LERİK (coğrafi, tarixi və etnoqrafik oçerk)

 

Saz götürüb, dastan qoşum hüsnünə...

 

Ulu Tanrı doğma Azərbaycandan, onun əsrarəngiz təbiətindən heç nəyi əsirgəməyib. Odlar diyarının hər guşəsi, hər bölgəsi öz təkrarolunmaz gözəlliyi, zəngin flora və faunası ilə insanı heyrətə gətirir. Bu baxımdan qocaman Talış dağlarının qoynuna sığınmış və Azərbaycanın "zümrüd qaşı" hesab edilən Lerik rayonunu xüsusi qeyd etmək lazım gəlir.

Lerik rayonu cənub və cənub-qərbdən İran İslam Respublikası, şimal-qərbdən, şimal-şərqdən, şərqdən və cənub-şərqdən müvafiq olaraq Azərbaycanın Yardımlı, Masallı, Lənkəran və Astara rayonları ilə həmsərhəddir. İranla sərhəd boyu Talış, şimaldan isə Peştəsər və Burovar dağ silsilələri uzanır. Talış və Peştəsər dağ silsilələri arasında Zuvand (Diabar) çökəkliyi yerləşir. Rayonun (həm də Talış dağlarının) ən yüksək dağ zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).

Lerik üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi, həmçinin mülayim isti iqlim xarakterikdir. Qışı isə nisbətən sərt keçir. Orta temperatur yanvarda 1-dən 4 dərəcəyə qədər, iyulda 22-dən 26 dərəcəyə qədər olur. İllik yağıntının miqdarı 300 mm-dən 800 mm-ə (yüksək dağlıq ərazidə) qədərdir. 1965-1970-ci illərdə burada ekspedisiyada olan Sankt-Peterburq bioloqları bu ucqar diyara heyranlıqlarını belə ifadə etmişdilər: "Talış dağlarında hava hər kilometrdən bir dəyişir. Burada insanların uzun ömür sürmələrinin əsas səbəbi də məhz buranın ecazkar təbiəti ilə bağlıdır".

Bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlər və dağ meşələrindən ibarətdir. Lerik meşələrində palıd, vələs, ağcaqayın, iynəyarpaqlı palıd, azat və ən nəhayət, təbiətin şah əsəri olan dəmirağacı bitir. Lerik-Lənkəran yolu üzərindəki müqəddəs Babagil ziyarətgahının ərazisi, demək olar ki, başdan-başa dəmirağacı meşəsidir. Bir-birindən seçilməyən dəmirağacıların gövdə və qol-budaqları sanki müxtəlif insan və heyvan fiqurları yaradaraq, insanlarda hədsiz heyrət doğurur. Lerikin florası çoxsaylı müalicəvi dərman bitkiləri ilə də zəngindir. Faunasında isə vaxtilə şir, pələng, dağkeçisi və başqa nadir heyvanlar olub. İndinin özündə də Lerik meşələrində vaşaq, bəbir, qaban, ayı, canavar, çaqqal, tülkü, dovşan, meşə pişiyi, dələ, süleyşin, həmçinin kəklik, turac, meşə xoruzu, torağay, bildirçin və s. quş növlərinə rast gəlmək mümkündür. Rayonun Zuvand bölgəsində Zuvand qoruğu salınıb. Burada ölkəmizdə və dünyada az rast gəlinən, əsasən cənub bölgəsində yayılan heyvan və quşlar qorunur.

Lerik özünün "Bülüdül", "Zərinqala", "Zuvand", "Xansu", "Xanbulaq" kimi yüksək keyfiyyətli müalicəvi suları ilə də yaxşı tanınır.

Vaxtilə dünyanın məşhur səyyahları bu yerləri dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə ediblər. Məşhur fransız yazıçısı və səyyahı A.Düma, fransız arxeoloq- səyyahı C.Morqan, rus səyyahı İ.Berezin və başqaları öz xatirələrində və yol qeydlərində bu bölgənin təbiəti və insanları barədə xoş sözlər deyiblər. B.Berq 1836-cı ildə yazdığı "Vospominaniye" kitabında Cəngəmiran, Şingədulan, Hoveri və Veri kəndlərinin təbiətindən, akademik Qrosheym isə "Na qorax Talışax" kitabında Lerikin keçilməz meşələrindən, nadir ağac və bitkilərindən geniş söhbət açıblar.

