Tanımadığımız
soydaşımız: Dilşad xanım Elbrus Talıb xan
Müxtəlif
dövrlərdə müəyyən səbəblər
üzündən, yaxud taleyin
hökmü ilə Azərbaycan
övladları da dünyanın bir çox ölkələrinə
səpələnmişlər. Məcburiyyət
üzündən başlarını götürüb
qürbət ellərə üz tutan soydaşlarımızdan uzun
illər xəbər tuta bilməmişik,
müəyyən obyektiv və subyektiv səbəblərdən onların
taleyinə bir növ
biganə qalmışıq. Lakin
onların əksəriyyəti hansı ölkədə
yaşamalarından asılı olmayaraq, Vətəni
unutmamış və Azərbaycan həsrəti ilə
yaşamışdır. Bu baxımdan belələrinin
Vətən sevgisi, el
yanğısı, öz xalqına sədaqəti,
torpağa məhəbbəti və onun təəssübünü çəkmək
qeyrəti örnək olmalıdır. Belə qərib taleli insanlardan biri də Türkiyənin İzmir
şəhərində Egey Universitetində
işləmiş, nüvə fizikası sahəsində ilk elmlər doktoru olmuş azərbaycanlı qadın, professor Dilşad xanım Elbrus Talıb xandır.
Dilşad
xanım 1916-cı ildə (bəzi mənbələrdə
1917-ci il göstərilir) may ayının 31-də Qarabağ
quberniyasında Qarabağ xanlarının nəslindən olan
Talıb xanın ailəsində dünyaya göz
açmışdır. Dilşad xanımgilin ailəsi
(anası Xeyransa xanım, bacıları Sürəyya və Qəmərlə
birlikdə) 1927-ci ildə Azərbaycandakı gərgin siyasi vəziyyətdən,
daha doğrusu, bəy-xan ailələrinə düşmən
münasibətdən baş götürüb Türkiyəyə
köçmüşdür.
Onların
Türkiyəyə köçməsində həmin vaxt
Türkiyədə yaşayan dayısı Hüseyn Kamal Yanar
bəyin köməyi olmuşdur. Ailə İstanbulda məskunlaşdıqdan
sonra Dilşad xanım əvvəlcə qızlar liseyində
oxumuş, sonra isə İstanbul Universitetinin fizika fakültəsinə
qəbul olunmuşdur. O, İstanbul Universitetini bitirdikdən
sonra Egey Universitetində işləmiş, orada adi elmi
işçidən professor vəzifəsinə qədər
yüksəlmiş, nüvə fizikası sahəsində dərin
elmi axtarışlar aparmış və bu sahədə
Türkiyədə və Avropada tanınmış mütəxəssis
olmuşdur. Seçdiyi ixtisasın xarakteri onun Almaniya,
İngiltərə və Amerikada uzunmüddətli elmi-tədqiqat
işləri aparmasını zəruri etmişdir. Bu səbəbdən
o, alman, ingilis, fransız dillərini mükəmməl öyrənmişdir.
Uzun müddət xarici ölkələrdə elmi-tədqiqat
işləri ilə məşğul olmasına baxmayaraq,
Dilşad xanım türk-Azərbaycan dilinin bütün incəliklərini
ömrü boyu unutmamışdır.
Dilşad xanım 1977-ci ildə Egey Universitetindən təqaüdə çıxmış, sonra İzmirdən İstanbula gələrək ömrünün sonuna kimi Bağdad prospektindəki evində yaşamışdır. O, ailə həyatı qurmamışdır. Böyük bacısı Sürəyya xanımın oğlu Can Odoğlunu öz övladı kimi saxlamış və mehrini ona salmışdır. 1979-cu ilin aprel ayının 11-də uzun sürən ağır xəstəlikdən sonra vəfat etmiş və İstanbulun Əhməd Qaraca qəbiristanlığında dayısı Hüseyn Kamal Yanar bəyin (o, da 1974-cü ildə vəfat etmişdir) qəbrinin yanında dəfn olunmuşdur. Həmin vaxt Türkiyə qəzetlərində belə bir kədərli xəbər dərc edilmişdir: "Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərinin və elmi kəşflərin müəllifi, Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus Talıb xan vəfat etmişdir". O vaxt bu xəbər Türkiyədə çoxlarını kədərləndirmişdir. Azərbaycan isə qərib övladının vəfatından xəbər tutmamışdır.
