"Göygölə gəl, Göygölə..."

 

Hacıkəndə, Toğanaya... uzanan yollar Göygöldən keçir. İlin bu çağlarında meşəli dağların sinəsi ilə uzanan dolama yollar əriş-arğac doludur. Aranın istisindən, bürküsündən təntiyən insanlar dağlara, sərin yaylaqlara, buz bulaqlar üstünə tələsirlər. Yuxarıda da dediyimiz kimi, yollar Göygöl şəhərindən keçir. Dəfələrlə şahidi olmuşam: istirahətə gələnlər, qonaqlar, elə yerli sakinlərin özləri də bu yerlərdən asta keçirlər. Səbəb isə çox sadədir: şəhərin yenidən qurulmuş, abadlaşmış küçə və prospektləri, park və xiyabanları, bulaq və fəvvarələri, müasir üslubda tikilmiş, əsaslı şəkildə bərpa edilmiş binaları, yaşıllıq zolaqları insanların gözünü-könlünü oxşayır, onların qəlbində xoş duyğular oyadır.

Bəli, burda gözəlliyi yaradan, quran insan əli, bir qədər yuxarıda - Toğanada, Murovda, Hacıkənddə isə anamız təbiətdir. Görünür, elə ona görədir ki, əvvəllər məşhur mahnının "Göygölə gəl, Göygölə..." sözləri təkcə dağlar gözəli Göygölə aid idisə, indi bu gözəlliyə həm də Göygöl şəhəri ortaqdır...

 

Şəhərin əsaslı şəkildə yenidən qurulan, əsaslı təmir və bərpa olunan küçə və prospektlərini gəzdik, yeni tikintilərlə tanış olduq, park və xiyabanlarda ayaq saxladıq. Gözümüz də dincəldi, könlümüz də. Həqiqətən, Göygöl şəhəri son vaxtlar öz görkəmini əsaslı şəkildə dəyişmiş, daha abad, müasir və yaraşıqlı olmuşdur. Görülən işlərin sürət və keyfiyyəti bir yana, burada yüksək zövq və müasirlik, milli arxitektura elementləri adama xoş təsir bağışlayır.

Göygöl coğrafi baxımdan maraqlı relyefə malikdir. Şəhər dağların sinəsində salınıb. Əsas küçə və prospektlər, necə deyərlər, üzüenişədir. Demək istəyirik ki, yuxarı hissədə tikilən hər hansı bina, salınan park və s. dərhal nəzərə çarpır, şəhərə xüsusi görkəm, gözəllik verir. Bu cəhətdən Dövlət Bayrağı meydanı və Bayraq muzeyi, heç şübhəsiz, Göygölün görkəminə əlavə əzəmət və gözəllik verəcəkdir. İndi burada qızğın iş gedir.

Heydər Əliyev prospekti, M.Ə.Rəsulzadə, Səbuhi Hacıyev, Adil Hacıyev, Azay Kazımov, Aşıq Ələsgər küçələri öz görkəmini tamamilə dəyişir. Belə ki, işıq, qaz, su xətləri yeniləşir, divarlara üzlük vurulur, evlərin dam örtüyü dəyişdirilir, küçələr asfaltlaşdırılır. Şəhərin axar-baxarlı yerində sahəsi 5,5 hektar olan yeni park salınır. Rayonun Xaqani - Hacıqaya kəndlərini birləşdirən yol asfaltlaşdırılır. Uzunluğu 10 kilometr olan bu yol, yaşayış məntəqələrinin 7500 nəfər əhalisinin rahat gediş-gəlişini təmin edəcəkdir.

Daha maraqlı bir fakt: Hazırda rayonun 23 yaşayış məntəqəsində təbii qaz alovlanır. Halbuki, 2006-cı ildə təkcə Göygöl şəhərinə təbii qaz verilirdi.

Aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərinə operativ rəhbərliyi həyata keçirmək, ortaya çıxan çətinlik və problemləri qısa müddət ərzində aradan qaldırmaq üçün rayon icra hakimiyyətində xüsusi qərargah yaradılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində indiyə kimi 18 xidmət, 21 istehsal, 1 emal obyekti istifadəyə verilmişdir. Göygöl Şərab Zavodu ASC-nin istehsal sahəsini genişləndirmək məqsədilə əlavə spirt zavodunun tikintisinə başlanılmışdır. Son səkkiz il ərzində 5725 yeni iş yeri açılmışdır ki, onun da 4638-i daimidir. 2011-ci ildə 36 milyon 445,9 min manat əsas kapitala investisiya qoyulmuş, bunun 35 milyon 99,7 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Müasir standartlara cavab verən 12 obyekt, 145 fərdi yaşayış evi inşa edilmişdir. Vaxtilə almanlar tərəfindən tikilmiş qəza vəziyyətində olan 121 yaşayış evinin dam örtüyü təmir olunmuşdur. Ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ağacəkmə kampaniyası davam etdirilmiş, şəhər, qəsəbə və kəndlərdə, park və xiyabanlarda, yol kənarlarında 28 362 ədəd müxtəlif ağac və bəzək kolları əkilmişdir.

Dövlət Proqramında rayon üzrə nəzərdə tutulmuş müvafiq tədbirlərin icrasını təmin etmək məqsədilə 1 saylı şəhər, Çaylı, Çaykənd, Aşıqlı, Şəhriyar kənd poçt şöbələri üçün yeni binalar, Qarabağ müharibəsi əlilləri üçün Göygöl şəhərində, Nadil və Göyçəkənd kəndlərində fərdi yaşayış evləri tikilmişdir. Göygöl rayon mədəniyyət evi, Mollacəlilli kənd kitabxanası, Çaykənd sahə xəstəxanası, Toğanalı kənd tam orta məktəbi əsaslı təmir olunmuşdur. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Göygöl şəhərində 4 mərtəbəli, 36 mənzilli yaşayış binası tikilmişdir.

Hazırda Qızılca, Zurnabad və Quşqara kəndlərində yeni məktəb binasının, Baytarlıq İdarəsinin, Dövlət Sosial Müdafiə Fondu və Milli Təhlükəsizlik Nazirliyi Göygöl rayon şöbələri inzibati binalarının, Olimpiya idman kompleksinin tikintisi davam etdirilir. Firuzabad qəsəbəsində məktəb binasının tikintisi və Göygöl şəhər 6 saylı uşaq bağçasının əsaslı təmiri üçün hazırlıq işləri aparılır.

Dövlət Proqramına uyğun olaraq, 2009 - 2011-ci illərdə Hacıməlik qəsəbəsində, Yeni Qızılca kəndində, Xanlar qəsəbəsində, Xaqani, Quşqara, Üçtəpə, Əlmədədli kəndlərində yeni artezian quyuları qazılmışdır. Göygöl şəhərinin və Xanlar qəsəbəsinin küçələrinə asfalt örtük salınmış, səki daşları düzülmüş, yeni yaşayış massivində 20 küçəyə və Çaykəndin daxili küçələrinə çınqıl örtük tökülmüşdür.

Göygölətrafı dövrələmə və Göygöl - Mollacəlilli avtomobil yolu təmir edilmişdir. Göygöl - Hacıkənd magistral avtomobil yolunun Göygöl şəhəri ilə Xanlar qəsəbəsi arasındakı hissəsi yenidən qurularaq genişləndirilmiş, asfalt örtük salınmış, gecə işıqlandırma sistemi quraşdırılmışdır. Bakı - Qazax magistral avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən 36 kilometr hissəsinin tikintisi davam etdirilir.

Yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Göygöl şəhərində, Mollacəlilli, Üçtəpə kəndlərində, Qızılqaya qəsəbəsində, məcburi köçkünlərin məskunlaşdığı Murovdağ qəsəbəsində qaz xətti çəkilmiş, 1087 abonent təbii qazla təmin edilmişdir. Göygöl şəhərinin və Quşqara kəndinin təzə salınmış yaşayış massivində qaz xəttinin çəkilişi davam edir.

