Ermənistanın
Azərbaycana qarşı soyqırımı siyasəti -
Xocalı faciəsi
(əvvəli qəzetimizin 26 fevral 2012-ci il
tarixli sayında)
"İlk dəfə
fevralın 28-də iki hərbi vertalyotla hadisə yerinə gəldik. Böyük bir sahə insan meyitləri ilə
dolu idi. Təyyarəçilər vertolyotu
yerə endirməyə qorxurdular. Çünki
həmin ərazi artıq ermənilərin nəzarəti
altında idi. Buna baxmayaraq, biz vertolyotdan
çıxdıq və bu zaman güclü atəşə məruz
qaldıq. Gördüyümüz mənzərədən
şoka düşmüşdük. İki
nəfər isə bu dəhşətdən huşunu itirdi.
Martın ikisində xarici jurnalistlərlə
hadisə yerinə qayıdanda artıq meyitlər tanınmaz,
dəhşətli hala salınmışdı, onların
üzlərində təhqiredici əməliyyatlar
aparılmışdı." Bu açıqlama isə
bu soyqırımı ilk dəfə lentə alan
telejurnalist Çingiz Mustafayevindir.
Qanlı
olayları gözləri ilə görüb lentə çəkən
Jan-iv Yunet isə yazır: " Biz
Xocalı faciəsinin şahidi olmuşuq. Yüzlərlə
meyit gördük. Onların arasında
qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində
duran adamlar var idi. Bizim ixtiyarımıza
vertolyotlar verildi. Hündürləyə
qalxaraq havada gördüklərimizi kameraya çəkirdik.
Mən müharibə haqqında çox
eşitmişəm, alman faşistlərinin qəddarlığını
oxumuşam, ancaq ermənilərin törətdikləri vəhşiliklər
onları kölgədə qoymuşdur."
"İzvestiya"
qəzetinin müxbiri V. Bellax isə başları kəsilmiş
insan cəsədlərini görüb yazırdı: Ağdama
çoxlu meyitlər gətirilirdi. Tarixdə belə
şeylər görünməmişdi. Meyitlərin
gözləri çıxarılmış, qulaqları və
başları kəsilmişdi. Bir neçə
meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi.
İşgəncələrin həddi- hüdudu
yox idi.
"Haydad",
" Asala" erməni terror təşkilatlarının
maliyyə dəstəyi ilə Xocalıya gələn erməni
mənşəli avropalı jurnalistlər bu faciəni Azəri
türklərinin etdiyi haqda məlumatlarla dünyanı
aldatmağa çalışırdılar. Bütün
bu cəhdlər həqiqətə əsaslanmadığı
üçün puça çıxdı. Vəhşiliyi,
qan-qadanı ilk dəfə görən avropalı erməni
jurnalistlərdən biri gördüklərini belə ifadə
etmişdi: " Xocalıda qətlə
yetirilmiş 100 nəfərin cəsədini yan-yana düzərək
körpü düzəltmişdilər. Mən bu
körpüdəki cəsədlərin üzərindən keçəndə , ayağımı körpə
bir uşağın sinəsinə qoyanda elə titrədim ki,
fotoaparatım, bloknotum, qələmim yerə düşərək
körpənin al qanına bulaşdı. Özümü
itirdim, tir-tir titrədim". Bəlkə
də bu günahsız körpənin qanı bu etirafı
etdirdi. O, günlərdə xarici mətbuatda da bu faciənin
dəhşətlərindən bəhs edən xəbərlər
dərc olunurdu. "Vaşinqton-Post" qəzeti: " Dağlıq Qarabağ qurbanları Azərbaycan
şəhərində torpağa basdırılıb.
