Ulu öndərə
əbədi ehtiramla
Heydər Əliyevə
həsr olunmuş musiqi əsərləri zamanın bədii həqiqətləridir
Heydər
Əliyev siyasi və dövlətçilik fəaliyyətinin
bütün dövrlərində musiqi sənətinə və
musiqiçilərə xüsusi diqqət və qayğı
ilə yanaşmış, Azərbaycan musiqi mədəniyyətinə
yeni tərəqqi yolları açmış, musiqi sənətinin
inkişafı üçün təsirli tədbirlər həyata
keçirmişdir. Heydər Əliyevin
siyası fəaliyyətinin əsas məqsədlərindən
olan Azərbaycan mədəniyyətinin təbliği,
tanınması, qorunması və davamlı inkişafı
özünün parlaq ifadəsini və uğurlu nəticələrini
professional musiqi mədəniyyətinə münasibətində
də real şəkildə tapmışdır.
Heydər
Əliyev həyatı boyu musiqinin və musiqiçilərin ən
yaxın dostu, mənəvi himayədarı olmuşdur. Onun bəstəkarların,
ifaçıların, balet ustalarının, dirijorların,
ustad xanəndələrin, aşıqların yubileylərinə
dair sərəncamları, onlara ünvanladığı təbrik
məktubları və səmimi ürək sözləri ulu
öndərin sənətkar əməyinə, sənətkar
şəxsiyyətinə, verdiyi böyük qiymətin, bəslədiyi
ehtiram və hörmətin əyani sübutudur, bu diqqət
ümumən Azərbaycan musiqi mədəniyyətinə, onun
gələcək tərəqqisinə göstərilən
qayğının təzahürü idi.
Heydər
Əliyevin cəmiyyətdə o cümlədən musiqi
ictimaiyyətində "Mədəniyyətimizin hamisi
kimi" yüksək ad qazanması, əslində ulu öndərin
diqqət və qayğısına verilən ən ədalətli,
ən doğru qiymətdir. İctimai rəy Heydər Əliyevin
sənətə və sənətkara qayğısına
müsbət yanaşır, onun himayədarlıq
missiyasını yüksək qiymətləndirir. Hər bir sənətkar
Heydər Əliyevin mənəvi və maddi dəstəyini
böyük razılıqla qarşılamış, bu
qayğı sənətkarlara yeni yaradıcılıq
stimulları vermişdir.
Azərbaycan sənətçisi
Heydər Əliyevin simasında musiqi sənətənin
arxasında böyük və qüdrətli bir himayədarın,
böyük dostun varlığını həmişə hiss
etmiş, bu sənətkarı bir yaradıcı, bir vətəndaş
kimi də qürrələndirmiş,
ilhamlandırmışdır. Heydər Əliyevə həsr
edilmiş çoxlu sayda musiqi əsərləri azad sənətkar
seçiminin bədii məhsulu kimi meydana gəlmişdir. Bu əsərlərdə zərrə qədər də
şablonçuluğa, siyasi konyunkturaya yol verilmir. Əksinə,
Heydər Əliyevə həsr edilən musiqi əsərləri
ulu öndərə, onun mədəniyyət
qarşısındakı tarixi xidmətlərinə, müstəqil
dövlət quruculuğundakı siyası fəaliyyətinə,
vətən üçün yaratdıqlarına musiqi
vasitəsilə sərgilənən səmimi sənətkar
hörməti və sevgisinin etirafıdır. Bu gerçəklikdən
çıxış edərək, Heydər Əliyevə həsr
olunmuş musiqi əsərlərinə zamanın bədii
sifarişi, tariximizin bədii həqiqətləri kimi
yanaşırıq. Tarixi şəxsiyyətlərin, siyasət
və dövlət xadimlərinin bədii vasitələrdə
qiymətləndirilməsi sənətin estetik
funksiyalarından kənar deyil. Bədii qiymətləndirmə
metodları mədəniyyət tarixində hələ qədimlərdən
mövcud olmuşdur. İncəsənət əsərlərinin
bədii inikasında və bədii qiymətləndirməsində
faktlara, şəxsiyyətin roluna və quruculuq əməllərinə,
humanist və nəcib xarakterinə, daxili mənəvi aləminə,
onun cəmiyyətdə qazandığı nüfuza və
sevgiyə, xalq üçün xidmətlərinə
yanaşmasında yaradıcılıq maraqları əsas
meyar və amil kimi çıxış edirlər. Heydər Əliyevə həsr etdikləri musiqi əsərlərində
də müəlliflər məhz ulu öndərin bu kimi
yüksək siyasi, mənəvi, içtimai, şəxsiyyət,
lider keyfiyyətlərini, əvəzsiz xidmətlərini,
quruculuq əməllərini, böyük dövlətçilik
fəaliyyətini bədii qiymətləndirmənin
obyektinə çevirmişlər. Heydər Əliyevə
musiqinin, demək olar, əksər janrlarında əsərlər
həsr olunmuşdur: 1. Simfonik əsərlər; 2. Kamera-instrumental
əsərlər; 3. Xor əsərləri; 4. Mahnı və
romanslar; 5. İnstrumental əsərlər.
