvafiq imkan və texnalogiya var.
Özülə şeben, çınqıl, beton verməklə
bu prosesin öhdəsindən gəlmək
mümkündür. Qəsəbə və
kəndarası yolların çoxluğu və onların
yenidən qurulması ilə bağlı Bakı mühitində
daha bir səmərəli və çox ucuz başa gələn
vasitədən istifadə etmək olar. Metallurgiya
müəsisələrinin tullantısı olan şlakdan
istifadə etməklə bu işin öhdəsindən
uğurla gəlmək mümkündür.
Məsələyə aydınlıq gətirmək
üçün regionun ən iri müasir polad istehsal edən
müəssisəsi "Baku Steel Company"yə müraciət
etdik. Müəsisənin baş texnoloqu Adil Ağayev
bildirdi ki, bu məsələ olduqca vacib və çox
aktualdır. Hələ 5-10 il əvvəl
də "Baku Steel Company"yə bununla əlaqədar
çoxsaylı müraciətlər var idi. Şlak
doğrudan da, asfaltın altının möhkəmləndirilməsində
çox effektlidir və ucuz başa gəlir. Deyək ki, bir maşın şebenin bazar qiyməti
200 manat ətrafındadırsa, şlakın bir
maşını 4-5 dəfə ucuzdur. Şlak
materialının yol tikintisində istifadəsi metallurgiya
müəsisələrinin büdcəsinə müəyyən
gəlir gətirməklə yanaşı, ekologiyanın
qorunmasına da imkan yaratmış olur.
Bu məsələdə
yol tikintisi ilə məşğul olan təşkilatların
mövqeyini də bilmək maraqlı olardı...
Yol olan yerdə inkişaf da
olacaqdır
Azərbaycan nüfuzlu region dövlətindən
dünya əhəmiyyətli ölkəyə çevrilməkdədir. Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində
oynadığı mühüm rol artıq reallığa
çevrilmişdir. İndi Avropa öz gələcəyini
Azərbaycansız təsəvvür edə bilmir. Belə bir şəraitdə yol tikintisi hər bir
bölgənin iqtisadi inkişafını şərtləndirən
amil kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyev yol-nəqliyyat sektorunun
inkişafı ilə bağlı tədbirlərin birində
bildirmişdir ki, "Bakı - Rusiya, Bakı - Gürcüstan,
Bakı - İran sərhədi yollarının tikintisi, demək
olar ki, bu il və gələn il ərzində başa
çatmalıdır. O ki qaldı, kənd yollarına, onların tikintisinə
böyük ehtiyac vardır. Ən ucqar yerlərdə,
ən ucqar kəndlərdə bu yol tikintisi davam edəcəkdir.
Azərbaycanın bütün bölgələrində
insanlar yaxşı yoldan istifadə etməlidirlər."
Bu gun də
avtomobil yolları şəbəkəsinin yeniləşdirilməsi
və yenidənqurulması, qəsəbə və kənd əraziləri
də daxil olmaqla, yolların, prospektlərin və
küçələrin asfaltlaşdırılması,
ümumi istifadədə olan ölkə əhəmiyyətli
avtomobil yollarının yenidənqurulması, yerli əhəmiyyətli
yolların tikintisi, əsaslı təmiri, yeni körpülərin
tikintisi üzrə layihələr uğurla həyata
keçirilməkdədir.
Namiq ƏHMƏDOV
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
olunur
Xalq qəzeti.- 2012.- 29 fevral.- S. 8.