Qaçqınlar deyirlər ki, ermənilərin hücumu
zamanı yüzlərlə adam həlak
olub. Onlardan 7 nəfərini bu gün göstərdilər,
2-si uşaq, 3-ü qadındır". "Tayms" qəzeti:
"Erməni əsgərləri yüzlərcə
qaçqın ailəsini qırıblar. Sağ qalanlar xəbər
veriblər ki, erməni əsgərləri 450-dən artıq
azərbaycanlını güllələyiblər, onlardan
çoxu uşaq və qadınlardır. "Onlar
atəş açırdılar, atəş
açırdılar, atəş açırdılar" -
deyə Xocalıdan Ağdama qaçmış Raziyə
Aslanova bildirib ki, əri və oğlu öldürülüb,
qızı isə itgin düşüb".
"İzvestiya" qəzeti: "Videokamera qulaqları kəsilmiş
uşaqları göstərib. Yaşlı
qadınlardan birinin üzünün yarısı göstərilib.
Kişilərin başının dərisi
soyulub". Tomas Qolts erməni əsgərlərinin
törətdikləri qırğınlar barədə məlumat
verən ilk reportyordur.
Xocalı sadə Azərbaycan şəhəri olub. Ötən həftə
şəhər yer üzündən silinib".
"Fayneyşl Tayms" qəzeti: "Ermənilər
Ağdama gedən qaçqın kalonunu güllələyib. Azərbaycanlılar 1200 meyit sayıblar. Livandan
olan reportyor təsdiq edir ki, varlı daşnak icması
Qarabağa silah və adam göndərir".
"Le Mond" qəzeti: "Ağdamda olan xarici jurnalistlər
Xocalıda öldürülmüş qadın və
uşaqlar arasında baş dərisi soyulmuş,
dırnaqları çıxarılmış 3 meyit
görüblər.Bu Azərbaycan təbliğatı yox,
reallıqdır". Bolqarıstanda
çıxan "Nie" qəzeti Xocalı faciəsinə
bütöv bir nömrə həsr etmişdi. V.Parvanovanın "Xocalı bəşəriyyətin
faciəsidir" adlı böyük bir məqaləsi bolqar
ictimaiyyətini olanlardan hali edərək, hadisələrə
insani qiymət verilməsinə
çağırmışdı. Hər dəfə
Xocalıda sağ qalmış insanlarla görüşüb
söhbət edəndə düşünürəm ki,
ölənlər bir dəfə öldü, amma guya sağ
qalıb, əslində isə mənəvi şikəst
olanlar isə gündə min dəfə ölüb dirilirlər.
O faciəni gözləri ilə görüb, dəhşətləri
yaşayan, doğmalarının, əzizlərinin
görünməmiş vəhşiliklərlə
öldürülməsinin şahidi olanların həyatının
hər anı əzabdır, işgəncədir. Onlar üçün də, bizim üçün də
nə qədər çətin, ağrılı olsa da,
danışmalıyıq, unutmamalıyıq. Heç olmasa bu dəhşətlərin bir də təkrar
olunmaması xatirinə. Xocalıdan
danışan, içindəki yanğını, dərdi
boğa-boğa boğulan insanların ürəyi, arzusu,
ümidi şəhiddir. Bu dirigözlü şəhidləri
dinləyin, dözmək çətin olsa da dözərək
dinləyin:
10
yaşlı Ramil Həsənov: "Ermənilər gələndə
meşəyə qaçdım. 3 gün ac-susuz
orada qalmışam. Susuzluqdan
ölürdüm, çoxlu qar yemişəm".
4
yaşlı Fuad Gülməmmədov: "Ermənilər məni
tapança ilə ayağımdan vurdular".
Sənan
Abdullayev: "Bir gün meşədə qaldıqdan sonra ermənilər
bizi tapıb Əsgərana gətirdilər. Anam,
atam, 16 yaşlı bacım meşədə öldü.
Ruslar, ermənilər, sırğalı zəncilər
uşaqların gözü qarşısında mənə
işgəncələr verirdilər. Sonra
bizi içərisinə su doldurulmuş zirzəmiyə
saldılar. Suda boğulmamaq
üçün uşaqları bir gün əlimdə
saxlamışam". Camal Orucov: 16 yaşında
oğlumu güllələdilər. 23 yaşlı
qızımı iki əkiz oğlu ilə ,
18 yaşlı hamilə qızımı əlimdən
aldılar".
