Avropa İttifaqı - Azərbaycan əlaqələri
yeni inkişaf mərhələsinə
qədəm qoyur
Bu qurumun prezidenti Herman Van Rompuyun Bakı səfərinin
nəticələri də belə deməyə əsas verir
Müasir dünyaya inteqrasiya siyasətini uğurla davam etdirən Azərbaycan Respublikası Avropa təsisatları ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Bu mənada ölkəmizin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlərin daha da dərinləşməsi prioritet məsələ kimi daim gündəmdədir. Milli maraqlarımızı ön planda tutan rəsmi Bakı güclü və etibarlı tərəfdaş kimi, əhəmiyyət kəsb edən bütün sahələrdə yeni-yeni təşəbbüslərə qoşulur, ittifaq ilə əlaqələrin yeni perspektivdə daha da inkişafını dəstəkləyir. İqtisadi və siyasi potensialına görə beynəlxalq aləmdə mühüm təsir imkanlarına malik olan Avropa İttifaqı da, öz növbəsində, Azərbaycan ilə əlaqələrinin inkişafında maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun iyulun 5-də Azərbaycana gerçəkləşən səfəri deyilənləri bir daha təsdiq etdi.
Səfər və onun nəticələri barədə qeydlərimizi bildirməzdən əvvəl xatırladaq ki, Avropa İttifaqı ilə Azərbaycanın münasibətləri 1993-cü ildən sonra inkişaf etməyə başlamışdır. Həmin il rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Münasibətlərin hüquqi əsasını təşkil edən "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" 1996-cı il aprelin 22-də Lüksemburq şəhərində imzalanmış və tərəflərin ratifikasiyasından sonra sənəd - 1999-cu il iyulun 1-dən qüvvəyə minmişdir. Həmin sənədin əhəmiyyəti ondan ibarət idi ki, burada əlaqələrin möhkəmləndirilməsi üçün artıq kontkret müvafiq mexanizmlər müəyyənləşdirilmiş, sazişdə siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulmuşdu.
Əməkdaşlığın və tərəfdaşlığın aparıcı elementinə çevrilən "Şərq tərəfdaşlığı" təşəbbüsü isə Avropa İttifaqı xarici işlər nazirlərinin 2008-ci il mayın 26-da Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. Avropa Qonşuluq Siyasətinə qoşulan ölkələr üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir. 2009-cu il mayın 7-də Praqada Zirvə görüşü keçirilmiş, həmin tədbirdə sözügedən təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi cizgilərini müəyyən edən birgə bəyannamə qəbul edilmiş və bununla da "Şərq tərəfdaşlığı" təşəbbüsünün həyata keçirilməsi yüksək səviyyədə elan edilmişdir. Təşəbbüs Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Onu da deyək ki, təşəbbüs Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə etmişdir. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və "Şərq tərəfdaşlığı" təşəbbüsünün gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulur. Bu format çərçivəsində təşəbbüsə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşünün keçirilməsi nəzərdə tutulur.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun bu il iyulun 5-də Azərbaycana baş tutan səfəri zamanı da ikitərəfli əlaqələrin inkişafı bir daha ətraflı müzakirə olundu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfərin Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığının daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirmişdi. Öz növbəsində, Herman Van Rompuy da demişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi və enerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial və imkanlar mövcuddur.
Bu gün bütün beynəlxalq qurumlar, birliklər regional və qlobal təhlükəsizlik məsələsinə böyük əhəmiyyət verirlər. Təcrübə göstərir ki, müasir dünyada hər bir dövlətin təhlükəsizliyinin təmini, təkcə onun sərhədlərindən yox, yaxın, hətta, uzaq regionlardan başlayır. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi təkcə Cənubi Qafqaz regionu üçün deyil, həm də Avropa İttifaqı üçün təhlükəli münaqişə ocağı kimi qalmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etmişdir ki, ölkəmizin beynəlxalq səviyyədə tanınan torpaqları artıq 20 ildir ki, Ermənistanın işğalı altındadır. Erməni silahlı qüvvələri təkcə Dağlıq Qarabağı deyil, həmçinin onun inzibati sərhədlərinə daxil olmayan yeddi digər rayonu da işğal altında saxlayır. Onlar etnik təmizləmə siyasətini həyata keçiriblər və bunun nəticəsində bizim bir milyona yaxın qaçqın və məcburi köçkünümüz vardır, torpaqlarımızın 20 faizi isə hələ də işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələyə dair bir sıra qətnamələr qəbul ediblər. Buraya BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa parlamentinin, Avropa Şurasının, ATƏT-in qərarları da daxildir. Əfsuslar olsun ki, bu qətnamələrin heç biri hələ də yerinə yetirilməyib. Ancaq sevindirici haldır ki, artıq beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar siyasətini daha kəskin dillə pisləyir, rəsmi İrəvanın aqressivliyinə daha yüksək səslə etirazını bildirir. Dövlət başçımız bu barədə demişdir: "ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin rəhbərlərinin status-kvonun qəbuledilməz olmasına dair verdikləri bəyanat bizi çox ruhlandırdı. Bu, çox dərin məzmunlu bəyanatdır və düşünürəm ki, vaxtında qəbul edilmiş bir bəyanatdır. Ümid edirik ki, bu cür mühüm bəyanatdan sonra biz status-kvonun həqiqətən də dəyişdiyinin şahidi olacağıq. Status-kvonun dəyişməsi işğal altında olan torpaqların azad edilməsinin başlanması deməkdir. Bu da regionda müsbət inkişaf ilə nəticələnəcəkdir. Ermənistanın işğal etdiyi torpaqların azad edilməsinə başladığı andan dərhal sonra bütün kommunikasiyalar açıla və regional əməkdaşlığa başlanıla bilər. Bundan bütün ölkələr faydalanacaqdır".
