"Azərbaycan - 2020: gələcəyə
baxış" ictimai-humanitar elmlərin inkişafı
kontekstində
Məlum olduğu kimi, AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda "Azərbaycan: - 2020:
gələcəyə baxış" ictimai-humanitar elmlərin
inkişafı kontekstində (yaxın gələcəyin
proqnozlaşdırılması problemləri)" mövzusunda
beynəlxalq konfrans keçirilmişdir. Bu barədə
respublika mətbuatında, o cümlədən "Xalq qəzeti"ndə
informasiya dərc olunsa da, mövzunun
aktuallığını, məruzə və
çıxışlarda səslənən fikirlərin, verilən
təkliflərin əhəmiyyətini nəzərə alaraq,
konfransdan hesabatı ixtisarla oxucuların diqqətinə təqdim
edirik:
Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə
elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri
giriş sözü ilə açaraq qeyd etdi ki, cəmiyyətin
davamlı inkişafını, gələcəyini
proqnozlaşdırmayan, tərəqqinin əsas mərhələlərini,
görüləcək işlərin
ardıcıllığını müəyyənləşdirməyən
dövlət heç vaxt uğur qazana bilməz. Bu mənada
Prezident İlham Əliyevin "Azərbaycan - 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması haqqında 2011-ci il 29 noyabr tarixli sərəncamı
dövləti əhəmiyyət kəsb edən son dərəcə
qiymətli sənəddir. Məlum olduğu kimi, bu sənəddə
elmdə yeni nailiyyətlərin əldə olunması
xüsusi vurğulanıb. Sərəncamın 3.2.1-ci maddəsində
deyilir ki, "Azərbaycan Respublikasının müvafiq
dövlət orqanlarının, elmi təşkilatların və
yüksək ixtisaslı mütəxəsislərin cəlb
olunması təmin edilsin".
"Azərbaycana
2020-ci ilin yüksəkliyindən baxarkən, artıq bizim bu
gün olan təsəvvürlərimizdən prinsip etibarilə
fərqlənəcək bir dövlətin qüdrətini nələrin
təşkil edəcəyini nəzərə almaq
lazımdır. Bunun mümkün olması üçün
biz bu gündən sabaha baxmalı, o zamanın necə ola biləcəyini
dərk etməliyik. Təbii ki, bu nüansların müzakirəsi
Azərbaycanın müasirləşməsi məsələləri
ilə məşğul olanlara, o cümlədən,
iqtisadçılara, hüquqşünaslara, filosoflara,
politoloqlara, sosioloqlara və s. Aiddir.
Azərbaycan
Prezidenti İlham Əliyevin müasirləşdirmə kursu
ölkənin müasir bir dövlətə - iqtisadi cəhətdən
inkişaf etmiş, siyasi cəhətdən isə demokratik və
milli adət-ənənəni hifz edən dövlətə -
çevrilmə strategiyasını dəqiq müəyyənləşdirir.
Ölkənin nəzərə alaq ki, həm də sosiomədəni
müasirləşdirilməsi kursu da vardır. Bu da modernləşmənin
ayrılmaz bir tərkib hissəsidir. Onun mahiyyəti cəmiyyətin
mədəniyyətinin müasirləşməsindən ibarətdir.
Sosiomədəni modernləşmə isə cəmiyyətə
belə bir mesaj verir: dövlətin xalqın firavan
yaşamasını istəməsi hələ kifayət
deyildir. Xalq özü gərək daha yaxşı,
bugünkü güzəranına nisbətən, keyfiyyətcə
daha sivil yaşamaq istəsin. Bu yolda çox işlər
görülübdür. Son 10 il ərzində Azərbaycan bir
sıra inkişaf etmiş ölkələrin çox onilliklər
ərzində keçdiyi yolu arxada qoyubdur. Məhz buradan
aydın olur ki, inkişaf yolumuzdakı sonrakı tarixi
addımları atmaq üçün, getdikcə daha çox,
əsasən bundan sonra necə və hara getmək haqqında
düşünmək lazımdır. Təbii ki, bu, yalnız
siyasətçilərin deyil, həm də,
bütövlükdə ictimaiyyətçi alimlərin
qarşısında duran bir vəzifədir.
Dövlət
başçısı "Azərbaycan - 2020: gələcəyə
baxış "İnkişaf Konsepsiyasında bir siyasi kurs
kimi inkişafımızın sabahkı yolunu göstərir.
