Respublikamızın
region ölkələri ilə əməkdaşlığı
gündən-günə zənginləşir
Bu prosesdə Rusiya
Federasiyası ilə olan əlaqələrə
xüsusi önəm verilir
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan -
Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir.
İqtisadi, elmi-texniki
və humanitar əlaqələrin dərinləşməsi
hər iki ölkə vətəndaşlarının
rifahının yüksəlməsinə, xalqlarımız
arasında tarixi dostluq tellərinin
möhkəmlənməsinə müsbət təsir göstərir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Sürətlə
inkişaf edən, regionda və dünyada nüfuzu durmadan
artan Azərbaycan Respublikası strateji müttəfiqləri ilə
əlaqələrini genişləndirir, özünün milli
maraqlarını ön planda tutaraq bölgənin
aparıcı dövlətləri ilə
qarşılıqlı əməkdaşlığı
müasir dövrün tələbləri çərçivəsində
inkişaf etdirir.
Bu mənada,
postsovet məkanının ən böyük ölkəsi
olan Rusiya Azərbaycan üçün xüsusi önəmə
malik strateji tərəfdaşdır. Reallıq budur ki, bir
sıra qlobal və regional məsələlərdə ölkələrimizin
mövqeyi üst-üstə düşür, dövlət mənafelərimiz
qarşılıqlı işbirliyin inkişafını tələb
edir. Rusiya ilə Azərbaycan arasında mövcud əlaqələr
həm rus, həm də Azərbaycan xalqlarının
maraqlarına cavab verir. Buna görə də ölkələrimizin
prezidentləri tərəfindən müəyyən
olunmuş siyasi kurs strateji tərəfdaşlıq istiqamətində
davam etdirilir.
Əlaqələrimizin
tarixinə qısa nəzər saldıqda görürük
ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən
sonra hakimiyyətə gələn təsadüfi və
naşı "siyasətçilərin"
yürütdüyü yarıtmaz xarici siyasət nəticəsində
ölkələrimiz arasında münasibətlər xeyli gərginləşmişdi.
Yalnız ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə
gəldikdən sonra vəziyyət yaxşılığa
doğru dəyişməyə başladı. 1993-cü ilin
iyun ayından ölkəmizə rəhbərlik edən ulu
öndər Rusiya ilə yenidən dostluq münasibətlərinin
yaranmasına xüsusi əhəmiyyət verdi, həmin ildən
başlayaraq əlaqələr inkişaf etdi, əməkdaşlıq
genişləndi. 1997-ci ilin iyulun 3-də imzalanmış
"Dostluq, əməkdaşlıq və
qarşılıqlı təhlükəsizlik haqqında"
müqavilə ikitərəfli münasibətlərin
inkişafının göstəricisi idi.
Ölkələrimiz
arasında siyasi-diplomatik, iqtisadi və mədəni əlaqələr
2000-ci ildə Vladimir Putinin Rusiyanın dövlət
başçısı seçilməsindən sonra daha da
sürətlə inkişaf etdi. 2001-ci ilin yanvarın 9-da
Rusiyanın Prezidenti Vladimir Putin ölkəmizə
işgüzar səfər etdi. Müstəqillik tariximizdə
ilk dəfə idi ki, Şimal qonşumuzun rəhbəri Azərbaycana
səfər edirdi. Təbii ki, bu, münasibətlərin yeni mərhələdə
inkişafına stimul verdi. Hazırda Rusiya Federasiyası ilə
Azərbaycan Respublikası arasında ikitərəfli
münasibətlərə dair konkret məsələlərin
dövlət səviyyəsində həllini tənzimləyən
işçi mexanizmi İqtisadi Əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyadır. 2008-ci
ildə yaradılan həmin komissiya bu gün də uğurla fəaliyyət
göstərir. Rusiya ilə Azərbaycan arasında hərbi və
hərbi-texniki sahədə də əməkdaşlıq
inkişaf edir. 2003-cü ilin fevralın 27-də Bakıda iki
ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq
barədə, 2006-cı ilin dekabrın 4-də isə ikitərəfli
hərbi-texniki əməkdaşlıq zamanı əqli fəaliyyət
nəticəsində əldə olunan və istifadə olunan
hüquqların qarşılıqlı qorunması barədə
hökumətlərarası saziş imzalanmışdır.