Xədicə
Abdullayeva: "Bir sutka meşədə qaldıqdan sonra atam,
anam və 16 yaşlı bacım şaxtaya tab gətirmədilər.Sağ
qalan xocalılarla birgə məni də girov
götürdülər. Bizi ac-susuz, döşəməsinə
su doldurulmuş bir zirzəmidə saxladılar. Bir daşnakla dəyişdirildim. İndi iki ayağımdan da məhrumam".
Mizə Allahverdiyev: "Ermənilərin hücumundan sonra
meşəyə çəkildik. 3 gün
ac-susuz qaldıqdan sonra bizi tutub Əsgəranda ölüm
kamerasına saldılar. Hər gün bir
neçə adamı işgəncə ilə
öldürürdülər. Qızıl
dişlərimi kəlbətinlə çıxardılar, iki
qabırğamı sındırdılar. Atamı,
qardaşımı, qardaşım oğlunu
öldürdülər. 18 gündən
sonra bir alt paltarında bizi dəyişdirdilər".
8
yaşlı Xatirə Orucova: "Gözümün
qabağında atamı, anamı və 6 yaşlı
bacımı öldürdülər. Mənə
də güllə dəyib". Gülalı Mehrəliyev:
"Altı günə kimi meşədə qaldıq. Ac-susuz, gecələr meşənin vahiməsi, soyuq,
erməni qorxusu yazıq qızımın bağrını
yardı. Nakam balam dözə bilmədi,
keçindi. Balamın 20 yaşı
vardı, 8 ay idi gəlin köçmüşdü.
Sağ qalıb, minbir çətinliklə Ağdama gəlib
çıxdım. Amma qızımın meyitindən
nigaranam. Bircə onu gətirib
basdırsaydım, bəlkə bir az rahatlanardım".
Zavallı xocalılar, arzu etdiyiniz o azca
rahatlığı ermənilər o soyuq, müdhiş fevral
gecəsində əlinizdən bir yolluq aldılar. Nə qədər
ki, haqq, ədalət bərpa olunmayıb, torpaqlarımız
alınmayıb, nə dirilərin ürəyi, nə də
şəhidlərin ruhu rahatlıq tapmayacaq. Ermənilər belə faciəni yaşamış
olsaydılar, dünyanı ayağa qaldırardılar.
Yalnız böyük siyasətçi ulu öndər
Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən
sonra bu faciə siyasi qiymətini ala bildi. Azərbaycan Respublikasının
Milli Məclisinin qərarı ilə 26 fevral " Xocalı
soyqırımı və milli matəm günü" elan
olundu, Respublikasının Prezidenti Heydər Əliyevin qərarı
ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan
Respublikasının ərazisində Xocalı
soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti
olaraq sükut dəqiqəsi elan edildi.
Erməni silahlı qüvvələri Dağlıq
Qarabağı bütövlükdə və 7 rayonu qan tökə-tökə
işğal etdi. Bu işğal nəticəsində 20 mindən çox
azərbaycanlı qətlə yetirilmiş, 50 min nəfərdən
çox insan əlil olmuş, 4 mindən çox insan əsir
və itkin düşmüş, girov
götürülmüşdür. Bir milyondan
çox Azərbaycan vətəndaşı öz ata-baba
yurdlarından qovularaq məcburi köçkünə
çevrilmişdir. XX əsrdə
bütün dünyanın gözü qarşısında bu
vəhşilikləri törədən ermənilər
heç bir beynəlxalq qanuna, hüquqi normalara məhəl
qoymayırlar, dünya isə susur. Dünya susduqca onlar
daha da azğınlaşır və Azərbaycanın maddi və
mənəvi sərvətlərini qəddarcasına talan edirlər,
od vurub yandırırlar. Bu
alovun dilləri göylərə bülənd olduqca Azərbaycanın
dərdini dünyaya hayqırır, təəssüf,
çox təəssüf ki, dünya bu hayqırtını
ya eşitmir, ya da eşitmək istəmir. Ümummilli
liderimiz Heydər Əliyev Xocalı soyqırımı
haqqında demişdir: "Bu qəddar və amansız
soyqırım aktı insanlıq tarixinə ən dəhşətli
kütləvi terror aktlarından biri kimi daxil oldu".