Ötən əsrin 60-70-ci illərində populyar "Klub kinoputeşestviy" verilişinin aparıcısı, mərhum Y.Sinkeviç Lerik və onun uzunömürlüləri haqqında silsilə verilişlər hazırlayıb. Azərbaycan uzunömürlüyünün sirləri barədə keçmiş SSRİ-də çox məşhur olan "Quruda və dənizdə" adlı topluda da çoxlu yazı gedib.

Leriki qarış-qarış gəzən akademik, əməkdar elm xadimi Həsən Əliyev buranın təbii gözəlliklərini belə təsvir edib: "...Yaz vaxtı Talış meşələri ətriyyat mağazalarını xatırladır. ...Talış dağlarının füsünkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır....Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir..."

Lerikdə olmuş xalq yazıçısı Süleyman Rəhimov yazır: "Dünyanın çox yerini gəzmişəm. Ancaq Lerik və Astara təbiətinin təzadlarına heyran qalmışam. Lerik qədər səfalı, mənzərəli, füsünkar yer azdır. Təbiət hər yerdə ordakı kimi səxavətli, bərəkətli, məhəbbətli deyil ... Sizin yerlərin ecazkar təbiəti əbədi ilham mənbəyi, Tanrı əli ilə çəkilmiş misilsiz tablolardır. Haçansa ordakı insanlar min il yaşayıb yəqin...".

Akademik Mirəli Qaşqay öz xatirələrində Lerik haqqında təəssüratlarını "Talış dağlarının zəngin-təzadlı təbiəti möcüzələr diyarını xatırladır. Bu dağların sirri hələ tam açılmayıb. Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər. Bu qiymətli sərvətlərə, bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır..." şəklində bildirib.

Azərbaycanın çox görkəmli şairləri isə Leriki könülləri coşduran, qəlbləri xoşhal edən misraların dili ilə belə tərənnüm ediblər:

 

Hər tərəf yaşıllıq, hər tərəf orman,

Dağların başında seyrək bir duman.

Ardında süzülür günün baxışı-

Dərədə bir çayın məxmər axışı.

Başqa səfası var hələ Lerikin...

(Mikayıl Müşfiq)

 

Təbiətin fırçası işləyir burada yay-qış,

Gah göylər guruldayır, gah qar yğır, gah yağış.

İqlimi bu yerlərin təzadlarla doludur,

Burdadır təbiətin nə qədər rəngi varsa...

(Süleyman Rüstəm)

 

Sevdim zirvələrin ucalığını,

Könlümdə dağların havası qaldı.

Lerikin gəncləşən qocalığını,

Sevdim, bu yerlərdə ömrüm çoxaldı...

(Mirvarid Dilbazi)

 

Dağlar verib əl-ələ,

Çaylar demirəm hələ,

Allah da bəlkə elə,

Cənnəti uyduranda

Lerikdən danışırmış...

(Fikrət Qoca)

 

Düşünürük ki, əlavə heç bir şərhə ehtiyac yoxdur.

 

Qısa tarixi arayış

 

Ötən əsrin əvvəllərində bu ərazidə iki dairə vardı: Mistan və Vərqədüz (İndiki Yardımlı rayonunun kəndi). Zuvand mahalında Mistan dairəsinin mərkəzi Qosmalian idi. 1930-cu ildə keçmiş Lənkəran qəzasının Zuvand, Orand, Piran, Dırıq və Pornayım nayihələri əsasında Zuvand rayonu təşkil edilib. 1938-ci ildə Azərbaycan SSR Rəyasət Heyətinin 19 iyul tarixli fərmanı ilə mərkəz Lerikə köçürülmüş və rayon Lerik rayonu adlanmağa başlanmışdır.