Bu əsərləri
mövzu baxımından bir neçə istiqamətə
bölmək olar: 1. Heydər Əliyevə həsr olunmuş
iri həcmli bioqrafik əsərlər; 2. Heydər Əliyevin
tarixi şəxsiyyətinə və böyük humanistliyinə
həsr olunmuş fəlsəfi əsərlər; 3. Vətəni,
müstəqilliyi, qələbələri, nailiyyətləri
vəsf edən və Heydər Əliyevə ithaf olunan əsərlər;
4. Heydər Əliyev haqqında xatirə (memorial) əsərlər.
Ulu
öndərə həsr olunmuş iri həcmli simfonik əsərlərdən
bəzilərini təqdim edək: Cövdət Hacıyevin
"Onu zaman seçib" simfoniyası və "Ulu öndər"
simfonik poeması, Musa Mirzəyevin "Azadlığın
baharı" kantatası, Vasif Adıgözəlovun "Odlar
yurdu" kantatası, Arif Məlikovun "Əbədiyyət"
simfoniyası, Tofiq Bakıxanovun "Sən həmişə
bizimləsən" simfonik poeması, Oqtay Rəcəbovun
simfonik orkestr ilə xor üçün "Heydər Ata"
oratoriyası, Vasif Allahverdiyevin "Ömür yolu"
simfonik poeması, İdris Mirzəyevin "Üç dənizin
əfsanəsi" simfoniyası... Tarixi şəxsiyyət,
ümummilli lider, müasir dövrün böyük siyasət
və dövlət xadimi Heydər Əliyevə həsr
olunmuş by monumental əsərlər öz məzmununa,
ideyasına, yüksək professional səviyyəsinə və
müəllif səmimiliyinə görə müasir simfonik və
xor musiqisinin dəyərli nümunələridirlər. Bu
musiqi əsərlərində Heydər Əliyevin mənalı
həyat yolu, onun milli inkişaf, müstəqil dövlətçilik,
sabitlik uğrunda mübarizələri, vətənə və
xalqa sönməz sevgisi, millətə məhəbbətlə
döyünən qəlbi, möhtəşəm tarixi şəxsiyyət
kimi obrazı, Heydər Əliyevin siyasi portreti, ulu öndərə
sənətkar sevgisi müxtəlif janrlarda
canlandırılmış, musiqinin zəngin bədii
forması, dili və üslubu ilə bəyan edilişdir. Bu əsərlərin
məzmununda sənətkar mövqeyinin səmimiyyəti,
müəllif ehtiramı aydın duyulur.
Müslüm
Maqomayevin "Azərbaycan" mahnısı Azərbaycanı
tərənnüm edən və tanıdan "musiqi
brendi"dir - desək, yanılmarıq. Bu musiqi əsərinin
hər bir intonasiyası doğma vətənə, onun əsrarəngiz
təbiətinə, dağına, çiçəyinə,
insanlarına, sərvətlərinə sönməz məhəbbətdən,
müqəddəs hisslərdən, səmimi vətən
yaşantılarından hörülmüşdür.
