Azərbaycan
Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən
tələbələr və onların taleyi barədə
qeydlər
40. Seyidəliyev Mirməmmədrza
Abutalıb oğlu (1898. Şamaxı-?) 1919-cu ildə Bakı
gimnaziyasını bitirmiş, qərara əsasən Berlin
Universitetinə göndərilmişdir. Sonrakı taleyi
haqqında məlumat yoxdur.
41. Sədi Hacı Həsən
oğlu (?.Göyçay-?) 1919-cu ildə İstanbul Universitetində
tibb təhsilini maddi çətinlik səbəblə başa
vura bilməmiş, Vətənə qayıtdıqdan sonra qərara
əsasən yenidən İstanbula göndərilib, sonrakı
taleyi haqqında məlumat aşkarlanmayıb.
42. Səfərov Məşədi Məşədi
Hacı oğlu (1.12.1899.Şuşa-?) 1917-ci ildə II Nikolay
adına Dərbənd realnı məktəbini bitirmişdir.
Parlamentin qərarına əsasən Darmştad (Almaniya)
Universitetinə göndərilib. Haqqında başqa məlumat
yoxdur.
43. Səidzadə
Mirismayıl Səidəhməd oğlu (30.1.1896. Lənkəran-?) Berlinə göndərilib. Əlavə
məlumat yoxdur.
44.Səlimov Hüseynqulu Yusif oğlu
(9.10.1889.Bakı-?) Bakı realnı məktəbini
bitirmişdir. (1909) Sonra Xarkov Texnologiya İnstitutunun kimya
şöbəsində 3-cü kursadək oxumuşdur. Maddi
çətinlik üzündən təhsilini tamamlaya bilməmiş
Vətənə geri qayıtmış. Lakin AXC parlamentinin qərarına
əsasən yenidən Rusiyaya göndəriləcək tələbələrin
siyahısına salınır. Lakin vətəndaş
müharibəsi getdiyindən oraya getməsi mümkün
olmamışdı. Sonrakı taleyi barədə məlumat
yoxdur.
45.Sultanov Baxşəli bəy (?.Zəngəzur
qəzasının Tanzıvar kəndi-?) Şamaxı
realnı məktəbini bitirmişdir. Don Alekseyevsk Politexnik
İnstitutunun dağ mühəndisliyi şöbəsində
3-cü kursadək oxumuşdur. Maddi çətinlik
üzündən Vətənə dönmüş, Azərbaycan
parlamentinin qərarına əsasən Rusiyaya göndəriləcək
tələbələrin siyahısına
salınmışdı. Lakin həmin vaxt Rusiyada gedən vətəndaş
müharibəsi tələbələrin ora getməsinə
mane olmuşdu. Əlavə məlumat aşkarlanmayıb.
46. Soltanov İsgəndər
Rüstəm oğlu (25.5.1897.Zəngəzur-?). Bakı
kommersiya məktəbini bitirmişdir (1916), Şuşa Qəza
Polis İdarəsində işləmişdir.Azərbaycan
parlamentinin qərarına əsasən dağ mühəndisliyi
sahəsində təhsil almaq üçün Berlinə
göndərilmişdir. Sonrakı taleyi barədə məlumat
yoxdur.
47. Şahnəzərov Əhməd
Hacı oğlu(2.1.1899.Dağıstan-?). Nansi şəhərinə
göndərilmişdir. Əlavə məlumat yoxdur.
48. Şahsuvarov Mürsəl Adilxan
oğlu (19.6.1900.Zəngəzur?) Leypsiq (Almaniya) Məlumat
yoxdur.
49. Şahsuvarov Surxay Əzim oğlu
(19.7.1900.Zəngəzur?). Frayberq (Almaniya). Məlumat yoxdur.
50. Şıxıyev Hüseyn Mustafa
oğlu (25.6.1898.Qazax-?) Frayberq. Əlavə məlumat yoxdur.
51. Tahirzadə Abdulla Mahmud
oğlu (1896. Oğuz-2.11.1978. Bakı).
