Sumqayıt
Dövlət Universitetində beynəlxalq konfrans
Sumqayıt
Dövlət Universitetində (SDU) bu ali məktəbin yaranmasının 50 illik yubileyi ilə
bağlı silsilə tədbirlər keçirilir.
"Ekologiya və həyat fəaliyyətinin
mühafizəsi" VII Beynəlxalq Konfransı da bu qəbildən idi. Tədbiri SDU-nun
rektoru, professor Nadir Qəhrəmanov açaraq
konfrans barədə məlumat verdi, onun önəmindən
danışdı. Konfransda dünyanın
bir çox ölkələrindən
daxil olmuş məruzələrin
dinləniləcəyini diqqətə çatdıran rektor bildirdi ki, universitetdə bu kimi konfranslar 2000-ci ildən
keçirilir.
Sonra AMEA-nın Radiasiya Problemləri İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov çıxış edərək konfrans materiallarının ölkəmizdə müvafiq sahənin inkişafına təkan verəcəyinə inamını ifadə etdi. Professor A.Qəribov regional miqyasda radiasiya məsələsinə toxunaraq Ermənistanın "Metsamor" atom stansiyasının bölgə üçün ciddi təhlükə törətdiyini diqqətə çatdırdı.
Konfransda Beynəlxalq Ekoenergetika
Akademiyasının prezidenti, professor Fəqan Əliyevin "Azərbaycanda
bərpa olunan enerji mənbələrinin
ehtiyatları və ekoloji qiymətləndirmə
metodları", Sumqayıt Ekoloji Reabilitasiya Mərkəzinin direktoru
Arif İslamzadənin "Ekoloji
informasiyanın tətbiqi və geoinformasiya
sisteminin tətbiqi", Bakı Dövlət
Universitetinin müəllimi, professor Rövşən Xəlilovun
"Maqnit nanohissəciklərin biogen yolla
formalaşması və tibdə istifadəsi perspektivləri"
mövzularında çıxışları dinlənildi.
Konfrans
ertəsi gün bölmə iclaslarında davam etdirildi,
bölmə rəhbərlərinin hesabatı dinlənildi,
dünya və ölkə ekologiyası ilə bağlı təkliflər
nəzərdən keçirildi.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 1 iyul.- S. 7.