Qəzetçiliyin
"görünməyən" fədailərindən biri
Əvvəlcə
ötən əsrin 90-cı illərindən bir
xatirə. Görkəmli mətbuat tədqiqatçısı,
Azərbaycan jurnalistikasının bütün
mərhələlərini özünəməxsus şəkildə
öyrənmiş və bizim üçün əlçatan etmiş Qulam Məmmədli
ilə görüş keçirilirdi.
Söz ustadın özünə veriləndə Qulam müəllim gənc nəslin qarşısında bu məsələ ilə bağlı daha böyük vəzifələrin dayandığını söylədi: "Danışdığınız məsələləri bizim bu şəkildə araşdırmağımız uğurdur. Ancaq daha böyük uğurları siz - indiki jurnalistlər əldə edə bilərsiniz. Mətbuat tariximizdə araşdırılacaq, öyrəniləcək çox məqamlar var". Tədbirin aparıcısı, tanınmış arxiv mütəxəssisi Maarif Teymur söhbətə müdaxilə elədi: "Qulam müəllim, sizin gördüyünüz işlər o qədər əhatəlidir ki, indi kiminsə bu sahədə tədqiqat aparmağa cəsarəti çatmır". " Yox,qətiyyən elə deyil"-deyə Qulam müəllim cavab verdi: "Mən jurnalistləri, yazıçıları, görkəmli mətbuat təmsilçilərini xalqa tanıtmışam. Ancaq nəşriyyatlarda, mətbəələrdə mətbuatla bağlı olan,özünü və həyatını bu işə həsr edən o qədər fədailər var ki, heç zaman heç yerdə adları çəkilmir. Onlar haqqında əhatəli şəkildə söz açılmalıdır. Özü də ürəkdən, sevərək".
Həmin görüşdən sonra mən "Dalğa"
qəzetində və dövlət radiosunda
bir neçə nəfər linotipçi, metranpaj,
çapçı və mətbəə işi
ilə bağlı olan mütəxəssislər
barədə söz açdım. Özü də ürəkdən və sevərək.
Mərhum əməkdaşımız, 40 ildən
çox bir müddətdə
"Xalq qəzeti"ndə
buraxıcı vəzifəsində
çalışmış Feyzi Fərəcullayev
haqqında qələmə aldığım yazıdan sonra isə Feyzi müəllim
mənim aradabir mətbəədə
çalışanlarla görüşməyimi məsləhət
bilmişdi:
"Orada peşəsini sevən,bu işə
həqiqətən bağlı olan
qızıl oğlanlar var".
Budur , həmin
"qızıl oğlan"ların biri
ilə görüşürük. 46 il "Azərbaycan" nəşriyyatında
fəhləlikdən sex rəisi vəzifəsinədək
müxtəlif sahələrədə
çalışmış,hazırda burada
işləyənlərin əksəriyyəti tərəfindən
müəllim kimi qəbul edilən Elman Hacıbaba oğlu Kərimovla
söhbətimizdə də Qulam Məmmədlidən
eşitdiyim ifadəni yada
salıram. Elman müəllim məsələyə
bir az başqa
prizmadan yanaşır:
- Bilirsinizmi, kimsə öz peşəsinə bağlı deyilsə,
yerinə yetirdiyi vəzifəni sevərək
icra edə bilmirsə, onun
haqqında yüz dəfə yazılsa da, xeyri yoxdur.
Həqiqətən, peşəkarcasına, vurğuncasına
işləyən adamları isə xalq da unutmur, cəmiyyət də,
dövlət də. Bir də ki, mətbəə işçiləri tarixə
düşmək üçün deyil, tarixi mətbuatda yaşatmaq üçün
doğulublar.
Jurnalistin,yazıçının , şairin
əlindən çıxan yazı məhsulu o
vaxt xalqın sərvətinə çevrilir ki,o, qəzetdə
işıq üzü görsün
və hamı üçün əlçatan
olsun. Mən 46 il
bu prosesi reallaşdıran adamlar arasında olduğuma görə fəxr edirəm. İndi zaman dəyişib,
elmi-texniki tərəqqi,
yeni texnologiyalar mətbuatın işini çox asanlaşdırıb.
Ancaq 60-70-ci illərdə
mətbəədə işləmək
həm çətin idi,həm də
məsuliyyətli.