Bu hərbi-siyasi
cinayət zamanı 8 ailə tamamilə məhv edildi, 25
uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən
birini itirdi, 56 nəfər şəhid oldu, xüsusi
amansızlıq və qəddarlıqla diri-diri
yandırıldı. Ümumiyyətlə,
işğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının
ortaya atdığı saxta ərazi iddiaları zaman-zaman
xalqımıza böyük bəlalar gətirdi. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü
dünya ictimaiyyəti tərəfindən ittiham edilmədi,
bu dəhşətli cinayət cəzasız qaldı. Beynəlxalq Cenevrə Konvensiyasına əsasən,
Ermənistan Respublikasına qarşı sanksiyalar tədbiq
edilməli olduğu halda bu cinayətin
iştirakçılarının heç biri cəzalarındırılmadı.
İkrah hissi yaradan məsələlərdən biri də
Xocalı faciəsini törədən erməni mənfurlarının
bu faciə üzərində siyasi oyunbazlıqlarıdır. Belə ki, onlar xarici ölkə
mətbuatında yalanlar uydurur, Xocalı faciəsinin
faktlarını qəsdən əksinə izah edir, heç
bir əndazəyə sığmayan iftiralar yayırlar: bu vəhşiliyi,
guya, azərbaycanlılar ermənilərə qarşı edib,
Xocalı faciəsi, guya, azərbaycanlıların özləri
tərəfindən törədilib.
Dünya
birliyi və beynəlxalq təşkilatlar Ermənistanın bu
təcavüzünün qarşısını almaq
üçün vaxtında təsirli tədbirlər görmədiyi
üçün "həvəslənən" ermənilər
Azərbaycan Respublikasının 14 min kvadarat kilometr (20 faizini)
ərazisini işğal etdilər.
Ümumiyyətlə,
ermənilərin Azərbaycana qarşı təcavüzü
zamanı 20 mindən çox adam öldürüldü, 50
minədək adam yaralandı və ya şikəst oldu, 4 min nəfər
əsir düşdü, yaxud girov götürüldü, 1
milyonadək azərbaycanlı ev-eşiyini itirdi, 100 mindən
çox yaşayış evi, 1 milyondan çox iqtisadi obyekt,
600-dən çox məktəb və tibb müəssisəsi
yandırıldı, talan edildi və 100 milyonlarla dollar dəyərində
şəxsi əmlak, dövlət əmlakı, maddi sərvətlər
işğal olunmuş ərazilərdən Ermənistana
daşındı.Erməni vandalizmi nəticəsində azərbaycanlılara
məxsus minlərlə tarix və mədəniyyət abidəsi
dağıdıldı, muzey eksponatları və kitabxanalar məhv
edildi.
Hələ
o zaman Azərbaycan Prezidenti, ulu öndərimiz Heydər Əliyev
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında beynəlxalq təşkilatların və
dünya dövlətlərinin laqeydliyini önə çəkərək
"ATƏT-in sərhəd və ərazilərin
toxunulmazlığı prinsiplərinə Azərbaycan həmişə
tərəfdar olmuşdur" deməklə beynəlxalq təşkilatların,
dünya səviyyəsində böyük nüfuza malik
dövlətlərin Ermənistanın
işğalçılıq siyasətinin
qarşısını almaq üçün təsirli tədbirlər
görmədiyini təəssüflə ifadə edirdi. Təəssüf
ki, Ermənistan bir qayda olaraq beynəlxalq təşkilatların
və dünya dövlətlərinin bəyanat və xəbərdarlıqlarına
məhəl qoymayaraq Dağlıq Qarabağ probleminin həll
edilməsinə "kompromislər" bəhanəsi ilə
mane olmaqda davam etmişdir.