Bu, biliklər cəmiyyətinə doğru yoldur. Bu, o deməkdir
ki, dövlət və cəmiyyətin gələcəyə
yönəldilmiş siyasi kursunun elmi ekspertizaya, elmi biliklərə,
elmi proqnozlaşdırmaya, həm də məsuliyyətlə
bağlı biliklərə ehtiyacı vardır.
Görkəmli
filosof, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "bu gün
respublikanın elmi dairələrində modernləşmə
planlarının həyata keçirilməsinin konseptual layihələri
fəal müzakirə olunur, müasir Azərbaycan cəmiyyətinin
reallıqları, onun sosial strukturu və cəmiyyətimizin həyatında
baş verən dəyişikliklərin dinamikası nəzərə
alınmaqla transformasiya prosesləri tədqiq edilir".
Prezident İlham
Əliyevin imzaladığı bu sərəncam da cəmiyyəti,
elmi, elm adamını innovasiyalı müasirləşməyə
istiqamətləndirir. Buradakı konkret vəzifə və məqsədlərin
elm nümayəndələri tərəfindən də müəyyənləşməsi
günümüzün aktuallığıdır. Müasirləşmə
prosesində elm və elm insanları həm də öz fəaliyyətlərini
gələcəyə yönəldərək praktiki tədqiqatlar
və araşdırmalar üzərində qurmalıdırlar.
Müxtəlif sahələr üzrə alimlərdən ibarət
qruplar yaradılmalı, onlar da bir-birilə koordinasiyalı
şəkildə işləməlidirlər. Bu proses məhz əlaqələndirici
müstəvidə getməli, daim yeni keyfiyyət və kəmiyyətli
məzmunla zənginləşməlidir.
Vaqif Fərzəliyev, AMEA-nın
akademik-katibi, akademik:
- Möhtərəm
Prezidentimiz İlham Əliyevin Azərbaycanın 2020-ci ilədək
inkişaf konsepsiyasının hazırlanması haqqında sərəncamı
vaxtında imzalanmış sənəddir. Sərəncamda
yaxın gələcəkdə inkişafımızın əsas
istiqamətləri və bu inkişaf nəticəsində
qarşıya qoyulan hədəflərin konsepsiya şəklində
müəyyənləşdirilməsi nəzərdə
tutulmuşdur.
Dövlət
başçımız Azərbaycanın gələcək
inkişafından danışarkən dəfələrlə
bildirmişdir ki, qarşıdakı dövrlərdə hər
bir dövlətin, bütövlükdə dünyanın
inkişafı elm və təhsilin səviyyəsindən, bu
sahəyə göstərilən diqqətdən asılı
olacaqdır. Odur ki, elm və təhsilin inkişafına diqqət
və qayğı durmadan artırılmalıdır. Son illərdə
elmin inkişafı və gənclərin təhsili ilə
bağlı qəbul edilmiş dövlət proqramları bu məqsədə
xidmət edir. Hazırda Azərbaycanda güclü elmi potensial
yaranmışdır. Bugünkü gənc elmi elitanın
hesabına bu potensial daha da güclənəcəkdir. Bu
gün dövlətimiz təhsilin, elmin müxtəlif sahələrinin,
xüsusən informasiya-kommunikasiya texnologiyaların
inkişafını prioritet sayır və bu sferaların tərəqqisi
üçün lazım olan hər şeyi edir.
AMEA-nın
müvafiq institut və qurumları bu sahədə
qarşıda duran vəzifələrin yerinə yetirilməsi
üçün səfərbər olunmuşdur.Yaranmış
imkandan istifadə edərək mən Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun bu istiqamətdəki
uğurlu fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Eyni zamanda,
AMEA-nın prezidenti, akademik Mahmud Kərimovun salamlarını
və xoş diləklərini sizə çatdırmaqdan məmnunluq
duyur, konfrans iştirakçılarına səmərəli
müzakirələr və uğurlar arzulayıram.
