Dövlət dili təcrübəsinin linqvopolitoloji aspektləri

 

Azərbaycanın XX əsrin sonlarında keyfiyyətcə yeni qanunvericilik və hüquqi məkana daxil olmasının, qloballaşmanın istiqamətlərindən biri kimi bu sferaya qoyulan beynəlxalq tələblərin dövlət dilinə təsirini danmaq olmaz. Elə bu faktor da dövlət dilinin hüquq və linqvistik baxımdan üzvi vəhdət təşkil etməsini bir daha nümayiş etdirir. İstənilən milli dilin dövlət dili funksiyasında çıxış etməsi üçün linqvistik mahiyyətlə yanaşı, hüquqi baza da mühüm əhəmiyyətə malikdir. Əks halda, Azərbaycan dövlətçiliyi və dili tarixində artıq müşahidə edilmiş bir halla rastlaşmaq olar: dövlət dili "de yure" deyil, "de fakto"dur. Azərbaycan dövlətçiliyi və ondan doğan digər mühüm anlayışların tarixində xüsusi bir mərhələ olan ümummilli lider Heydər Əliyevin dil siyasətində bu iki faktor məntiqi, eyni zamanda üzvi vəhdət təşkil edir.

 

Heydər Əliyevin ictimai-siyasi, dövlət xadimi kimi fəaliyyəti ictimai həyatın bütün sahələrində iqtisadiyyatda, mədəniyyətdə, elm və təhsildə, təsərrüfatda, ictimai şüurda sərbəstlik, azadlıq və müstəqillik ideyalarının formalaşdırılmasına yönəlmişdir və bu ideyaların həyata keçməsi Azərbaycanın bir müstəqil dövlət kimi formalaşmasının ideya bazasını təmin etmişdir. Həmin ideya bazasının kökündə, mayasında azərbaycançılıq, millilik ideyalarının bərqərar olunması dayandığından müstəqil Azərbaycanın dövlət başçısının dövlət siyasətində milli dilin dövlət dili kimi məhdudiyyətsiz tətbiqini əks etdirən dil siyasətinin xüsusi bir lay, mərhələ təşkil etməsi inkaredilməz faktlardandır.

Heydər Əliyevin dil siyasətində xüsusi mərhələ təşkil edən 90-cı illərin nəzəriyyəsi artıq öz bəhrəsini verib. Təbiidir ki, inkişafda və dəyişməkdə olan dilin hüquqi, linqvistik problemləri tam aradan qaldırıla bilməz. Çünki dilin həm cəmiyyətlə bağlı olan sosiolinqvistik problemləri, həm də dövlətçiliklə bağlı linqvopolitoloji problemləri sabit qalmır, dövlət və cəmiyyətin həyatında baş verən istənilən hadisə dildən yan keçmir. Bu baxımdan, müstəqil Azərbaycanın dil siyasətində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında " 23 may 2012-ci il tarixli sərəncamı dövrün dil şəraiti və dil quruculuğundan irəli gələn zərurətdir. Sərəncamda qeyd edilən "Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk vaxtlardan Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, ana dilimizin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.

Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2 yanvar 2003-cü il tarixli fərmanları ilə ədəbi dilimizin fəaliyyət meydanı daha da genişləndirilmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətinin qarşısında yeni üfüqlər açılmışdır. Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir" fikirləri Heydər Əliyev dil siyasətini davam etdirir və bu sahədəki linqvopolitoloji problemləri önə çəkir.

Linqvopolitologiyanın tədqiqat səlahiyyətinə müasir dövrdə aktuallıq kəsb edən dil siyasəti, dövlət dili, onun hüquqi-linqvistik aspektləri, linqvotəhsil, qloballaşma və lokallaşma proseslərinin dilə təsiri, ortaq ünsiyyət dili, dil konsepsiyası, dil siyasətinə AB prizmasından baxış və s. kimi məsələlər daxildir.