Ulu
öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində qətiyyətli
və sərt mövqe tutması və hücum
diplomatiyasına üstünlük verməsi bu məsələyə
barmaqarası baxan beynəlxalq təşkilatların,
xüsusilə ATƏT-in Minsk Qrupunun fəaliyyətinin
canlanmasına səbəb oldu. Bu istiqamətdə
məntiqi ardıcıllıqla atılan qətiyyətli
diplomatik addımlar qarşı tərəfi reallıqla, ədalətlə
barışmağa məcbur etməyə başladı.
Hələ Azərbaycan Respublikasının Baş naziri olarkən
İlham Əliyev sentyabrın 24-də BMT Baş Məclisinin
58-ci sessiyasında çıxışı zamanı
demişdir: "Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin "mövcud reallıq" əsasında
həll variantı ilə heç zaman razılaşmayacaq və
torpağının bir qarışını belə heç
kimə verməyəcəkdir". Azərbaycan dövlətinin
beynəlxalq təşkilatlarda apardığı diplomatik səylər
nəticəsində respublikamızın ərazi
bütövlüyünün bərpa edilməsində onu dəstəkləyən
dövlətlərin sayı artsa da, ermənilərin
işğalçılıq siyasəti günbəgün
ifşa edilsə də, Azərbaycan hökumətinin haqq
işini dəstəkləyən dövlətlərin Ermənistana
təzyiqi güclənsə də, təəssüf ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi hələ də
öz həllini tapmamışdır. Belə ki, Azərbaycan
dövlətinin ATƏT-in Minsk qrupu üzvləri ilə, ATƏT
üzvü olan dövlətlərlə apardığı fəal
və məqsədyönlü işin Azərbaycanı
Dağlıq Qarabağ probleminin ədalətli və sülh
yolu ilə həllinə yaxınlaşdırsa da
münaqişə hələ də həll edilməmişdir.
Ermənistan prezidenti seçildikdən sonra 1992-ci ildə
birbaşa Xocalı faciəsinə başçılıq edən
Serj Sarkisyan bu yaxınlarda verdiyi müsahibələrində
bir daha bu vəhşiliyi, bu qəddarlığı törədən
"qəhrəman" kimi utanmadan, çəkinmədən
danışır. "BBC", "Moscow Times" və "The Times of
London" mətbuat agentliyində çalışan jurnalist,
"Çornıy Sad" kitabının müəllifi Tomas
de Vaal yazır: "Hazırki Ermənisatan prezidenti Serj
Sarkisyandan Xocalının işğalı barəsində
soruşduqda o, ehtiyatla cavab vermişdir: Biz bu haqda
danışmaq istəməzdik. Qurbanların
sayına gəlincə, onun sözlərinə görə, rəqəmlər
təhrif olunaraq şişirdilmişdir, bundan əlavə
qaçan azərbaycanlılar silahlı müqavimət
göstərmişlər. Lakin baş vermiş hadisələrə
dair fikrini Sarkisyan daha doğru və sərt şəkildə
bildirmişdir: "Düşünürəm ki, əsas məsələ
başqa şeydədir. Xocalı olayına qədər
azərbaycanlılar fikirləşirdilər ki, bizimlə
zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər
dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış təəssüratı
dağıda bildik. Baş verənlər
göz önündədir. Bir də onu nəzərə
almaq lazımdır ki, həmin oğlanlar arasında Bakı və
Sumqayıtdan qaçan oğlanlar da var idi".
Ermənilər törətdikləri vəhşiliklərə
görə haqq-ədalət qarşısında cavab verməyə
məcbur edilməyincə, Ermənistan
işğalçı dövlət kimi tanınmayınca, bu
kimi hadisələrin təkrarlanmasına şübhə edilməməlidir. Heç kim
zəmanət verə bilməz ki, Dünya ictimaiyyətinin
gözü qarşısında baş verən Xocalı
soyqırımı kimi dəhşətli faciəyə rəvac
verənlər nə vaxtsa özləri də belə faciələrlə
qarşı-qarşıya qalmayacaqlar.
Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının dosenti, tarix
üzrə
fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 29 fevral.- S. 7.