1951-1952-ci illərdə Lerikin İranla həmsərhəd kəndlərinin əhalisi deportasiyaya məruz qalıb. Rayonun 22 kəndinin (bəzi mənbələrdə 35 kəndin) sakinləri indiki Biləsuvara və Muğanın digər rayonlarına köçürülüb.

Hazırda Lerik rayonunda bir şəhər (Lerik şəhəri), 29 inzibati-ərazi vahidi və 160 kənd mövcuddur. Əhalisi 77 min nəfərdən artıqdır.

 

Lerik, yoxsa Lik?

 

"Lerik" toponimi barədə müxtəlif rəylər və mülahizələr mövcud olsa da, indiyə qədər bu adın dəqiq izahı yoxdur. Bir versiyaya görə, "Lerik" indi də yerli əhalinin dilində işlənən "Lik" toponiminin təhrif edilmiş formasıdır. "Lik" (lığ, lıx, lıxka) torpaq, palçıq deməkdir. Bunun əslində bir əsaslandırması da mövcuddur. Yəni, Lerikdə yağıntının miqdarı çox olduğundan, ərazi, onun yolları ilin əksər aylarında palçıqlı olur.

Başqa mülahizələrə görə isə "Lik" qədim etnonim olub, mənşəyini qədim leqlərin adından götürüb. Xalq arasında isə "Lik" sözü "yağmurlu, çiskinli hava" mənasında işlənir. "Lerik"i təbiətin harmoniyası kimi izah edənlər də var. Buranın təbiətinin əsrarəngizliyi, hava şəraitinin gün ərzində bir neçə dəfə gözlənilmədən dəyişməsi və s. belə bir variantın meydana çıxmasına təkan verib.

 

Təsərrüfat

 

Lerik əsasən aqrar rayondur. Tarixən burada təsərrüfatın əkinçilik və heyvandarlıq sahələri yaranıb inkişaf etmişdir. Torpağının böyük bir hissəsini - 40,3 faizini meşə sahələri təşkil edir ki, bu da ümumi torpaqların təqribən 37, 2 faizi deməkdir.

Rayonda 1 dövlət (damazlıq qoyunçuluq) və 169 qeyri-dövlət kənd təsərrüfatı müəssiəsi vardır. Əhali relyef və iqlim şəraitinə uyğun olaraq paxla, lobya, noxud, lərgə, qarğıdalı, mərci, kürüşnə, darı, pərinc, buğda, arpa, çovdar, kartov, çuğundur, yerkökü, soğan, sarımsaq əkib-becərir. Geniş meyvə bağları vardır. Kəndlərin əksəriyyətində arıçılıqla məşğul olur, çox keyfiyyətli arıçılıq məhsulları yetişdirilir.

Ötən əsrin 70-80-ci illərində Kuba Respublikasından Azərbaycana gətirilmiş zebu cinsli heyvanlar məhz Lerikdə bəslənilib və bu istiqamətdə ixtisaslaşmış "Sosialist Kubası" sovxozu bütün keçmiş SSRİ-də məşhur olub.

Rayonda sənaye tipli üç müəssisə - Lerik Rayon Paylayıcı Elektrik Şəbəkəsi, Rayon Su Kanal İdarəsi və Lerik Qaz istismar Sahəsi fəaliyyət göstərir. Son illər isə sahibkarlıq fəaliyyətinin genişlənməsi ilə əlaqədar Lerikdə kərpic zavodu, "Lerik broyler" və s. istehsal müəssələri yaradılıb.

 

Sənətkarlıq

 

Sənətkarlığın inkişafı ilk növbədə təbii-coğrafi şərait və təsərrüfatın xarakteri ilə bağlı bir məsələdir. Bu baxımdan Lerikdə xalq sənətkarlığının ağacişləmə və toxuculuq sahələri daha çox inkişaf edib. Bu da Lerikdə meşə sərvətlərinin bolluğu və maldarlıq təsərrüfatının, əsasən də qoyunçuluğun geniş yayılması ilə əlaqədar olub.