Dilə verilən ibtidai tərifi eyni ilə dövlət dilinə də şamil etmək mümkündür. İlkin funksiyası ünsiyyət vasitəsi olan dövlət dili bir dövlət daxilində yaşayan xalqlar və etnosların mədəni, iqtisadi, siyasi əlaqələrini bir-birinə yaxınlaşdırır. Dövlət dili quruculuq funksiyasını yerinə yetirərək, müxtəlif xalqların nümayəndələrini vahid ölkə daxilində birləşdirir.

Dövlət dili istilahı özündə konkret bir anlayışı ehtiva edir. Haqlı olaraq belə bir sual yaranır ki, dil və dövlət dili anlayışlarını bir-birindən fərqləndirən hansı amillərdir? İlk növbədə, demək lazımdır ki, dövlət dili dövlətçiliklə bağlı anlayışdır. Hər hansı bir millətin dili dövlət dili statusunu qazanmaq üçün müəyyən göstəricilərə malik olmalıdır. Belə ki, millət öz dilinə dövlət dili statusunu qazandırmamışdan əvvəl ilkin olaraq, milli dövlət müstəqilliyi qazanmalıdır. Dilin dövlət dili olması üçün təkcə qrammatik quruluşunun mükəmməlliyi, leksik və frazeoloji zənginliyi yetmir. Dil bu yüksək mərhələyə özünün linqvistik və eyni zamanda hüquqi-linqvistik inkişafı sayəsində çata bilər, yəni bunun üçün dilin inkişafını təmin edən müstəqil dövlət, dövlət dilinin bütün sahələrdə, o cümlədən, təhsildə tətbiqi, bu prosesə nəzarət və kömək edən müvafiq dil siyasəti, zəngin lüğət tərkibi, mükəmməl qrammatik quruluşu, formalaşmış funksional üslubları və s. Olmalıdır.

Dövlət dili statusuna iddialı olan hər hansı bir dilin beynəlxalq və dövlətlərarası münasibətlər sistemində işlədilə bilən spesifik diplomatiya üslubu olmalıdır. Lakin dünya təcrübəsindən bir qədər fərqli halların olduğu da məlumdur. Məsələn, vaxtilə Azərbaycan dilinin Səfəvilər dövründə nə dərəcədə dövlət dili ola bilməsi buna misaldır. XVI əsr Azərbaycan ədəbi dili mükəmməl qrammatik quruluşa, ifadə zənginiliyinə malik olan və milli dil kimi formalaşmağa başlayan bir dil idi. Ədəbi dilin klassik üslubda Füzuli, folklor üslubunda Qurbani, Xətai, Əmani mərhələsi məhz bu dövrə təsadüf edir. Eyni zamanda dövlət dilinin əsas tələblərindən, göstəricilərindən sayılan diplomatik yazışmalar, rəsmi sənədlərin tərtibi də bu dildə aparılırdı. Bu fakt Azərbaycan dilinin inkişaf tarixində müsbət hadisə olsa da, demək lazımdır ki, bu dövrdə Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır. Çünki rəsmi dil kimi işlənmək hüququ hələ dövlət dili olmaq demək deyil.

Səfəvilər dövlətinin rəsmi yazışma işlərində ərəb və fars dilləri də eyni dərəcədə işlənilmişdir. Deməli, həm mükəmməl ədəbi dil olması, həm də diplomatik üsluba malik olması dilə tam dövlət dili statusu verə bilmir. Bunun üçün hüquqi-linqvistik əsas, müvafiq dil şəraiti olmalıdır. Dövlət dili linqvopolitoloji problemdir və onun ətraflı, obyektiv və sistemli həlli kompleks biliklər tələb edir. Belə ki, problemi dövlətçiliyə, tarixə, politologiyaya, sosiologiyaya bələd olmadan tədqiq etmək gözlənilən effekti verə bilməz.

