Zəhməti və istedadı ilə
ucalan alim
Son iki yüz il ərzində
Azərbaycan tarixşünaslığında
xalqımızın taleyində mühüm rolu olan
ayrı-ayrı hadisələrə siyasi yöndən
yanaşılaraq subyektiv qiymət verilib. Ona görə də
ulu öndərimiz Heydər Əliyev 1997-ci il yanvar
ayının 31-də Azərbaycan MEA-nın rəhbərliyini
və aparıcı alimlərin bir qrupunu qəbul edərkən
elm sahəsində, o cümlədən tarix elmi sahəsində
islahatların aparılmasının vacibliyini
vurğulamış, onun inkişaf strategiyasının əsas
müddəalarını müəyyənləşdirmiş,
Azərbaycan xalqının real tarixinin yazılmasını
bir vəzifə olaraq qarşıya qoymuşdur.
Respublikamızda azərbaycançılıq məfkurəsinin
və milli ruhun yüksəlişi, xalqın tarixi
yaddaşının özünə qaytarılması nəticəsində
tarixçi alimlərimiz Qarabağ, Naxçıvan, İrəvan
xanlıqlarının tarixinə dair elmi və ictimai-siyasi əhəmiyyəti
ilə seçilən fundamental əsərlər yazdılar. "İrəvan
xanlığı" əsəri Azərbaycan (2009), rus və
ingilis dillərində (2010) kütləvi tirajla işıq
üzü gördü, elmi və siyasi elitanın
iştirakı ilə parlament səviyyəsində təqdimatı
keçirildi. Bu kitab İrəvan
xanlığının tarixini bilavasitə əks etdirən mənəvi
bir abidədir. Ona görə də AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovun rəhbərliyi və
görkəmli tarixçi alimlərin iştirakı ilə
hazırlanmış bu nadir ensklopedik və monoqrafik nəşr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
25 may 2012-ci il tarixli sərəncamı ilə Dövlət
mükafatına layiq görülmüşdür.
Dövlət
mükafatına layiq görülən tarixçi alimlərdən
biri də Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan
tarixi kafedrasının müdiri, əməkdar elm xadimi, tarixi
elmləri doktoru, professor Süleyman Abbas
oğlu Məmmədovdur. Bu il 80
yaşı tamam olan Süleyman müəllim Vedibasar
mahalının Xalisa kəndində anadan olmuşdur. O,
uşaq ikən həyatın acı sınağına tuş
olmuş, atası Abbas kişi repressiyaya məruz
qaldığından məşəqqətli bir həyat yolu
keçmişdir. 1948-ci ildə səkkizinci
sinfi bitirən Süleyman Məmmədov İrəvandakı
Azərbaycan pedaqoji məktəbinə daxil olur. O dövrdə
bu pedaqoji məktəb İrəvan şəhərində
elmi-mədəni və təhsil mühitinin inkişafında
çox mühüm rol oynayırdı.
S. Məmmədov
1951-ci ildə pedaqoji məktəbi fərqlənmə diplomu
ilə bitirdikdən sonra elə həmin il
də imtahansız Bakı Dövlət Universitetinin tarix
fakültəsinə qəbul olunur, lakin maddi
imkansızlıqdan təhsilini davam etdirə bilmir. Ailənin bütün qayğıları onun üzərinə
düşdüyündən anasının yanına
qayıtmağa məcbur olur. Yeddillik məktəbdə
müəllim işləməklə əmək fəaliyyətinə
başlayır. Lakin millətçi ermənilər
ona pedaqoji fəaliyyətini davam etdirməyə imkan vermədilər.