Ağacişləmə məişətdə geniş istifadə olunan təknə-tabaq, çömçə-qaşıq istehsalı, həmçinin müxtəlif kənd təsərrüfatı alətlərinin hazırlanması üzrə ixtisaslaşıb. Palıd, fıstıq, qovaq, vələs, dəmirağacı, qızılağac, qarağac, azat, yemişan və s. ağacların materiallarından hazırlanan məişət əşyaları və alətlər çox keyfiyyətli olur. Rayonun Çayrud, Nücü, Lərmərud ... kəndləri sözügedən sənətkarlıq sahəsinin daha çox inkişaf etdiyi yerlər olub. Bu barədə XIX əsrin rus müəllifi D.A.Kistenev "Lənkəran qəzasında kustar istehsal sahələri və kəndlilərin əlavə gəlirləri" adlı məqaləsində geniş məlumat verib.

Müəllif adıçəkilən məqaləsində bölgənin Zuvand, Drıq, Orand kimi dağlıq və dağətəyi kəndlərində əhalinin geniş şəkildə toxuculuqla məşğul olduğunu da yazır. XIX əsrdə Zuvandda 35, Drıqda isə 42 kənddə toxuculuğun müxtəlif sahələri ilə məşğul olunduğu qeyd edilir. D.A.Kistenevin sözlərinə görə, Pirasora, Şonaçola, Rəzgov, Rvarud, Çayrud, Veri, Siov, Hamarat, Şingədulan, Mulalan, Zenonu, Xanagah, Gürdəsər, Kirəvud, Nücü, Soru, Vistən, Lərmərud kimi kəndlərdə toxunan xalça-palaz məmulatı bütün qəzada məşhur idi.

Yeri gəlmişkən, xalçaçılıq sənəti Lerikdə bu gün də davam etdirilir. Bu xalq sənəti nümunəsi gəlin köçən qızların cehiz dəstinin çox mühüm elementi sayıldığından, indinin özündə də, demək olar, hər bir evdə xalça toxunur. Bundan əlavə, Lerik şəhərində uzun illərdir ki, xalçaçılıq sexi fəaliyyət göstərir. Burada milli ornamentli, müxtəlif çeşidli xalçalar toxunur. Rayonun Pirəsora, Blaband və Noda kəndlərində də xalçaçılıq sexləri mövcuddur. Lerik əhalisi arasında boyaqçılıq, əyiricilik və toxuculuq peşəsi ilə əlaqədar olan digər sənət sahələri, həmçinin Şingədulan və Şonaçola kəndlərində qədim tarixə malik dəmirçilik, nalbəndlik və s. bu gün də yaşadılır.

 

Mətbəx

 

Cənub bölgəsi üçün xas olan milli yeməklərimiz Lerik kulinariyasının da əsasını təşkil edir. Toyuq ləvəngisi, müxtəlif növ kabablar, lavaşlı lüləkabab, kələm, pomidor və yarpaq dolması, badımcan qiyməsi, südlü plov, süzmə qatıqplov, mərciplov, lobyaplov, xəşil, umac, mərci şorbası və s. Lerik mətbəxinin əsas yeməkləri sayılır. Qoz ləpəsindən hazırlanan yeməklər geniş yayılıb.

Lerikdə tarixən maldarlıq təsərrüfat məişətinin əsas istiqamətlərindən birini təşkil etdiyindən, burada süd mənşəli yeməklər əhalinin qida rasionunda çox mühüm yer tutub. XIX əsr müəlliflərinin də məlumatına görə, Lənkəran qəzasının Zuvand, Orand və Dırıq mahalları əhalisinin təsərrüfat məşğuliyyətində və dolanacağında maldarlıq başlıca rola malik olub. İnsanlar camış, inək, qoyun və keçi südünü həm natural formada qəbul edir, həm də ondan bir çox məhsullar - "ağartı" adlandırılan yağ, qatıq, süzmə, pendir, ayran, qaymaq, şor və s. alırlar. Bundan başqa, sözügedən ağartı məhsulları digər yemək və içkilərin hazırlanmasında da əsas kompanentlərdən biri kimi çıxış edir.

