Azərbaycanla Rusiya arasında bütün
sahələr üzrə geniş əməkdaşlıq
əlaqələri mövcuddur
"Rusiya- Azərbaycan dialoqu-
2012" forumu bu əlaqələrə
yeni töhfə oldu
Rəsmi
Bakı ilə Moskva arasındakı dostluq münasibətləri həmişə
xoşməramlı olmuş, iki ölkə arasındakı sıx əməkdaşlıq
bütün sahələrdə özünü göstərmişdir. Ölkəmiz
müstəqilliyini bərpa etdikdən sonra
bu münasibətlər yeni
inkişaf mərhələsinə qədəm qoymuş,
iqtisadi, elmi - texniki və humanitar sahələrdə
əlaqələr daha da
dərinləşmişdir. Bu da hər iki xalqın rifah halının yüksəldilməsində,
dostluq münasibətlərinin sıx tellərlə
bağlanmasında böyük rol oynamışdır.
Azərbaycanda ruslara və rus dilinə münasibət həmişə son dərəcə xeyirxah olmuşdur. Bu münasibətlər indi də özünü göstərir. Ölkəmiz müstəqillik yoluna qədəm qoyduqdan sonra heç bir rus məktəbi bağlanmayıbdır. Azərbaycanda yaşayan hər hansı azsaylı xalq barəsində heç vaxt ayrı-seçkilik siyasəti aparılmayıb. Müxtəlif millətlərin Azərbaycanda rahat, təhlükəsiz yaşaması, bir - biri ilə hərtərəfli əməkdaşlıq etmələri üçün dövlət səviyyəsində əlverişli şərait yaradılıb. Hazırda Azərbaycanın bütün dövlət ali məktəblərində rus dilində tədris şöbəsi var. Əgər sovet dövrünün statistikası ilə müqayisə etsək, görərik ki, Azərbaycanda rus dilində nəşr olunan qəzet və jurnalların sayı bir neçə dəfə artmışdır. Azərbaycan Rusiya televiziya kanalları verilişlərinin sərbəst qəbul edildiyi bir neçə ölkədən biridir.
Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin səyləri sayəsində Azərbaycanla Rusiya arasındakı münasibətlər tamamilə yeni səviyyəyə qalxmışdır. Yəqin ki, hələ yaddaşlardan silinməz. AXC - Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə ölkəmizin yaxın qonşuları, o cümlədən Rusiya ilə münasibətləri heçə enmişdi. Rusiya kimi böyük və qüdrətli bir dövlətlə əməkdaşlığı pozmaq bu cütlüyün hakimiyyətdə olduğu müddətdə bir - birinin ardınca yol verdiyi kobud siyasi səhvlərdən idi. İnamla demək olar ki, ölkələrimiz arasındakı müasir mehriban qonşuluq münasibətlərinin bünövrəsini məhz Azərbaycan Prezidenti Heydər Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qoymuşlar.
Həm ulu öndər Heydər Əliyevin, həm də Rusiya Prezidentinin qarşılıqlı rəsmi səfərlərini yaxşı xatırlayırıq. Bu səfərlər böyük uğurla keçdi və ondan sonra iki ölkə arasında faydalı əməkdaşlığın tamamilə yeni perspektivləri açıldı. Bundan sonra hər iki ölkə vətəndaşlarında tam əminlik yarandı ki, Rusiya və Azərbaycan əməkdaşlığın bütün sahələrində çox böyük potensiala malikdirlər. Dövlət başçılarının səfərlərindən sonra iqtisadi münasibətlərimizdə yeni mərhələ başlandı, iki ölkə arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün yeni perspektivlər açıldı.
Ulu öndərin daxili və xarici siyasətini uğurla
davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin
səyi nəticəsində Azərbaycan - Rusiya
münasibətləri yeni inkişaf
mərhələsinə qədəm qoyub.
Ölkələrimizin iqtisadiyyatı həmişə bir-biri ilə sıx bağlı olmuş, sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu gün Rusiya bazarı Azərbaycan
malları üçün və Azərbaycan
bazarı Rusiya malları üçün,
əlbəttə ki, öncül
istiqamətlərdir.
Siyasi əlaqələrin inkişaf səviyyəsi də yüksək
qiymətə layiqdir. Bu
inkişaf ölkələrimizin
qarşılıqlı mənafelərinə tam
cavab verir. Rusiya ilə Azərbaycan arasında həll
olunmamış heç bir
problem yoxdur. AXC - Müsavat hakimiyyəti dövründə
yaranmış problemlərin hamısı artıq arxada qalmışdır.