Zamanın
sınağından çıxmış tarixi əlaqələrimiz
bu gün də sabit, mehriban qonşuluq münasibətləri
çərçivəsində inkişaf edir. Son illər
Rusiya ilə Azərbaycan strateji tərəfdaşlığını
bir daha təsdiqləyən mühüm hadisələr
baş vermişdir. Birgə səylər nəticəsində
hər iki tərəf üçün çox vacib olan məsələlərə
dair optimal, qarşılıqlı məqbul və
qarşılıqlı faydalı həll yolları
tapılmış, dövlət sərhədi haqqında müqavilə
imzalanmış, Samur transsərhəd çayının su
ehtiyatlarının səmərəli istifadəsi və
mühafizəsi məsələsi həll edilmiş,
Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla
bağlı vəziyyət nizamlanmışdır. Xəzərin
statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin
yaxınlaşdırılması prosesi faktiki olaraq başa
çatmışdır. Bu isə perspektivdə bütün
Xəzəryanı dövlətlər arasında konsensus əldə
olunmasını təmin edə bilər. Qətiyyətlə
demək olar ki, qarşılıqlı əməkdaşlığımız
bütün sahələri əhatə edir və bu gün
Qafqaz regionunda ümumi vəziyyət və beynəlxalq
terrorçuluğa qarşı birgə mübarizə ilə
bağlı məsələlər sərhədyanı əməkdaşlıq
əlaqələrimizin vacib tərkib hissəsi olaraq qalır.
Rusiya-Azərbaycan
arasında humanitar sahədə əlaqələr də
yüksək səviyyədədir. Yeni-yeni formalar kəsb edən
humanitar əməkdaşlığımız dövlətlərimiz
və xalqlarımız arasında dostluq əlaqələrinin
möhkəmlənməsində çox böyük rol
oynayır. Sevindirici haldır ki, son illər bu sahədə
müxtəlif yüksək səviyyəli tədbirlər həyata
keçirilir. Məsələn, Azərbaycan və Rusiya
"çarpaz" mədəniyyət illəri mübadiləsi
etmiş, Bakıda Birinci Beynəlxalq Rus Kitabı Festivalı
keçirilmiş, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi
və postsovet məkanında ilk Rus Kitabı Evi
açılmışdır. 2011-ci ilin oktyabr ayında iki
ölkənin ziyalılarının təşəbbüsü
ilə və prezidentlərin himayəsi altında Azərbaycan
paytaxtında Beynəlxalq Humanitar Forum keçirilmişdir. Həmin
forumun işində Azərbaycan və Rusiyadan başqa, 20-dən
çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların
nümayəndələri iştirak etmişlər.
Hazırda
Rusiyanın ali məktəblərində 5 min 755 Azərbaycan
vətəndaşı təhsil alır. 2008-ci il fevralın
27-də Bakıda M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin filialı açılıb və fəaliyyətinin
ikinci ilində burada təhsil alan tələbələrin sayı
artıq 200-ə çatıb. 1200 nəfərdən
çox şəxs Rusiyanın Azərbaycan ərazisindəki
digər bir təhsil müəssisəsində - Moskva Dövlət
Açıq Universitetinin filialında təhsil alır. Azərbaycanın
ali məktəblərində rus dilində 15 mindən
artıq tələbə təhsil alır. Ümumiyyətlə,
müstəqillik illəri ərzində Azərbaycanda rus
dilinin tətbiq sahəsi nəinki məhdudlaşmamış,
əksinə, o, ictimai həyatın demək olar ki,
bütün sahələrində öz mövqelərini
qoruyub saxlamışdır. Bu gün Azərbaycanda rus millətindən
olan 120 minədək vətəndaşımız
yaşayır. Rusdilli şagirdlər bu gün iyirmidən
artıq ümumtəhsil məktəbində öz dillərində
tam orta təhsil almaq imkanına malikdirlər, 327 məktəbdə
isə məşğələlər Azərbaycan və rus
dillərində aparılır. Dövlət ali məktəblərinin
demək olar ki, hamısında və özəl ali məktəblərin
bir qismində fəaliyyət göstərən fakültə
və sektorlarda 16 mindən çox tələbə rus dilində
ali təhsil alır. Respublikamızda rus dilində 50-dən
artıq məcmuə nəşr olunur və 12 informasiya
agentliyi fəaliyyət göstərir.