Roida Rzayeva, Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə
üzrə fəlsəfə doktoru:
- Cəmiyyətin
inkişaf konsepsiyasına dair bir sıra yanaşmalar mövcuddur
və bu, müxtəlif baxış bucaqlarından nəzərdən
keçirilə bilər. Bunlardan ən əhəmiyyətlilərindən
biri ideoloji müstəvidir, yəni ümumi dəyər və
inkişaf vəzifələrini həyata keçirən
şüurun, dünyagörüşünün
formalaşmasıdır. Çünki, hər bir
konsepsiyanı və bununla bağlı tədbirlər
planını müvafiq şüurla, konsepsiyanın nəzərdə
tutduğu metodları bütünlüklə dərk edən
və görə bilən təfəkkür tərzi
(dünyagörüşü) ilə tam şəkildə həyata
keçirmək mümkün olur.
Bu mənada
şüurun formalaşmasına təsir göstərəcək
bir neçə amili qeyd edə bilərik. Bunlara modernləşmə,
azərbaycançılıq məfkurəsi, elm və təhsil
və müvafiq dünyagörüşü aid edilə bilər.
1) Hər bir cəmiyyətin
və dövlətin inkişaf konsepsiyası onun fəlsəfi
təhlili, müasirlik anlayışı və həyata
keçirilən modernləşmə prosesi ilə bilavasitə
bağlıdır.Bu gün modernləşmə bəşəri
proses kimi qəbul olunur. Və buna görə dünya
reallıqlarının hesaba alınması inteqrasiya proseslərində
iştirakı tələb edir.
Modernləşmə
prosesinin əsası olaraq yeni mentalitetin yaranması
üçün, son 20 ildə müstəqil Azərbaycanda əhəmiyyət
kəsb edən məsələlərdən biri də, sosio-mədəni
modernləşmənin qarşısında duran, məhz
müasirliyin və xüsusilə də müasir azərbaycançılığın
tələblərinə cavab verən şüurun
formalaşmasıdır.
"Azərbaycan-2020:
gələcəyə baxış" İnkişaf Konsepsiyası
bilavasitə bu ifadənin ehtiva etdiyi hər bir sözün mənasından
çıxış edir. İnkişaf irəliləyiş
deməkdir, müasir dünyanın
çağrışlarına cavab verən cəmiyyət deməkdir.
Bu zaman modernləşmənin vasitəsilə modernləşmə
prosesində müvafiq şüurun formalaşdırılması
zəruridir. Bu da müasir təfəkkür, dünyaya və
dəyişikliklərə açıq şüurun
formalaşdırılmasıdır. Ölkəmizdə milli
inkişaf strategiyasının mühüm istiqamətlərindən
birini təşkil edən modernləşmə xətti bu
yolda müvafiq nəticələrin əldə edilməsi
üçün zəmindir. Modernləşmə hər bir
inkişaf edən ölkə üçün labüd
olduğu kimi, gələcək Azərbaycanın təşəkkülündə
iştirak edən ən vacib amillərdən biridir. 2) Azərbaycançılıq
ideologiyası. Azərbaycanın gələcəyini
formalaşdıran şüur ölkəmizin modernləşmə
xəttilə yanaşı, ümummilli lider Heydər Əliyev
tərəfindən bünövrəsi qoyulmuş Azərbaycançılıq
ideologiyasının inkişafının nəticəsi olan təfəkkür
tərzindən doğur. Nəzərə alsaq ki, Azərbaycan
mədəni-tarixi sintezin təcəssümü olaraq Şərq
və Qərbin qovuşduğu məkanda yerləşməsinin
verdiyi xüsusi səciyyəvi ictimai-mədəni xüsusiyyətlərə
malikdir, sintez fikri azərbaycançılıq ideyası ilə
səsləşir.
Müasirləşmə
prosesində "milli kimliy"i formalaşdıran komponentlərin
optimal sintezi ölkənin 2020-ci ildəki imicinə təsir
göstərən ən vacib amillərdən biridir.
3) Elm və təhsil.
Müasir qlobal çağırışlar və dünyada
yaranan yeni geosiyasi və geoiqtisadi struktur şəraitində məhz
biliyə söykənən və elmə əsaslanan
konsepsiya, nəticələrin proqnoz və
yoxlanılmasını təmin edə bilər.Və bu
müstəvidə yenə də elm və bilik, eyni zamanda cəmiyyətin
intellektual potensialı aktuallıq qazanır.
Təbii ki, hər
bir ictimai reallığın və müasir prosesin təhlili
və dərki fəlsəfi müstəvidə də
aparılmalıdır, çünki əks təqdirdə təhlil
natamam və səthi olar.
