Azərbaycan
Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən
tələbələr və onların taleyi barədə
qeydlər
1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti
(AXC) 23 aylıq qısa ömrü ərzində bir çox
tarixi əhəmiyyətli qərarlara imza atmışdır. Bildiyimiz kimi, hazırkı
müstəqil Azərbaycan Respublikası həmin AXC-nin
siyasi-hüquqi varisidir. Hazırda istifadə etdiyimiz bir
çox dövlətçilik atributlarımız cümhuriyyətimizdən
bizə miras qalmışdır. Müasir müstəqil Azərbaycan
öz sələfinin 1920-ci il bolşevik işğalı nəticəsində
yarımçıq qalmış bir sıra planlarını həyata
keçirmiş və hazırda da bu proses davam etməkdədir.
O dövrdə yarımçıq qalmış strateji hədəflərdən
biri də xaricdə təhsil siyasəti və potensial
kadrların xalqın və dövlətin inkişafı
üçün istiqamətləndirilməsi olmuşdur.
Sözsüz ki, yenicə yaranmış
cümhuriyyətin təhsil strukturları tam
formalaşmamış, ölkədə mövcud olan
savadsızlıq, kadr çatışmazlığı əsas
problemlərdən birinə çevrilmişdi. Xüsusilə
ölkənin inkişafı və idarə edilməsi
üçün xaricdə təhsil alan kadrlara ciddi ehtiyac
yaranmışdı. Əsas məqsəd xarici təhsil
ocaqlarına, xüsusilə də Avropa universitetlərinə
tələbə göndərmək, oxutmaq sonra da onları Vətəndə
ixtisaslarına uyğun işlərlə təmin etmək
idi. Bütün bunları nəzərə
alaraq, cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən,
bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə
başladı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət
Universitetinin yaradılması haqqında verilən tarixi sərəncamla
yanaşı, parlament hökumətin təklifi ilə
100 nəfər azərbaycanlı tələbənin xaricə
göndərilməsi barədə qanun da qəbul etdi. Bu
işə nəzarət etmək üçün dövlət
komissiyası yaradıldı. Beş nəfərlik komisiyaya
M.Ə. Rəsulzadə rəhbərlik edirdi.
Çox keçmədi ki, komissiya 45 nəfərin Fransada, 23
nəfərin İtaliyada,10 nəfərin İngiltərədə,
9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil
almaq üçün göndərilmələri barədə
qərar qəbul etdi.
"Azərbaycan" qəzetinin 1919-cu
il 23 iyul tarixli nömrəsində "Tələbələr
haqqında" sərlövhəli məqalədə
yazılırdı: "Maarif nəzarəti 100 nəfər tələbəni
xaricə göndərəcək. Hər tələbəyə
36.000 manat xərcləmək və 5.000 manat yol pulu
hesablanıb. Cəmi 4.100.000 manat edir".
Araşdırmalar onu göstərir ki,
xaricə göndərilən tələbələrin maddi təminatını
böyük mesenant, Bakı milyonçusu Hacı Zeynalabdin
Tağıyev öz üzərinə
götürmüşdü. H.Z. Tağıyevin
bütün ticarət nöqtələri Azərbaycan Xalq
Cümhuriyyətinin iqtisadi bazasına çevrilmiş, hətta
evi belə xarici qonaqların qarşılanması
üçün ayrılmışdı. Sözsüz ki, bu
xeyirxahlıq missiyasını və məsuliyyətini üzərinə
götürən H.Z.Tağıyevin də öz şərtləri
var idi:
1.Hər tələbəyə təhsil
müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində
Qafqaza gəliş-gediş xərcləri də ayrıca
ödəniləcəkdir.
2.Tələbə ali təhsilini bitirdikdən
sonra mütləq Vətəninə dönərək öz
ölkəsinə xidmət edəcəkdir.
3.Tələbə qeyri-türklə və
ya qeyri - müsəlmanla evlənməyəcəkdir.
4.Tələbə təhsilini bitirib həyata
atıldıqdan sonra təhsil müddəti ərzində
Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik
və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə
ödəyəcəkdir.