Dövlətlərarası
əlaqələlərin inkişafını əks etdirən
əsaslı məsələlərdən biri də
iqtisadi-ticarət münasibətləridir. Faktlar da göstərir
ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından
biri və birincisi Rusiyadır. Təkcə bu faktı qeyd etmək
kifayətdir ki, MDB ölkələri ilə Azərbaycan arasında
əmtəə dövriyyəsinin 50 faizdən çoxu
Rusiyanın payına düşür. Keçən il ölkələrimiz
arasında əmtəə dövriyyəsi rekord həddə
çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər
olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə
nisbətən 47,4 faiz artmışdır. Bizim
qarşılıqlı münasibətlərimizin
bütün tarixi ərzində heç vaxt belə nəticə
olmamışdır. Bu, o deməkdir ki, ticarət əlaqələrimiz
hər ötən il daha da inkişaf edir və gələcəkdə
yeni ürəkaçan perspektivlər bizi gözləyir. Onu
da deyək ki, hazırda respublikamızın ərazisində
Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət
göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında
yaradılmışdır, 149-u müştərək müəssisə,
89-u nümayəndəlik və filiallardır. Buraya nəhəng
"LUKoyl" neft şirkəti, "Baltika" pivə
istehsalı şirkəti, "Nikoyl" investisiya-kommersiya
bankı, "Bank VTB" Açıq Səhmdar Cəmiyyəti
və başqaları daxildir.
Rusiya
Federasiyasının subyektləri də respublikamız ilə
birbaşa əlaqələri inkişaf etdirirlər. Bakıda
Dağıstan və Tatarıstanın, Ural Ticarət Evi, Tatarıstan
Ticarət Evi, Rusiyanın regional hava yolları şirkətlərinin
(Başqırdıstan, Perm, Pulkovo, Samara, Ural hava yolları və
s.) nümayəndəlikləri fəaliyyət göstərir.
Hazırda Saratov Vilayəti Ticarət Evinin və Mordva
Respublikası Ticarət Evinin təsis edilməsi imkanları nəzərdən
keçirilir.
Ümumilikdə,
Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə
əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan
Respublikası hökuməti ilə Rusiya Federasiyasının
subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət
sahələrində əməkdaşlığa dair
ümumilikdə 30-dan çox saziş imzalanmışdır.
Həmin subyektlərdən Dağıstan, Tatarıstan,
Başqırdıstan respublikaları, Krasnodar və Stavropol
diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan,
Volqoqrad, Moskva, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk, Tula,
Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycan ilə
daha sıx əməkdaşlıq edirlər. Keçən il
Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində
həmin regionların payı 81,7 faiz təşkil etmişdir.
Onu da deyək ki, Moskva və Moskva Vilayətinin,
Dağıstan, Tatarıstan, Sankt-Peterburq, Həştərxan,
Saratov və Sverdlovsk vilayətlərinin və digər
regionların Azərbaycanla əməkdaşlıq barədə
sazişləri vardır. Bu mənada, iyunun 28-də Bakıda
Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri
administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları
İnstitutu" İnkişaf Fondu tərəfindən
keçirilən "Rusiya-Azərbaycan dialoqu-2012"
üçüncü Rusiya-Azərbaycan regionlararası forumu əməkdaşlığın
genişləndirilməsi baxımından məhsuldar
olmuşdur.
