Gəncə abadlığı, gözəlliyi, inkişafı ilə deyil, həm də sabitliyi, əmin-amanlığı ilə seçilir

 

Gəncənin son vaxtlar necə böyük sürətlə inkişaf etməsi, abadlaşdırılması və tarixi keçmişi qorunmaqla müasirliyə qovuşması, əsrarəngiz bir şəhərə çevrilməsi haqqında dəfələrlə yazmışıq və bundan sonra da qədim Nizami yurdunun günü-güzəranı qəzetimizin əsas mövzularından biri olacaqdır.

 

Bəs Azərbaycanın ikinci böyük bir şəhərində əhval-ruhiyyə necədir, əmin-amanlıq, sabitlik necə qorunur, kriminogen durum yaxşıdırmı? Bu suallara cavab almaq üçün şəhərin ən müxtəlif yerlərində, özü də sutkanın müxtəlif vaxtlarında olduq, adamlarla görüşüb söhbət etdik, şəhər Baş Polis İdarəsindən bizə təqdim olunan arayışlara, statistik göstəricilərə nəzər saldıq, idarə rəhbərliyinin fikrini öyrəndik və sair.

Konkret gəldiyimiz nəticə isə budur: Gəncə abadlığı, inkişafı, gözəlliyi ilə deyil, həm də sabitliyi, əmin-amanlığı ilə seçilir. Başqa sözlə, bu şəhərdə yaşamaq da, işləmək də, istirahət etmək də xoşdur, rahatdır, ürəkaçandır. İstər ictimai asayişin qorunması, istərsə də cinayətkarlığa qarşı mübarizə heç vaxt indiki kimi yüksək səviyyədə təşkil olunmayıb.

 

Cinayətlərin 98,5 faizi açılıb

 

Gəncənin tarixində heç vaxt belə olmayıb. Çoxlarını bəlkə də heyrət bürüyür. Gəncə kimi böyük bir şəhərdə cinayətlərin 98,5 faizinin açılması gərgin, peşəkar işin təşkilinin nəticəsidir. Söhbət bu ilin 6 ayının yekunlarından gedir. Yəni bu ilin birinci yarısında baş vermiş cinayət hadisələrinin 98,5 faizi açılmışdır. Əksəriyyəti də "isti izlər"lə.

Belə yüksək göstərici keçən il də olub. Ötən il Gəncədə 574 cinayət hadisəsi qeydə alınmış və onlardan 560-ı açılmışdır ki, bu da 97,4 faiz təşkil etmişdir.

Amma bu il göstəricilər əvvəlki illərdən xeyli fərqlənir. Maraqlı, həm də diqqətçəkən məqamlardan biri də budur ki, artıq neçə aylardır ki, şəhərdə ciddi rezonans doğuran böyük oğurluq, quldurluq, girovgötürmə, adam öldürməyə cəhd və digər ağır cinayətlər baş vermir. Oğurluq faktına toxunduq. Əslində bu oğurluqlar xırda oğurluqlardır. Məsələn bu ilin 6 ayında şəhər üzrə 48 oğurluq faktı qeydə alınıb ki, onun da 26-sı vətəndaşların maşınlarından maqnitafon, təkər və digər aksesuarların oğurlanması olub. Qalanları isə xüsusi təhlükəli cinayətkarlar tərəfindən törədilib və aparılan operativ axtarış tədbirləri nəticəsində onlar ifşa olunub və istintaq orqanlarına təhvil verilib. Bu müddətdə qanunsuz dövriyyədə olan 10 kiloqram narkotik maddə aşkar edilərək götürülüb. Qeyd olunan dövrdə insan sağlamlığına zərər vuran 18 fakt, insan alveri ilə bağlı 1 fakt qeydə alınıb. 6 ay ərzində böyük bir şəhərdə cəmi 13 xuliqanlıq faktının olması da onu göstərir ki, ictimai asayiş ciddi qorunur, adamların gur olduğu yerlərdə polis nəzarəti güclüdür, tərbiyəvi-profilaktik işlərə üstünlük verilir.