Doğrudur, komissiya Hacı Zeynalabdinin
şərtlərini redaktə edərkən
üçüncü bəndi ixtisara salır. Bəlkə də
bu ixtisar o zamanın demokratik quruluşlu respublikamızın
hüquqi dövlət ideyaları ilə
uzlaşmadığına görə icra edilmişdir. Nəzərə
almaq lazımdır ki, o zaman parlamentimizdə qeyri-müsəlman
xalqların nümayəndələri olan erməni, rus və
yəhudi deputatlar da kifayət qədər idi. Bu baxımdan
izdivac məsələsinin üzərindən sükutla
keçilmişdir. Əsas məqsəd təhsilə və
kadrların yerləşdirilməsinə yönəldilmişdi.
Onu da qeyd etmək lazımdır ki, bir çox mötəbər
insanlarımız təhsilini H.Z. Tağıyevin maliyyə dəstəyi
ilə almışdı. Bundan əlavə, görkəmli
dövlət xadimi Əziz Əliyev Petroqradda Ali Hərbi-Tibb
Akademiyasında "el atası" Hacı Zeynalabdin
Tağıyevin maliyyə vəsaiti hesabına oxumuşdur. Böyük siyasi xadim hələ Azərbaycan SSR
Nazirlər Soveti sədrinin müavini işləyərkən
öz tərcümeyi-halında H.Z.Tağıyevin dəstəyi
barədə bunları yazırdı: "1917-ci ildə
bütün fənlərdən "5" qiymət almaqla
gimnaziyanı qızıl medalla bitirdim. Təhsili davam
etdirmək üçün vəsaitim olmadığına
görə, maddi yardım üçün o vaxt Bakı
milyonçusu Tağıyevə müraciət etdim. O, mənə
300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə
anam üçün ərzaq aldım. Qalan hissəsini isə
özümlə götürüb Petroqrada getdim. Attestat
müsabiqə yolu ilə Hərbi Tibb Akademiyasına daxil
oldum".
Bütün bu və digər faktlar Azərbaycan
Cümhuriyyətinin təşkilatçılığı,
uğurlu siyasəti, H.Z. Tağıyevin isə maaliyyə dəstəyinin
bir-birini tamamlamasının əyani sübutudur. Hər
ikisinin amalı eyni idi: azərbaycanlı övladların təhsilə
yiyələnmələri, öz xalqı üçün
xidmət etmələri və dövlətin gələcək
inkişafında əsaslı dayağa çevrilmələri.
Ümumilikdə, 1919-1920-ci
il tədris ili üçün Azərbaycan Cümhuriyyəti
Parlamentinin xaricdə təhsil almağa göndərilən azərbaycanlı
tələbələrə vəsait ödənilməsi
haqqında qərarı ilə bu məqsəd
üçün dövlət xəzinəsindən Xalq Maarif
Nazirliyinin sərəncamına 7 milyon
manat ayrılmışdı. Avropa məktəblərinə
göndərilən hər tələbəyə ayda 400 frank
təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə
göndəriləcək tələbələrə isə hər
ay 3 min rubl təqaüd və 1000 manat yol
xərci ayrılmışdı. Nəticədə isə komissiyanın
yekun rəyinə əsasən Xalq Maarif Nazirliyi tərəfindən
49 nəfərin Almaniyaya, 27 nəfərin Fransaya, 4 nəfərin
İtaliyaya, 1 nəfərin İngiltərəyə, 6 nəfərin
Türkiyəyə, 13 nəfərin isə Rusiyaya göndərilməsi
barədə sənəd verildi. Rusiyada yaranmış vətəndaş
müharibəsinə görə tələbələrin ora
getməsi mümkün olmadı.
Beləliklə, yenicə
yaranmış cümhuriyyət başının
üstünü almış rus-sovet işğalı təhlükəsinə,
erməni quldur dəstələrinin törətdiyi təxribatlara,
daxildə partiyalararası mübarizələrə baxmayaraq,
xaricdə təhsil siyasətini qurur və azərbaycanlı gənclərin
ali təhsil almaq üçün dünyanın məşhur
universitetlərinə göndərilməsi kimi olduqca şərəfli
işin öhdəsindən gəlir.
1920-ci il yanvarın 14-də o zamankı
cümhuriyyət rəhbərlərinin, tanınmış
xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin
iştirakı ilə tələbələr təntənə
ilə yola salındılar. Tələbələr dəmir
yolu ilə əvvəlcə Batuma, oradan isə Parisə yola
düşdülər. Fevralın 11-də Parisə
çatan tələbələr burada Paris Sülh
Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun
rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən
xüsusi diqqətlə qarşılandı. Əlimərdan bəy
tələbələr qarşısında geniş nitq
söyləyərək onları təbrik etdi. Bundan sonra onlar
təhsil almaq üçün Avropanın müxtəlif
ölkələrinə yola düşdülər.