Dilşad xanımın elmi yaradıcılıq fəaliyyəti ilə əlaqədar uzun müddət dünyanın bir çox ölkəsində yaşaması onun Azərbaycana məhəbbətini artırmış, qəlbində Vətən həsrətini daha da alovlandırmışdır. Məhz bu səbəbdən qürbət ellərdə olduğu zaman beynəlxalq elmi simpozium və konfranslarda nümayəndələr arasında Dilşad xanımın gözləri Azərbaycan alimlərini axtarmış və həmişə öz yurddaşları ilə əlaqə saxlamağa çalışmışdır. Qəlbi Vətən həsrəti ilə döyünən Dilşad xanım onu da yaxşı bilirdi ki, totalitar bir rejimin hökm sürdüyü Sovetlər Birliyində onun Azərbaycana yolu həmişəlik bağlanmışdır.
Dilşad xanım Azərbaycan Demokratik Cümhuriyyətinin 1920-ci il 27 aprel süqutunu və Azərbaycanın öz müstəqilliyini itirməsini ömrü boyu acı xatirələr kimi yada salıb kədərlənmişdir. Buna görə də həmişə 27 apreli Azərbaycan Demokratik Respublikasının matəm günü kimi qeyd edirdi. Dilşad xanım Oksfordda yaşayarkən Türkiyədəki yurddaşlarına yazdığı 1955-ci il 24 aprel tarixli məktubunda Azərbaycanın öz müstəqilliyini itirməsinin 35 illiyi münasibətilə öz kədərini aşağıdakı kimi bildirmişdir: "Əziz Azərbaycanımızın, vəhşi bir istilaya uğradığı günün (1920-ci ilin 27 apreli nəzərdə tutulur - S.H.) ildönümünü dərin bir ələmlə anaraq içdən bir ürək ağrısı duymaqdayam. Sizlərdən çox uzaqda olmama rəğmən, qəlbimin sizlərlə bərabər bu böyük matəmimizin kədərini duymaqda olduğunu bu sətirlərlə bilirtmək istədim. Tanrım bu vəhşi istilanın daha fəzlə davam etməsini rəva görməyərək, əziz yurdumuzu ən yaxın gələcəkdə istiqlala qovuşdursun!".
Azərbaycanın istiqlalı ömrü boyu Dilşad xanımın həyat qayəsi olmuşdur. Bu fikir onu yaxından tanıyanların, həmkarlarının, rəfiqələrinin xatirələrində də qeyd olunur. Dilşad xanımın yaxın rəfiqələrindən biri Fövziyyə Tanseldir. Fövziyyə Tansel 1928-32-ci illərdə İstanbulda qızlar liseyində Dilşad xanımla bir yerdə oxumuş, sonra isə ömrü boyu dost olmuşlar. Fövziyyə xanım İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdir. O, Dilşad xanım haqqındakı xatirələrinin birində göstərir ki, bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, "Bayrağım enərkən" adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir.
Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir. Bu şeiri olduğu kimi təqdim edirik:
Sən, bayrağım, yüksək şanlarınla enərkən,
Mavi göyə
bir duman gəldiyini sordum mən.
Qoynundakı ağ nurlu ay-ulduzun sönərkən
Üzərimə doğacaq günəşlərdən
bezdim mən.
Al-yaşıllı bağında
çiçəklərin solarkən,
Ürəyimdə pək acı bir inilti yüksəldi.