 

Polisin nüfuzu yüksəkdir

 

Konkret belə bir qənaətə gəlmək mümkündür ki, şəhərdə polisə həm böyük inam var, həm də əhali arasında onun nüfuzu yüksəlib. Şəhər Polis İdarəsinin Baş Polis İdarəsinə çevrilməsi və idarənin rəisinə polis general-mayoru xüsusi rütbəsi verilməsi, şəxsi heyət arasında nizam-intizamını yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi həvəsləndirmə amillərinə üstünlük verilməsi bu inamı, etibarı, nüfuzu daha da yüksəltmişdir. Yeri gəlmişkən qeyd edək ki, idarənin rəisi, general-mayor Rasim Musayev şəhərdə işlədiyi illər ərzində peşəkarlığı, ciddiliyi, əhali ilə sıx təmasda olması ilə seçilib ki, bu da yuxarıda qeyd etdiyimiz göstəricilərin ilbəil yaxşılaşmasına, polisin nüfuzunun yüksəldilməsinə imkan yaratmışdır. Rasim Musayevlə söhbət zamanı əldə olunan uğurları ölkə Prezidenti İlham Əliyevin polis orqanlarına, o cümlədən Gəncənin polis işçilərinə göstərdiyi diqqət və qayğı ilə əlaqələndirdi:

- Cənab Prezidentimiz biz asayiş keşikçilərinə daim dəstək olur. Belə ki, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli üsulların tətbiqinə imkan verən, dünya standartlarına uyğun maddi-texniki bazanın gücləndirilməsi, daxili işlər orqanları əməkdaşlarının maddi və sosial şəraitinin yaxşılaşdırılması, ötən ilin noyabrında polisin əmək haqlarının artırılması və digər tədbirlər bizə imkan verib ki, daha yaxşı çalışaq, işimizə vicdanla yanaşaq.

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıya qoyduğu vəzifənin öhdəsindən gəlmək üçün əlimizdən gələni edirik. Cənab nazirimizin bizə göstərdiyi diqqət və qayğı işimizin daha yaxşı təşkilinə şərait yaradır. Son vaxtlar 60-a yaxın nəqliyyat vasitəsinin ayrılıması, Şəhər Baş Polis İdarəsi üçün yeni binanın istifadəyə verilməsi və digər işlər bizim məsuliyyətimizi artırmışdır. Hazırda Kəpəz Rayon Polis İdarəsi üçün yeni inzibati bina inşa olunur. Onun müvəqqəti saxlama təcridxanası dünya standartlarına cavab verə biləcək şəkildədir və tezliklə istifadəyə veriləcəkdir.

Gəncənin polis əməkdaşlarının əməyi daim nazirliyimiz tərəfindən yüksək qiymətləndirilir. Təkcə bu ilin 6 ayı ərzində 14 nəfərə leytenant rütbəsi verilmiş, 30 nəfərin isə rütbəsi artırılmışdır. Şəhər rəhbərliyindən böyük dəstək alırıq. İcra hakimiyyətinin başçısı Elmar Vəliyev daim işimizlə maraqlanır, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizədə daha fəal olmağı tövsiyə edir. Digər tərəfdən əməkdaşlarımızın maddi-mənəvi həvəsləndirilməsi üçün əlindən gələni əsirgəmir. Elə 25 nəfər əməkdaşımıza torpaq sahəsinin ayrılması dediklərimə əyani subutdur.

 

Gecə gəzintiləri

 

Artıq neçə vaxtdır ki, Gəncənin hər küçəsində, döngəsində, tinində onları görmək mümkündür. Söhbət post-patrul xidmətinin gücündən əlavə zabitlərdən ibarət hər gecə təşkil olunan qruplardan gedir. Onlar səhərə kimi şəhərdə gəzir, asayişin qorunmasına köməklik göstərir. Hər gecə 20 bu cür qrup şəhərdə sabitliyə nəzarət edir. İndi avtoxuliqanların da sayı demək olar ki, yox dərəcəsindədir.