Təəssüflər olsun
ki, Şərqdə ilk demokratik respublikanın min bir əziyyətlə
xaricdə təhsil almağa göndərdiyi tələbələrin
taleyi 1920-ci il aprel işğalından sonra acınacaqlı
oldu. Ölkədə hakimiyyətə gələn
bolşeviklər tələbələrə pul göndərmədi.
Hərçənd, Nəriman Nərimanovun təqdirəlayiq
inadkarlığı ilə həmin tələbələrin
maddi vəsaitlə təmin olunması məsələsi bir
müddət öz həllini tapsa da, çox keçmədi
ki, vəziyyət yenə kəskin şəkildə dəyişdi.
Nərimanov Moskvaya rəhbər vəzifəyə
aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr
barədə fikirlər pisləşməyə doğru getdi.
Onların çoxu "etibarsız" adlandırılaraq,
ümumiyyətlə qəbul edilmədi. Nəticədə,
tələbələrin çoxu təhsil haqqını
ödəyə bilməmək problemi bir tərəfə,
yaşamaq üçün ən ağır sahələrdə
işləmək məcburiyyətində qaldı. Hətta elə
tələbələr də oldu ki, həbsxanalara
atıldılar. Ən acınacaqlısı isə bu idi ki, böhranlı vəziyyətdən
çıxış yolu tapa bilməyib intihar edənlər də
oldu. Çox çətinliklə, məhrumiyyətlərlə
təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis
kimi Vətənə dönən tələbələrin əksəriyyəti
isə ya uzaq Sibirə sürgün edildi, ya da
bolşevik terrorunun qurbanı oldu.
Əslində, nə qədər acı
sonluqla nəticələnsə də cəmi 23 ay
yaşamış bir dövlətin problemlərin məngənəsində
sıxılarkən belə azərbaycanlı övladların
təhsilinə biganə qalmaması yalnız təqdirəlayiqdir.
Bu təşəbbüs, bu şərəfli irs bu gün də
müstəqil Azərbaycan dövləti tərəfindən
uğurla davam etdirilir. Hər il dövlətimizin dəstəyi
ilə dünyanın aparıcı təhsil ocaqlarına
yüzlərlə azərbaycanlı gənc oxumağa göndərilir.
Şübhəsiz, burada həmin gənclərlə
yanaşı, qazanan xalqımız və dövlətimiz olur.
Beləliklə, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə təhsil almaq
üçün xaricə göndərilən tələbələrin
siyahısını və onlar haqqında məlumatları təqdim
edirik:
1.Xələfbəyov Məmməd Xələf
bəy oğlu (20.6.1898, Şamaxı-?) fizika-riyaziyyat sahəsində
təhsilini davam etdirmək üçün İstanbul
Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən
sonra Vətənə dönən Xələfbəyov 1930 -cu
illərin repressiyasına məruz qalaraq Sibirə (Rusiya, Maqadan)
sürgün edilmişdir.
2.Xiromanov Zəkəriyyə
Əbdülhəmid oğlu (22.11.1899, Dağıstan-?).
Elektrotexnika sahəsində təhsil almaq üçün
Ştutqarta (Almaniya) göndərilmişdir.Sonrakı taleyi barədə
məlumat aşkar olunmayıb. Xaricdə təhsil alan tələbələrin
vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr
İttifaqının 1923-25-ci illər üçün
araşdırmalarında onun təhsilinin bitməsinə il
yarım qalması haqqında son məlumatlar qeyd edilir.
3.Xudaverdiyev Əlibala Murtuza oğlu (1901,
Navahı kəndi-?). Təhsilini kənd təsərrüfatı
sahəsində davam etdirmək üçün Almaniyanın
Bonn Universitetinə göndərilmiş, lakin sonrakı taleyi
haqqında məlumat yoxdur.
4.İsgəndərov Ağalar Məşədi
Abbasqulu oğlu (sentyabr,1899, Şamaxı-?).Kimya üzrə təhsil
almaq üçün Berlinə göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
5.Kazımov Cəfər Ələsgər
oğlu (4.1.1897, Bakı-14.8.1968, Bakı).Təhsilini davam
etdirmək üçün Almaniyanın Frayburq Dağ-Mədən
Akademiyasına göndərilmişdir. Vətənə
qayıtdıqdan sonra 1930-cu illərin represiyasına məruz
qalmış, 1955-ci ildə bəraət almışdır.
