Qazax hər gün
gözəlləşir...
Son 7-8 ay ərzində
təkcə Qazax rayonundakı qədər
bütün Ermənistanda iş
görülməyib
"Qazax düşmənlə üzbəüz
dayanıb. Neçə illərdir mərdliklə hər
çətinliyə sinə gərir. Düşmən Qazaxa baxıb hər an köksünü ötürür.
Çünki rayon onun gözü
qarşısında, hər gün, hər
saat gözəlləşir, inkişaf edir. Tam cəsarətlə deyirəm: son 7-8 ay ərzində Qazaxda görülən iş
qədər bütün Ermənistanda iş görülməyib".
Bu
sözlər rayon mərkəzi xəstəxanasının
baş həkimi Arzu Novruzova məxsusdur. Onunla söhbətimiz
təkcə rayonda səhiyyənin dünəni, bu
günü və sabahı haqqında deyil, həm də,
bütövlükdə, Qazaxda son aylar həyata keçirilən
işlər barədə oldu. Hiss olunur ki, bütün
varlığı ilə doğma torpağına bağlı
olan bir adamdır. Rayonun bugünkü inkişafına uşaq
kimi sevinir. Deyir ki, cənab Prezidentimizin Qazağa xüsusi diqqət
və qayğı göstərməsi, əlavə vəsait
ayırması onları çox sevindirib, məsuliyyətini
artırıb. Rayon rəhbərliyinin təşəbbüskarlığı,
fəallığı və təşkilatçılığı
sayəsində Qazağın xəritəsinə, az qala, hər
ay yeni bir obyektin adı düşür. Heydər Əliyev
parkının yenidən qurulması, Gənclər
sarayının inşası, neçə-neçə yeni
müəssisənin açılışı, digər
sosial yönümlü obyektlərin istifadəyə verilməsi
onu göstərir ki, Qazax tezliklə Azərbaycanın ən
abad, gözəl rayonlarından birinə çevriləcəkdir.
Arzu Novruzov söhbət zamanı
dedi:
- Səhiyyədə də müəyyən işlər görə bilmişik. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov bizə hərtərəfli köməklik göstərir. Məhz onun yaxından köməyi sayəsində mərkəzi xəstəxananı, demək olar ki, tamamilə yenidən qururuq. Artıq işlərin 70 faizi yekunlaşıb. Cərrahiyyə şöbəsi hazırdır. Ən başlıcası isə indiyədək heç vaxt olmayan istilik sistemini qurmağımızdır. Eyni iş ruhi xəstəliklər xəstəxanasında da aparılır.
Səhiyyə nazirimiz Oqtay Şirəliyev də işimizə dəstək verir. Bu ilin fevral ayında iki maşın tibbi avadanlıq və bizə lazım olan ən müasir cihaz və aparatlar alıb rayona gətirmişik. Bundan böyük nə kömək ola bilər? İndi bizim həkimlərin əlinin altında hər cür tibbi avadanlıq var. Təsadüfi deyil ki, son aylar Bakı və digər şəhərlərə üz tutan xəstələrimizin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Başqa bir həmsöhbətim
rayon mədəniyyət və turizm şöbəsinin inspektoru
Nailə Əliyevadır:
- Son vaxtlar şöbəmizin təşkil etdiyi tədbirlərin sayı xeyli artıb. Təbii ki, biz bu tədbirlərin daha səmərəli olmasına çox üstünlük veririk. Əvvəla ona görə ki, Qazaxda bu sahədə inşa olunan, yenidən qurulan obyektlərin sayı durmadan artır. Digər tərəfdən indi təkcə konsert təşkil etməklə adamların istirahətinin mənalı olmasına nail olmaq mümkün deyil. Heydər Əliyev adına istirahət parkı 4 hektar sahəni əhatə edir. Burada ərazinin yenidən qurulması, 2 hektar sahəyə dekorativ daşlar, qranit plitələr döşənməsi, asfalt örtük salınması, 10 min kvadratmetr ərazidə yaşıllıq zolağı yaradılması, dekorativ ağac və gül kollarının əkilməsi, müasir memarlıq üslubunda 2 fəvvarənin qurulması parkın görkəmini tamamilə dəyişmiş və ora gələnlərin sayını qat-qat artırmışdır.