Xatırladaq
ki, ilk belə bir forum 3 il bundan öncə Bakıda
keçirilmişdir. Rusiya Prezidenti Administrasiyasının
100-dən artıq yüksək səviyyəli hökumət
və parlament nümayəndələri, o cümlədən
ayrı-ayrı regionların təmsilçilərinin
iştirakı ilə keçirilən həmin forumda iki
ölkə arasındakı strateji əməkdaşlıq
kursunun davam etdirilməsi ilə bağlı dövlət
başçılarının verdiyi bəyanatlar,
imzaladıqları sənədlər və qarşıda duran
vəzifələr müzakirə edilmiş və
bütün sahələr üzrə gələcək əməkdaşlığın
perspektivləri ilə bağlı mühüm qərarlar qəbul
olunmuşdu. Keçən il Həştərxan şəhərində
baş tutan ikinci forumda isə Azərbaycanı təmsil edən
100-dən artıq nümayəndə heyəti Rusiyanın
nümayəndələri ilə birlikdə iki ölkə
arasındakı münasibətlərin mövcud vəziyyəti
və perspektivləri ilə bağlı mühüm qərarlar
qəbul etmişlər.
Azərbaycan
Prezidenti İlham Əliyev "Rusiya-Azərbaycan
dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan
regionlararası forumunun iştirakçılarına
ünvanladığı müraciətdə bu barədə
demişdir: "Son illərin təcrübəsi təsdiq edir
ki, qonşu dövlətlərin regionları arasında əlverişli
ticarət-iqtisadi və investisiya mühitinin
formalaşdırılması bir çox dünya ölkələrinin
rastlaşdığı qlobal maliyyə böhranının mənfi
nəticələrinin qarşısını almağa imkan
yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın
regionlararası əməkdaşlıq təcrübəsi
yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək
istərdim ki, hazırda respublikamız Rusiya
Federasiyasının əksər subyektləri ilə
birbaşa əlaqələr qurmuş, onların bəziləri
ilə hökumətlərarası sazişlər imzalamışdır".
Azərbaycan Prezidenti əmin olduğunu bildirmişdir ki, forum
çərçivəsində işgüzar fikir mübadiləsi
və müzakirələr Azərbaycan-Rusiya münasibətlərinin
inkişafına yeni impuls verəcək, ölkələrimiz
arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın
daha da dərinləşməsinə kömək edəcəkdir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də tədbir
iştirakçılarına müraciətində Azərbaycanın
dövlət başçısının mövqeyindən
çıxış edərək qeyd etmişdir ki, Rusiya-Azərbaycan
regionlararası əlaqələri ardıcıl inkişaf edir,
öz orbitinə iki ölkənin on minlərlə vətəndaşını
cəlb edir. Bu cür əməkdaşlıq
xalqlarımız arasında etimad və
qarşılıqlı anlaşma ruhunun möhkəmlənməsində
nəzərəçarpacaq rol oynayır, Rusiya-Azərbaycan
münasibətlərində ümumi müsbət
dinamikanı çox cəhətdən müəyyən edir.
Prezident Vladimir Putin onu da bildirmişdir ki, Rusiya-Azərbaycan
regionlararası forumu dövlətlərimiz arasında
qarşılıqlı fəaliyyətin ən səmərəli
vasitələrindən birinə çevrilmişdir. Bu forum
nisbətən qısa müddətdə Rusiya və Azərbaycanın
dövlət hakimiyyəti nümayəndələri,
işgüzar və ekspert birlikləri arasında
açıq, konstruktiv dialoq üçün ehtiyac duyulan məkan
kimi nüfuz qazanmışdır. Forum bizim tərəfdaşlığımız
üçün əhəmiyyətli, coğrafiyası və
mövzu dairəsi daim genişlənən layihə və təşəbbüslərin
güclü generatoruna çevrilmişdir.
