Vaşinqtonda keçirilən Smitsonian Folklor Festivalında "Azərbaycan mətbəxi çadırı" ən populyar yer olmuşdur

 

Vaşinqtonda ABŞ-ın ən böyük mədəniyyət festivalı olan iki həftəlik Smitsonian Folklor Festivalı (Smitsonian Folklife Festival) başa çatmışdır. 1967-ci ildən keçirilən və ABŞ-ın mədəni həyatında mühüm hadisəyə çevrilmiş bu festivalda hər il bir milyona yaxın insan iştirak edir. Smitsonian Folklor Festivalı digər festivallardan nadir formatı ilə seçilir. Smitsonian İnstitutu tərəfindən hər il yerli və beynəlxalq mədəniyyətlərə dair müəyyənləşdirilən üç əsas mövzu üzrə sərgilər ABŞ paytaxtının mərkəzi milli meydanında - Vaşinqtonun abidəsi ilə Kapitoli arasında quraşdırılan çadırlarda nümayiş etdirilir. Beləliklə, iki həftə davam edən festival bütünlüklə açıq havada keçərək yüz minlərlə tamaşaçının burada pulsuz iştirak etməsinə imkan yaradır.

Smitsonian Folklor Festivalına bu il "beynəlxalq dad" gətirən yeganə mədəniyyət Azərbaycana məxsus idi. İki həftə ərzində festival iştirakçıları ABŞ-ın Qarabağ Fondunun tərəfdaşlığı ilə qurulan "Azərbaycan mətbəxi çadırı"na gələrək ləziz yeməklərimizdən dadmışlar. Bununla yanaşı, festivalın əyləncə proqramına xüsusi olaraq "Azərbaycan muğam axşamları" əlavə edilmişdir. Tanınmış kamança ustası İmamyar Həsənov zərb alətləri ifaçısı Pejham Axavas ilə birgə muğam parçaları ifa etmişdir.

ABŞ-dakı Qarabağ Fondunun icraçı direktoru Diana Altman festivalın nəticələri barədə AzərTAc-a müsahibə vermişdir.

- Diana xanım, miqyasına görə ABŞ-ın mədəniyyət üzrə "Olimpiya oyunları" adlandırıla biləcək Smitsonian Folklor Festivalı artıq başa çatmışdır. Bu festivalda iştirak təkcə yüz minlərlə insan arasında Azərbaycan mədəniyyətinin təbliği deyil, həm də dünyanın ən nüfuzlu mədəni tədqiqat institutu olan Smitsonian tərəfindən qəbul edilmək deməkdir. Bu uğur münasibəti ilə siziQarabağ Fondunu təbrik edirik. Belə çətin işin öhdəsindən necə gəldiniz?

- Mənə belə gəlir ki, burada şəkillər sözlərdən daha çox danışır. Biz festivalda iştirakımızı əks etdirən yüzlərlə fotonu "facebook" sosial şəbəkəsindəki səhifəmizə yerləşdirmişik. Bütün fotolarda "Azərbaycan mətbəxi çadırı"na və "Azərbaycan muğam axşamları"na gələnlərin simalarında böyük maraq əks olunur. Azərbaycan yeməklərini ilk dəfə dadanların çöhrələrində isə sevinc hissi aydın sezilir. Yayın qızmar istisinə baxmayaraq, Qarabağ Fondunun festivalda işləyən nümayəndələrinin simalarında sonsuz fəxr və sevinc ifadə olunurdu.

- Azərbaycanın belə nüfuzlu tədbirdə iştirakı, xüsusilə də təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətinin festivala yeganə "beynəlxalq dad" gətirən mədəniyyət kimi xarakterizə edilməsi böyük nailiyyətdir. Bunu necə bacardınız? Niyə Smitsonian İnstitutu bu il məhz Azərbaycan mətbəxini seçdi?

- Qarabağ Fondu artıq iki il idi ki, Smitsonian İnstitutu ilə danışıqlar apararaq Azərbaycan mədəniyyətini Vaşinqtonun milli meydanında sərgiləndirmək yollarını müzakirə edirdi. Amerikalıları Azərbaycan mədəniyyəti ilə birləşdirmək üçün ləzzətli mətbəxin nümunələri və qida ənənələri barədə söhbətdən yaxşı nə ola bilərdi?

- Festival iştirakçılarından neçə nəfərin "Azərbaycan mətbəxi çadırı"na gəldiyi barədə məlumatınız varmı? Ümumiyyətlə, menyuda təklif edilən kabab, kələm dolması kimi ləziz yeməklərə, "tərxun" və "duşes" sərinləşdirici içkilərinə münasibət necə oldu?