Leriklilərin əsas ənənəvi içkiləri isə tarixən təmiz və sərin bulaq suyu, qəndab, çay, iskəncəbi, şərbət, ayran, meyvələrdən alınmış təbii şirələr və s. olub.

 

Xalq yaradıcılığı

 

Lerik əhalisinin maraqlı folkloru, tamaşaları, rəqs və mahnıları vardır. Folklor nümunələri həm Azərbaycan, həm də talış dilində ifa olunur. Hazırda rayonun Mondigah kəndində "Laxqutu" (və ya Lakto) rəqs ansamblı, Noda kəndində "Halay" mahnı və rəqs qrupu, Cəngəmiran kəndində isə "Ənzəli" folklor qrupu fəaliyyət göstərir.

Rayon mədəniyyət və turizm şöbəsi müdirinin müavini Urşan Əliyev məlumat verərək bildirdi ki, yeni yaradılmış və 24 nəfərdən ibarət "Rəfti" uzunömürlülər Talış folklor rəqs kollektivi qısa zaman kəsiyində böyük uğurlara imza atıb. Kollektiv bir sıra rayonlarımızda, o cümlədən paytaxt Bakıda öz maraqlı repertuarı ilə çıxışlar edib və qardaş Türkiyədə qastrol səfərində olub. Səfər böyük müvəffəqiyyətlə keçib. Artıq Bolqarıstan və Koreyadan da dəvətlər almışıq.

Xalq musiqi kollektivlərinin repertuarının əsasını həm Azərbaycan, həm də talış dilində ifa olunan yaşı yüzillərlə ölçülən mahnılar təşkil edir. Bu sırada "Ay lo-lo lo-lo-lo", "Həsiri basma dolan gəl", "Oturun, qızlar", "Toyun mübarək olsun", "Kinəlim-kinəlim", "Qardaş, toyun mübarək", "Nar atdılar, yar-yar", "Aman yarım, ay yarım" və s. göstərmək olar.

Xalqımızın təqvim mərasimləri, məişət həyatı və təsərrüfat məşğuliyyəti ilə bağlı olan "Kosa-kosa", "Qodu-qodu", "Çilingağac", "Hil-hil", "Beş daş", "Məxquli", "Quli-quli", "Ənzəli", "Yoldaş, səni kim apardı", "Gizlənpaç", "Xan-vəzir", "Xan-xan", "Bir, iki - bizimki", "Qazlarım, qazlarım" və s. xalq oyun və əyləncələri özünün lokal xüsusiyyətləri və özünəməxsusluqları ilə bərabər yaşamaqdadır.

 

Bu qala, bizim qala...

 

Lerik həm də tarixi abidələr diyarıdır. Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim insan yaşayış məskənlərindən biri məhz Lerikdədir. Orta daş dövrünün yadigarı olan Büzeyir mağarasında arxeoloq-alim, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun başçılıq etdiyi ekspedisiya üzvlərinin apardığı ardıcıl tədqiqat işləri də bunu deməyə əsas verir.

XIX əsrin 90-cı illərində fransız alimi C.Morqan Lənkəran-Lerik yolunun dağ keçidlərində, qədim qəbristanlıqlarda qazıntılar apararaq, eramızdan əvvəl son tunc və ilk dəmir dövrünə aid qiymətli arxeoloji abidələr aşkar edib. Lerik, Mastayıl, Rəzgov, Hamarat, Aspahız, Kerəvelədi, Veri, Hoveri, Conu, Tülü, Monidigah, Tatonu kəndlərində aparılan tədqiqatlar da maraqlı nəticələr verib. Həmin tədqiqatların nəticələri 1894-cü ildə Fransada beşcilidlik "İrana elmi səfər" adlı kitab da çap olunmuşdur.

