Ənvər Məşədiyev
-70. Mətbu sözün
işığında
Oxucularda uzun illər
belə bir inam
formalaşıb ki, söz
və qələm əhli, o cümlədən
jurnalistlər həyatda adətən müsbət məziyyətlərə
malik insanlar olurlar. Bu inam,
görünür, qələmi ilə əməli,
sözü ilə davranışı bir-birini tamamlayan, haqqı
tapdananların yanında olmağı özlərinin mənəvi
borcu hesab edən
istedadlı jurnalistlərin fədakar əməyi sayəsində
yaranıb. Xoşbəxtlikdən 137 illik yubileyini bu gunlərdə qeyd etməyə
hazırlaşdığımız mətbuat tariximizdə belə
qələm sahibləri cox olmuşdur. Bu pleyadan olan jurnalistlərdən
biri də "Bakı" və "Baku" axşam qəzetlərinin
redaktor muavini, "Tərəqqi"
medallı, Qızıl qələm mükafatı laureatı Ənvər
Məşədiyevdir.
Ənvər
müəllim istedadı, fərdi üslubu, yüksək pesəkarlığı,
şəxsi məziyyətləri ilə oxucuların və həmkarlarının
dərin hörmətini qazanmış publisistlərdəndir.
Hələ orta məktəbin yuxarı siniflərində və
tələbəlik dönəmində özündə
jurnalist peşəsinə dərin maraq hiss edib, o
dövrün qəzet və jurnallarında ilk
yazılarını dərc etdirib. İllər keçdikcə,
onun təbirincə desəm, "mətbu sözun sehri"nə
duşüb, həyatını həmişəlik qəzetçilik
sənətinə həsr etməyi qərara alıb. 1969-cu
ildə ali məktəbi bitirdikdən sonra bir il
"Bakı" və "Baku" axşam qəzetlərində
ştatdankənar müxbir kimi əməkdaşlıq edib,
1971-ci ildən həmin qəzetlərin redaksiyasına adi
qeydiyyatçı işinə götürülüb, sonra
pillə-pillə redaktor müavini vəzifəsinə qədər
yüksəlib.
Azərbaycan
mətbuatı tarixində danılmaz xidmətləri olan
görkəmli redaktor Nəsir İmanquliyevin rəhbərlik
etdiyi "Bakı" və "Baku" qəzetlərinin
redaksiyasında əmək fəaliyyətinə
başlaması, şübhəsiz, gənc Ənvərin tale
uğuru idi. Bu redaksiya özünəməxsus dəst-xəttə,
təlim və tərbiyə üsullarına malik olan
jurnalistika məktəbi idi. Bu universitetə qəbul olunmaq,
vicdanlı, təmiz, mənəviyyatlı və peşəkar
qəzetçiliyin sirlərinə yiyələnmək, qəzet
əhlinin əzablı həyat tərzinə
alışıb, onun ağrı-acılarına tablaşmaq
çətin idi. Çoxları bu yolu axıra qədər
başa vura bilməmişdi. Lakin Ənvər müəllim
bunu bacardı və tezliklə bu qəzetlərin ən
istedadlı əməkdaşlarından birinə, kollektivin
sevimlisinə çevrildi.
Nəsir
İmanquliyev özünün istedadlı yetirmələrindən
biri hesab etdiyi Ənvərin jurnalistikada imzasını təsdiq
etmək yolunda minbir yaradıcılıq əzabına
qatlaşmasını müşahidə edərək bunu qiymətləndirdi,
onu ən çətin və məsuliyyətli şöbələrdən
sayılan "Məktublar şöbəsi"nin müdiri təyin
etdi. Xatırladaq ki, o dövrdə "Bakı" və
"Baku" qəzetlərinin çox da böyük olmayan, əslində
azsaylı kollektivi gərgin çalısırdı. Qəzetin
həqiqətən çox gərgin iş rejimi olan
şöbələrindən biri, bəlkə də birincisi
"Məktublar şöbəsi" idi. Redaksiya ildə 22
mindən çox məktub alırdı. İndiki dönəmdə
bu rəqəm fantastik görünə bilər, lakin bu, o
dövr üçün də cox böyuk rəqəm idi. Ə.Məşədiyev
bu məktubların aidiyyatı şöbələr üzrə
paylanmasına, onların sonrakı "hərəkəti"nə
daim nəzarət edirdi. Onun rəhbərliyi ilə yerlərdə
müntəzəm oxucu konfransları təşkil olunurdu. Belə
tədbirlər redaksiyanın əmək kollektivləri ilə
əlaqələrinin daha da güclənməsinə səbəb
olurdu. Nəticədə "Bakı" və "Baku"
qəzetlərinin hətta Azərbaycanın kənd
rayonları, ucqar yasayış məntəqələrinin əhalisi
ilə də əlaqələri genişləndi. Belə ki,
"Bakı" qəzetinin şənbə nömrələrində
"Məlumat guşəsi" rubrikası altında
oxucuların hüquq, sosial və başqa məsələlərə
dair müntəzəm sorğuları dərc olunurdu. Belə
sorğular kənd rayonlarından da göndərilirdi. Kənd
oxucuları onların sorğu, təklif və şikayətlərinə
həssas yanaşan qəzetə həvəslə abunə
yazılırdılar. Baxmayaraq ki, "Bakı" və
"Baku" şəhər qəzetləri
sayılırdı, onun bölgələrdə 56 mindən
çox abunəçisi vardı. Bu işlərin təşkilində
"Məktublar şöbəsi"nin, onun müdirinin
işgüzarlığı aşkar hiss olunurdu. Bu qədər
təşkilati işlərlə yanaşı, "Məktublar
şöbəsi" redaksiyanın başqa aparıcı
şöbələrindən heç də az qəzet
materialı təqdim etmirdi.
