Türk dili dünya dilləri arasında layiqli yerini tutmaqdadır

 

Türkiyədə keçirilən X Beynəlxalq Türk Dili Olimpiadası bunu bir daha təsdiq etdi

 

Türkiyə və Azərbaycan dünyanın elə bir mühüm regionunda yerləşir ki, burada sülhə, sabitliyə, mədəniyyətlərin dioloquna daha çox ehtiyac duyulur. Bu coğrafi məkanda yaşayan iki qardaş xalqın sahib olduğu üstün mədəni keyfiyyətlər onların bu missiyanı uğurla həyata keçirmələrinə geniş imkanlar açır. Türkiyədə keçirilən X Beynəlxalq Türk Dili Olimpiadası bunu bir daha təsdiq etdi. Final mərhələsi türk dünyasının mənəvi paytaxtı İstanbulda baş tutan olimpiadada türk dilində şeir, mahnı ifa edən müxtəlif xalqların nümayəndələri bir daha bəşəriyyəti sülhə, qardaşlığa, birlik və bərabərliyə dəvət etdilər.

 

X Beynəlxalq Türk Dili Olimpiadasında müxtəlif millətlərdən olan yeniyetmələrin türk dilində sərbəst mahnı ifa etməsi, şeir söyləməsi, səhnəciklərdə məharətlə öz istedadlarını nümayiş etdirməsi xarici qonaqlar və türkiyəli qardaşlarımız tərəfindən daim coşğuyla, sürəkli alqışlarla qarşılandı. "İnsanlıq əl-ələ" devizi ilə keçirilən tədbirlər silsiləsində şagirdlər türkcə söylədikləri şeir və oxuduqları mahnılarla türk dilinin sevgi, barış dili olduğunu bir daha dünyaya bəyan etdilər. Onu da deyək ki, olimpiada ilə bağlı tədbirlər İstanbul, Ankara ilə yanaşı, Türkiyənin 45 şəhərində baş tutdu.

Xatırladaq ki, Beynəlxalq Türk Dili olimpiadaları 2003-cü ildən bəri keçirilməyə başlanıb. Həmin il 17 ölkədən xeyli sayda nümayəndə Türkiyəyə dəvət olunub və tədbirlərdə iştirak ediblər. Ötən illər ərzində bu say durmadan artıb. Məsələn, 2010-cu ildə iştirakçı ölkələrin sayı 120, tədbirdə iştirak edən yeniyetmə-şagirdlərin sayı isə 750 olmuşdusa, bu il 135 ölkədən 1500-dək şagird tədbirlərdə iştirak etdi. Burada iştirakçılar yalnız yarışmır, həm də ünsiyyət qurur, dostlaşır, öz mədəniyyətlərini tanıdırlar. Olimpiadanın keçirildiyi İstanbul Sərgi Mərkəzində müxtəlif dövlətlərə aid bayraqların əzəmətlə dalğalanması, şüarlar, xalqların qardaşlığını tərənnüm edən böyük afişalar istər-istəməz insanda xoş duyğular yaradır, dünyanın hər tərəfindən gələn yüzlərlə insana həmrəylik, birlik mesajı verirdi. Hər halda şənliyin təşkilatçılarının da məqsədi bu mesajı verməklə yanaşı, Türkiyənin, türk xalqının humanizm prinsiplərinə sədaqətli olduğunu diqqətə çatdırmaqdı. Məmnunuq ki, buna böyük ölçüdə nail olundu.