Morqan 1890-cı il aprelin 5-dən iyulun 15-dək 250-ə qədər qəbir abidəsi tədqiq edib. Mastayıl, Hamarat, Rəzgov və Veri kəndlərində aşkar edilən daş qutu qəbirlərin uzunluğu 6-7 metr, eni 2 metr, dərinliyi isə 2,5 metrdir. Arxeoloq Şeffer Lerik ərazisindən tapılan tunc baltaların e.ə. 1550-1650-ci illərə aid olduğunu yazıb.

Vaxtilə rayonun Çayrud kəndi ərazisində tapılmış, e.ə. II-I minilliklərə aid Tunc dövrünün xəncərləri, nizə və ox ucluqları, muncuqlar, qəbir əşyaları Lerik Tarix-Diyarşınaslıq Muzeyində saxlanılır. 2011-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu burada arxeoloji tədqiqatları yenidən bərpa edib. Arxeoloqlar Abuzər Ələkbərov və Samir Kərimovun rəhbərlik etdikləri ekspedisiya qrupu tərəfindən bölgə, bütövlükdə isə Azərbaycan tarixi üçün maraqlı olan bir sıra elmi nəticələr əldə olunub.

Rayonun Gürdəsər, Boykəndil, Aran və Buruq kəndləri ərazisində də küp qəbirlərdən və kurqanlardan ibarət arxeoloji abidələr mövcuddur. Bütün bunları nəzərə alan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu bu il Lerikə bir neçə arxeoloji ekspedisiya qrupu göndərməyi planlaşdırır.

Lerikdəki Qız qalası Azərbaycanda hələlik məlum olan ən məşhur 15 Qız qalasından biridir. Yerdən hündürlüyü 150 metrə çatır. Qalanın qarşısında böyük bir mağara, onun sıldırım tərəfində isə 5 kaha mövcuddur. Qalanın zirvəsinə yalnız bir tərəfədən çox çətinliklə qalxmaq mümkündür. Qalanın üstündə hündürlüyü 10-45 metr olan iç qala - Narınqala mövcuddur. Zirvəsindəki bürclər bu günə qədər qalmaqdadır.

Qız qalasından bir qədər aralıda, daha hündürlükdə yerləşən möhtəşəm Oğlan qalası qərarlaşıb. Vaxtilə buradan Qız qalasına saxsı borularla su çəkildiyi bildirilir.

Tədqiqatçıların yazdıqlarına görə, İran ordusunun baş komandanı Abbas Mirzənin Azərbaycana hücumu zamanı Lerik Qız qalası müdafiə baxımından mühüm strateji əhəmiyyət kəsb edib.

Xanagah kəndində XIV əsrə aid Xoca Seyid, Cəngəmiran kəndində Xəlifə Zəkəriyyə, Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində Babagil, Lerik şəhəri yaxınlığında Cabir, Lərmərud kəndində Saf Seyid ocağı, Aran kəndində Xəmir ocağı, Əliabad kəndində Mir Məryəm ocağı, Orand kəndindəki Kəla türbələri və s. bölgədə İslam dininin və mədəniyyətinin dərin köklərə malik olmasına işarədir. Ümumiyyətlə, Lerikin çox az kəndi, yaşayış məntəqəsi tapılar ki, orada ziyarətgah, inanc, sitayiş obyektləri olmasın. Bura insanların ağac və daş pirlər, müqəddəs hesab edilən qalalar, dağ zirvələri, səma cisimləri və s. ilə bağlı İslamdan əvvəlki inanc yerlərini də əlavə etsək, çox uzun bir siyahı alınar. Sovet dövrünün amansız ateizm təbliğatı, xalqın mənəvi dəyərləri üzərinə edilən amansız hücumlar da bu ziyarət yerlərinə xalqın inamını söndürə bilməyib, yaddaşlardan pozmayıb.