İlk təhsilini Ağdaşda, orta təhsilini İstanbulda
xeyriyyə məktəbində almışdır. Parlamentin qərarına əsasən, təhsilini
davam etdirmək üçün İstanbul Universitetinə
göndərilmişdir. İstanbulda Ali İqtisad Məktəbində
və İstanbul Universitetinin riyaziyyat fakültəsində
oxumuşdur. 1923-cü ildə Vətənə
dönmüş, Azərbaycan orta ixtisas və ali məktəblərində
müəllim işləmişdir. 1949-cu ildə repressiyaya məruz
qalmışdır. 1955-ci ildə bəraət almış və
həmin ildən indiki Neft Akademiyasında dərs demişdir.
52.
Teymurxanov Murad Zabir oğlu (3.1.1899.Dağıstan-?) Karlşruhe (Almaniya) şəhərinə
göndərilmişdir. Məlumat yoxdur.
53.
Topçubaşov Rəşid Əlimərdan bəy oğlu
(26.10.1900.Tiflis-1926.?) 1918-ci ildə Bakı realnı məktəbini
bitirmişdir.
Qərara əsasən təhsilini hüquq sahəsində
davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir.
Paris (Fransa) Sülh Konfransına göndərilmiş
Azərbaycan hökuməti nümayəndə heyətinin
katibi Əlimərdan bəy Topçubaşovun oğlu olan Rəşid
bəy Cümhuriyyətin süqutundan sonra Azərbaycanda
qurulan Sovet hökümətinin təqaüdündən imtina
etmişdir.
54. Umudov
Mansur Hakim oğlu (18.3.1898.Daşkənd-?). Fransa.
Əlavə məlumat yoxdur.
55.
Vəkilov Mustafa Məmmədağa oğlu
(25.1.1899.Tiflis-30.4.1943). Tiflis kişi gimnaziyasını
bitirmişdir (1917). AXC-nin Tiflisdəki daimi
nümayəndəliyində tərcüməçi işləmişdir.
Parlamentin qərarına əsasən təhsilini
hüquq sahəsində davam etdirmək üçün Paris
Universitetinə göndərilmişdir. M.Vəkilov təhsilini
bitirdikdən sonra ədliyyə orqanlarında (1924-27) və
ali məktəblərində çalışmış,bundan əlavə elmi-tədqiqat, tərcümə
və redaktə işləri ilə məşğul
olmuşdur. Azərbaycanda ailə hüququ,
hüquq və əxlaq və s. mövzularda əsərlər,
həmçinin mülki hüquqdan qısa dərslik
yazmış, "Rusça-Azərbaycanca lüğət"
(Bakı 1938) tərtib etmişdir. 1937-ci
ildə "əksinqilabçı-millətçi təşkilatın
üzvü" ittihamı ilə həbs edilmiş,
repressiyaya məruz qalaraq, Voloqdaya, sonra isə Komi MSSR-ə
sürgün olunmuşdu.
56.
Vəkilov Teymur Məmmədağa oğlu (1892. Tiflis-1948. Bakı). Qori seminariyasını bitirmiş
(1911), 3 il Bakı rus-tatar məktəbində
müəllim işləmişdir. Petroqrad
Psixonevrologiya İnstitutuna qəbul olunmuş (1915), dolanmaq
üçün evlərdə dərs demişdir. Rusiyada Oktyabr çevrilişindən sonra təhsilini
yarımçıq qoyub geri qayıtmağa məcbur
olmuşdu. Azərbaycan Parlamentinin qərarına
əsasən Xarkov Tibb İnstitutuna göndərilmişdir.Amma
vətəndaş müharibəsi ilə əlaqədar təhsili
baş tutmamışdır. Sovet hakimiyyəti
dövründə pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. 1942 ci ildə həbs edilib
Qazaxıstana sürgün edilmişdir.
57. Vəliyev
İsgəndər Mahmud oğlu (15.4.1896. Bakı-?).
Bakı orta inşaat texniki məktəbini
bitirmişdir. Kənd təsərrüfatı
sahəsində təhsilini davam etdirmək üçün
Peruça Universitetinə (İtaliya) göndərilmişdir.
Başqa məlumat aşkarlanmayıb.
58.
Vəzirov Aslan Zeynalabidin oğlu (6.12.1898. Şuşa-1.4.1984.