Olimpiadanın təşkilat komitəsinin sədri Mehmet Sağlamın qeyd etdiyi kimi, Türkiyəyə gələn hər bir məktəbli ölkələrinə qayıtdıqdan sonra bu məmləkətin könüllü elçisi olacaq, həm Türkiyənin, həm də ona dost, qardaş olan Azərbaycanın könüllü mədəniyyət təbliğatçısına çevriləcəklər. Beləliklə, dünyaya, regiona daim barış arzulayan, yurdda sülh, cahanda sülh prinsiplərinə sadiq qalan türk xalqının qabaqcıl ideyaları olimpiadada iştirak edən şagirdlərin timsalında müxtəlif ölkələrdə özünə tərəfdaş qazanacaq. Onu da etiraf etmək lazımdır ki, bu gün türk dilinin, mədəniyyətinin daha geniş coğrafiyada tanınmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk liseylərinin böyük təsiri olmuşdur. Dünyanın 150-dək ölkəsində uğurlar qazanan həmin liseylər bu gün yüksək təhsil verən elm ocaqları kimi şan-şöhrət qazanmışdır.

Türkiyənin adıçəkilən təhsil ocaqlarından ilki 1992-ci ildə ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə Naxçıvan Muxtar Respublikasında açılmışdı. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan ümummilli liderimiz Türkiyənin təhsil işçiləri ilə keçirdiyi görüşdə bu cür məktəblərin, liseylərin dünyanın müxtəlif ölkələrində açılmasının əhəmiyyətini vurğulamış, çox dəyərli tövsiyyələr vermişdir. Bu tövsiyyələri həyatının amalına çevirən fədakar türk qardaşlarımız ulu öndər Heydər Əliyevin göstərdiyi hədəflər istiqamətində durmadan fəaliyyət göstərmiş və nəticədə dünyanın müxtəlif ölkələrində mükəmməl təhsil ocaqları açmışlar. Bu barədə danışan "Çağ" Öyrətim İşlətmələrinin prezidenti Ənvər Özərən fərəhlə bildirdi ki, birincisi türk dünyasının böyük oğlu Heydər Əliyevin xeyir-duası ilə açılan liseylər bu gün artıq 5 qitədə Azərbaycan həqiqətlərinin çatdırılmasında yaxından iştirak edirlər. Ənvər Özərənin fikrincə, həmin təhsil ocaqlarının fəaliyyəti və Beynəlxalq Türk Dili olimpiadalarının keçirilməsi dilin təbliği ilə yanaşı, həm də Azərbaycan - Türkiyə diasporunun fəaliyyətinə əlavə stimul verir.

Azərbaycanın mətbuat nümayəndələri ilə birlikdə İstanbulda səfərdə olduğumuz müddət ərzində ölkəmizə, onun mədəniyyətinə, incəsənətinə böyük diqqət göstərildiyinin bir daha şahidi olduq. Təkcə onu demək kifayətdir ki, 135 ölkədən gələn nümayəndələr müxtəlif səpkilərdə keçirilən ədəbi-bədii konsert proqramlarında çıxış etdikləri halda, azərbaycanlı şagirdlər İstanbul Sərgi Mərkəzinin həyətində qurulmuş böyük səhnədə 2 saatadək davam edən xüsusi hazırlanmış maraqlı "Azərbaycan gecəsi" adlı konsert proqramıyla minlərlə insanı heyran qoydular. Qeyd etdiyimiz kimi, həmin tədbiri izləmək üçün "Çağ" Öyrətim İşlətmələri və Qafqaz Universitetinin təşkilatçılığı ilə ölkəmizdən 100-dən çox mətbuat nümayəndəsi qardaş ölkəyə gəlmişdi. Media nümayəndələri ilə yanaşı, sənətçilərimiz, məmurlarımız və ziyalılarımız da proqramın izləyiciləri arasındaydılar. Ümumilikdə, Azərbaycandan 450-dək qonaq dəvət edilmişdi.