Keçən əsrdə müstəqil sosialist və kapitalist rejimlərində yaşayan dövlətlərin bir qismi dövlət dili anlayışını onun tətbiq edilmə mahiyyətindən çıxış edərək "rəsmi dil" kimi adlandırmışdır. Məsələn, Bolqarıstan respublikasının, Türkiyə cümhuriyyətinin, İrlandiya dövlətinin konstitusiyalarında həmin anlayış rəsmi dil kimi təqdim edilir. İrlandiya Konstitusiyasının 8-ci maddəsində deyilir ki, "İrland dili dövlət dilidir və birinci rəsmi dildir". Cümlədən rəsmi dil ilə dövlət dili anlayışları arasında fərqin olduğu anlaşılır. Maddənin ardıcıl gələn sonrakı bəndində bu ifadələrin fərqli anlayışlar olduğu daha da aydınlaşır: "İngilis dili ikinci rəsmi dildir" Əslində bəzi hallarda sinonim anlayışlar kimi işlədilən bu ifadələr bir-birindən fərqlənir. Belə ki, dövlət tərəfindən qanuniləşdirilərək, yaxud əksinə, heç bir dövlət fərmanı və qanunlarında təsbit olunmayaraq rəsmi dairələrdə işlədillən istənilən hər hansı bir dil dövlət dili ola bilməz.

Deyilənləri dünya dövlət dili təcrübəsinin həm müasir, həm də tarixi mərhələlrində görmək mümkündür. Məsələn, Lüksemburqun milli dili dövlət dili kimi tam işlədilmir, belə ki, dövlət dilinin əsas tətbiq sahəsində, yəni təhsildə alman, fransız dili tətbiq edilir, milli dil təhsildə qısa müddət ərzində - bir il müddətinə tətbiq edilir, beləliklə, milli dilin dövlət dili kimi fəaliyyət dairəsi məhdudlaşır. Məzmunca bir qədər fərqli halı XVI əsr Səfəvilər dövlətinin dil təcrübəsində də görmək olar. Səfəvilər dövrünə aid türkcə sənədlərlə müqayisədə farsdilli sənədlər daha çoxdur. Hər iki dil rəsmi sənədlərin dili olmaqla rəsmi dil funksiyası daşısa da, Azərbaycan dili dövlət dili statusunu "de-yure" deyil, "de fakto" qazanmağa müvəffəq olub, yəni dövlət dili səviyyəsinə yüksəlməmiş, yalnız rəsmi dil kimi işlədilmiş, dövlət dilinin tətbiq edilmə tələblərinə tam cavab vermədiyindən dövlət dili statusunu qazana bilməmişdir. Hər hansı bir milli dilin dövlət dili olması onun dövlət konstitusiyalarında nə dərəcədə təsbit olunmasından və fəaliyyət sferasından asılıdır.

Rəsmi dillə dövlət dilinin əsas fərqi onların təhsil sistemində işlədilib-işlədilməməsindədir. Belə ki, rəsmi dilin təhsil sistemində də tətbiq edilməsi vacib deyil. Əgər o, təhsil sistemində işlədilərsə, dövlət dili səviyyəsinə yüksələr və dövlət dili olmaq imkanı qazanar. Yenə də dünya təcrübəsinə müraciət edək: "Vatikanın rəsmi dili latın və italyan dilləridir". Ensiklopediyadan verdiyimiz iqtibasda müəyyən dəqiqləşdirməyə ehtiyac var. Hər iki dil rəsmi dil kimi təqdim edilir və rəsmi dillə dövlət dili anlayışlarının arasındakı məna fərqinə məhəl qoyulmur. Əslində rəsmi dil kimi təqdim edilənlərdən birincisi yalnız rəsmi sferada (əsasən kilsədə) işlədildiyindən bu ad altında təqdim edilə bilər. İkinci isə, yəni italyan dili dövlətin digər əsas sferalarında da tətbiq edildiyindən, xüsusilə, təhsildə əsas dil olduğundan və dövlətin əsas Qanununda təsbit edildiyindən rəsmi dil deyil, dövlət dili adlandırıla bilər. Rəsmi dil ilə dövlət dilini bir-birindən fərqləndirməyə imkan verən əsas amillərdən biri də onların fəaliyyət göstərdikləri dövlətin milli dili olub-olmamalarıdır. Belə ki, milli dil, adətən dövlət dili olur (bu sahədə dünya dil təcrübəsində bəzi istisnalar var - T.H.), qeyri-milli dilin isə dünya təcrübəsində daha çox rəsmi dil kimi çıxış etməsi müşahidə edilir.