Siyasi
planda yığılıb qalmış, dialoqun normal
inkişafına mane olan problemlər də artıq öz həllini
tapmışdır. İki ölkə
arasında siyasi dialoqun,
ünsiyyətin çox yüksək səviyyədə
olması artıq göz
qabağındadır. Qanunvericilik hakimiyyəti,
icra hakimiyyəti səviyyəsində, mədəni,
elmi səviyyələrdə də çox fəal əlaqələrin
yaranması da bundan xəbər
verir.
Azərbaycanla Rusiya regional və dünya siyasəti
məsələlərində də çox
fəal, qarşılıqlı fəaliyyət göstərir.
Əksər məsələlərdə mövqelər üst - üstə düşür.
Bu, dost ölkələrə
beynəlxalq aləmdə də vahid
mövqelərdən çıxış etməyə imkan verir.
Bütün
bunlar Rusiya - Azərbaycan dostluq münasibətlərinin
yüksək səviyyədə inkişafından xəbər
verir. Artıq tamamilə başqa
mühitdə, müstəqillik mühitində böyüyüb formalaşan
rusiyalıların və azərbaycanlıların yeni nəsillərinin əsası əvvəlki
nəsillər tərəfindən qoyulmuş
yaxşı və xeyirxah ənənələrin
davam etdirilməsi üçün
möhkəm zəmin yaranıb. Bu ənənələr
müxtəlif millətlərin yaşadıqları regionumuza firavanlıq, əmin-amanlıq, dinclik gətirəcəkdir.
Hazırda
ölkələrimiz arasındakı dostluq münasibətləri
başqa ölkələr üçün nümunədir. Bu günlərdə Bakıda keçirilən
"Rusiya - Azərbaycan dialoqu
- 2012" üçüncü Rusiya - Azərbaycan regionlararası forumu da bunu
təsdiqlədi. Forumun işində hər iki ölkənin
prezident administrasiyalarının, parlamentlərinin,
mərkəzi və regional hakimiyyət
orqanlarının, elm və təhsil
müəssisələrinin və digər sahələrin əməkdaşlarının
iştirakı tədbirin böyük əhəmiyyət
kəsb etməsinin bariz nümunəsidir.
Forumun
keçirilməsinin əsas məqsədi Azərbaycan
Respublikası ilə Rusiya Federasiyasının regionları
arasında iqtisadi, elmi - texniki və humanitar əməkdaşlığın
vəziyyətini araşdırmaq, mövcud əlaqələrin
daha da genişləndirilməsi üçün təklif və
tövsiyələr hazırlamaqdır. Müzakirələr
zamanı bir daha məlum
oldu ki, bu forum ölkələrimizin
regionları arasında münasibətləri daha
da genişləndirmək və mövcud problemlərin aradan
qaldırılması üçün
yaxşı platformadır. Üçüncü
Rusiya - Azərbaycan regionlararası forumun da iki
ölkə arasında iqtisadi, humanitar və digər sahələrdə
münasibətlərin daha da inkişafına öz
töhfəsini verəcəyinə şübhə ola bilməz. Çünki
iki ölkə arasındakı
qarşılıqlı münasibətlər birdən-birə
yaranmayıb.
Rusiya
ilə Azərbaycan arasında yüksək səviyyəli tədbirlərin
mütəmadi olaraq keçirilməsi prezidentlər İlham Əliyev
və Vladimir Putinin siyasi iradəsi nəticəsində
baş tutub. Hər iki
ölkənin rəhbərləri dövlətlərimiz
arasında tərəfdaşlığın daha
da möhkəmlənməsində, siyasi, iqtisadi və mədəni
sahələrdə əməkdaşlığın dərinləşməsində
maraqlı olduqlarını dəfələrlə bəyan
ediblər. Azərbaycan Prezidenti
İlham Əliyev forum
iştirakçılarına ünvanladığı təbrik
məktubunda da belə tədbirlərin
mütəmadi keçirilməsini yüksək qiymətləndirmiş,
iki ölkə arasında
qarşılıqlı anlaşmanın və əməkdaşlığın
daha da dərinləşməsinə
kömək göstərəcəyinə əminliyini
ifadə etmişdir.
"Rusiya
- Azərbaycan dialoqu - 2012" üçüncü Rusiya - Azərbaycan
regionlararası forumunda geniş və əhatəli məruzə
ilə çıxış edən Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu il
Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin
qurulmasının 20 illiyinin tamam olduğunu diqqətə
çatdırdı. O qeyd
etdi ki, Azərbaycan-Rusiya
əlaqələrinin tarixinə diqqət yetirsək, görərik
ki, müstəqilliyimiz bərpa olunduqdan sonrakı ilk illərdə
ölkələrimiz arasında münasibətlər o qədər də asan
olmayıb. Lakin Azərbaycanın ümummilli lideri Heydər
Əliyev hakimiyyətə gəldikdən sonra
vəziyyət yaxşılığa doğru
dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik
etməyə başlayan Heydər Əliyev
Rusiya ilə dostluq
münasibətlərinin qurulmasında mühüm
rol oynadı, ölkələrimiz
arasında strateji tərəfdaşlığın
əsaslarını qoydu. Cənab
Vladimir Putinin 2000-ci
ildə Rusiya Prezidenti
seçilməsi Azərbaycan-Rusiya münasibətlərinə
yeni nəfəs verdi.
