Səmimi sətirlər, aydın fikirlər

 

Ədəbi-bədii məzmunlu kitablar, xüsusən , şeir topluları haqqında söz açmaq həmişə asan olmur. Çünki həm bu qəbildən olan kitablarımız gündən -günə artır, həm də müəlliflərin hərəsində bir orijinallıq, özünəməxsusluq axtarmalı olursan. Bu isə təkcə təbii deyil, eləcə də vacibdir.

 

Ona görə də hər dəfə belə bir yazı hazırlamaq istəyəndə mütləq ədəbiyyatımızın görkəmli simalarından birinin fikirlərindən bəhrələnməyi üstün tuturuq. Məsələn, indi qələmə almaq istədiyimiz bu yazının əvvəlində mərhum ədib, söz sənətimizin ağsaqqallarından olan İsmayıl Şıxlının bir ifadəsi yada düşür. İsmayıl müəllim deyirdi ki, bir müəllifin iki-üç kitabdan sonra dəyişməsini, hansısa başqa bir yolu tutmasını gözləmə. Bu mümkün deyil. Əgər müəllif zorən dəyişilmək istəsə belə, onda həmin adamın yaradıcılığı səmimi olmayacaq. Yəni , ədib bədii materialdan ilk növbədə səmimiyyət tələb edirdi.

İndi haqqında söz açdığımız şair Zaməddin Ziyadoğlunun yaradıcılığına diqqət yetirəndə həmin məntiqin təsdiqini görürük. "Ömür növrağım" Zaməddin Ziyadoğlunun on ikinci kitabıdır. Ancaq bu kitab da müəllifin əvvəlki kitabları kimi tam səmimi, sırf özünəməxsus, heç kəsə bənzəməyən bir tərzdə qələmə alınıb. Müəllifin istənilən kitabından bir neçə şeiri götürüb bu kitaba əlavə etmək və ya bu kitabdan hansısa hissəni götürüb müəllifin əvvəlki kitablarında yerləşdirmək mümkün olsa, heç nə dəyişilməyəcək. Çünki Zaməddinin istənilən şeiri öz müəllifini nişan verir. O, cəmiyyət həyatında rastlaşdığı məqamlara münasibət bildirəndə də, təbiətdə gördüyü hansısa qeyri-adiliyi şeirə çevirəndə də, lap elə dostlarına, doğmalarına bədii sətirlər ünvanlayanda da,ümumiyyətlə, nə vaxt qələmi əlinə götürsə səmimidir. Fikrimizi bəzi konkret dəlillərlə əsaslandıraq.

Məsələn,qədim bir qəbiristanlığın kənarında, on illərlə boy qaldıran, buraya gələn kədərli, matəmli insanlara qərinələr boyu kölgə olmuş ağaclar kəsilir, doğranır, yerindən çıxarılır. Belə ağaclardan hələ bir neçəsi qalır. Amma sabah, ya da o biri gün kəsiləcəyini bilən həmin ağaclar fəryad qoparmırlar. Onların əvəzinə şair ürəyinin fəryadı eşidilir:

 

Dözür cəzalara, yol kənarında,

Öz ölüm hökmünü gözləyir ağac.

Bir ömür yaşayır öz məzarında,

Dərdini içində gizləyir ağac.

 

Başqa bir məqama diqqət yetirək. Yuxarıdakı sitatda ağacların səsini-fəryadını eşidən şair digər şeirdə daşların halına acıyır. Müəllifin fikrincə selin-suyun qayadan qopartdığı daşlar dərə boyu diyirləndikcə, bənd-bərə ilə toqquşduqca cilalanır, sirli baxışlarıyla insana nə isə demək istəyir. Amma deyə bilmir. Çünki:

 

Bu dünyaya lal gəlib

Danışan çay daşları.

 

Bəlkə də bütün insanların üzləşdiyi lövhədir. Ancaq heç birimiz həmin daşların halına acımamışdıq. Fikrimizcə, hər iki sitatda təbiət mövzusu ustalıqla ictimailəşdirilir.

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı "Ömür növrağım" kitabına yazdığı "Yaradıcı özünəməxsusluğu" adlı ön sözdə qeyd edir ki, Zaməddin Ziyadoğlunun şeirlərində sözünmövzunun rəngarəngliyi var. Onun yaradıcılığından müəllifin düşüncəsi , hansı duyğularla yaşaması haqqında səhih məlumat almaq olar. Bu yaxınlarda "Şirvannəşr" nəşriyyatında işıq üzü görmüş "Ömür növrağım"ın müəllifinə yeni-yeni uğurlar arzulayırıq.

 

 

İ.MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 6.