"Danışan daşlar"ın hekayəti

 

Yaradan canlı-cansız hər şeyə dil verib. İnsanın da, heyvanın da, torpağın da, odun da, suyun da, havanın da, lap daşın da dili var. Kim bu dillərin sirrini aça bilirsə, daha bir ifadə vasitəsi qazanır. Şair gül-çiçəyin, bəstəkar bulağın, rəssam meşənin, heykəltəraş daşın, əkinçi torpağın, usta dəzgahın dili ilə necə danışır?

 

Ədalət Pirverdiyev də 33 illik ömrünün 25 ildən çoxunu adi çay daşları ilə söhbətdə keçirib. 6-7 yaşlarında Şahdağdan qaynaqlanan Ağçayın, Qaraçayın yataqlarındakı təbiətin sığal çəkdiyi əl boyda daşların sehirli aləminə düşüb. Yaşıdlarının quşlara, heyvana atdığı daşlar Ədalətin ovuclarında dil açıb, danışıb. Çox keçmədən bu daşların tozunu aldıqca, orada atasının, anasının, müəllimlərinin çöhrələrini aşkara çıxarıb. Məktəbdə xalqın tanınmış adamlarının kimliyini öyrəndikcə bu daşlar sığallanıb. Nizamiyə, Füzuliyə, Üzeyir Hacıbəyliyə, Səməd Vurğuna... dönüb.

Daşların sehirli aləmində aşkar etdikləri onun gözəllik duyğusunu, ifadə bacarığını daha da artırıb. Orta məktəbdən sonra Xaçmazdakı 92 saylı peşə liseyində yiyələndiyi suvaqçı-rəngsazlıq onun daşların lal dilini öyrənməsinə bir az da kömək edib. Sonra isə istedad və bacarığının sorağı Rəssamlıq Akademiyasına yetişib, rektor, xalq rəssamı Ömər Eldarbəyovun himayəsi ilə təsviri sənət və sənətşünaslıq fakültəsini bitirib. Burada Yusif və Rəsul Hüseynov kimi tanınmış rəssamlardan dərs alıb. Ömər müəllim Ədalətin formalaşadırdığı sənəti "çay daşı üzərində heykəltaraşlıq" adlandırıb.

İllər keçdikcə, Ədalətin həvəsi çay yataqlarından topladığı rəngarəng, müxtəlif ölçülü daşlar xalqımızın dahi şəxsiyyətlərinin - qəhrəmanlarının, sənət adamlarının, ictimai xadimlərin orijinal təsvirlərinə çevrilib. Dövlət rəmzlərimiz, obrazlaşmış anlayışlar da ovucda yerləşən barelyeflərin sayını artırıb. Artıq Ədalətin doğulub-böyüdüyü Xaçmazın Alıc-Qışlaq kəndindəki ata evi "Danışan daşlar" muzeyi kimi tanınır. Xaçmaza yolu düşən yazarlar tez-tez burda olur, bu bənzərsiz muzey barədə vaxtaşırı söhbət açılır.

Ədalət Pirverdiyevin muzeylərin eksponatlarına Xaçmazda olarkən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da baxıblar, heyranlıqlarını bildiriblər. Onun əl işləri ölkəmizdə və xaricdə dəfələrlə sərgilərdə yer alıb. Ədalətin əsərləri milli-mədəni dəyərlərimizə işıq salan çevik, ifadəli, yaddaqalan obrazlar qalereyası təşkil edir. Bu zəngin külliyyat daha geniş auditoriya gözləyir.

İstedadlı və təvazökar gənc olan Ədalət bu günlərdə yenidən redaksiyamıza gəlmişdi. Yeni 3 əsərini - bu ilin yubilyarları Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və Mirzə Ələkbər Sabirin çay daşı üzərində təsvirlərini gətirmişdi. O, bu dahilərin obrazlarını əvvəllər yaratsa da yubiley variantları daha mükəmməl idi. Ədalət ulu öndər Heydər Əliyevə yeni əsərlər həsr etdiyinibildirdi.

Müsahibimizdən nə ilə məşğul olduğunu soruşduq. Bildirdi ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, sənət hamisi olan Şəmsəddin Xanbabayevin qayğı və diqqəti sayəsində Rəsm Qalereyasında çalışıb, yaradıcılıq mühitində olub. Lakin indi özünü bütövlükdə "Danışan daşlar muzeyi"nə həsr etmək istəyir. Açıqlamasında vurğuladı ki, son illər abadlaşıb-böyümüş Xaçmaz şəhəri ölkənin turizm xəritəsində diqqətçəkən mövqe qazanıb. Muzeyin kənddəki evdən Xaçmaz şəhərinə köçürülməsi həm onun gedib-gəlmək qayğılarını azaldar, həm də ölkədə bənzəri olmayan bu muzeyi daha böyük auditoriyaya çıxardar. Bu muzey çoxsaylı turistlərə daşların cazibəli dili ilə gərəkli hekayətlər söyləyə bilər.

İnanırıq ki, hələlik ölkəmizdə yeganə ixtisas sahibi olan Ədalət Pirverdiyevi bu arzusuna da tezliklə yetişəcək, muzeyin-ekspozisiyasını genişləndirmək üçün daha həvəslə çalışacaq.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 6.