Bakı). Bakı realnı məktəbini
bitirmişdir. 1915-ci ildə Petroqrad Dağ-Mədən
Mühəndisliyi İnstitutuna daxil olaraq burada 2 il təhsil almış, Oktyabr
çevrilişindən (1917) sonra təhsilini
yarımçıq qoyub geri qayıtmışdı. Azərbaycan parlamentinin qərarına əsasən
Fransanın Sorbonna Universitetinə göndərilmişdir.
Əvvəlcə həmin universitetin
fizika-riyaziyyat fakültəsində, sonra isə Nansi Geologiya
İnstitutunda oxumuş, təhsilini başa vuqduqdan sonra (1924)
Nansi Mineralogiya İnstitutunda kristallokimya sahəsində tədqiqat
aparmışdır. 1925-ci ildə
Bakıya qayıdıb, Azərbaycan Sənaye İnstitutunda və
Azərbaycan Dövlət Universitetində dərs demişdir.
1930-cu ildə professor elmi adı, 1946-cı ildə
isə əməkdar elm xadimi fəxri adı
almışdır. Ömrünün sonuna bir il qalana qədər Neft və Kimya
İnstitutunda kristalloqrafiya və mineralogiya kafedrasının
müdiri işləmişdir.
59.
Yusifzadə Ağaəli Cəlal oğlu (1.1.1900. Şuşa-?). Mülxuz
(Fransa) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb.
60.
Zeynalov Behbudəli Həmid oğlu (2.12.1899. Şuşa-?). Berlin
(Almaniya) şəhərinə göndərilmişdir. Əlavə məlumat aşkarlanmayıb.
61.Abidinov Bəhram Əlövsət oğlu
(1896. Dərbənd-?). Bonn. (Almaniya) Sonrakı taleyi bəlli deyil.
62.
Abdullayev Ağaəli Rəsul oğlu (1897. Ağdaş-?). 1915-ci ildə Gəncə peşə məktəbini,
1919-cu ildə Tiflis orta mədəni-texniki məktəbinin
aqronomluq şöbəsini bitirmişdir, təhsilini davam
etdirməsi üçün İtaliyaya göndərilməsi
qərara alınsa da naməlum səbələrdən bu səfər
baş tutmamışdır. Sonrakı
taleyi naməlumdur.
63.
Muğanlinski Adil Abbasəli oğlu (13.12.1898. İrəvan-?). 1917-ci
ildə İrəvan kişi
gimnaziyasını bitirmişdir. Leypsiqdə (Almaniya) hüquq
fakültəsini bitirməsinə yarım il
qaldığı qeyd olunur. Sonrakı taleyi barədə
məlumat yoxdur.
64.
Muğanlinski Əsildar Abbasəli oğlu (14.9.1900. İrəvan-?) 1918-ci ildə
İrəvan gimnaziyasını bitirmişdir. Qərara əsasən Leypsiq universitetinə (Almaniya)
göndərilmiş, ATİ-nın üzvi olmuş, təhsil
illərində isə rəhbəri olmuşdur. Təhsilini başa vurduqdan sonra 1927-ci ildə Azərbaycana
qayıtmış, 1930-33 illərdə ADB-da məsləhətçi,
qrup rəhbəri işləmişdir. 1933-cü
ildə həbs edilmişdir. 1934-cü ildə
Bakının ali məktəblərində
alman dilini tədris etsə də, 1935-ci ildə yenidən
repressiyaya məruz qalmış, Qaraqanda vilayətinə
sürgün edilmişdir. Sonrakı taleyi bəlli
deyil.
65.
Ağasıbəyli Yusif Süleyman oğlu (20.12.1896. Gəncə-1989. Gəncə). 1917-ci ildə Gəncə kişi gimnaziyasını bitirmiş, qərarə
əsasən Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir.
Təhsilini başa vurduqdan sonra Almaniyada işləmişdir.
1931-ci ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik vəzifəsində
işləmişdir. 1937-ci ildə həbs
edilmiş, 1956-ci ildə bəraət almışdır.
66.
Ağayev Balağa Hənifə oğlu (1899. Bakı-?) Tibb təhsilini davam etdirməsi üçün
Paris Universitetinə (Fransa) göndərilib. Sonrakı taleyi naməlumdur.