Avropa Birliyinə daxil olan dövlətlərin konstitusiyalarına nəzər saldıqda, deyilənlərin şahidi oluruq. Bu ifadələrin ayrı-ayrı anlayışlar olması YUNESKO ekspertlərinin də diqqətindən yayınmamış və 1953-cü ildə onlar "milli dil" və "rəsmi dil" anlayışları arasında fərqlərin qoyulmasını təklif etmişlər. Nəticədə "milli dil" ifadəsi fəaliyyət göstərdiyi dövlətin çərçivələri daxilində cəmiyyətin siyasi, sosial, mədəni həyatında inteqrasiya funksiyasını yerinə yetirən vasitə kimi qəbul edildi və "milli dil" anlayışı "dövlət dili" ilə eyniləşdi. Ancaq əslində milli dil hər zaman dövlət dili olmur, yaxud da əksinə. Birincisi ilk nöbbədə milli-mənəvi dəyərdir, ikincisi isə hüquqi-siyasi anlayışdır. Milli dil dövlətçiliklə bağlandıqda, hüquqi əsasa malik olduqda dövlət dili statusuna da malik olur. Dünya dil və dövlətçilik təcrübəsində dövlət dilinin milli dil deyil, başqa bir dilin olması halları da müşahidə edilir. Dövlət dilinin milli dil olmaması özünü daha çox Şərq və müstəmləkəçilikdən azad olmuş Afrika ölkələrində göstərir. Müstəmləkəçilikdən azad olmuş Afrika ölkələrinin bəzisində iki dil - milli dil və keçmiş müstəmləkəçi dövlətin dili dövlət dili elan olunub. Burundidə kirundi və fransız dillərinin dövlət dili olmasını misal göstərmək olar. Hindistan, Pakistan, Malaziya, Tailand, Filippin, Nigeriya, Cənubi Koreyada dövlət dili statusu milli dilə deyil, ingilis dilinə verilsə də, bu ölkələrin əksəriyyətində təhsildə milli dilə üstünlüyün verilməsi həmin dili ikinci dövlət dili kimi təqdim edir.

Dövlət dilinin təkcə linqvistik inkişafdan deyil, sosioloji və politoloji inkişafdan asılı olmasına postsovet məkanına daxil olan ölkələrin, o cümlədən, Azərbaycanın yaxın keçmişinə nəzər salmaqla da əmin olmaq mümkündür. Məlumdur ki, XX əsrdə Azərbaycanda dövlət dilinin inkişafı ilə bağlı bir sıra fərmanlar, qanunlar rəsmi dövlət sənədlərində əksini tapsa da, əməli şəkildə həyata keçirilməyib. Bu fərman və qanunlar ayrı-ayrı vaxtlarda verilib. Lakin həmin fərman və qanunlar yalnız kağız üzərində qalırdı. Məlum siyasi durum Azərbaycan dilinin müasir dünya təfəkkürü meydanına çıxışını maksimum dərəcədə məhdudlaşdırılmış, milli təfəkkürün Azərbaycandan kənara çıxması, baxması üçün ancaq rus dili pəncərəsi olmuşdur.

Eyni bir tale postsovet məkanına daxil digər respublikaların milli dilinə də qismət olub. Qeyd etmək lazımdır ki, postsovet məkanında bu problemin ekstralinqvistik amillərlə bağlı özünəxas xüsusiyyətləri var ki, bunu da milli şüurun geridə qalması ilə bağlamaq düzgün olmaz. Belə ki, uzun illər ərzində Rusiyanın rəhbərliyi ilə bir məkan daxilində yaşayan xalqların tarix yaddaşından sovet, daha doğrusu, rus tarixini birdəfəlik silib atmaq mümkün deyil, bu, mərhələli prosesdir.