4) Dördüncü,
bilavasitə qeyd edilən hər üç məqamı
ehtiva etməklə, yəni - modernləşmə, azərbaycançılıq
ideologiyası, elm və təhsil ilə bağlı olmaqla bərabər,
eyni zamanda daha geniş spektri, müvafiq
dünyagörüşünün formalaşmasını,
konsepsiyanı icra edəcək insanları da nəzərdə
tutur. 2020-ci il o qədər də uzaq bir tarix deyil. Bu
günün gənci konsepsiyanın, yəni sabahın vəzifələrini
yerinə yetirəcək. Buna qadir, buna hazır
dünyagörüşü formalaşmalıdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 May
- Respublika Günü münasibətilə rəsmi qəbuldakı
nitqində bir neçə prioritet məsələlər
sırasında informasiya-kommunikasiya texnologiyalarının,
elm, təhsil sahələrinin inkişaf etdirilməsi də
vurğulandı.Gələcəkdə biliyin, savadın
ölkələrin dünyadakı yerini daha üstün dərəcədə
müəyyən edəcəyi üçün bu sahənin
ön plana çıxmasının vacibliyi qeyd edildi. Azərbaycanı
20 il, 30 il, 50 il bundan sonra uğurla idarə edə biləcək,
çox güclü gənc elmi elitanın
yaradılmasının vacibliyini vurğulandı. Bu elita məhz
bəhs etdiyimiz amillər əsasında formalaşan
şüurun daşıyıcısı olacaqdır. Bu
İnkişaf Konsepsiyasının həyata keçirilməsində
üstünlük təşkil edən metodları müəyyənləşdirir
və konstruksiyanın ideoloji mahiyyətini təşkil edən
ən vacib məsələlərdən biridir.
İsa Alıyev, AMEA İqtisadiyyat
İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor;
- Müasir və
perspektiv inkişaf meyillərini nəzərə alsaq, yeni qəbul
olunan konsepsiya əsasən ölkənin uzunmüddətli
inkişaf istiqamətində
çağırışlarını
aşağıdakı kimi sistemləşdirmək məqsədəuyğun
olardı.
Birincisi. Güclənməkdə
olan qlobal rəqabət təsirləri yalnız ənənəvi
əmtəə, kapital,texnologiya və əmək
bazarlarını əhatə etməməli, həmçinin
milli idarəetmə və innovasiya sisteminə, insan
potensialının inkişafına da nüfuz edərək Azərbaycanın
yenicə formalaşan özünəməxsus sosial-iqtisadi
inkişaf modelinin keyfiyyətcə mükəmməlliyinə
gətirib çıxarmalıdır.
Çox
güman ki, qlobal iqtisadi rəqabət mühitinin
inkişafı özünü geopolitik rəqabətin
güclənməsinin davam etməsində, o cümlədən
xammal-material, energetika, su ehtiyatları və ərzaq
resursları potensialının artmasında göstərir. Azərbaycan
üçün dünya iqtisadiyyatına nüfuzetmə, beynəlxalq
inteqrasiyaya qoşulma yeni və daha səmərəli beynəlxalq
əməkdaşlıq əlaqələrinin inkişafı,
tədricən texnologiya və kapital bazarlarına sürətli
çıxış imkanlarının artmasını
yaradır.
İkincisi.
Dünya iqtisadiyyatında texnoloji inkişafın və dəyişkənliyin
yeni dalğasının güclənməsi, sosial-iqtisadi
inkişafda innovasiyaların rolunun güclənməsi və
çoxsaylı ənənəvi artım amillərinin təsirlərinin
aşağı düşməsi və s. amilləri nəzərə
almağı zəruri edir. Tədqiqatlar göstərir ki,
yaxın onillikdə dünyada və ölkələrdə
inkişaf meyilləri iqtisadi sistemin yeni texnoloji
bazasının formalaşmasına istiqamətlənəcəkdir.
Əsasən, bu inkişaf özünü biotexnoloji,
informatika, nanotexnologiyalar, səhiyyə və iqtisadiyyatın
daha çox elm tutumlu sahələrində büruzə verəcəkdir.