Həqiqətən
də "Rusiya-Azərbaycan dialoqu-2012"
üçüncü Rusiya-Azərbaycan regionlararası forumu
müasir dövrdə regionlararası əlaqələrin
inkişafına böyük təsir göstərən əməkdaşlıq
formalarından biridir. Çünki forumda Azərbaycan və
Rusiya münasibətlərində işgüzar sahə ilə
yanaşı, humanitar, mədəniyyət və gənclər
siyasəti istiqamətlərinə də diqqət yetirilir,
ölkələrimizin regionları arasında münasibətlərin
daha da genişləndirilməsi istiqamətində
qarşıda duran vəzifələr müzakirə olunur,
mövcud problemlərin həlli yolları axtarılır, qərarlar
qəbul edilir. Azərbaycan Respublikası Prezidenti
Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd
etdiyi kimi, bu kimi forumların müntəzəm keçirilməsi
prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi
iradəsi sayəsində mümkün olmuşdur. Hər iki
dövlətin rəhbərləri ölkələrimiz
arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində,
həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə
əməkdaşlığın miqyasının genişləndirilməsində
maraqlıdırlar.
Qarşılıqlı
əlaqələrin bu formatının daim dialoq aparmaq və
fikir mübadiləsi etmək, iqtisadi və humanitar münasibətlərin
perspektivlərini müzakirə etmək,
qarşılıqlı fəaliyyətin yeni formalarını
birlikdə axtarmaq və tapmaq üçün gözəl
imkan olduğunu vurğulayan Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri onu da demişdir ki, zəngin
gündəliyi olan forumda bir sıra mühüm layihələri
nəzərdən keçirmək, qarşılıqlı əlaqələrimizin
perspektivlərini müəyyənləşdirmək və
müzakirə edilən problemlərin həlli yollarını
işləyib hazırlamaq baxımından əhəmiyyətlidir.
Rusiya-Azərbaycan
regional əməkdaşlıq forumunda iki ölkə
arasındakı strateji tərəfdaşlıq kursunun davam
etdirilməsi, dövlət başçılarının
müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər
üzrə münasibətlərin müzakirə edilməsi və
gələcək əməkdaşlığın prioritetlərinin
müəyyən olunması vəzifəsi qoyulmuşdu və
sevindirici haldır ki, iştirakçılar bu vəzifələri
yüksək səviyyədə yerinə yetirdilər.
Rusiyanın və Azərbaycanın nümayəndələrinin
qatıldığı forumda 7 seksiyada - siyasi, iqtisadi, mədəni,
sosial, təhlükəsizlik, dövlətlərarası
münasibətlərin regional aspektləri, Xəzər dənizi
və onun ətrafında əməkdaşlıq məsələləri
və digər məsələlələr müzakirə
olundu, mühüm qərarlar qəbul edildi. Forum çərçivəsində
Azərbaycan ilə Rusiya arasında bir sıra sənədlər
imzalandı. Qəbul olunan birgə bəyanatda forum
iştirakçılarının regional əməkdaşlığın
durmadan inkişaf etdirilməsinin Rusiya və Azərbaycan
xalqlarının həqiqi maraqlarına cavab verəcəyini,
onların arasından etimadın möhkəmlənəcəyinə
və əlaqələrin daha da intensivləşəcəyinə
xidmət edəcəyinə əminlik bildirildi. Forum
iştirakçıları Azərbaycan Respublikası ilə
Rusiya Federasiyasının subyektləri arasında əlaqələrin
səmərəsinin artırılması yolu ilə Rusiya-Azərbaycan
dialoqunun inkişaf etdirilməsinə töhfə verməyə
hazır olduqlarını təsdiq etdilər.
Göründüyü
kimi, ötən dövr ərzində Rusiya və Azərbaycan
xalqları arasında çoxəsrlik dostluq ənənələrinə
əsaslanan ikitərəfli əlaqələrin möhkəmlənməsi
və genişlənməsi üzrə xeyli iş
görülmüşdür. Ümumi tarix, dövlətlərarası
münasibətlərin nadir təcrübəsi, bir-birini
qarşılıqlı tamamlayan iqtisadi strukturların
mövcudluğu - bütün bunlar strateji tərəfdaşlığın
möhkəmlənməsi və durmadan irəliləməsi
üçün zəmin yaradır. Bu halda Azərbaycan ilə
Rusiyanın regionları arasında dialoq təkcə iqtisadi
dividendlər gətirməklə məhdudlaşmır, həm
də xalqlarımızın daha da yaxınlaşmasına
şərait yaradan inteqrasiya elementi kimi öz əhəmiyyətini
qoruyur.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 4 iyul.- S. 6.