Elektrik şəbəkəsinin yenidən qurulması üçün Göygöl şəhərində 87 kilometr hava elektrik xətləri yeni naqillərlə əvəz olunmuş, 5027 ədəd SMART kart tipli sayğac quraşdırılmışdır. "Göygöl" yarımstansiyasının iki dövrəli qidalandırıcı elektrik xətlərinin tikintisi, "Göygöl-2" yarımstansiyasında yenidənqurma işləri başa çatdırılmış, elektrik təsərrüfatında 46,2 min manat dəyərində təmir-bərpa işləri aparılmışdır. Əhali üzrə istehlak olunan elektrik enerjisinin ödənişi 97 faiz yerinə yetirilmişdir.

Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Hazırda rayon üzrə 82 kollektiv kəndli fermer təsərrüfatı, 54 məhdud məsuliyyətli cəmiyyət, 197 kiçik müəssisə, 7 səhmdar cəmiyyət vardır. 1919 fiziki şəxsə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Kiçik və orta biznesin inkişafına dövlət dəstəyinin nəticəsi olaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 39 hüquqi və fiziki şəxs 741 min manat güzəştli kredit verilmişdir.

İqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki qiymətlərlə 112 milyon 817,4 min manata çatmışdır. 22 sənaye müəssisəsi tərəfindən, bütövlükdə 7 milyon 835,5 min manat dəyərində məhsul istehsal edilmişdir. Sənayenin həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 44,4 faiz olmuşdur.

Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, kənd təsərrüfatı istehsalçılarının traktor, kombayn, digər maşın və avadanlıqlar toxum və gübrə ilə təminatı yaxşılaşdırılmışdır. Təkcə 2011-ci ildə 39 milyon 584,8 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bunun da 99,6 faizi qeyri-dövlət sektorunun payına düşür.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı kənd təsərrüfatı malları istehsalçılarına yanacaq və motor yağlarına, buğda əkininə, toxum istehsalına və mineral gübrələrə görə dövlət büdcəsindən 1 milyon 137 min manat yardım verilmişdir ki, bu da 2010-cu illə müqayisədə 210 min manat çoxdur.

2012-ci ilin məhsulu üçün 9721 hektar payızlıq taxıl əkilmişdir, bunun da 6952 hektarı buğdadır. Hazırda taxıl yığımının qızğın çağıdır. Əldə edilmiş ilkin nəticələr göstərir ki, ötən illərlə müqayisədə məhsul istehsalı artıq olacaqdır.

İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının saxlanması üçün Aqrolizinq yolu ilə "Göygöl Beton"MMC-nin nəzdində soyuducu kamera, Quşqara kəndində "Aqrolizinq"in Göygöl rayon filialı üçün inzibati bina, anbar, təmir emalatxanası tikilmişdir.

Ümumtəhsil məktəblərinin tikintisinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Son illər Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana - yeni məktəb" devizi altında 14 məktəb binası, 26 əlavə sinif otağı inşa edilmiş, 15 məktəb binası əsaslı təmir olunmuşdur.

Göründüyü kimi, Göygöl rayonunda inkişaf və irəliləyiş bütün sahələri əhatə etmiş, ardıcıl və sistemli xarakter almışdır. Əsas cəhət odur ki, iqtisadi, sosial və mədəni məsələlərin həllinə kompleks münasibət formalaşmış, möhkəm icra intizamı, tapşırılmış iş üçün ciddi tələbkarlıq və məsuliyyət hissi yaradılmışdır.

Bu gün Göygöldə həyatın axarı gurdur. Biz bu yazı üzərində işləyərkən ayrı-ayrı idarə və müəssisələrdə olduq, ağsaqqallarla, ziyalılarla, gənclərlə görüşüb söhbət etdik. Aldığımız təəssürat, gəldiyimiz nəticə belədir: Göygöldə sağlam mənəvi-psixoloji mühit, yaradıcı, işgüzar ab-hava mövcuddur. İnsanlar sabaha dərin inam və ümidlə baxır, yaradılan əlverişli şərait, göstərilən gündəlik diqqət və qayğı üçün ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlıqlarını bildirirlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 5 iyul.- S. 6.