Paytaxtın sosial-iqtisadi inkişafında yeni mərhələ

 

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi nəticəsində paytaxtın, Bakıətrafı qəsəbələrin sosial-iqtsadi siması görülən abadlıq işləri nəticəsində xeyli dəyişmiş, gözəlləşmişdir. Paytaxt və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının qəbulundan ötən bir il ərzində əhalinin qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

 

Prezident İlham Əliyev "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı" artıq bir ildir ki, icra edilir. Deyə bilərəm ki, proqram hazırlanarkən mən qəsəbələrdə dəfələrlə olmuşdum. Mən, ümumiyyətlə, mütəmadi qaydada həm bölgələrdə, həm Bakıda, Bakıətrafı qəsəbələrdə oluram, vəziyyətlə yerində tanış oluram. Amma o ərəfədə daha da sıx-sıx gedirdim. Çünki mən istəyirdim ki, bir daha vəziyyətlə yaxından tanış olum, insanların fikirlərini öyrənim və proqramın tərkibində olan müddəalar, onların müəyyən hissəsi yerlərdən gələn təkliflər əsasında oraya salınıb. Çünki qəsəbədə yaşayan insanlar daha yaxşı bilirlər ki, onların problemləri nədən ibarətdir və bu problemlər necə həll olunmalıdır. Əlbəttə ki, biz də bunu bilirik. Ancaq dəqiqləşdirmə aparmaq üçün mən o ərəfədə daha sıx-sıx gedirdim. Proqramda, demək olar ki, yerlərdən gələn bütün təkliflər öz əksini tapmışdır...".

Ölkə Prezidenti İlham Əliyev daha sonra bildirmişdir: "...Bakı şəhərinin inkişafına dair birinci proqram qısamüddətli idi. Bu proqramın icrası nəticəsində müəyyən işlər görüldü. Ancaq şəhər inkişaf edir, əhali artır. Ölkəmizin həm sənaye, həm iqtisadi potensialı artır. Qarşımıza yeni vəzifələr qoyulur. Beləliklə, bu, daimi proses olmalıdır və buna görə keçən il qarşıya yeni proqramın qəbul edilməsi məsələləri qoyuldu. Mən çox şadam ki, proqramın təsdiq edilməsi günündən dərhal sonra qəsəbələrdə və Bakı şəhərində işlər daha da sürətlə getməyə başlamışdır. Bir daha demək istəyirəm ki, bu proqram ümumi Azərbaycan dövlətinin, Azərbaycanın bölgələrinin sosialiqtisadi inkişafının sürətləndirilməsi üçün qəbul edilmiş proqramdır. Bütövlükdə 2008-ci ildə hazırlanmış və 2009-cu ildə təsdiqlənmiş Azərbaycanın bütün bölgələrinin inkişafına dair Dövlət Proqramı 2013-cü ilə qədər hesablanıbdır".

Dövlət başçımız konfransda əminliklə vurğulamışdır ki, 2013-cü ilin sonuna qədər həm bölgələrdə, həm də Bakı şəhəri və onun qəsəbələrində əsas sosial-iqtisadiinfrastruktur məsələləri öz həllini tapacaqdır. Qarşıya qoyulmuş bu məqsədə çatacağıq... Çünki bu günə qədər qarşıya qoyulan bütün vəzifələr keyfiyyətlə və vaxtında icra edilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına son iki ildə ümumilikdə 1,8 milyard manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına infrastruktur yeniləşdirilmiş, yeni xidmət obyektləri, mədəni-məişət müəssisələri istifadəyə verilmişdir. Bu barədə bir qədər ətraflı danışmaq istərdim. Müşavirədə də qeyd edildiyi kimi, adıçəkilən Dövlət Proqramının icrasına başlanan vaxtdan indiyədək yaşayış məntəqənlərinin qazlaşdırılması sahəsində tədbirlərin icrası uğurla davam etdirilmiş, paytaxt və qəsəbələrdə 1210 kilometr yeni qaz kəmərləri çəkilmişdir. Təkcə ötən il Bakı şəhəri və qəsəbələri üzrə 22 min 190, Abşeron rayonunda isə 7 min 940 yeni abonent qazla təchiz edilmişdir.

Dövlət Proqramının icra edildiyi ötən müddətdə adıçəkilən proqrama uyğun olaraq beynəlxalq standartlara cavab verən asfalt yolların əsaslı təmiri və yenidən qurulması, küçə və məhəllədaxili ərazilərin işıqlandırma sistemi ilə təmin edilməsi, orta təhsil məktəblərinin, uşaq bağçaları-körpələr evlərinin əsaslı təmiri, tikintisi və bərpası ilə bağlı insanların rahatlığına xidmət edən, sevincinə səbəb olan təqdirəlayiq işlər görülmüşdür. Bu işləri bir neçə faktın dili ilə göz önünə gətirmək istərdim. Belə ki, proqrama müvafiq olaraq bu il 81 məktəbin əsaslı təmiri, yenidən qurulması, əlavə korpusların və yeni sinif otaqlarının inşa edilməsi prosesinə başlanılmışdır. Hazırda 61 uşaq bağçası-körpələr evində əsaslı təmir və yenidənqurma işləri aparılır.