Qısa vaxt ərzində Gənclər mərkəzinin, Bayraq meydanının və digər obyektlərin tikilib istifadəyə verilməsi işimizin də artmasına və tədbirlərin daha rəngarəng olmasına şərait yaratmışdır.
Hazırda Qazax Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində 21 mədəniyyət evi, 24 klub, 55 kitabxana, 2 uşaq musiqi məktəbi, 3 muzey, Rəsm Qalereyası, mədəniyyət və İstirahət parkı, kinovideo birliyi və 13 nəfərdən ibarət abidə mühafizəçiləri fəaliyyət göstətir.
Rayon əhalisinə yüksək səviyyəli mədəni xidmət göstərilməsi, milli adət-ənələrimizin qorunub saxlanılması, el bayramlarının, tarixi və əlamətdar günlərin, görkəmli şəxsiyyətlərin yubileylərinin təşkili işimizin əsas hissəsini təşkil edir.
Rayonumuzun ərazisində yerləşən "N" saylı hərbi hissənin əsgərlərinə mədəni hamilik xidmətinin göstərilməsi artıq ənənə şəklini almışdır. Gənclərin ordu sıralarına yola salınması, hərbi andiçmə mərasimlərinin təşkili işçilərimizin köməyi və fəallığı ilə həyata keçirilir. Onlar dəfələrlə hərbi hissə komandanlığının fəxri fərmanları ilə təltif edilmişlər.
Mədəniyyət müəssisələrində Azərbaycan xalqının görkəmli şair və yazıçılarının yubileyləri müntəzəm olaraq geniş qeyd edilir.
Gənclər Günü münasibətilə rayon mədəniyyət evində Mədəniyyət və Turizm Şöbəsi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Qazax Rayon Komitəsi, Gənclər və İdman İdarəsi ilə birgə "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirilmişdir. Bu tədbirdə gənc mədəniyyət işçiləri müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.
Başqa bir həmsöhbətimiz
Rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevdir:
- Rayonumuzda işlər o qədər sürətlə gedir ki, bəzən onların heç də hamısından xəbər tutmaq olmur. Elə götürək məktəb tikintisini. Bu il Qazaxda 5 yeni məktəb istifadəyə veriləcək. Görünməmiş işdir. Beş-on il qabaq heç kim inanmazdı ki, bir ildə 5 məktəb istifadəyə verilsin. Şəhər 4 nömrəli və Canallı kənd tam orta, şəhər ümumi, Qazaxbəyli kənd və Aslanbəyli kənd tam orta məktəbləri üçün yeni binaların tikilib istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyirik. Buna görə rayon rəhbərliyinə, digər əlaqədar təşkilatlara, o cümlədən Heydər Əliyev Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk.
Bundan başqa, 2012-ci ildə tikintisinə başlanılacaq bəzi məktəblərin, o cümlədən Çaylı kənd 2 nömrəli, Daş Salahlı kənd 2 nömrəli və Üçməzli kənd tam orta, Xanlıqlar kənd və Xanbağı kənd tam orta məkətəblərin layihə-smeta sənədlərinin hazırlanması işi başa çatmaq üzrədir.
Ötən tədris ilində Qazax rayonunun göstəriciləri respublika üzrə orta göstəricidən 0,4 faiz yuxarı olub. Rayonun orta balı 226,657-yə bərabərdir. Məzunlardan 265 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 40,83 faizi tələbə adını qazanıb. Bu göstərici son 5 ildə rayonun əldə etdiyi yüksək nəticədir. Məzunlardan 52 nəfəri 500-dən, 9 nəfəri isə 600-dən yuxarı bal toplayıb.