Dövlət siyasətinin tərkib hissələrindən olan dil siyasətində xalqlararası ünsiyyət dili probleminə müəyyən biliklər toplusundan yanaşmaq lazımdır və qloballaşan dünyanın dil mənzərəsinə obyektiv qiymət vermək lazımdır. Nəzərə almaq lazımdır ki, dil və cəmiyyət problemi yalnız cəmiyyətin dilə təsirini deyil, eyni zamanda dilin də cəmiyyətə təsiri məsələlərini aydınlaşdırmaq zərurəti yaradır. Belə ki, cəmiyyət özünə lazım olan dili yaradır, yaşadır və ondan istədiyi, bacardığı səviyyədə istifadə edir. Sosiolinqvistikanın əsas müddəalarından olan cəmiyyətin dilə təsiri ilə yanaşı, ikincinin birinciyə təsiri də mövcuddur və həmin problem linqvopolitologiyanın mövzusudur. Cəmiyyət inkişaf etdikcə dilin cəmiyyətə təsiri də artır və o, cəmiyyəti yaranmış, yaxud yarana biləcək dil problemini dil siyasəti yolu ilə həll etməyə sövq edir.

Məsələnin belə davamlı şəkildə həll edilməsi təbiidir, obyektivdir, ona görə də bu sahədə ciddi iş aparılmalıdır və həmin proses müasir prinsiplər çərçivəsində görülməlidir. Müstəqillik qazanan dövlətin dövlət dili kimi mühüm və milli məsələni həll etməsi vacibdir. Əlbəttə ki, müvafiq konsepsiyanın qəbul edilməsində cəmiyyətin bütün sferalarında hakim millətin dilinin tətbiqinin əsas götürülməsi təbii prosesdir. Qeyd etmək lazımdır ki, respublikanın milli dilinin dövlət dili kimi qanunla təsbit edilməsi həmin ölkədə yaşayan digər millətlərin, xalqların, etnik qrupların dilinin inkişafını kölgədə qoymamalıdır. Yaxud yalnız dövlət dilini tədris etməklə, dünyada populyarlıq qazanmış digər xarici dillərdən birinin, bəzən də bir neçəsinin öyrənilməsinə mane olmaq da düzgün olmaz.

Qloballaşan dünyada həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan, o cümlədən postsovet məkanına daxil olan ölkələrin dil siyasətində dövlət dili kimi milli dillə mənəvi dəyər kimi böyük önəm verilir. Ortaq ünsiyyət dili kimi hansı dilin seçilməsi isə linqvopolitoloji amillərlə izah edilir. Bu seçimi həll etməkdən ötru dünyanın populyar dilləri, bölgənin geosiyasi durumu, hansı coğrafi, siyasi məkanda yerləşməsi, həmin bölgədə hansı digər qeyri millətlərin yaşaması və s. amillər nəzərə alınmalıdır. Dövlət dilinin müəyyənləşdirilməsində bunlarla yanaşı, dünyanın hansı istiqamətdə inkişaf etdiyini dərk edərək bu istiqamət kontekstində ölkənin yerini müəyyənləşdirmək tələb edilir. Bu baxımdan postsovet ölkələri üçün adekvatlığın, identifikasiyanın və seçimin bir problem kimi eyni mahiyyət daşıdığını demək olar.

Dünya dövlət dili təcrübəsinə nəzər yetirdikdən sonra dünya dövlət dili təcrübəsinin linqvopolitoloji aspektlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Dünyada gedən proseslərə, o cümlədən, qloballaşmaya biganə qalmayan hər bir dövlətin dil siyasətindən gələn müddəaların dil quruculuğu vasitəsilə həyata keçirilməsində dövlətin himayəsi vacib amildir. Ana dili, dövlət dili ikinci xarici dili o ölkələrdə üstələyir ki, dövlət dilinin tətbiqi və onu hifz edən dil siyasəti müddəaları, dil quruculuğu yalnız sənəd üzərində qalmır, bu işə dövlət səviyyəsində nəzarət edilir.

2. Müasir dövrdə müxtəlif ölkələrdə milli dil və dövlət dili ətrafında gedən proseslər təsdiq edir ki, dilin inkişafı ilə milli dövlət quruculuğu arasında birbaşa əlaqə mövcuddur. Demokratik dövlətlərdə xalqların bərabərliyini və müstəqilliyini, xalqların öz müqəddaratını müstəqil təyin etməsini, milli dilə qayğını, azsaylı xalqların və etnik qrupların da müstəqil inkişafını təmin etmək üçün dövlət dil siyasətində müvafiq müddəalar da özünə yer tutur.