67. Axunov
Əjdər (?-?). BDU tibb fakültəsinin 1 -ci
kurs tələbəsi, tibb təhsilini davam etdirməsi
üçün Parisə göndərilmişdir. AXC süqut etdikdən sonra o, təhsil haqqını
ödəmək üçün Fransanın Dinar istirahət
şəhərində bir ailədə qulluqçu işləmək
məcburiyyətində qalır. Ceyhun
Hacıbəyliyə yazdığı son məkubunda vəziyyətinin
son dərəcə ağır oldugu görünür. Sonrakı taleyi haqda məlumat aşkarlanmayıb.
68.Axundov İsmayıl Əbdülxaliq oğlu
(25.1.1897. Şamaxı-1952. Bakı).
Görkəmli alim, Azərbaycanda tibb elminin
tanınmış təşkilatçılarından biri
olmuşdur. 1918- ci ildə Bakı
kişi gimnazıyasını bitirmiş, qərara əsasən
Münxen Universitetinə (Almaniya) göndərilmişdir. Təhsilini bitirdikdən sonra o, Fransa, Əlcəzair
və İsveçrədə keçrilən simpoziumlarda
iştirak etmiş, 1927-ci ildə dissertasiya müdafiə edərək
elmlər doktoru olmuşdur. 1928-ci ildə
Bakıya qayıtmaq təklifi almışdır. Vətənə
qayıdan İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində
ilk professor elmi adına layiq
görülmüşdür. Onun malyariya xəstəliyinin
müalicəsində böyük uğurları olmuşdur.
69. Axundzadə
Səməndər Zakir oğlu (1898. Quba-1933).
Frayberq akademiyasına (Almaniya) göndərilmiş,
təhsilini başa vurub Vətənə dönmüş, Az
SSR DPK-də ağır sənaye bölməsində işləmişdir,
daha sonra repressiya qurbanı olmuşdur.
70.
Aslanov Teymur Zəkəriyyə oğlu (5.1.1890. Şuşa-16.8.1964.
Bakı). 1919-cu ildə Bakı
gimnaziyasını əla qiymətlərlə bitirmiş, təhsilini
tarix-filologiya sahəsində davam etdirmək üçün
Paris Universistetinə göndərilmişdir. Teymur bəy
1921-ci ildə Almaniyaya köçmüş, Kotbus şəhərindəki
toxuculuq mühəndisləri ali məktəbini
bitirmişdir (1924). Vətənə qayıtdıqdan sonra Gəncə
toxuculuq kombinatına mühəndis, 1931-32-ci illərdə
Az.SSR Xalq Yüngül Sənaye komissarlıgında mühəndis,
1933-cü ildən Gəncə toxuculuq kombinatının
direktor müavini və direktoru işləmişdir. 1939-cu ildə həbs edilmiş, 1956-cı ildə bəraət
almışdır.
71.
Atamalıbəyov Abbas Seyfulla oğlu (26.2.1895. Tiflis-1971, ABŞ. Klivlend). Azərbaycan siyasi
mühacirətinin tanınmış nümayəndəsi.
İlk təhsilini Şamaxıda,sonra isə
Tiflisdə almışdır. 1914-cü ildə
Peterburq İnstitutunun dəniz mühəndisliyi fakültəsinə
qəbul olunmuş, bu dövrdə sağ eserlərə
qoşulmuş, Müsəlman Həmyerlilər Komitəsinin sədri
seçilmişdi. Sonra Rusiyada baş
qaldıran xaos səbəbindən Vətənə
qayıtmış və siyasi fəaliyyətini davam
etdirmişdir. A.Atamalıbəyov Azərbaycan
Milli Şurasının və Cumhuriyyət Parlamentində
"Sosialistlər bloku" fraksiyasının üzvü idi.
Parlamentin 1919-cu il qərarına əsasən
təhsilini gəmiqayırma sahəsində davam etdirmək
üçün Paris Universitetinə (Fransa) göndərilmişdir.