Dövlət Proqramında nəzərdə tutulmuş işlər təkcə sosial obyektlərin inkişafına deyil, həm də mövcud yeni yerlərinin açılmasına da öz müsbət təsirini göstərməkdədir. Belə ki, təkcə 2011-ci ildə bu sözügedən Proqramın yerinə yetirilməsi nəticəsində 18 minə yaxın insan işlə təmin olunmuşdur. Cari ildə isə nəzərdə tutulan işlərin görülməsi üçün 21 minə yaxın işçi qüvvəsi cəlb edilmiş, gələn ildən isə bu rəqəm iki dəfədən artıq olacaqdır.

Paytaxt və qəsəbələrdə ekoloji tarazlığın qorunub saxlanması, ətraf mühitin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Xatırladım ki, ötən dövr ərzində 680 hektar sahədə 550 mindən çox ağackol bitkiləri əkilmiş, neft mədənlərində 420 hektar ərazidə neftlə çirklənmiş göllər qurudulmuş, həmin ərazilərdə yaşıllaşdırma və abadlıq işləri görülmüşdür.

Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən dövr ərzində magistral yolların yenidən qurulması işləri ilə yanaşı, 11 rayonun 27 qəsəbəsini əhatə edən 250 kilometr uzunluğunda rayon və qəsəbədaxili yol asfaltlanmış, uzunluğu 17 kilometr olan 6 qəsəbələrarası yol təmir olunmuşdur.

Paytaxtda və ətraf qəsəbələrdə tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə yeni, müasir tibb müəssisələrinin açılması, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli görülmüşdür. Belə ki, 14 xəstəxana, poliklinika, sanatoriya və digər tibb müəssisələri yenidən qurulmuş və təmir edilərək avadanlıqla təchiz olunmuşdur. 12 səhiyyə obyektində təmir-tikinti işləri, eləcə də gözdən əlillər üçün tədris-bərpa mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın və digər obyektlərin tikintisi davam etdirilmişdir.

Bakıətrafı qəsəbələrdə sahibkarlığın inkişafına da xüsusi önəm verilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələri üzrə 300-dək sahibkara 46 milyon manat, bunlardan müasir texnologiyaların tətbiqinə əsaslanan 29 layihənin, o cümlədən 7 çörək istehsalı, 8 quşçuluq təsərrüfatı, 9 müasir istixana kompleksi, ət kəsimi və emalı, yeyinti sənayesi, metal konstruksiya istehsalı, mebel istehsalı və ixrac qabiliyyətli müxtəlif növ elektrik avadanlığı müəssisələrinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə 42,1 milyon manat güzəştli kreditlər verilmişdir. Müəssisələrdən 9-u istifadəyə verilmiş, bu ilin sonunadək 19-nun istifadəyə verilməsi planlaşdırılır. Bu kreditlər hesabına 2 mindən çox yeni yerinin yaradılacağı nəzərdə tutulur.

Göründüyü kimi, Prezident İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində son illərdə paytaxtımız və ətraf qəsəbələr əsaslı şəkildə inkişaf etmiş, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi, mədəni inkişafında, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsində Heydər Əliyev Fondu da mühüm rol oynamışdır. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü sayəsində Yeni Günəşli yaşayış sahəsində ötən il istifadəyə verilmiş reabilitasiya mərkəzində uşaqların sağlamlığının təmin edilməsi istiqamətində ən müasir üsullarla aparılan bərpa-müalicə işləri valideynlərin böyük razılığına səbəb olmuşdur.

Paytaxtda və Bakıətraf qəsəbələrdə bundan sonra da tikinti-quruculuq, abadlıq işləri davam etdiriləcək. Bakımız daha da gözəlləşəcək, füsunkarlaşacaqdır. Bu qənaəti məndə Prezident İlham Əliyevin sözügedən konfransda dediyi sözlər yaradıb. Dövlət başçımız demişdir: "Son bir il ərzində müəyyən işlər görülüb. Amma əsas işlər bundan sonra görüləcəkdir. Bütün infrastruktur layihələrinin görülməsi üçün konkret tapşırıqlar verilib. Bu layihələr çox böyük vəsait tələb edir. Vəsait də nəzərdə tutulub. Həmçinin proqrama əlavələr üçün də vəsait nəzərdə tutulub. Beləliklə, maliyyə problemlərimiz yoxdur. Əsas məsələ texniki peşəkarlıq, nəzarət, keyfiyyət və bu işləri görən insanların məsuliyyəti dərk etməsidir".

 

 

Xalq qəzeti.- 2012.- 6 iyul.- S. 6.