Azərbaycan üçün elmi-texniki, tədqiqat
potensialının və yüksək texnologiyalı
istehsalın mövcudluğu bir çox şərtlərin nəzərə
alınmasını və müvafiq şəraitin
yaradılmasının vacibliyini önə çəkir:
-İlkin və
həlli mümkün olan istiqamətlərdə texnoloji
liderliyin təmin edilməsi;
-yüksək
texnologiyalı komplekslərin, sahələrin
yaradılması, beynəlxalq bazarlara daha mütərəqqi
elm tutumlu məhsulların çıxarılmasına nail
olunması;
-Azərbaycanın
yüksək texnologiyalı məhsul və intellektual xidmət
bazarlarında iştirak mövqeyinin gücləndirilməsi;
-ənənəvi
iqtisadiyyat sahələrinin perspektiv inkişaf istiqamətləri;
-əsas
götürülməklə daxili maliyyə mənbələri
hesabına və inkişaf etməkdə olan qlobal, beynəlxalq
bazarlara uyğunlaşan subyektlərin modernləşdirilməsi.
Eyni zamanda, son
texnologiya nəslinin tətbiqindən və inkişafından
geri qalan müəsisələr ümumilikdə ölkənin
iqtisadi baxımdan rəqabət qabiliyyətini zəiflətməklə,
idxaldan asılılığı yüksəltməklə,
artmaqda olan geopolitik rəqabət mühitində mövqelərimizin
itirilməsinə gətirib çıxara bilər.
Müasir
innovasiyalı iqtisadiyyatın rəqabət qabiliyyətinin
inkişafı yüksək və peşəkar kadr
potensialının keyfiyyət, korporativ əlaqə səviyyəsindən
əhəmiyyətli şəkildə asılıdır.
Burada demoqrafik situasiya da hökmən saxlanılmalıdır.
Müasir inkişaf şəraitində MDB ölkələrində
olduğu kimi, Azərbaycan da beynəlxalq iqtisadi mühitdə,
bazarlarda kadr və işçi qüvvəsinin keyfiyyət səviyyəsinə
görə, hələ ki, yüksək mövqe tuta bilmir.
Buna səbəb daha çox həmin kadr və işçi
potensialının əmək qabiliyyətinin aşağı
səviyyədə olması, ölkədə qismən təhsil
və səhiyyə sisteminin müasir tələblərə
cavab verməməsidir. Azərbaycan üçün bu məsələ
yaxın üç-beş ildə öz həllini tapmalı,
bu sahədə olan çatışmazlıqlar aradan
qaldırılmalıdır.
Viktor Nikolayeviç Qriqoryev, Moskva
Sosial-Psixoloji Universiteti cinayət hüququ, cinayət prosesi və
kriminalistika kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor:
- Bəşəriyyətin
inkişafının bütün mərhələlərində
müxtəlif ədliyyə nümayəndələrini bir məsələ
düşündürmüşdür: Necə etmək
lazımdır ki, cinayət-mühakimə icraatının nəticəsi
səmərəli və mübahisəsiz olsun və
hamını qane etsin. Bununla əlaqədar olaraq bütün
dövrlərdə təqsirləndirilən şəxsin
öz təqsirini etiraf etməsi çox cazibədar üsul
kimi qəbul edilir və bununla da iş tez həll olunurdu.
Müəyyən dövrlərdə bu, ən
optimal variant kimi qəbul edilirdi. Əgər təqsirləndirilən
şəxs cinayəti həqiqətən törətməyibsə,
bəs onda necə olsun? Burada istintaqın gedişində yol
verilmiş ədalətsizliklərin (işgəncə, zor, tətbiq
etmək və s.) qarşısını almaq məqsədilə
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
126.6-cı maddəsində deyilir: "Təqsirləndirilən
şəxsin cinayət törətməkdə öz təqsirini
etiraf etməsi yalnız iş üzrə bütün
sübutların məcmusu ilə təsdiq edildiyi halda ona
qarşı ittihamın əsası kimi qəbul edilə bilər".
Şübhəsiz, bu, mühakimə icraatının obyektiv nəticə
çıxarmasına xidmət edir. Təəssüf ki,
Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsində
bu məsələyə başdansovdu
yanaşılmış, nisbətən asan yol qəbul
olunmuşdur. Belə ki, RF CPM-nin 40-cı bölməsində
təqsirləndirilən şəxsin verilmiş ittihamla
razılaşması ilə bağlı məhkəmə qərarının
qəbul edilməsinə dair xüsusi qayda nəzərdə
tutulmuşdur. Bu qaydaya görə, cinayət işi üzrə
toplanmış sübutlar tədqiq edilmir və qiymətləndirilmir.
Nəticədə iş üzrə qərar yalnız təqsirləndirilən
şəxsin etirafı əsasında qəbul olunur.