3.Milli dilin inkişafını təmin edən əsas amil onun dövlət dili kimi bütün vacib sahələrdə tətbiqidir. Milli dil ancaq o zaman lazımi səviyyədə inkişaf edə bilər ki, ictimai həyatın əsas sahələrində, o cümlədən, təhsilin bütün səviyyələrində tam fəaliyyət göstərsin.

4. Milli dilin qorunması milliliyi təmin etməklə bərabər, beynəlmiləlçiliyi də formalaşdırır. Milli dəyərlər, mədəniyyət konkret millətin tarixi kökü əsasında bərqərar olsa da, onun məzmununda beynəlmiləlçilik ünsürləri də mövcud olur. Milli mədəniyyətin məzmununda ümumilik - beynəlmiləlçilik ruhu olmasa, müxtəlif millətlərin nümayəndələri arasında mənəvi əlaqə, bir sıra sahələrdə, o cümlədən, dillərdə kontaktlar yaranmaz.

Dünya dövlət dili təcrübəsi göstərir ki, dilin siyasi mahiyyəti çoxmillətli dövlətdə aydın görünür. Lakin bu, hökm kimi də səslənməməlidir. Tərkibində müxtəlif azsaylı xalqlar olan dövlətlərin dil siyasəti də aktuallıq kəsb edir. Bir dövlət tərkibində birləşən həmin azsaylı xalqlar, etnik qruplar müəyyən ictimai-siyasi amillərdən asılı olaraq ümummilli maraqlar ətrafında birləşə bilərlər. Belə ki, onların yaşadığı dövlət dünya proseslərinə biganə qalmayaraq, ona qoşulursa, həmin xalqlar da dövlətin ümummilli marağı ətrafında birləşirlər. Deyilən nəzəri fikirləri etnik zənginliyə, eyni zamanda mürəkkəbliyə malik müstəqil Azərbaycanın dövlət quruculuğu təcrübəsində əyani şəkildə müşahidə etmək mümkündür. Məlumdur ki, Azərbaycan millətinin, xalqının təşəkkül prosesi, o cümlədən, mütəşəkkilliyi uzun dövrlərin, tarixi mərhələlərin məhsulu sayılır və bu prosesə təsir göstərən bir sıra amillər sırasında etnoslar müxtəlifliyi də az əhəmiyyət kəsb etmir.

Məsələyə tarixi baxımdan yanaşsaq, deyə bilərik ki, dil probleminin siyasi aspektinin kökü tarixən qədimdir. Sadəcə, bu problemin cəmiyyətin bəzi tarixi hadisələrində daha da aktuallaşdığı yaddaşlardadır: Fransız inqilabı dövründə dil siyasəti daha ciddi siyasi xarakter almışdır. Qeyd etmək lazımdır ki, tarix boyu ölkədaxili milli inqilabların demək olar ki, hamısının son məqsədi milli-siyasi birliyi əldə etmək olub və deməli, məqsəd həm də dil birliyi və onunla əlaqədar olan mütəşəkkil dil siyasəti olub.

Dövlət dili və onun dünya təcrübəsində istifadəsinə nəzər saldıqdan sonra dövlət dilini anlayış kimi belə səciyyələndirmək olar: Dövlət dili linqvistik və hüquqi-linqvistik tərəflərə malik linqvopolitoloji problemdir, dövlətçiliklə sıx bağlı anlayışdır. Dövlət dil siyasətinin əsas müddəalarından olan dövlət dilinin xüsusi tətbiq sahələri var ki, onların sırasında təhsil sistemi müstəsna əhəmiyyətə malikdir. Hər bir milli dilin hüquqi və faktiki olaraq dövlət dili kimi fəaliyyət göstərə bilməsi, onun dövlətin Əsas Qanununda təsbit olunaraq cəmiyyətin bütün sferalarında eyni dərəcədə işlədilməsindən asılıdır.

 

 

Təranə HACIYEVA,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 7 iyul.- S. 4.