Müslüm Maqomayev Nəbi Xəzrinin sözlərinə bəstələdiyi
bu mahnını eynilə həmin hisslərlə də ifa
etmişdir. Ən əlamətdar cəhət budur ki, vətənimizi
tərənnüm edən "Azərbaycan"
mahnısı, Azərbaycanın sevgi dolu möhtəşəm
tərənnümü məhz Heydər Əliyevə həsr
olunmuşdur. Bu həsrolunmada üç böyük məna
vardır. Birincisi, Azərbaycan adının Heydər Əliyev
adına bərabər tutulması, ikincisi Heydər Əliyevin
qəlbində sönməz Azərbaycan sevgisi,
üçüncüsü, sənətkarın - müəllifin
özünün Heydər Əliyevə bir millət lideri,
qurucu dövlət xadimi və sənətkarların əziz
dostu kimi səmimi sevgisi.
Hər dəfə
bu mahnını eşidəndə bir vətəndaş kimi qəlbimiz
sözlərə sığmayan böyük qürurla, fəxarətlə
dolur, azərbaycanlı olmağımızla, vətənimizlə
öyünürük. Bu mahnı hər dəfə səslənəndə
istər-istəməz müğənniyə qoşulub bu vətən
nəğməsini oxuyuruq. Bu mahnıda Heydər Əliyevin
adı çəkilməsə də, onun Azərbaycan
sevgisini aydın duyuruq, liderin son nəfəsində dediyi
"Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan"
səsini mahnının səslərində eşidirik. Bu
mahnının melodiyası insanların da, sənətkarın
da, ulu öndərin də vətənə olan böyük
sevgisindən danışır. Bu musiqidə çoşqu,
möhtəşəmlik də, ana laylası qədər həzinlik
də var. Mahnının təmtəraqlı, əzəmətli
başlanğıcı, məhz Azərbaycan insanının
ulu, möhtəşəm vətən sevgisini, vətənin
müqəddəsliyini dünyaya bəyan edir. Bu möhtəşəm
başlanğıc istər-istəməz hər birimizə
böyük vətəndaş nümunəsi olan Heydər Əliyevin
"Mən fəxr edirəm ki, Azərbaycanlıyam"
çağırışı ilə, ulu öndərin
möhtəşəm vətən, millət, azadlıq sevgisi
ilə həmahəng səslənir. Mahnı elə ilk
notlarından müstəqillik, inkişaf, dünya azərbaycanlılarının
birliyi, millətlərin imzasına Azərbaycanın
adının daxil edilməsi, Azərbaycanın bütün
sahələrdə davamlı tərəqqisi uğrunda çətin
və şərəfli tarixi fəaliyətilə
xalqının qəlbində, vətəninin tarixində əbədilik
qazanan ümummilli liderin ölməz, əzəmətli, əbədi
obrazını canlandırır. Bəli, Azərbaycana bəstəkarlarımız
tərəfindən onlarla gözəl mahnılar qoşulub və
onların sırasında Heydər Əliyevə həsr
olunanları da var. Lakin M. Maqomayevin Heydər Əliyevə həsr
etdiyi bu mahnı onların içərisində, mən deyərdim,
ən möhtəşəmi, ən gözəli, ən
qüdrətlisidir. Bəlkə də mahnının belə əzəmətli,
həm də məhəbbətli, qüdrətli, eyni zamanda
lirik və səmimi melodiyası M.Maqomayevin qəlbində
bir-birindən ayrılmaz olan üç sevgi
intonasiyalarından qurulub: Azərbaycana, Heydər Əliyevə
və musiqiyə olan böyük sevgidən. Nəriman Məmmədovun
"Müstəqil vətənim", "Sənsən
xilaskarımız", "Yeni Azərbaycan", "Ellər
oğlu", Ramiz Mirişlinin "Məşəl kimi yanan
ürək", Eldar Mansurovun "Heydərnamə", Faiq
Sücəddinovun "Azərbaycan", Azər Dadaşovun
"Bir millət, iki dövlət", "Yeni Azərbaycan
marşı", İlham Abdullayevin "Heydər Ata",
"Həqiqət yolu", "Cənab Prezident", Sərdar
Fərəcovun "Böyük vətəndaş haqqında
Oda", "Ordumuz", "91-lər marşı", Həsənağa
Qurbanovun "Dahilər dühası", gənc bəstəkarlardan
Nailə Mirməmmədlinin "Azərbaycan-möhtəşəm
diyar", "Azərbaycan səs salacaq", "Azərbaycan
bayrağı", Hikmət Mirməmmədlinin "Ey, Ana Vətən",
"Ana yurdum Azərbaycan", "Gənc heydərçilər
marşı", Lalə Cəfərovanın
"Bakı-Ceyhan", "Zəfər marşı",
İsa Məlikovun "Doğma Azərbaycan" və digər
bəstəkarlarımızın ulu öndərə həsr
edılən onlarla gözəl, səmimi mahnıları elə
ilk ifadan dinləyicilər tərəfindən rəğbətlə
qarşılanmışdır.