Belə bir təcrübə yalnız hakimə,
prokurora və müstəntiqə sərf edir. Cinayət
prosesinin obyektivliyinin təmin olunması isə istisna edilir. Azərbaycan
və Rusiya arasında əlaqələrin böyük tarixə
malik olması zəminində qanunvericiliklər arasında bir
çox müddəaların oxşarlığına
baxmayaraq, göründüyü kimi, fərqlər də
vardır. Zənnimcə, əlaqələrimizi genişləndirməli,
bir-birimizin müsbət təcrübəmizdən
yararlanmalıyıq. Konkret olaraq, haqqında söz gedən məsələdə
biz azərbaycanlı həmkarlarımızın təcrübəsindən
öyrənməliyik. Elə məqamlar da vardır ki, onlar
bizim qanunvericilikdə daha optimal şəkildə öz həllini
tapır. Odur ki, qarşılıqlı surətdə əməkdaşlığımızı
genişləndirərək bir-birimizin müsbət təcrübəmizdən
səmərəli istifadə etməliyik.
Ümumiyyətlə cəmiyyətin
inkişafı bütün sahələrdə, o cümlədən
ədliyyə sistemində də əsaslı islahatların
aparılmasını, qabaqcıl dünya təcrübəsinin
öyrənərək yaradıcı surətdə tətbiq
olunmasını tələb edir.
Nikolay
Qriqoryeviç Şuruxnov, Moskva Humanitar Universiteti cinayət-hüququ
və xüsusi fənlər kafedrasının professoru:
- Azərbaycan Respublikasında cinayət təqibinin
obyektivliyini, ədalətliliyini təmin etmək məqsədilə
onun məlumat bazasının yaradılmasına ehtiyac
vardır. Bu məqsədlə cinayət təqibi prosesində
texniki vasitələrdən istifadə edilməsi zəruridir.
Azərbaycan Respublikasının cinayət-mühakimə
icraatında texniki vasitələrdən və elmi tövsiyyələrdən
istifadə edilməsinin mühüm istiqamətlərindən
biri təhqiqatçının,müstəntiqin mobil
avtomatlaşdırılmış iş yerinin tətbiq edilməsidir.Bu
nə deməkdir? Burada, ilk növbədə müvafiq proqram
təminatına, əlaqə və məlumatların verilməsi
vasitələrinə malik olan noutbuklar nəzərdə
tutulur.
Eyni zamanda, nəzərə almaq
lazımdır ki, öz texniki xüsusiyyətlərinə,
xüsusən yaddaşına, həcminə və məhsuldarlığına
görə noutbuk tipli kompyuterlər stasionar
elektron-hesablayıcı maşınlardan (EHM) geri qalmır.
Mobil avtomatlaşdırılmış
iş yerləri daha geniş dairədə vəzifələrin
həll edilməsinə imkan verir. Qeyd olunan proqram təminatı
aşağıdakıları əhatə edir:
-Axtarışda olan şəxslər, nəqliyyat
vasitələri, silahlar,pasportlar,pasportların blankları və
başqa obyektlər haqqında informasiya resursları əldə
etmək;
-cinayət işləri və cinayət təqibi
ilə əlaqədar başqa materiallar üzrə respublika səviyyəli
prosessual aktlar barədə resurslara daxil olma vasitələri;
-axtarış, baxış və başqa
prosessual hərəkətlərə dair taktik üsulların
məlumat sistemini;
-məlumatların,sorğuların,tapşırıqların,prosessual
aktların, cinayət təqibi üzrə prosessual hərəkətlərin
gedişinin və nəticələrinin Azərbaycan CPM-nin tələblərinə
uyğun protokollaşdırılmasının tərtibatına
dair proqramı;
-təhqiqatçıların və
müstəntiqlərin təhsili, bilik və
bacarıqlarının yoxlanılması üzrə
proqramı.
Digər tərəfdən, bu gün
jurnalistikada, xüsusən alınmış müsahibələrdə
trankrayber metodundan istifadə etmək olardı. Bu ideyaların
həyata keçirilməsinə nail olmaq üçün
cinayət mühakimə icraatının ən müasir
texniki vasitələrlə təchiz olunmasına ehtiyac
vardır. Qeyd etmək lazımdır ki, qabaqcıl Qərb
ölkələrinin bir çoxunda bu və digər metodlardan
uğurla istifadə olunur.