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy da bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin əldə edilməsi əsas prioritet olaraq qalmalıdır. Həll yolu tapılmadan keçən hər gün bizim hamımız üçün itirilmiş imkandır. Son vaxtlar Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması Avropada da narahatlıqla qarşılanır. Şura prezidenti belə hesab edir ki, münaqişənin yalnız sülh, danışıqlar yolu ilə həlli bütün regionda status-kvonu təhlükəsiz və çiçəklənən gələcəyə doğru dəyişməyə imkan verə bilər. Əgər təhlükəsiz və sabit regional mühit yaradılsa, bu, hamının xeyrinə olacaqdır.
Bu gün enerji təhlükəsizliyi də Avropa və bütün dünya üçün prioritet məsələ kimi gündəmdədir. Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Bu, həm də ona görə belədir ki, Xəzərin karbohidrogen ehtiyatlarının Avropa və dünya bazarlarına nəqlini təmin etmək üçün enerji dəhlizini ilk açan ölkə də məhz Azərbaycan olmuşdur. Bu gün ölkəmizin nefti Avropa İttifaqının bəzi üzv dövlətlərinin enerji balansının təqribən 30 faizini təşkil edir. Bu, o deməkdir ki, biz Avropadakı tərəfdaşlarımızın da enerji təhlükəsizliyini təmin edirik. Bu barədə danışan dövlət başçımız İlham Əliyev demişdir ki, Azərbaycan nefti dostlarımızın gələcək onilliklər üçün enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaqdır. Bundan başqa, Azərbaycanın Dövlət Neft Şirkəti Avropaya fəal şəkildə sərmayə qoyur. Bu əməkdaşlığı və faydalı razılaşmaları gələcəkdə də ikitərəfli qaydada davam etdirmək üçün planlar vardır.
Azərbaycan artıq iri qaz ixracatçısına çevrilib. Biz iri qaz yataqları aşkar etmişik. Üç əsas yataq - "Şahdəniz", "Ümid" və "Abşeron" Azərbaycanın əsas qaz ehtiyatlarını təşkil edir. Yəqin ki, növbəti illərdə biz yeni yataqların aşkar edilməsinin şahidi olacağıq. Azərbaycanın beynəlxalq səviyyədə təsdiqlənmiş qaz ehtiyatlarının həcmi 2,6 trilyon kubmetr təşkil edir. Biz, həmçinin artıq qazötürücü şəbəkəni də şaxələndirmişik. Bu yaxınlarda Türkiyə ilə Transanadolu qaz boru kəməri layihəsi barədə tarixi bir saziş imzalamışıq ki, burada da Azərbaycanın payı 80 faizdir. Bu, o deməkdir ki, layihənin icrasına dair bütün əsas məsuliyyəti və maliyyə öhdəliyini üzərimizə götürmüşük. TANAP-a rəhbərliyi üzərimizə götürmüşük və əminik ki, bu, uğurlu nəticəni şərtləndirən amil olacaqdır.
Yeri gəlmişkən, Avropanın Azərbaycan təcrübəsinə ehtiyacı vardır. Bu məsələyə toxunan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy qeyd etmişdir ki, Azərbaycan dünyəvi cəmiyyətdir və ölkənizin müxtəlif dinlərin nümayəndələrinin birgə yaşaması prinsipinə sadiqliyi müasir dünyada çox mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqının və regionun sabit, mütərəqqi və tolerant, demokratik islahatlara və müasirləşməyə sadiq Azərbaycana ehtiyacı vardır. Avropa İttifaqı Şurasının prezidentinin dediyi bu sözlər isə ölkəmizin sürətli iqtisadi inkişafının növbəti təsdiqi idi: "Azərbaycana ilk dəfə və ölkənizin dinamik inkişaf etdiyi dövrdə səfərimdən məmnunam. Buraya qısa müddətə gəlsəm də, artıq sürətli müasirləşmənin bir çox əlamətlərini görmüşəm". Avropanın yüksək səviyyəli rəsmisinin ölkəmiz barədə dediyi bu fikirlər bir daha belə deməyə əsas verir ki, Azərbaycan qısa vaxt ərzində dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə yüksələcək və Avropa İttifaqında öz layiqli yerini tutacaqdır.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 1.