Böyük müvəffəqiyyətlə keçirilən "Azərbaycan gecəsi"ni minlərlə tamaşaçı izləyirdi. Şagirdlərimizin Azərbaycan və türk dillərində oxuduqları mahnılar, bəlağətlə söylədikləri şeirlər onların doğma ana dili ilə yanaşı, türk dilini də dərin məhəbbətlə sevdiklərini və öyrəndiklərini bir daha nümayiş etdirirdi. Hər bir çıxışdan sonra türkiyəli qardaşlarımız Azərbaycanın üçrəngli, aylı-ulduzlu bayrağını coşğuyla dalğalandırır və bu zaman İstanbul Sərgi Mərkəzinin həyətində yaranan möhtəşəm mənzərə insanı heyran edirdi. Tədbirdə çıxış edən tanınmış ziyalılarımız, sənətçilərimiz bildirdilər ki, bu gün türk dili və mədəniyyəti dünyada özünəlayiq yer tutmuşdur. Bu istiqamətdə çalışan insanların göstərdikləri fədakarlıqlar təqdirəlayiqdir.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən türk liseylərində dərs deyən müəllimlərin zəhmətini yüksək qiymətləndirən natiqlər onlara təşəkkür edərək, xoşməramlı missiyalarının həyata keçirilməsində uğurlar arzuladılar. Bir daha bildirildi ki, X Beynəlxalq Türk Dili Olimpiadasının keçirilməsi təkcə türk dilinin təbliği naminə deyil, eyni zamanda bütün insanlar arasında sevginin, dostluğun möhkəmlənməsinə, müxtəlif xalqların nümayəndələrinin bir-birini daha yaxından tanımasına xidmət edir.

Məlumat üçün onu da deyək ki, əsas təşkilatçısı Türkcə Öyrətim Mərkəzi olan olimpiadanın keçirilməsinə "Çağ" Öyrətim İşlətmələri Şirkətinin ayrı-ayrı ölkələrdəki nümayəndələri fəal dəstək verdilər. Ölkəmizdən beynəlxalq müsabiqədə iştirak edən məktəblilərin seçimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə "Çağ" Öyrətim İşlətmələri Şirkəti tərəfindən aparılıb. Seçim üçün Azərbaycan - Türkiyə özəl liseylərinin və digər məktəblərin şagirdləri arasında üç mərhələdə müsabiqə keçirilib. Olimpiadada həmin müsabiqənin qalibləri, habelə bu ilin fevralında keçirilən "Ana dilini sevək, sevdirək" yarışmasında fərqlənənlər iştirak ediblər.

İstanbuldakı şənliklər çərçivəsində Sərgi Mərkəzində "finalçıların" stend yarışının təşkil olunması tədbirə xüsusi rəng qatmışdı. Burada dünyanın 135 ölkəsinin tarixini, mədəniyyətini, hətta, mətbəxini tanıtmaq üçün kifayət qədər imkan var idi. Sevindirici haldır ki, onlar arasında ən çox diqqəti cəlb edən məhz Azərbaycan stendi idi. Stenddə ucaldılan Şirvanşahlar sarayı, Sultan Murat Qapısı, Divanxana, Yəhya Bakuvi türbəsi, Mömünə Xatun türbəsi, Nizami məqbərəsi, Şəki Xan sarayı, Bərdə türbəsi, Qız qalası göz oxşayırdı. Uzaqdan diqqəti cəlb edən ulu öndərimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri və bütün bunların fonunda dörd bir yanda dalğalanan qüdrətli Azərbaycan bayrağı hər bir həmvətənimizin və türk qardaşlarımızın könlünü oxşayırdı. Azərbaycan stendi xeyli geniş ərazidə qurulmuşdu. Burada milli geyimli oğlan və qızlarımızla şəkil çəkdirməyə tələsən insanların növbəyə dayanması Azərbaycan mədəniyyətinə olan sevginin növbəti təzahürü idi. Stendimizin ölkəmizin adına layiq bir şəkildə hazırlanması heç şübhəsiz təşkilatçıların diqqəti və ciddi hazırlıqları hesabına mümkün olmuşdu. Onu da qeyd edək ki, Avropa ölkələrindən gələn qonaqların stendə xüsusi maraq göstərməsi Azərbaycanın beynəlxalq aləmdə özünəlayiq yer tutması, nüfuz qazanması ilə əlaqələndirilir. Rəsmi Bakının yürütdüyü xarici siyasət bu məsələdə mühüm rol oynayır. Ölkəmiz artıq dünyada tanınır, Cənubi Qafqaz regionunda sülhünsabitliyin təminatçısı kimi çıxış edir. Bu isə əcnəbi qonaqların diqqətindən yayınmır.