Respublika üzrə yuxarı nəticə göstərən məktəblər sırasınıda şəhər məktəb-lisey, Daş Salahlı kənd 2 nömrəli Ürkməzli, I Şıxlı, Sarıvəlli, Aşağı Əskipara, Kommuna və Kosalar kənd tam orta məktəbləri daxil olub.
Ötən dərs ilində respublika Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazandıqları üçün Qazax şəhəri 3 nömrəli tam orta məktəbi və Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova müvafiq olaraq on min və beş min manat pulla mükafatlandırılmışdır.
Əhməd müəllim rayonda aparılan geniş abadlıq-quruculuq işlərinə də toxundu. Dedi ki, indi Qazax öz gözəlliyi ilə hamını valeh edir.Tezliklə bu yerlər tamam dəyişəcək. Çünki hamının bir arzusu var: Qazaxı, necə deyərlər, cənnətə döndərmək.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, təmir-tikinti, bərpa, quruculuq işləri əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin ilk aylarında da uğurla davam etdirilmişdir.
Qazax şəhərində şəhidlərin abidə kompleksinin yerində tamamilə yeni üslubda abidə ucaldılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, dörd hektar sahəni əhatə edən Heydər Əliyev parkının 2 hektarlıq sahəsi tamamilə yenidən qurulmuşdur. Parkın ərazisindəki Gənclər Mərkəzinin tikintisinə başlanılmış, 62250 kvadratmetr sahəyə plitə döşənmiş, səki daşı dəyişdirilmişdia. 2 fəvvarə quraşdırılmış, divarlar aqlayla üzlənmiş, 2 ədəd piramida qüllə ucaldılmış, çoxlu sayda dekorativ ağaclar və kollar əkilmişdir. İşıqlanma sistemi yenidən qurulur və bu istiqamətdə işlər davam edir.
Yanvar ayında Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi sahəsi 1060 kvadratmetr olan Şahmat məktəbinin tikintisinə başlanılmış, ətrafına milli memarlığa uyğun hasar çəkilmişdir. Binanın qarşısında fəvvarə tikilmiş və işıqlanma sistemi qurulmuşdur.
Dəmir yolu vağzalı binasının dam örtüyü dəyişdirilmişdir. Vağzala gedən küçənin hər iki tərəfində daş hasar inşa edilmiş, suvanaraq rənglənmiş, piyadaların rahat hərəkəti üçün səki salınmış, asfalt örtüyü yenidən qoyulmuş, işıqlanma sistemi quraşdırılmışdır. Küçə boyunca 3 binanın dam örtüyü dəyişdirilmiş, fasad hissəsində abadlıq işləri aparılmışdır.
Şəhərin qərbdən giriş hissəsində Dövlət bayrağı meydanı tikilmiş, 51 metrlik qüllə ucaldılmışdır. Meydanda 6,8 metr hündürlükdə qala divarı və 5,2 metr hündürlükdə bürclər tikilmişdir. Ağstafa rayonu ilə sərhəddə 22 metr hündürlüyündə rayonun ünvanını bildirən obeliskin, şəhərin girişində 2 ədəd qala divarı və dairəvi yolda hündürlüyü 14,3 metr olan qüllə inşa edilmişdir.
Bundan əlavə, küçələr və magistral yol kənarları boyunca divarlar hörülmüş, aqlayla üzlənmiş, dekorativ işlər aparılmış, suvaq, rəngləmə işləri görülmüş, səki daşları düzülmüş və tamet plitə döşənmişdir. Magistral yol boyunca 40 min ədəd, rayon ərazisində isə 127,800 ədəd ağac əkilmişdir.
Magistral avtomobil yolunun kənarında beşmərtəbəli yaşayış binasının fasad hissəsində müasir milli memarlıq üslubunda yenidənqurma işləri aparılır.
... Qazaxın bu günü gözəldir. Sabahı daha gözəl olacaq.
Ziyəddin, Sultanov
Xalq qəzeti.- 2012.- 7 iyul.- S. 6.