"Çingiz dastanı"
Azərbaycanın
Milli Qəhrəmanı, telejurnalist
Çingiz Mustafayev
haqqında yeni kitab nəşr
olunub. Kitabın müəllifi pedaqogika üzrə fəlsəfə doktoru Əziz Musadır. "Çingiz
dastanı" adlanan kitabda
"Çingizin son məktubu",
"Son döyüş"
kimi bölmələr yer
alıb. Əsər tarixi hadisələr,
faktlar əsasında yazılıb.
1990-cı illərdə ermənilərin
xalqımıza qarşı törətdiyi qanlı fəlakətlər,
XX əsrin ən böyük faciələrindən
biri olan Xocalı
soyqırımı və Çingizin bu hadisələri lentə alaraq
ictimaiyyətə çatdırması kitabda
öz əksini geniş
şəkildə tapıb. Yazıçı
tarixi hadisələri obyektivliklə təsvir
edir. 1991-ci ilin noyabr ayında baş verən
vertolyot qəzası, jurnalistin
hadisə yerinə gələrək baş
verənləri videolentə alması, dünya
ictimaiyyətinə çatdırması tariximizin
mürəkkəb bir dövrünün
real mənzərəsini
canlandırır.
Yazıçı
əsərində Çingizin uşaqlıq illəri, onun
xarakteri, Vətənə sonsuz sevgisi barədə oxucuları
məlumatlandıraraq qəhrəmanın dili ilə deyir:
"Atacan, dərk edə bilmədiyim munis hisləri, aliliyi,
yaxşılığı, mərdliyi, Vətən
üçün Vətən daşı olmağı səndən
öyrənmişəm. Hələ uşaq
ikən sənin mənə öyrətdiyin bir
şeiri xatırlayıram: "Hardan başlayır Vətən?"...
Çingiz Mustafayev 1992-ci ilin 15 iyununda Ağdam uğrunda gedən döyüşlərdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuşdur. Ölümündən sonra - 1992-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Ayşə İSAZADƏ,
BDU-nun jurnalistika
fakültəsinin III kurs tələbəsi
Xalq qəzeti.- 2012.- 6 iyul.- S. 5.