X Beynəlxalq Türk Dili Olimpiadasının yekun mərasimi İstanbuldakı "Türk Telekom Arena" stadionunda keçirildi. Olimpiadanın əsas mükafatı Təsis Komitəsinin seçimi ilə Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğana təqdim olundu. O, türk dilinin qorunmasına, dünyaya yayılmasına, türkdilli təhsilin genişlənməsinə, Türkiyəni dünyada uğurla təmsil etməsinə görə mükafata layiq görüldü. Tədbirdə çıxış edən Baş nazir Ərdoğan bildirdi ki, Türkiyə bu tədbiri keçirməklə dünyaya bir daha sülh mesajı vermək istəyir. Türk dili XIV əsrdən XVIII əsrədək dünyanın istənilən bölgəsində beynəlxalq dil statusunda olmuşdur. Bu tədbir türkcənin yenidən dünyada beynəlxalq dil statusu qazanmaq yönündə bir addım hesab oluna bilər. Baş nazir bildirdi ki, türk dili tarix boyu mədəniyyətin, sülhün dili olub. Artıq dünyanın 5 qitəsində türkdilli məktəblər fəaliyyət göstərir: "Bu məktəblərdə Türkiyədən getmiş minlərlə müəllim çalışır. Onlar heçböyük maaş əsasında çalışmırlar. Bir çox hallarda onlar iqtisadi cəhətdən zəif olan ölkələrdə yaşayır və işləyir, türk dilinin yayılmasında fədakarlıq göstərirlər". Baş nazir həmçinin vurğuladı ki, bu olimpiadaya qatılan 1500 şagird 135 ölkədən 300 min şagirdin təmsilçisi olaraq seçilib: "Bu olimpiadanın keçirilməsi ilə Türkiyə bütün dünyaya özünün dostluq mesajını verir. Bununla da Türkiyə dünyadan haqq, ədalət istəyir, daha çox haqqı tapdanan xalqların yanında olacağını bir daha göstərir".

Onu da deyək ki, finalda birinciliyi İbrahim Tatlısəsin "Gülüm mənim" mahnısını ifa edən türkmənistanlı məktəbli Ruslan Annaməmmədov qazandı. "Könül yarası" adlı mahnını ifa edən Azərbaycan təmsilçisi Səma Sultanova yarışmanın ikincisi seçildi. Səma Sultanovaya mükafatı "Kurtlar vadisi" serialının baş rolunun ifaçısı Necati Şaşmaz təqdim etdi. Ümumilikdə, türk dili olimpiadaları tarixində Azərbaycan 103 medal (35 qızıl, 48 gümüş və 20 bürünc) qazanıb.

İstanbulda biz mətbuat nümayəndələrinin ümumi təəssüratı bu oldu ki, həmişə olduğu kimi bu gün də Azərbaycan Türkiyənin xarici siyasətində əsas prioritetlərdən biri olaraq qalır. Çünki Azərbaycan - Türkiyə qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Buna görə də Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda sabitliyin, əmin-amanlığın qarantına çevrilir. Ölkələrimiz bundan sonra da biri-birinə dayaq, arxa olacaqdır. Bu da məlumdur ki, Türkiyə dövləti və ümumiyyətlə türk insanı üçün Azərbaycan xüsusi önəmə sahibdir. Qardaş ölkədə keçirilən və əksər vilayətləri əhatə edən rəy sorğusu da bunu sübut edir. Həmin rəy sorğusunda türk qardaşlarımızın 90 faizi dünyada Türkiyəyə ən yaxın ölkənin Azərbaycan olduğunu bildirmişlər. Eyni fikir Azərbaycan ictimaiyyətinə də hakimdir.

 

Rauf KƏNGƏRLİ,

"Xalq qəzeti"

İstanbul – Bakı

 

Xalq qəzeti.- 2012.- 10 iyul.- S. 6.