Cumhuriyyət hökuməti Atamalıbəyovu
Paris Sülh Konfransında (1919-1920) Azərbaycan nümayəndə
heyyətinin üzvü M. Məhərrəmovu əvəz etmək
üçün katib vəzifəsinə təyin
etmişdir.Parisdə siyasi fəaliyyətini davam etdirmiş
Atamalıbəyov, mühacirət dairələrində
tanınan siyasətçilərdən olmuşdur. Eyni zamanda, Parisdə Siyasi Elmlər Məktəbini
bitirmişdir. Əlimərdan bəy Topçubaşovun
vəfatından (1934)sonra Parisdə cəmləşən
Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi "Revyu de
Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri
dərc olunmuşdur. İkinci Dünya
müharibəsində almanlar tərəfindən əsir
alınmış azərbaycanlı əskərlərin azad
edilməsi üçün xeyli səy göstərmişdir.
Sonralar Çilidə, Misirdə,1967-ci ildən
isə ABŞ da yaşamışdır. Ömrünün
sonuna qədər Azərbaycanın istiqlalı
üçün mübarizə aparmışdır. Onu da qeyd etmək lazımdır ki, A.Atamalıbəyov
müəyyən məsələlərdə M. Rəsulzadə
ilə müxalif mövqedə dayanırdı.
72.Bağırlı Abdulla Sadıq oğlu (?-?). Kiyevə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.
73.Bosnalızadə Məmmədrəşid
Mustafa oğlu (21.6.1892. Gəncə-?). Paris Universitetinə (Fransa) göndərilmişdir.
Sonrakı taleyi naməlumdur.
74. Cabbarov
Ələkbər Məmmədəli oğlu
(3.1.1898.Bakı-?). Təbiət elmləri sahəsində
təhsilini davam etdirmək üçün Nansi Universitetinə
(Fransa) göndərilmişdir. Sonrakı
taleyi naməlumdur.
75.
Cavanşir Əbdülhəmid Həmid oğlu (7.9.1897.
Şuşa-?) 1918-ci ildə Gəncə kişi
gimnaziyasını bitirmiş, aqronomluq sahəsində təhsilini
davam etdirmək üçün Nansi Universitetinə göndərilmişdir.
Sonrakı taleyi naməlumdur.
76. Cəfərov
Əliyusif Abutalıb oğlu (14.1.1901. Bakı-?).
1919 cu ildə Bakı gimnaziyasını
bitirmiş, fizika-riyaziyyat sahəsində təhsilini davam
etdirmək üçün Türkiyəyə göndərilmişdir.
Sonrakı taleyi naməlumdur.
77.
Dadaşov Abdullla Ələsgər oğlu (1.4.1902. Bakı-?). 1918-ci ildə 1-ci Bakı realnı məktəbini
bitirmiş, təhsilini davam etdirməsi üçün
İngiltərəyə göndərilmişdir.Sonrakı
taleyi naməlumdur.
78.
Daqirov Zaur Yusif oğlu (11.5.1902 Vladiqafqaz -?) 1918-ci ildə
Tiflis kadet korpusunu bitirmiş, etnoqrafiya sahəsində təhsilini
davam etdirmək üçün Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi naməlumdur.
79. Dursunzadə
Məmmədzəki (1890. Azqur-1937. Tiflis). Tarix-filologiya sahəsində
təhsilini davam etdirmək üçün İstanbul
Universitetinə göndərilmişdir. Təhsilini
bitirib Vətənə qayıtdıqdan sonra bir müddət
müəllim işləmiş, 1937-ci ildə güllələnmişdir.
80.
Əbdürrəhmanov Ağacəfər Cəfər oğlu
(30.7.1896. Şamaxı-?) 1917-ci
ildə Şamaxı realnı məktəbini bitirmiş, təhsilini
kimya sahəsində davam etdirmək üçün Berlin
Universitetinə göndərilmişdir. Təhsilinin bitməsinə
1 il qalması qeyd olunsa da, sonrakı taleyi
naməlumdur.
81. Əfəndiyev
Abdulla İbrahim oğlu (30.9.1897. Dağıstan-?).
1916-cı ildə Bakı realnı məktəbini
bitirmişdir. Moskva Kommersiya İnstitutunun
iqtisadiyyat şöbəsində 2-ci kursa qədər
oxumuş, maddi çətinlik səbəbilə təhsilini
yarımçıq saxlamışdır. Qərara
əsasən Berlin Kommersiya İnstitituna göndərilmişdir.