Elman Kərimov 1942-ci il
iyulun 1-də Astarada -
texnik-elektrik vəzifəsindən
başlayaraq prokuror müavini vəzifəsinə
qədər müxtəlif
sahələrdə çalışmış
Hacıbaba kişinin ailəsində düyaya gəlib. Nə Astarada yaşadığı
illərdə , nə də
Bakıda-Politexnik Texnikumda
avtomatika və telemexanika ixtisası üzrə təhsil alanda yuxusuna belə gəlməzdi ki, onun taleyi
yarım əsr mətbuatla bağlı olacaq. Bir zaman
fəhlə kimi işə başladığı
müəssisədə 45 il
işləyəndən sonra
- yəni ötən il Mətbuat Günü - dövlət
başçısının sərəncamıyla " Əməkdar mühəndis"
fəxri adına layiq görüləcəyini
də heç zaman ağlına gətirə bilməzdi. Amma bu, günün reallığıdır. Çünki halal zəhmət itmir, dövlət də, xalq da
həqiqi sənətkarın
qiymətini mütləq
verir. Elman danışır ki, ulu öndər Heydər Əliyev 1981-ci ildə Azərbaycanda yeni nəşriyyat binasının istifadəyə
verilməsinə nail oldu
və buraya ofset çap üsulunu yerinə yetirən texnika gətirildi. O zaman mən köhnə sexdə çapçı
işləyirdim. Boş vaxt
tapan kimi gəlib ofset texnikasının quraşdırılmasına
baxırdım. Müdiriyyət marağımı görəndə
məni məcburən
Minsk şəhərinə- bu texnologiyanı öyrənməyə göndərdi.
Bir həftəyə bütün
prosesi öyrəndim.
Mən Minskə gedənə qədər də " Pravda" qəzetini çap edirdim.Sonra həmin qəzeti ofset üsulu ilə çap etməyə başladıq. O zaman
" Pravda nəşr evi"nə
daxil olan
"Pravda" ,"Komsomolskaya Pravda", "Selskaya
jizn" və"Sosialistiçeskaya
industriya" qəzetlərinin
həm keyfiyyətli çapına, həm də oxuculara vaxtında çatdırılmasına
görə mətbəə
işçiləri arasında
ümumittifaq yarışı
keçirilirdi. Qalib mətbəəyə
keçici qırmızı
bayraq və pul mükafatı verilirdi. Mən
1981-1984-cü illərdə - ardıcıl olaraq dörd il
həmin yarışın
qalibi oldum. Ömrümün xoşbəxt anlarından
biri və hətta birincisi məhz həmin yarışların nəticəsi
ilə bağlı idi. Belə ki, ulu öndər
Heydər Əliyevi
ilk dəfə həmin
illərdə- indiki
"Şəhriyar adına Saray"da yarış qalibi kimi mükafat alarkən görmüşdüm.
Elman Kərimov haqqında
uzun illər onunla birgə çalışmış həmkarlarımızın
hamısı maraqlı
fikirlər söylədilər.
Əməkdaşımız Əlipənah Bayramovun fikrincə, 46 il eyni kollektivdə, özü də elə məsuliyyətli bir işdə çalışmağı
hər adam bacarmazdı. Elman bacardı və o xidmət dövlətin nəzərindən yayınmadı.
Əməkdar jurnalist
Fazil Abbasovun fikrincə Elman Kərimov təkcə qarşısına
qoyulan vəzifəni icra etməyin ustası deyil, həm də özü özü üçün hədəf
seçən və ona nail olmağı bacaran peşəkardır.
Jurnalist Ruslan Rəfizadənin dedikləri
isə Elman Kərimovun
mətbuat qarşısındakı
xidmətlərinin hələ
bundan sonra da uzun illər
tez-tez yada düşəcəyini sübut
edirdi: "Bu gün Azərbaycan mətbəələrində
çalışan poliqrafçıların
90 faizə qədəri
məhz Elman Kərimovun
təcrübəsini,iş
üsulunu yaşadanlardan
ibarətdir".
Həmkarımıza - 70 illik ömrünün 46 ilini yazılı mətbuatın texniki proseslərinin həllinə həsr etmiş, fəqət, heç zaman heç yerdə görünməyən, adı çəkilməyən dostumuz, əməkdar mühəndis Elman Kərimova yeni-yeni uğurlar və can sağlığı arzulayırıq. Həmkarlarımızdan biri xatırlatdı ki, Elmanın adı qəzetlərdə bircə dəfə göründü, o da Prezident sərəncamında. Çox uğurlu taledir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 3 iyul.- S. 5.