Azərbaycan və
İtaliya alimləri Abşeronda
geodinamik vəziyyətə dair tədqiqat aparacaqlar
Azərbaycan və
İtaliya alimləri Abşeronun
geodinamik prosesləri və seysmik təhlükələri istiqamətində
birgə tədqiqat aparmaq niyyətindədir.
Bununla əlaqədar olaraq
İtaliyanın Milli Tədqiqat
Şurasının (İMTŞ) Ətraf Mühitin
Təhlili üzrə Metodologiya İnstitutunun departament rəhbəri,
professor Luçiano Selesta Azərbaycan Milli
Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutuna gəlmişdir. Qonaq
institutun direktoru, akademik Akif Əlizadə və
digər alimlərlə görüşmüşdür.
Görüş zamanı iki
təşkilat arasında əməkdaşlıq imkanları
müzakirə edilmişdir.
Geologiya İnstitutunun geodinamika
və seysmologiya söbəsinin rəhbəri,
AMEA-nın müxbir üzvü
professor Fəxrəddin Qədirov və
aparıcı elmi işçisi,
geologiya-mineralogiya elmləri namizədi Qulam Babayev italiyalı
mütəxəssisə institutda
aparılmış müvafiq tədqiqatların
nəticələri və nəzərdə tutulmuş
planlardan ətraflı məlumat
vermişlər. Abşeron
yarımadasında seysmik təhlükənin
qiymətləndirilməsi, seysmik monitorinqin üsulları, GPS (kosmik
yertəyinetmə sistemi) tədqiqatların
nəticələri müzakirə olunmuşdur.
L.Selesta
institutda aparılan və gələcəkdə nəzərdə
tutulan tədqiqatları müsbət qiymətləndirmiş
və bu işlərin müştərək davam etdirilməsini
məqsədəuyğun hesab etmişdir. Qonaq iyulun 7-nə qədər
azərbaycanlı həmkarlarının təcrübəsi ilə
daha yaxından tanış olacaq və çöl tədqiqatlarında
iştirak edəcək.
Xatırladaq
ki, görüş 2011-ci ilin yayında AMEA ilə İMTŞ
arasında bağlanmış elmi əməkdaşlıq
müqaviləsi çərçivəsində təşkil
olunmuşdur.
İnstitutdan
verilən digər məlumatda bildirilir ki, şöbə rəhbəri,
texnika elmləri namizədi Vaqif İbrahimovun Rusiyanın
"Neftqazpravo" adlı hüquq və analitik informasiya
jurnalında "Yerin təkindən istifadə və Yer təkindən
(Yer təki sahələrindən) istifadə hüquqları:
subyektlər, obyektlər, məzmun" adlı məqaləsi
dərc olunmuşdur. Məqalədə yerin dərinliklərindən
istifadə hüququnun qanunvericiliklə uzlaşma imkanları
analiz edilir.
Geologiya
elminə aid olan belə bir tədqiqat Azərbaycanda ilk dəfədir
aparılır. Materialın mövzusu konkret bir ərazini yox,
Yerin ümumi təkini əhatə edir və Rusiya
qanunvericiliyinin təcrübəsinə əsaslanır.
AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik
Akif Əlizadə yeraltı sərvətlərdən istifadə
hüququ ilə bağlı dünya təcrübəsini Azərbaycan
elmində tətbiq etməyi və bu yolla ölkənin
müvafiq qanunvericiliyini təkmilləşdirməyi məqsədəuyğun
hesab edir. Jurnalın baş redaktoru Viktor Nesterenko Geologiya
İnstitutuna məktub yazaraq məqaləyə görə təşəkkürünü
bildirmiş və araşdırmanı yüksək qiymətləndirmişdir.
S.RZAYEVA
Xalq qəzeti.- 2012.- 5 iyul.- S. 7.