Bəli,
Ə.Məşədiyev 20 ilə yaxın bu şöbəyə
rəhbərlik etmiş, qapısı daim ən sadə
insanların üzünə açıq olmuşdur. O,
redaksiyaya daxil olmuş şikayətlərin operativ, ədalətlə
həll olunması üçün prinsipiallıq göstərir,
hədəfə sərrast tuşlanmıs tənqidi
yazıları ilə "tərs", "ərköyün"
məmurları yerində oturtmağı bacarırdı. O illərdə
"Felyeton", "Satirik qələmlə", "Şəhər
mövzusunda" və s. rubrikalar altında onun yüzlərlə
yazısı dərc olunmuşdur. Lakin təcrubəli publisist
satirik yazılarında heç vaxt tənqid etdiyi şəxslərin
heysiyyatına toxunan, onları təhqir edən sözlər
işlətməmişdi.
"Bakı"
və "Baku" qəzetlərinin redaksiyasında ədəbi
işçidən redaktor vəzifəsinə qədər
yüksələn, sonralar uzun illər "AzərTac"
Dövlət Teleqraf Agentliyinə rəhbərlik etmiş,
müasir jurnalistikamızın korifeylərindən biri,
"Şöhrət" ordenli, Prezident təqaüdçüsü,
respublikanın əməkdar jurnalisti Şamil Şahməmmədov
öz qələm dostu Ənvər müəllim barədə
ürək sözlərini belə bildirdi :
"Ənvər
elə bir insandır ki, ondan həyatda heç kim inciməyib.
O, jurnalistik fəaliyyəti dövründə həmişə
xeyirxah işlər görub, öz yazıları ilə
haqqı tapdananlara kömək edib. Uzun illər "Məktublar
söbəsi"nin müdiri olub, şikayət məktublarında
qaldırılan məsələlərin müsbət həllinə
nail olub. Bir məsələni də demək istəyirəm
ki, 20 Yanvar hadisələri zamanı redaksiyanın bir çox
işçiləri işə gələ bilmirdilər, amma
bir neçə fədakar işçi, o cümlədən Ənvər
qəzetin 20 Yanvar hadisələrinə həsr olunmuş
nömrəsinin buraxılmasında mənə kömək
oldular. Biz o nömrəni "Səhər" qəzetinin
materialları və şəkilləri əsasında
hazırladıq. O zaman həmin şəkillərin dərc
olunmasına hərbi komendantlıq tərəfindən icazə
verilmişdi. Ona görə də bizim başqa
çıxıs yolumuz yox idi. O nömrəni biz bir neçə
nəfərlə - Dağbəyi İsmayılov, Ağa
Hüseynov, Ənvər Məşədiyev, Şamil Abdullayevlə
birlikdə hazırladıq, sonra da Ənvər və Şamil
qəzetin nüsxələrini şəhərin müxtəlif
yerlərində əhaliyə payladılar. Bunun özu o
dövrdə böyük fədakarlıq idi. Bir də onu demək
istəyirəm ki, Ənvər bir insan kimi çox sədaqətli
adamdır. Mən 12 ildir ki, xəstəyəm, evdə
müalicə olunuram. Ənvər məni heç vaxt unutmur,
tez-tez yada salır.
Ənvər
müəllim ilhamla, məhsuldar yazıb-yaradan qələm
sahiblərindəndir. Uzun illər fasiləsiz
çalışdığı "Bakı" və
"Baku" qəzetlərindən başqa digər populyar qəzet
və jurnallar - "Xalq qəzeti", "Azərbaycan",
"Respublika", "Ədəbiyyat qəzeti",
"Molodyoj Azerbaydjana", "Naş vek",
"Panorama", "Günay" qəzetlərində,
"Ulduz", "Qobustan", "Kirpi" jurnallarında
aktual mövzularda sanballı publisistik və tənqidi məqalələr
dərc etdirmişdir. Beş kitabın müəllifidir.
"Yaddaşımın işığında" (2003)
kitabında dövlət xadimi Əziz Əliyev, akademik
Hüseyn Əliyev, digər görkəmli
ziyalılarımızın ömür yollarından
ayrı-ayrılıqda geniş bəhs edilmişdir.
"Ömür də bir yoldur"(2005), "Elmimizin
üç zirvəsi"(2005), "Tale"(2005) kitabları
geniş ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır. 2007-ci ildə işıq
üzü görən "Bakı, axşamın xeyir!"
kitabı görkəmli jurnalist Nəsir İmanquliyevin həyat
və yaradıcılığına həsr olunmuşdur.
"AMEA-nın xəbərləri" elmi toplusunda dərc
olunmuş "Felyeton dili" elmi məqaləsində xalq
yazıçısı Mir Cəlalın yumor və satira
yaradıcılığının özəllikləri
araşdırılmışdır.
Ənvər
müəllim çox mərd, xeyirxah insandır. Təmənnasızlıq
və xeyirxahlıq onun tale qismətidir. Bu günlərdə
hörmətli həmkarımızın 70 yaşı tamam
olur. Mənəvi təmizliyi, xeyirxahlığı
özünün həyat kredosuna çevirmiş bu
istedadlı jurnalist artıq yarım əsrə
yaxındır ki, mətbu sözün işığında
yorulmadan yazıb yaradır. Ona bu müqəddəs yolda
yeni-yeni uğurlar arzulayırıq.
Məsaim ABDULLAYEV
Xalq qəzeti.- 2012.- 5 iyul.- S. 6.