Hərbi xidmətə göndərərək
pedaqoji fəaliyyətdən uzaqlaşdırdılar. Halbuki, anasının qocalığı və əmək
qabiliyyətini itirməsi onun hərbi xidmətdən azad edilməsinə
kifayət edirdi. Təhsilini davam etdirmək
məqsədilə o, 1954-cü ildə Bakıya
qayıtdı və yenidən BDU-nun tarix fakültəsinə
daxil oldu. O, iti zehni, işgüzarlığı, zəhmətsevərliyi
və erməni dilini bilməsi ilə digər tələbələrdən
seçildi. Universiteti bitirərkən müəllimi Məmməd
Şəriflinin zəmanəti ilə indiki Azərbaycan MEA
A.A.Bakıxanov adına Tarix İnstitutunun
"Azərbaycanın orta əsrlər tarixi" şöbəsində
baş laborant kimi işə başladı. Tarix
İnstitutunun rəhbərliyi onu erməni qaynaqları üzrə
mütəxəssis kimi hazırlamağı qərara
alır. Bu məqsədlə ona qədim
erməni dilini öyrənməsi üçün lazımi
şərait yaradılır. Erməni dilini mükəmməl
öyrənməsi, qaynaqlara daha dərindən müraciət
etməsi məqsədilə 1960-cı ildə Tarix
İnstitutu S. Məmmədovu Ermənistan EA-nın
Dilçilik İnstitutuna iki il müddətinə
elmi ezamiyyətə göndərir. O, burada iki il
qədim erməni dili üzrə təhsil alır. Süleyman
müəllim bu müddət ərzində İrəvandakı
Matenadaranda (əlyazmalar fondu), akademiyanın, universitetin
kitabxanalarında və şəhər mərkəzi
kitabxanasında, habelə arxivlərdə Azərbaycana aid materiallarla
ətraflı tanış olur. Süleyman
müəllim xoş xasiyyəti, iradəsi, dözümü
və inadkarlığı nəticəsində qısa bir
müddətdə Azərbaycan tarixi ilə bağlı zəngin
məxəzlərlə tanış olur. İki ildən sonra Bakıya qayıdıb Azərbaycan
EA Tarix İnstitutunun orta əsrlər tarixi üzrə məqsədli
aspiranturasına imtahan verir. Ermənistan EA
Tarix İnstitutuna göndərilən S.Məmmədov burada
"XVII əsrin ikinci yarısı - XVIII əsrin birinci
otuzilliyində Azərbaycanın sosial-iqtisadi, siyasi həyatı"
adlı namizədlik dissertasiyasını vaxtından əvvəl
yazıb başa çatdırır və elmi şuraya təqdim
edir. S. Məmmədovun dissertasiyasında irəli
sürdüyü bir çox mülahizələr, orta əsr
inzibati və ticarət mərkəzləri olan Gəncə,
Naxçıvan, Culfa, Bakı, Şamaxı və s. şəhərlərin
yüksək inkişafı məsələsinə yeni elmi
yanaşma erməni alimlərini qane etmədiyindən onlar elmi
işə mane olmağa çalışırlar. Uzun müddətli müzakirələrdən sonra
erməni alimləri S.Məmmədovun məntiqi mülahizələri
qarşısında geri çəkilməyə,
dissertasiyanı müdafiəyə təqdim etməyə məcbur
olurlar.
Süleyman
müəllimin müdafiəsi 1966-cı il iynun 30-na təyin
olunsa da, o, yalnız üç aydan sonra,1966-cı
il sentyabrın 6-da Ermənistan EA Tarix İnstitutunun
ixtisaslaşdırılmış müdafiə
şurasında tarix elmləri namizədi alimlik dərəcəsi
almaq üçün dissertasiyasını müdafiə edir.
Süleyman müəllim 1971-ci ildən taleyini Azərbaycan
Dövlət Pedaqoji Universiteti ilə bağlayır, Azərbaycan
tarixi kafedrasında baş müəllim, dosent kimi
çalışır, pedaqoji fəaliyyətini elmi işlə
uzlaşdırır. S.Məmmədov universitetin (ADPİ-nin)
üç şöbəsində (Azərbaycan, rus, erməni)
dərs deməklə bərabər orta əsr erməni
qaynaqları üzərində axtarışlarını davam
etdirir, Azərbaycana aid materialları toplayır, "XV-XVIII əsrin
birinci yarısında erməni qaynaqları Azərbaycan
haqqında" adlı doktorluq dissertasiyası üzərində
ciddi çalışır. 1983-cü il
martın 23-də doktorluq dissertasiyasını uğurla
müdafiə edir. Mütəxəssislər
Süleyman müəllimin doktorluq dissertasiyasını
yüksək qiymətləndirirlər.
Professor S. Məmmədov bir sıra regional və beynəlxalq
konfranslarda iştirak etmişdir. Onun
çıxışları Moskva, Sankt-Peterburq, Tbilisi, İrəvan,
Bakı, Suxumi, Batumi, Kutaisinin akademik nəşrlərində
çap olunmuşdur. S. Məmmədov 10 cildlik ASE-nin, 2
cildlik "Naxçıvan tarixi"nin, 2
cildlik "Naxçıvan ensiklopediyası"nın müəlliflərindən
və Azərbaycan Milli Ensiklopediyasının "Xüsusi
cild"inin məsləhətçilərindən biridir. Onun ümumtürk tarixinə həsr olunmuş bir
sıra məqalələri Türkiyənin nüfuzlu elmi nəşrlərində
çap olunmuşdur.
S.Məmmədov həyatın mənasını
yorulmadan işləməkdə və çətinliklərə
sinə gərməkdə görür. Onun həyatının
bütün sevinci elmi-pedaqoji yaradıcılığı ilə
bağlıdır. İndiyə kimi onun
irili-xırdalı 400-dən artıq elmi-pedaqoji və
publisistik yazısı işıq üzü görüb.
5 monoqrafiyanın, 19 ümumtəhsil və 5 ali
məktəb dərsliyinin, 15 dərs vəsaiti və
proqramın müəllifidir. Onun Azərbaycan tarixinin az öyrənilmiş sahələrinə həsr
edilmiş və erməni böhtanlarına layiqli cavab verən
çoxsaylı monoqrafik əsərləri Azərbaycan
tarixşünaslığına dəyərli töfhədir.