Ömrünün son 20 ilini iflic vəziyyətində
yaşamışdır.
6.Kərimov Əli Xasbulat oğlu (fevral,
1902, Balaxanı-?). Tarix-filologiya ixtisası üzrə xaricə
göndərilmişdir. Haqqında məlumat tapılmayıb.
7.Qaracəmirli Məcid bəy Qasım
oğlu (?, Gədəbəy-?). Xarkov Universitetində 3 il təhsil
almışdır. Sonrakı taleyi haqqında məlumat yoxdur.
8.Qədimov Lətif Şirin oğlu
(20.3.1895, Şuşa-?). Nəqliyyat sahəsində təhsilini
davam etdirmək üçün Berlin Parloffen İnstitutuna
göndərilmişdir. Taleyi barədə məlumat yoxdur.
9.Quliyev Mirzə Hüseyn Hənifə
oğlu (1.1.1900, Bakı, Bülbülə kəndi-?).Kimya sahəsində
təhsilini davam etdirmək üçün Berlin Universitetinə
göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat
yoxdur.
10.Məmmədov Ağabala Ələsgər
oğlu (1892, Tiflis-?). Xarkov Texnologiya İnsitutunda 3 il təhsil
alsa da maddi çətinlik səbəbilə geri
dönmüş, lakin parlamentin qərarı ilə yenidən
Xarkova göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat
yoxdur.
11.Məmmədov Həmid Məmməd
oğlu (20.1.1900, Qars-?). Tibb sahəsində təhsil almaq
üçün Ştutqarda (Almaniya) göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
12.Məmmədov Hüseynbala Cəfərqulu
oğlu (22.10.1899, Dərbənd-?). Bonn Universitetinə göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
13.Məmmədov Qəhrəman
İsrafil oğlu (1897, Tiflis-?). Berlin Universitetinə göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.
14.Məmmədov Nəbi (?-?). Kiyev
Dövlət Universitetində təhsilini maddi çətinlik
səbəbilə davam etdirə bilməmiş, dövlət
tərəfindən yenidən Kiyev Universitetinə göndərilsə
də, sonrakı taleyi haqqında məlumata rast gəlinməmişdir.
15.Məmmədov Zal Məmmədcavad oğlu
(1898, Şuşa-?). Dağ mühəndisliyi təhsili
almaq üçün Drezden Universitetinə göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
16.Məmmədyarov Əbdülsəməd
Bağır oğlu (27.9.1889, Bakı-?) Xarkov
Universitetində təhsil almışdır. Sonrakı taleyi barədə məlumat yoxdur.
17.Mirqasımov Zeynəlabidin Mirələsgər
oğlu(1887, Bakı-?). Fransanın Nansi
Universitetinə göndərilmişdir. Sonrakı
taleyi haqqında məlumat aşkarlanmamışdır.
18.Mirzə bəy Göygöl (?-?) Berlin Universitetində təhsilini başa vursa da,
sovet işğalı səbəbilə Azərbaycana geri
dönə bilməmişdir.
19.Muxarski Süleyman Bikir oğlu(20.7.1900,
Vilno,Ostrino-?). Milliyyətcə tatar olan
Süleyman hüquq sahəsində təhsil almaq
üçün Liona (Fransa) göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat
aşkarlanmamışdır.
20.Muradov Abbas Həmid oğlu (?, Şuşa-?). Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat
aşkarlanmamışdır.
21.Muradov Məhəmməd bəy Fəxrəddin
oğlu (1.1.1900, Şuşa-?). Paris universitetinə
göndərilmişdir. Sonraki taleyi
haqqında məlumat aşkarlanmamışdır.
22.Musayev Cəmil İbrahim oğlu (14.3.1897,
Şuşa-29.1.Şuşa). Berlin Universitetində
memarlıq təhsili aldıqdan sonra 1925-ci ildə Bakıya
qayıtmışdır.
23.Mustafayev Ağahəsən Manaf oğlu (1900,
Bakı-?). Gəmiqayırma üzrə təhsil
almaq üçün Berlinə göndərilmişdir. Sonrakı taleyi haqqında məlumat
aşkarlanmamışdır.
24.Mustafayev Ağasəfər Hüseynqulu
oğlu (9.1.1894, Tiflis-?). Məlumat yoxdur.