Son məlumatlarda təhsilinin bitməsinə 6
ay qaldığı qeyd edilsə də, sonrakı taleyi naməlumdur.
82. Əfəndiyev
Məmmədəmin (14.2.1897. İrəvan-?).
1916-cı ildə Tiflisdəki imperator I Aleksandr
gimnaziyasını bitirmiş, daha sonra Moskva Universitetində
aldığı təhsili maddi çətinlik səbəbilə
tamamlaya bilməmişdir. 1919-cu il 1 sentyabr qərarına
əsasən təhsilini yol-nəqliyyat sahəsində davam
etdirmək üçün Darmştad İnsititutuna (Almaniya)göndərilmişdir. Sonrakı
taleyi naməlumdur.
83. Əlimuradov
Cavad Cümşüd oğlu (6.7.1898. Fizuli-?)
Bakı realnı məktəbini bitirmiş,
Fransaya göndərilmişdir. Sonrakı
taleyi naməlumdur.
84. Əliyev
Abbas Əhməd oğlu (28.7.1897. Şamaxı-1972.
Moskva) 1916-cı ildə Bakı realnı məktəbini
bitirmiş, Kiyev Politexnik İnstitutunun
inşaatçı-mühəndis şöbəsində təhsil
alsa da, oktyabr çevrilişi səbəbilə 1918-ci ilə
geri qayıtmışdır. Qərara əsasən
Berlin Kommersiya İnstitutuna göndərilmişdir. 1925- ci ildə təhsilini başa vurub Vətənə
qayıtmış, 1928 ilədək Azərbaycanda işləmiş,
sonra Moskvaya köçmüşdür. 1938 ildə
6 ay həbs cəzası almış, II Dünya müharibəsi
iştirakçısı olmuş, daha sonra 1947-ci ildə
yenidən həbs olunmuşdur. 1956-cı
ildə bəraət almışdır.
85. Əliyev
Ələkbər Qəhrəman oğlu (25.8.1897.
Şuşa-?) 1916-cı ildə Şuşa
realnı məktəbini bitirmiş, KT sahəsində təhsil
alması üçün Berlinə göndərilmişdir.
Son məlumatlarda təhsilinin bitməsinə 6 ay qalması
qeyd edilsə də , sonrakı taleyi naməlumdur.
86. Əliyev
Əşrəf Ağəli oğlu (2.4.1900. Şuşa-1937).
Frayberq.(Almaniya) Təhsilini bitirib
qayıtdıqdan sonra "Azərneft" İB
çalışmış, Bibiheybət neft mədənləri
rəisinin müavini, "Kaqonoviçneft" trestinin
direktoru vəzifəsində
çalışmışdır. Daha sonra
repressiyaya məruz qalmışdır.
87. Əliyev
Firidun Əzim oğlu (3.12.1898. Şuşa-?) Politexnik
Məktəbi bitirən Firidun Almaniyaya göndərilmişdir.
Lakin sonrakı taleyi naməlumdur.
88. Əliyev
Zeynəlabidin Hacağa oğlu (24.4.1894.Bakı-?). İtaliya. Roma Kral Rəssamlıq
Akademiyasına göndərilmişdir. Sonrakı
taleyi naməlumdur.
89.
Əmircanov Əliyar (?. Bakı-?).
Bakı kişi realnı məktəbini
bitirən Əliyar müsabiqə yolu ilə Moskva ATM mexaniki
şöbəsinə daxil olmuş, 5 semestr oxumasına
baxmayaraq, oktyabr çevrilişi səbəbilə Vətənə
geri dönmüşdür. Qərara əsasən
yenidən Rusiyaya göndərilmişdir. Lakin
sonrakı taleyi naməlumdur.
90. Əmirov
Umbay ( ? - ? ). 1916-cı ildən
Odessa Universitetində təhsil alsa da maddi çətinlik səbəbilə
təhsilini tamamlaya bilməmişdir. Qərara
əsasən yenidən Odessaya göndərilmişdir. Lakin sonrakı taleyi naməlumdur.
91.
Əşrəfov İsrafil İsmayıl oğlu
(30.5.1900.Bakı- ?) 1919-cu il 1 sentyabr qərarına
əsasən Paris Universitetinə göndərilsə də
sonrakı taleyi naməlumdur.