Yeri gəlmişkən qeyd edək ki, malik olduğu tarixi-mədəni zənginlik fonunda Lerikin kompleks etnoqrafik tədqiqinə də böyük ehtiyac duyulur. Doğrudur, son illər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən bu istiqamətdə bir çox mühüm işlər görülüb. Lakin getdikcə genişlənən qloballaşma proseslərinin nəticələri zaman keçdikcə burada da özünü göstərməkdədir. Əhalinin yaşlı təbəqəsinin məişətdə, şifahi yaddaşda, davranışlarda qoruyub saxladıqları streotiplər, münasibətlər, uzaq keçmişimizin əxlaq və mənəviyyat normaları, emprik bilik və təcrübə tədricən onların özləri ilə bərabər aradan çıxmaqdadır. Bu mənada "açıq səma altında etnoqrafik muzey" adlandırıla biləcək Lerikə uzunmüddətli stasionar ekspedisiyanın təşkili olduqca vacibdir.

 

Zamanın daşlaşan yaddaşı

 

...Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyindəyik. Direktor Sevil Ağayeva muzeyin tarixi və fəaliyyəti barədə ətraflı məlumat verir. Məlum olur ki, muzey 1986-cı ildə təşkil olunub. 6 salon və 10 bölmədən ibarətdir. I salonda Lerikin tarixi, flora və faunası ilə bağlı materiallar nümayiş olunur. II salonda əsasən rayon ərazisində aparılmış tədqiqat işləri zamanı aşkar edilən arxeoloji materiallar, həmçinin Şah İsmayıl Xətai dövrünə aid maraqlı eksponatlar yerləşdirilib.

Muzeyin III salonunda sənətkarlıq nümunələri, IV salonda IX-XIX əsrlərin müxtəlif hadisələrini əks etdirən eksponatlar nümayiş etdirilir. V salon bütünlüklə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində, 20 Yanvar faciəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş leriklilərə həsr olunub. Məlum olur ki, 1941-1945-ci illərdə cəbhəyə getmiş leriklilərin 1951 nəfəri həlak olub. Reyxstaq üzərinə qələbə bayrağını sancan qəhrəmanlar arasında leriklilərin də adları çəkilir.

Qarabağ döyüşlərində də minlərlə lerikli qəhrəmancasına vuruşub, onlardan 140 nəfəri şəhidlik zirvəsinə ucalıb və 78 nəfəri isə əlil olub. 5 nəfər şəhid lerikli - Valeh Müslümov, Rövşən Abdullayev, Fəxrəddin Şahbazov, Fərhad Ağayev və Əsgər Əliyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tarix-Diyarşünalıq Muzeyinin VI salonu isə bütünlüklə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənəd, fotomateriallar və kitablara, həmçinin Prezident İlham Əliyevin Lerikə səfərlərini əks etdirən materiallara həsr olunub.

 

Ömrünüz uzun olsun

 

Yuxarıda qeyd olunduğu kimi, Lerik həm də uzunömürlülər diyarı kimi məşhurdur. Belə ki, vaxtilə burada 500 nəfərdən çox uzunömürlü yaşayıb. Hazırda isə Lerikdə yaşı 100-ü keçmiş sakinlərinin sayı 20-dən artıqdır.

Lerik uzunömürlülərinin adları "Ginnesin rekordlar kitabı"na da düşüb. Doğrudur, Qafqazın bir çox yerlərində 90, 100 illik yubileylər qeyd edən uzunömürlülər olub. Lakin 120, 140, 150 illik yubileylər yalnız Azərbaycanda və yalnız Lerikdə olub. Bütün bunlarla bağlı məlumatlar dünyada ilk və yeganə olan Lerik uzunömürlüləri muzeyində əksini tapıb.

Muzeyin direktoru Dilarə Fətullayeva bildirdi ki, muzey 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə uzunömürlülər muzeyi üçün inşa olunan yeni bina milli memarlıq elementləri baxımından çox zəngindir. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı 50-dən çox lerikli haqqında 1100-dən çox eksponat, o cümlədən maraqlı məlumatlar və fotoşəkillər yer alıb.