Maraqlıdır
ki, həvəskar bəstəkarların bu mövzuda
yazdıqları mahnılar da milyonların qəlbində
özünə sevgi və rəğbət qazana bilmişdir.
Bunun isə səbəbi gerçək olduğu qədər
də sadədir: aydın duyulan səmimilik və ulu öndərə
müəllif məhəbbətinin ümumxalq sevgisi ilə
qaynayıb-qarışması. Nümunə olaraq, Kamalın
"Xalq Heydər söyləyəcək", Ələkbər
Tağıyevin "Vətən oğlu", Əlibaba Məmmədovun
"Ürək deyir yaşa hələ", "Min
yaşasın", Yaşar Həşimovun "Yaşa,
Prezidentim, yaşa!", Məmmədbağır
Bağırzadənin "Azərbaycan oğluyam",
Xanım İsmayılqızının "Dahi", Niyaməddin
Musayevin "Ata", "Qurtuluş", Hüseyn
Hüseynovun "Azərbaycan", Tünzalə
Ağayevanın "Mən fəxr edirəm ki, Azərbaycanlıyam",
"Xalqın ehtiyacı var" (simfonik orkestr ilə xor
üçün işləyən S. Fərəcov), Abbas Vəliyevin
"Zəfər mahnısı", Namiq Nəbiyevin
"Azadlıq bayrağı" və sairəni göstərmək
olar. Heydər Əliyevin vəfatı bütün sənət
xadimləri kimi professional musiqiçiləri də dərindən
kədərləndirdi. Millətimizin bu ağır itkisi
ümummilli liderin xatirəsinə əbədi ehtiramın ifadəsi
olan memorial musiqisi əsərlərinin yaranmasına səbəb
oldu. Nümunə kimi, ilk növbədə Fərhad Bədəlbəylinin
fortepiano üçün "Elegiya" əsərini, Firəngiz
Əlizadənin kamera orkestri üçün
"İthaf" və Faiq Sücəddinovun fortepiano
üçün "Elegiya" pyeslərini, Fidan və
Xuraman Qasımovaların səs ilə simfonik orkestr
üçün "Liderə ithaf" romansını, Arif
Mirzəyevin orqan ilə xor üçün "Dahi Prezidentə
xatirə duaları", Vasif Allahverdiyevin səs ilə kamera
orkestri üçün "Elegiya" əsərini, həvəskar
bəstəkar Kamalın Leyla Əliyevanın sözlərinə
bəstələdiyi "Mənim babam", Sevil Əliyevanın
"Ata" mahnılarını və başqalarını
misal göstərə bilərik. Bu əsərlər yaxın
dostunun, mədəniyyətin himayədarının, ümummilli
liderin itkisindən təsirlənən professional sənətkarların
Heydər Əliyev haqqında xatirələrini, fəlsəfi
düşüncələrini, elegiyalı
yaşantılarını ifadə edirlər.
Tədqiqat
və təhlil mövzumuz olan bu əsərlər haqqında
geniş oxucu auditoriyasının, Heydər Əliyev irsini
öyrənənlərin, incəsənət
adamlarının, yaradıcı ziyalıların,
bütün musiqisevərlərin daha ətraflı məlumatlandırılması,
onların daha geniş təbliği aktual bir məsələ
kimi musiqi mədəniyyətimizin həmişə gündəliyindədir.
Ariz ABDULƏLİYEV,
musiqişünas, Ü. Hacıbəyli
adına Bakı Musiqi
Akademiyasının
dosenti
Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 4.