Çingiz
İsmayılov: Azərbaycanda Regional İnkişaf Mərkəzinin
sədri, coğrafiya elmləri doktoru,professor:
-Müasir dünya iqtisadiyyatında baş
verən proseslər hər bir ölkənin sosial-iqtisadi
inkişafına öz təsirini göstərir. Ölkəmizdə
aparılan struktur islahatlar iqtisadiyyatımızın
davamlı inkişafında mühüm rol oynayır. Ancaq
bununla yanaşı, qeyd etmək lazımdır ki, mövcud
inkişaf imkanlarımızdan hələ tam istifadə
olunmur.
Təcrübə göstərir ki, təbii
ehtiyatların zənginliyi və əlverişli təbii-iqlim
şəraiti hər hansı bir ölkənin iqtisadi
inkişafını heç də tam təmin etmir. Yeni şəraitdə
ön plana sərmayələrin, ixtisaslı mütəxəssislərin,
yeni texnologiyalar və informasiya axınlarının əldə
edilməsi istiqamətində rəqabət artır. Məhz
bu səbəbdən dünya iqtisadiyyatının qeyri-stabil
inkişafı şəraitində iqtisadi proseslərin
gedişində dövlətin tənzimləyici rolunun
artırılması məsələsi xüsusi əhəmiyyət
daşıyır. Bu baxımdan respublikamızın
Ümumdünya Ticarət Təşkilatına
üzvlüyünə daxil olması məsələsində
hökumət tərəfindən yeridilən siyasət təqdirəlayiq
hal kimi qəbul olunmalıdır.
Qeyd etmək lazımdır
ki,iqtisadiyyatımızın bir çox sahələri,
xüsusən kənd təsərrüfatı bazar
iqtisadiyyatındakı açıq rəqabət şəraitinə
hələ tam hazır deyil.Bu səbəbdən dövlət
tərəfindən sahibkarlığa dəstək siyasəti
davam etdirilməlidir.Fermer təsərrüfatlarında istehsal
olunan məhsulun istehlakçıya
çatdırılması xüsusi önəm
daşıyır.
Ölkəmizdə əkinçilik sahəsindəki
təbii-resurs potensialından hələ ki tam istifadə
olunmur. Məsələn respublikanın ümumi əkin sahəsinin
təxminən üçdə-ikisi şoranlaşmış
torpaqlardır. Təbii ki,bu torpaqlarda lazımi meliorativ işlərin
aparılması bir çox kənd təsərrüfatı məhsullarının
istehsalının artırılması üçün yeni
imkanlar yaradacaqdır.Belə ki, aqrar sahənin inkişafı
ölkəmizdə bütövlükdə qeyri-neft sektorunun
inkişafında həlledici rol oynayaraq, eyni zamanda respublikada ərzaq
təhlükəsizliyi məsələsini tam həll etmək
imkanlarını reallaşdırır.Hələ ki, ölkəmizdə
daxili istehsal hesabına ərzaq məhsullarında yalnız
şəkər, kartof, meyvə və tərəvəz
üzrə biz öz təlabatımızı tam təmin
edirik. Dövlətin yeritdiyi regional inkişaf siyasəti
ölkənin ümumi iqtisadi inkişafında mühüm yer
tutur. Lakin respublikamızın ərazisinin 20 faizinin ermənilər
tərəfindən işğal olunması, təbiidir ki,
bütün ölkə ərazisi üçün vahid
regional inkişaf siyasətinin hazırlanmasını xeyli
mürəkkəbləşdirir. Buna baxmayaraq, ölkəmizdə
regionların sosial-iqtisadi inkişafına dair artıq ikinci
Dövlət Proqramı həyata keçirilir.
Fikrimcə, bu istiqamətdə ölkə
ərazisində bir neçə inkişaf mərkəzləri
seçilməlidir.Məlumdur ki,ərazilər fərqli
inkişaf imkanlarına malikdir. Nəzərə almaq
lazımdır ki, daha böyük imkanlara malik olan ərazilərin
inkişafı qonşu, daha zəif ərazilərin
inkişafına öz təsirini göstərəcəkdir.