İki ölkənin liderləri
zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa edə, stabil, dinc qonşuluq
münasibətləri qura bildilər.
Bu münasibətlər prezidentlərimizin
səyləri nəticəsində dinamik
şəkildə inkişaf etməkdə
davam edir. Müasir mərhələdə Azərbaycan-Rusiya
münasibətləri artan xətt üzrə
inkişaf edir.
Ramiz
Mehdiyev dövlət başçıları səviyyəsində
yüksək səviyyəli siyasi əlaqələrin
olduğunu, mütəmadi qarşılıqlı səfərlərin
həyata keçirildiyini də xatırlatdı. Akademik R.Mehdiyev Azərbaycan Prezidenti
İlham Əliyevin bizim
"ikitərəfli münasibətlərdə təxirəsalınmaz
həllini tələb edən hər hansısa məsələ
yoxdur" fikrinə istinadən dedi ki, bu
gün Azərbaycan və Rusiya
strateji tərəfdaşdır. Son illər ərzində
birgə səylərimiz nəticəsində hər iki tərəf üçün
mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin
xeyrinə olan həll yolları tapa bilmişik. Prezident Administrasiyasının rəhbəri
Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası çərçivəsində
əməkdaşlıq etdiyini diqqətə
çatdıraraq dedi: "Biz Rusiya rəhbərliyinə
Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsində verdiyi aktiv dəstəyə
görə dərindən minnətdarıq. 155 ölkənin
dəstəyi ilə Azərbaycanın bu posta seçilməsi ölkəmizin beynəlxalq
arenada artan rolunu göstərən əsl tarixi hadisədir".
Azərbaycanda
rusların hər hansı bir təhlükə və problemlə
qarşılaşmadığı göz önündədir.
Hazırda Azərbaycanda 120 mindən artıq rus yaşayır. Digər xalqlar
kimi ruslara da ölkənin sosial-iqtisadi,
siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya
edə bilmək üçün hər cür şərait yaradılıb. Azərbaycan
müstəqillik əldə etdikdən sonra
cəmiyyətin bütün sahələrində
rus dili öz mövqelərini qoruyub
saxlamış, bu dilin
inkişafı üçün hər cür şərait
yaradılmışdır. Akademik R.Mehdiyev bu məsələni
forum iştirakçılarının
diqqətinə çardıraraq dedi: "Bu gün
20-dən artıq orta ümumtəhsil məktəbində
rus dilində tam orta təhsil almaq
imkanı var, 327 məktəbdə isə
dərslər həm Azərbaycan, həm rus
dillərində keçirilir. Ölkənin
bütün dövlət ali
məktəblərində və özəl ali
məktəblərinin bir qismində
rus dilində fakültələr fəaliyyət
göstərir, burada 16 mindən artıq
tələbə rus dilində ali təhsil alırlar. Bakıda rus dilində kadrların hazırlanması
üzrə ən böyük mərkəzlərdən
biri olan Bakı Slavyan Universiteti fəaliyyət
göstərir. Dörd il əvvəl
paytaxtımızda bütün dünyada məşhur olan
Lomonosov adına Moskva
Dövlət Universitetinin filialı
açılıb, iki il
əvvəl isə Səməd Vurğun
adına Rus Dövlət Dram
Teatrı öz 90 illik
yubileyini qeyd edib".
Hazırda
Rusiyanın 70-dən artıq regionunun Azərbaycanla əməkdaşlıq
etməsi iki ölkə arasında dostluq münasibətlərinin
yüksək səviyyədə olmasından xəbər
verir. Ölkələrimiz arasında əlaqələrin
müxtəlif istiqamətlərdə, xüsusilə də
iqtisadi və humanitar sahələrdə uğurla inkişaf
etməsi əlaqələrimizin dərin tarixi köklərə
malik olmasının nəticəsidir.
Akademik
Ramiz Mehdiyev əmin olduğunu bildirmişdir ki, Rusiyanın və
Azərbaycanın bu qədər nüfuzlu nümayəndə
heyətlərinin iştirakı ilə keçirilən tədbir
ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə
sanballı töhfə verəcək və forumun işi hər
cəhətdən səmərəli olacaqdır.
Havva MƏMMƏDOVA,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının müəllimi,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2012.- 3 iyul.- S. 4.