Qədim erməni dili üzrə Azərbaycanda yeganə
mütəxəssis olan Süleyman Məmmədovun iki əsəri
- "XVII əsrin II yarısı - XVIII əsrin birinci otuz
illiyində Azərbaycanın sosial iqtisadi həyatı"
(1977), "Azərbaycan XV-XVIII əsrin I yarısı
qaynaqlarında" (1993) Nyu York Konqres Akademiyasının
kitabxanasının kataloquna düşmüşdür.
Professor Süleyman Məmmədov ömrünün
müdrik və məhsuldar çağlarını
yaşayır və Azərbaycan tarixinin tədqiqi, təbliği
və tədrisi sahəsində öz elmi məktəbini
yaratmış, bu işi bu gün də uğurla və gənclik
həvəsi ilə davam etdirir.
S.Məmmədov güclü məntiqə, geniş
erudisiyaya, tədqiqatçı səliqə-sahmanına malik
nüfuzlu alimdir. Sadə, tələbkar və xeyirxah elmi rəhbərdir.
Bacarıqlı və prinsipial kafedra
müdiridir. 23 ildir ki, ADPU-nun Azərbaycan
tarixi kafedrasına rəhbərlik edir. Kafedrada
Azərbaycan tarixi ilə bağlı fundamental elmi tədqiqatların
aparılmasında, müasir tələblərə cavab verən
mühazirə materiallarının metodiki tövsiyələrin
hazırlanmasında S.Məmmədovun böyük xidmətləri
olub.
S.Məmmədov Azərbaycan elmi-pedaqoji və
ictimai-siyasi həyatında yaxından iştirak edir. O, 18 ildir ki, Təhsil
Nazirliyinin nəzdində tarix üzrə fəaliyyət
göstərən elmi-metodik şuranın, 15 ildir ki, Ali
Attestasiya Komissiyasının tarix bölməsi ekspert
şurasının üzvüdür. S.Məmmədov
pedaqoji və elmi - pedaqoji kadr hazırlığında
yaxından iştirak edir. Onun rəhbərliyi
ilə 16 nəfər namizədlik dissertasiyası müdafiə
etmişdir. Hazırda 10 nəfər
aspirant və dissertantı Azərbaycanın orta əsrlər
dövrünün müxtəlif istiqamətləri üzrə
axtarışlar aparırlar. Professor S.Məmmədov
ADPU-da fəaliyət göstərən
İxtisaslaşdırılmış Müdafiə
Şurasının elmi katibi, BDU-da fəaliyyət göstərən
dissertasiya şurasının həmsədri, Təhsil Problemləri
İnstitutunun və Tarix İnstitunun nəzdində fəaliyyət
göstərən ixtisaslaşdırılmış
şuraların üzvü olmuşdur. O, onlarla namizədlik
və doktorluq dissertasiyalarının rəsmi opponenti, elmi-nəzəri
və ictimai-siyasi əhəmiyyəti ilə seçilən
kitabların redaktoru və rəyçisi olmuşdur. Onun publisistik yazıları da səmimiliyi,
obyektivliyi və elmiliyi ilə seçilir.
Zəhməti və istedadı mütəmadi olaraq ona
uğur gətirmişdir. Tarix elmləri doktoru,
professor S.Məmmədova 2006-cı ildə əməkdar elm
xadimi fəxri adı verilmişdir. Bu il
isə Süleyman müəllim bir qrup həmkarı ilə
birgə Azərbaycan Respublikasının Dövlət
mükafatına layiq görülmüşdür. Ürəyi yurd həsrəti ilə döyünən
professor S.Məmmədovun ən böyük arzusu ana yurda,
İrəvan xanlarının at çapıb, qılınc
oynatdığı əzəli və əbədi
torpağımız Vedibasara dönməkdir.
Tarix elmləri doktoru, professor, Dövlət mükafatı
laureatı, əməkdar elm xadimi S.Məmmədov
ömrünün müdriklik çağlarını
yaşayır.
Yüksək əxlaqı, fəziləti və
düşüncə tərzi ilə insanlara örnək olan
Süleyman müəllimə gözəl həyat və
yeni-yeni elmi nailiyyətlər arzulayırıq.
İsmayıl HACIYEV,
AMEA-nın Naxçıvan bölməsinin
sədri, akademik, əməkdar elm
xadimi,
Cəbi BƏHRAMOV,
AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutunun elmi işlər
üzrə direktor müavini,
tarix üzrə fəlsəfə
doktoru, professor,
Fərrux RÜSTƏMOV,
ADPU-nun pedaqoji fakültəsinin
dekanı, pedaqoji elmlər doktoru,
professor, əməkdar elm xadimi
Xalq qəzeti.- 2012.- 5 iyul.- S. 7.