Hıçqırıqlar içində bayılırkən, düşərkən,
Məni tutub qaldıran xain, murdar bir
əldi.
Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni
yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər,
tanrısızlar,
Yanar ocağımı
da söndürdülər,
öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə
Türk elinin qapısı?
Çox
güman ki, Ümmügülsüm Rəsulzadə
"Bayrağım enərkən"
adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin
devrilməsilə əlaqədar
yazmış, şeirin
adını isə Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn
bayraq, bir daha enməz!" - kəlamına xitabən götürmüşdür. Yaxşı
olardı ki, tədqiqatçılarımız Ümmügülsüm Rəsulzadənin
həyat və yaradıcılığını araşdırsınlar. Fövziyyə
xanımın Dilşad
xanım haqqındakı
xatirə və məktublarından məlum
olur ki, Ümmügülsüm xanımın
xalqın azadlığı,
Vətənə, torpağa
məhəbbəti ilə
bağlı başqa şeirləri də olmuşdur.
Fövziyyə Tansel yazır ki, Dilşad xanım nüvə fizikası sahəsində
görkəmli mütəxəssis
olmaqla bərabər, həm də Azərbaycan ədəbiyyatının,
xalq musiqisinin və folklorunun gözəl bilicisi imiş. Fövziyyə xanım göstərir ki, biz liseydə oxuyarkən Dilşad xanım 20-ci illərdə
Azərbaycanda, xüsusən
Qarabağda baş verən hadisələrdən,
qaçqınların acınacaqlı
vəziyyətindən danışarkən
bizim gözlərimiz yaşarır və ona təskinlik verərdik. Rəfiqələr
bir yerə toplaşanda Dilşad xanım qəmli Azərbaycan mahnıları
oxuyub bizi də kövrəldərdi.
Fövziyyə xanım qeyd edir ki, Dilşad
xanım hərtərəfli
biliyə malik alim, humanist və sadə qəlbli insan, qayğıkeş
dost olub. Buna görə
də onu tanıyanlar xatirini çox istəyir, həmişə ona qayğı və məhəbbətlə yanaşırdılar.
Dilşad xanımın
vəfatı ilə əlaqədar Türkiyə
qəzetlərində çap
olunan nekroloq və xatirələr də deyilənləri təsdiq edir.
Ümumiyyətlə, yaxşı olardı ki, Dilşad xanım Elbrus Talıb xanın həyatı, elmi fəaliyyəti, xüsusən
nüvə fizikası
sahəsində olan kəşfləri... dərindən
və hərtərəfli
araşdırılsın, bütövlükdə
onun şəxsiyyəti
haqqında geniş məlumatlar Azərbaycan oxucularına çatdırılsın.
Dilşad xanım və onun kimi
Vətəndən didərgin
düşən yurddaşlarımızın
həyat və fəaliyyətinin öyrənilməsi
, xüsusən, indiki
şəraitdə gənclərimizin
vətənpərvərlik və milli mənlik
şüurunun tərbiyə
edilməsində böyük
rol oynaya bilər.
Müstəqil Azərbaycanın dünya
dövlətləri ilə
siyasi-iqtisadi, ticari, mədəni, elmi, humanitar əlaqələrinin
genişləndiyi bir şəraitdə, xarici ölkələrə gediş-gəlişin
artdığı bir vaxtda Vətəndən kənarda yaşayan soydaşlarımız, diaspor
təşkilatlarımız olduqları şəhərlərdə,
gəzdikləri yerlərdə
qərib taleli yurddaşlarımızın axtarılıb
tapılmasında çox
iş görə bilərlər.
Sakit HÜSEYNOV,
AMEA Fəlsəfə,
Sosiologiya və
Hüquq İnstitutunun şöbə
müdiri,
fəlsəfə elmləri doktoru
Xalq qəzeti.- 2012.- 8 iyul.- S. 4.