Muzey eksponatları sırasında 168 il ömür sürmüş Barzavu kənd sakini Şirəli Müslümovun (1805-1971) portreti və ona məxsus eksponatlar - 100 ildən çox başına qoyduğu gümüşü papaq, Vyetnam Respublikasının dövlət başçısı Xo Şi Minin 1962-ci ildə ona hədiyyə etdiyi ipək köynək, haqqında yazılmış kitablar, qəzet və jurnal məqalələri, televiziya filmlərinin lentləri və s. böyük maraq kəsb edir. Dilarə xanım Fətullayeva onu da bildirdi ki, Şirəli baba 136 yaşında 57 yaşlı bir xanımla ailə həyatı qurub və onların bir qız övladı dünyaya gəlib.

Başqa bir maraqlı guşə 154 il ömür sürmüş Mahmud Eyvazova (1809-1959) aiddir. Guşədə demək olar ki, bütün ömrünü təbiətin, uca dağların qoynunda keçirən bu el ağsaqqalı haqqında təxminən 50 il əvvəl çəkilmiş televiziya filmi, bolqar və rus dillərində nəşr olunmuş "Onun 150 yaşı var" kitabı, Moskva və Bakı məktəbliləri, elm adamları, incəsənət xadimləri ilə görüşləri zamanı çəkilmiş fotoşəkillər, şəxsi əşyalar və s. qorunur.

145 il ömür sürmüş Məcid Ağayev, 128 yaşlı Əbdül Hüseynov, 125 il yaşamış molla Həsrət Məlikov, 120 yaşlı Nəni Əhmədova haqqında sənədlər, onların həyat tərzini əks etdirən eksponatlar da diqqəti cəlb edir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 iyun 2010-cu ildə Lerik rayonuna səfəri çərçivəsində uzunömürlülər muzeyinin yeni binasının açılışında iştirak edib və bu mədəniyyət ocağının ekspozisiyası ilə yaxından tanış olub.

 

Qədim şəhərin yeni növrağı

 

Son illər Lerikin siması çox dəyişib. Bu gün Lerikdə böyük tikinti-abadlıq işləri görülür. Şəhərin küçələri yenidən qurulur, yeni parklar, istirahət guşələri yaradılır. Kəndlərarası yolların asfaltlaşdırılmasına başlanılıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən rayona 3 milyon manat əlavə vəsait ayrılıb. Lerik Rayon İcra Hakimiyyətindən bizə bildirdilər ki, artıq Lerikdən Kəlvəz-Qosmalian-Kələxan istiqamətinə uzanan yolun yenidən qurulması işləri gedir. Yaxın günlərdə isə Lerik-Şingədulan istiqamətində uzanan yolların da təmirinə başlanacaq və bu yol üst-üstə 50-ə qədər kəndin əhalisinə xidmət edəcək.

Rayonda məktəb tikintisi də getdikcə genişlənir. Ötən bir neçə il ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə rayonda çoxlu sayda yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilib. Rayonun dörd kəndində - Aran, Mulalan, Züvüç və Ləkər kəndlərində tikilən yeni məktəb binalarının da növbəti tədris ili üçün istifadəyə verilməsi nəzərdə tutulub.

Bu gün Lerik şəhərində iki muzey (Tarix Diyarşünaslıq və Uzunömürlülər Muzeyləri), Heydər Əliyev Mərkəzi, Mədəniyyət evi, uşaq incəsənət qaleriyası və s. fəaliyyət göstərir. "Relaks", "Meşəbəyi", "Həyat", "Təbəssüm", "Babək", "Paradiz" və digər turizm və istirahət mərkəzləri Lerikə gələn qonaqları ən yüksək səviyyədə qəbul etməyə hazırdır.

Bir sözlə, qədim şəhərin yeni növrağı ona çox yaraşır.

 

 

Tofiq BABAYEV,

tarix üzrə fəlsəfə doktoru,

 

Tahir ŞAHBAZOV,

tarix üzrə fəlsəfə doktoru,

AMEA Arxeologiya və

Etnoqrafiya İnstitutunun

aparıcı elmi işçiləri

 

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 7.