92.
Hacıyev Bayram İbrahim oğlu (30.6.1900. Şuşa-?) 1918-ci ildə Şuşa realnı məktəbini
bitirmiş, qərara əsasən iqtisadiyyat sahəsində təhsil
almaq üçün Paris Universitetinə göndərilmişdir.
Sonrakı taleyi naməlumdur.
93.
Hacıyev Xasbulat İsmayıl oğlu (21.1.1900. Şuşa-?) 1917-ci ildə
İrəvan gimnaziyasını bitirmiş, Petroqrad dağ-mədən
institutuna daxil olmuş, maddi çətinlik səbəbilə
geri qayıtmışdır. Qərara əsasən
Rusiyaya göndərilsə də sonrakı taleyi naməlumdur.
94.
Hacıyev Məmməd bəy Kərim bəy oğlu (6.3.1896. Şuşa-?) 1916-cı ildə Şuşa realnı məktəbini
bitirmiş, qərara əsasən Berlin Universitetinə
göndərilsə də sonrakı taleyi naməlumdur.
95. Hacızadə
Mirzə Məşədi Yusif oğlu(
1897. Xanlar - 1980. İstanbul) 1915-ci ildə
Gəncə kişi gimnaziyasını
bitirmiş, Berlin Universitetinə göndərilmişdir. Azərbaycan işğal edildiyi üçün geri
dönə bilməmiş, 1926-cı ildə Berlində
doktorluq dissertasiyası müdafiə edib, alimlik dərəcəsi
almışdır. Bütün cəhdlərinə
baxmayaraq Azərbaycana gəlmək arzuları həyata
keçməmişdir. Daha sonra Türkiyədən dəvət
almış,1961-ci ilədək Türkiyənin
Halkalı toxumçuluq stansiyasında işləmiş və
ali məktəblərdə dərs demişdir. Burada
N.Yusifbəylinin qızı Zöhrə xanımla ailə
qurmuş, ömrünün sonunadək İstanbulda
yaşamışdır. 34-kitabı, 300-dək
elmi məqaləsi çap olunmuşdur. 1968-ci ildə
maestro Niyazinin dəvəti ilə həyat yoldaşı
Zöhrə xanımla birlikdə Bakıda olmuş,respublika alimləri qarşısında
mühazirələr oxumuşdur. Bütün cəhdlərinə
baxmayaraq, Gəncəyə getməsinə icazə verilməmişdir.
96.Həsənov Əlimuxtar Yaqub oğlu (1896. Bakı-?). 1919 ildə Baki kişi
gimnaziyasını bitirmiş, qərara əsasən
İstanbul Universitetinə göndərilsə də,
sonrakı taleyi naməlumdur.
97.
Həsənov Rzaqulu İsmayıl oğlu (27.9.1889. Quba-?). Frayberqə
göndərilmişdir. Sonrakı taleyi naməlumdur.
98.
Hüseynov Salman Hüseyn oğlu (4.1.1901. İsfahan-?). Firtsurqa göndərilmişdir. Sonrakı
taleyi naməlumdur.
99.
Hüseynov Əlihüseyn Ağahüseyn oğlu (1898. Salyan-?). Rostoka şəhərinə
göndərilmişdir (Almaniya). Sonrakı
taleyi naməlumdur.
100.
Hüseynov Zeynəlabidin Adil oğlu (1900. Bakı-?) 1918-ci ildə
Lənkəran kişi gimnaziyasını
bitirmiş, təhsilini davam etdirmək üçün Paris
Universitetinə göndərilsə də, sonrakı taleyi naməlumdur.
Onu da qeyd etmək
lazımdır ki, bu statistik məlumatlar Azərbaycanda
bolşevik hakimiyyəti qurulduqdan sonra ölkə xaricində
dövlət hesabına təhsil alan azərbaycanlı
tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı
Tələbələr İttifaqının 1923-25-ci illər
üçün apardıqları araşdırmalarda öz əksini
tapıb.
(əvvəli qəzetin
25 iyul 2012-ci il tarixli sayında)
Anar
TURAN
Xalq
qəzeti.-2012.-
26 iyul.- S. 6.