Yaradılacaq xüsusi iqtisadi zonalar burada
öz rolunu oynaya bilər. Məhz bu səpkidən belə
zonaların ucqar bölgələrdə, xüsusən
Abşeron rayonundan aralı yerlərdə təşkili əyalətlərin
inkişafında əhəmiyyətli amilə çevrilə
bilər. Bu, eyni zamanda, bölgələrdə gənclərin
işlə təmin edilməsinə yeni imkanlar açar. Gənclərin
bölgələrə cəlb edilməsi ölkəmizin gələcək
inkişafında ən vacib məsələlərdən
biridir.
Dünyada cərəyan edən proseslərin
və çağırışların dəyişilməsini
nəzərə alaraq, ölkəmizin gələcək
inkişafının daha da uğurlu olması
üçün aşağıdakı məsələlərin
həllinə diqqət daha da artırılmalıdır:
- Kiçik və orta
sahibkarlığın davamlı inkişafını təmin
edilməsi məqsədilə onların fəaliyyətinin
hüquqi bazası təkmilləşdirilməli və qəbul
edilmiş qanunlara ciddi riayət olunmalıdır;
- ölkəmizə xarici sərmayələrin
cəlb edilməsi üçün yeni mexanizmlər
hazırlanmalıdır;
- ölkəmizdə xüsusi iqtisadi
zonaların təşkili üçün konkret məqsədli
proqramlar işlənib hazırlanmalıdır;
- iqtisadiyyatımızın ərazi
üzrə inkişafında yeni inkişaf "qütblər"i
müəyyən edilməli və onların ardıcıl
inkişafı təmin olunmalıdır;
- bölgələrdə gənclərin məşğulluğu
məsələsinin həlli istiqamətində konkret
proqramlar hazırlanmalıdır;
- qeyri-neft sektorunun aparıcı sahələri
üçün yeni texnologiyaların idxalı istiqamətində
məqsədli proqramlar hazırlanmalıdır.
Füzuli Qurbanov,
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
şöbə müdiri, fəlsəfə elmləri doktoru:
- İki tezisi müzakirənizə
çıxarmaq istərdim:
1. Azərbaycanın 2020-ci ilə qədər
strateji inkişaf məsələsi, hər şeydən öncə,
fəlsəfi problemdir;
2. Hansı inkişaf modelinin seçilməsindən
asılı olmayaraq, həyata keçirilən proqramların
elmi monitorinqi zəruridir.
Bu tezislər müasir dünyanın təkamül
şərtləri ilə birbaşa bağlıdır. Həmin
şərtlər XX əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində
insan təfəkküründə baş verən ideya dəyişikliyi
ilə əlaqəlidir. XX əsrdə ümumiyyətlə, bəşər
miqyasında ideya təkamülü baş verdi.
Dünyanın qabaqcıl filosof, politoloq, ideoloq və alimləri
bununla bağlı kifayət qədər təhlillər
aparıblar. Onların gəldiyi qənaətləri qəbul
etsək, bəşəriyyətin keyfiyyətcə yeni ideya səviyyəsinə
keçdiyini də inkar etməməliyik.
XX əsrin ikinci yarısından
başlayaraq sivilizasiya və mədəniyyət
anlayışlarının münasibəti məsələsinə
Qərbdə yeni baxışlar formalaşmağa
başladı. ABŞ-da başlanan bu prosesdə
sivilizasiyanın mədəniyyətlə bağlı
olduğu tezisi önə çıxarılırdı. XVII əsrdən
Fransa fəlsəfi fikrində sivilizasiya anlayışı
"sivilizasiya-barbarlıq" qarşıdurması çərçivəsində
inkişaf etdirilirdi. ABŞ antropoloqları A.Kroeber və K.Klukhon
sivilizasiya ilə mədəniyyəti
qarşı-qarşıya qoymağın düzgün
olmadığını sübut etdilər. F.Brodel "Tarix
haqqında" əsərində sivilizasiyanın mədəniyyətlə
müəyyən edildiyini əsaslandırdı. Nəhayət,
XX əsrin 80-ci illərində "soyuq müharibənin"
başa çatması ilə Qərbdə yeni ideoloji sistem bərqərar
olmağa başladı. Bu ideoloji konseptə görə,
dünya polisivilizasiyalardan ibarətdir. F.Fukuyama "Tarixin
sonu" adlı məqaləsi ilə həmin aspektdə yeni
tədqiqatlara start verdi.
Hazırladı: Qüdrət
PİRİYEV,
(ardı var)
Xalq qəzeti.-
2012.- 1 iyul.- S. 5.