Məlum oğurluqların sayı minimuma enib. Artıq cinayətkarlığa meyilli şəxslər gecələr küçələrə çıxmağa cəsarət etmirlər. Gecə gəzintilərinin ənənə şəklini alması öz müsbət səmərəsini verir. Şübhəli görünən ən adi hadisəyə belə polisin müdaxiləsi gecələr də sabitliyin qorunmasına böyük təsir göstərir. Baş polis idarəsi rəisinin müavini, polis polkovnik-leytenantı Anar Əkbərov maraqlı bir hadisəni söylədi. Dedi ki, bu gəzintilərin birində polis işçiləri maşını qaçırmaq istəyən bir gənci cinayət başında yaxalamışlar. Ertəsi gün hərbi hissəyə yola düşəcək gənc sərxoş halda bir maşının sükanı arxasına keçir və bilmir ki, onun yiyəsi maşınının radiatoru donmamaq üçün suyunu boşaldıb. Gəncin isə bundan xəbəri yoxmuş. Bir xeyli məsafə qət etdikdən sonra maşında qırmızı işıq yanır və mühərrik sürücülərin dili ilə desək "vurur". Gəncə yaxınlaşan polis işçiləri hiss edirlər ki, maşın onun deyil. Sənəd tələb edirlər və məlum olur ki, maşın qaçırılıb. Belə faktlar onlarladır.

Sakinlər polisin bu fəaliyyətindən çox razılıq edirlər. İndi gecənin istənilən vaxtı adamlar çox rahat şəkildə şəhərdə gəzişə bilir.

Şəhərdə 121 ədəd təhlükəsizlik kameraları quraşdırılıb. İstənilən meydanda, küçədə, döngədə bu cür kameralar quraşdırılıb. Şəhərə daxil olan, şəhərdən çıxan maşınların dövlət nömrə nişanlarını, onların, o cümlədən vətəndaşların hərəkətlərinə nəzarət etmək mümkündür.

İşıqforlar da dəyişdirilir, yeniləri, daha müasirləri ilə əvəz olunur. Üzərində saniyələri olan elektron işıqforlar nəqliyyat vasitələrinin daha normal hərəkətinə şərait yaradır.

 

Neçə illər keçsə də cinayətin üstünü açırlar

 

Gəncədə artıq hamı tam əmin olub ki, şəhərdə heç bir cinayət bağlı qalmayacaq, onun üstü gec-tez açılacaqdır. Çünki artıq polis işçilərinin ayıq-sayıqlığını, peşəkarlığını, kriminogen duruma ciddi nəzarət etdiklərini görürlər.

2006-cı ildə qətlə yetirilmiş Gülgəz Rüstəmovanın qatilinin bu yaxınlarda tapılmasını bəlkə də çoxları gözləmirdi. Amma onu törədən şəxsin 6 ildən sonra yaxalanması onu göstərdi ki, cinayətkar gec-tez cəzasını alacaqdır.

Yaxud götürək başqa bir yaxalanma hadisəsini. Təxminən 34 il məhkumluq həyatı yaşamış Əmirxan Musayev "Şəki halvası satıram" deyə-deyə respublikanın 30-a yaxın rayonunda oğurluq etmişdi, o cümlədən 20-yə yaxın yüngül ev oğurluqları onun tərəfindən törədilmişdi. Yalnız Gəncə polisi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində ələkeçməz oğru yaxalanmış və istintaq orqanlarına verilmişdir.

Qeyd edək ki, bu yaxınlarda ifşa olunmuş Ə.Musayev Şəki halvasını bilərəkdən baha qiymətə deyirmiş ki, heç kim almasın və o bağlı qapılara daha çox nəzər yetirə bilsin və yalnız bundan sonra öz çirkin niyyətini həyata keçirsin. Lakin...

Cəmi iki misal çəkdik. Lakin onlar şəhərin polis işçilərinin gərgin əməyini tam əks etdirməsə də, şəhərdə cinayətkarlığa qarşı mübarizənin kiçik bir göstəricisidir.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 6.