25.Mustafayev Mustafa Rəhim oğlu (17.10.1895,
Qazax-?). Fransada ailə qurub,geri dönməyib.
26.Münşüzadə Hilal Hüseyn oğlu
(12.4.1899, Şuşa-?). Berlində ailə qurub,
geri dönməyib.
27.Nağıyev Hüseyn Musa oğlu (1897, Gəncə-?).
Berlin Universitetinə göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat
aşkarlanmayıb.
28.Nəbiyev Mahmud (3.4.1893,Nuxa-?). Kiyevə
göndərilmiş, lakin əlavə məlumat yoxdur.
29.Nərimanbəyov Yaqub Fərman Əmir
oğlu (14.6.1898, Şuşa-?). Paris Universitetinə
göndərilmişdir. Vətənə döndükdən
sonra 1937-ci il dekabrın 31-də Sibirə
sürgün edilmişdir.
30.Pirverdiyev Hənifə Murad oğlu (1893,
Tiflis-).1917 ildə Bakı orta inşaat məktəbini
bitirmiş, qərara əsasən Berlinə göndərilmişdir.
Sonrakı
taleyi haqqında məlumat yoxdur.
31.Rəcəbli Əhməd
Cabbar oğlu (14.2.1898, İrəvan-15.12.1963.Bakı). İrəvan
kişi gimnaziyasını bitirmiş (1916),həmin il Moskvada
Petrovski-Razumovski Akademiyasının tibb şöbəsinə
qəbul edilmişdi.Lakin maddi çətinliklə əlqədar
təhsilini yarımçıq buraxmağa məcbur
olmuşdu.1919-cu il 1 sentyabr tarixli qərara
əsasən, təhsilini davam etdirmək üçün
İtaliyaya göndərilmiş, 1923-cü ildə Peruca şəhərindəki
Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası
üzrə bitirmişdir. O, qırxdan artıq
elmi əsərin, o cümlədən "Azərbaycanın
meyvə bitkiləri" monoqrafiyasının müəllifidir.
1935-ci ildə ona professor elmi adı verilmişdir.1937-ci ildə
repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə
sürgün edilmişdir.1955-ci ildə bəraət
almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının akademiki və Rəyasət Heyətinin
üzvü seçilmişdir.
32.Rəhimli Məmmədəli
Paşasadiq oğlu (10.4.1899, Tiflis-?) 1918 ildə Tiflis
gimnaziyasını bitirmiş, qərara əsasən
Darmştat (Almaniya) İnstitutuna göndərilmişdir.
Sonrakı taleyi haqqında məlumat yoxdur.
33.Rəhimov Cəbrayil Məmmədrza
oğlu (1892, Bakı-?). Parisə göndərilmişdir.
Əlavə məlumat yoxdur.
34.Rəhimzadə Abdulla Məhəmməd
oğlu (1898, Gəncə-?) Berlinə göndərilmişdir.
Əlavə məlumat yoxdur.
35.Rzayev Nüsrət Rza oğlu (1899, Lənkəran-?).
Berlinə göndərilmişdir. Başqa məlumat yoxdur.
36.Rzayev Tağı Əsgər oğlu
(1895, İrəvan-?). Parisə göndərilmişdir.Əlavə
məlumat yoxdur.
37.Rzazadə İsgəndərxan
Cabbar oğlu (5.11.1897, Tehran-1938. Bakı). Berlindən Vətənə
qayıtmasına baxmayaraq, 1937-ci il repressiyasının
qurbanlarından biri olmuşdur.
38.Sadıqov Mirsadıq Səid Kamil
oğlu (1896, Bakı-?). Berlinə göndərilmişdir.
Əlavə məlumat yoxdur.
39.Salahov Yusif Hüseyn oğlu (6.9.1897,
Şuşa -? ) 1918-ci ildə Şuşa
realnı məktəbini bitirmiş, qərara əsasən
Münxen Universitetinə göndərilmişdir. Təhsilini
bitirdikdən sonra Azərbaycana geri qayıtmış, həkimlik
etmiş, diaqnostika sahəsində tanınmışdır. 1941-ci
ildə könüllü olaraq cəbhəyə
yollanmış, Kiyev ətrafında döyüşlərdə
əsir düşmüş, Vətənə geri dönə
bilməmişdir. Türkiyəyə gedərək
ömrünün sonunadək orada yaşamışdır.
(ardı
var)
Anar
TURAN
Xalq qəzeti.-2012.- 25 iyul.- S. 7.