Metanolun dünya
iqtisadiyyatı üçün əhəmiyyəti
müzakirə olunmuşdur
Bu yaxınlarda ABŞ-ın Enerji Təhlükəsizliyi Şurası və
Metanol İnstitutunun
birgə əməkdaşlığı ilə Vaşinqtonda metanol siyasəti
üzrə beynəlxalq forum keçirilmişdir. Dünya sənayesi üçün böyük
əhəmiyyətə malik olan bu foruma
dünyanın bütün bölgələrindən
175-dən artıq iştirakçı, o
cümlədən bərpaolunan enerji mənbəyi
kimi metanolun dünya iqtisadiyyatı üçün
əhəmiyyətini müzakirə edən
tanınmış məruzəçilər
qatılmışdır.
Forumda beynəlxalq energetika sənayesinə dair ən müxtəlif mövzular, o cümlədən bərpaolunan enerji mənbəyi sayılan metanolun hazırda həyata keçirilən qlobal təcrübə proqramlarına daxil edilməsi yollarının işlənib hazırlanması məsələsi müzakirə olunmuşdur.
ABŞ-ın
Energetika nazirinin Siyasi və beynəlxalq məsələlər
üzrə köməkçisi Devid Sandalou forumda
çıxış edərək deyib ki, metanol nəqliyyat
yanacağı kimi bir çox cəlbedici xüsusiyyətlərə
malikdir. Hazırda təbii qazın qiymətlərinin
aşağı, neftin qiymətlərinin isə yuxarı
olduğu bir dövrdə metanol istehlakçıların
yanacaqdoldurma məntəqələrində çəkdikləri
yanacaq xərclərini azaltmağa kömək edə bilər.
Belə ki, metanolu az qatılıq dərəcələri ilə,
yaxud digər üsullardan istifadə edərək maye
yanacağa qatmaqla, qlobal miqyasda nefti metanolla əvəz etmək
mümkündür. D. Sandalounun sözlərinə görə,
ABŞ-ın Energetika Nazirliyi bu sahədə əlavə tədqiqatların
aparılmasını planlaşdırır.
Metanolun tətbiqi sahəsində aparıcı bölgə olan Çinin Şanksi əyalətinin keçmiş qubernatoru Vanq Maolin öz doğma əyalətində metanolla aparılan təcrübələrdən əldə etdikləri uğurları forum iştirakçıları ilə bölüşərək qeyd edib ki, Çinin adıçəkilən əyalətində benzinin və dizel yanacağının metanolla əvəz olunmasının qarşısında duran əsas texniki əngəllər artıq aradan qaldırılmışdır. Ötən il ərzində Şanksi əyalətində metanol əsaslı benzinin istehsalı 6 milyon tondan çox olub. V. Maolinin dediyinə görə, növbəti bir neçə il ərzində Çinin yollarında çoxyanacaqlı mühərriklərlə təchiz edilmiş yüz minlərlə avtomobil görmək olacaq.
Konfrans
çərçivəsində ABŞ-ın Enerji Təhlükəsizliyi
Şurasının üzvləri ilə keçirilən
görüşdə də diqqət rəqabətli nəqliyyat
yanacağı bazarının açılmasının
vacibliyinə yönəldilib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Robert MakFarleyn alternativ enerji mənbələrinin əhəmiyyətini vurğulayaraq deyib: "Biz yanacaqdoldurma məntəqələrində rəqabət yaratmalıyıq. Yeganə yanacaq mənbəyindən əl çəkmək üçün indiki kimi əlverişli şərait bundan əvvəl heç vaxt olmayıb".
ABŞ-ın Enerji Təhlükəsizliyi Şurasının üzvləri belə bir yekdil fikirdə olublar ki, nəqliyyat yanacağı bazarına alternativ enerji mənbələri ilə bağlı olan həll yollarının nüfuz etməsi, eləcə də Amerikanın və bütün dünyanın neftdən asılılığını azaltmaq məqsədilə rəqabətin yaradılması olduqca vacibdir.
Kamran BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 3 iyul.- S. 4.