- Ümumiyyətlə, "Azərbaycan mətbəxi çadırı"na gələnlərin hamısı daddıqları yeməklərdən olduqca məmnun qaldılar. Onlar bizdən Azərbaycan yeməklərini daha harada yeyə biləcəklərini soruşur, Vaşinqtonda Azərbaycan mətbəxi restoranının olub-olmaması ilə maraqlanırdılar. Festival yeni bitdiyinə görə qonaqlarımızın dəqiq sayını hələ də hesablayırıq. Lakin Smitsonian İnstitutunun bizə verdiyi məlumata görə, bütün qida köşkləri arasında əksər günlərdə ən çox satış edən məhz "Azərbaycan mətbəxi çadırı" olmuşdur. Smitsonian Folklor Festivalına isə, bildiyiniz kimi, iki həftə ərzində bir milyona yaxın insan gəlir. Təsəvvür edin, gün ərzində nə qədər kababdolma bişirmək lazım gəlirdi.

- Bu iki həftə ərzində sizin üçün yadda qalan daha hansı maraqlı məqamlar olmuşdur?

- Mənim üçün ən yadda qalan məqam qonaqlarımızın çadırda işləyənlərin Azərbaycandan olub-olmaması ilə maraqlanmaları idi. Smitsonian Festivalı adətən mədəniyyətin bütün sahələri ilə maraqlanan xüsusi auditoriyanı cəlb edir. Yemək almağa gələnlərin çadırda işləyən azərbaycanlılarla görüşmək istəkləri, onlarla söhbət etmək maraqları göstərdi ki, biz amerikalılar arasında Azərbaycan mədəniyyətinə əsl maraq oyadaanlaşma yarada bilmişik. Bundan başqa, muğam konsertində daha bir yaddaqalan məqam oldu. Kamança ustası İmamyar Həsənovun ifası qonaqları o qədər təsirləndirmişdi ki, fondun sənədli film layihəsi üçün müsahibələr alınanda amerikalı musiqiçilərdən birinin gözləri yaşardı. Təbii ki, belə bir reaksiya qazanmaq hər musiqiçinin, mədəniyyətin təbliği ilə məşğul olan hər insanın arzusudur. Mən özümbundan çox təsirləndim. Bu cür hissləri yaşayanda başa düşürəm ki, Qarabağ Fondu Birləşmiş Ştatlardakı missiyasının öhdəsindən gəlir.

- Muğam amerikalı dinləyici üçün tam yad bir musiqidir. Tamaşaçılar festival ərzində keçirilən iki muğam konsertini necə qəbul etdilər?

- Konsertlər böyük rəğbətlə qarşılandı. Auditoriya müxtəlif mənşəli, fərqli maraq dairəsi olan insanlardan ibarət idi. İmamyar Həsənovun Pejham Axavasın hər ifası tamaşaçıların ayaqüstü alqışları ilə qarşılandı. İfaçıları fondun adından Vaşinqtonda tanımış musiqi kuratoru təqdim etmişdir. Kurator konsertdən sonra tamaşaçıların ona yaxınlaşıb verdiyi suallardan, bildirdikləri rəylərdən çox məmnun qalmışdır. Smitsonian festivalının nümayəndəsi bizə bildirmişdir ki, həftənin günlərində keçirilməsinə baxmayaraq, konsertlərdə çoxlu sayda tamaşaçı iştirak etmişdir. Festivalın incəsənət üzrə rəhbərləri musiqi ifasının keyfiyyətindən dinləyicilərə bağışladığı təsirdən çox razı qalmışlar.

- Hər gün Azərbaycan mətbəxinin nümunələrini dadmağa gələn minlərlə qonağı razı salmaq üçün çadırınızda çoxlu könüllülər çalışırdı. Onların arasında burada yaşayan icma üzvlərimiz olmuşdur. Qarabağ Fondunun Smitsonian Festivalında iştirakının icma üzvlərimiz arasında əlaqələrin qurulmasına təsiri oldumu?

- Bu günlər ərzində mən zarafatla deyirdim ki, gərək BMT-nin əməkdaşları Qarabağ Fondunun çadırında işləyən çoxmillətli heyət üzvlərinin biri-biri ilə ünsiyyətindən öyrənsinlər. Burada həm Vaşinqtonda yaşayan Azərbaycan icmasının könüllüləri, həm fondun əməkdaşları, həm bizə kömək etmək istəyən Vaşinqton sakinləri qarşılıqlı hörmət, xoş məram müsbət enerji şəraitində iki həftə qonaqlarımıza xidmət etdilər. Dediyim kimi, bəzi günlər dözülməz istilərə, bəzi günlər izə şimşəkli yağışlara baxmayaraq, onlar müsbət yanaşmalarını qoruya bildilər. Bu iki həftə ərzində komanda üzvlərimiz arasında yeni dostluqların yaranmasını görmək özlüyündə ruhlandırıcı idi. Azərbaycanın icma üzvləri həm çadırın işində, həm konsertlərdə fəal iştirak edirdilər.

- Belə irimiqyaslı tədbirdə iştirakınızdan sonra özünüz üçün hansı nəticələri çıxardınız?

- Folklor festivalında iştirakımız mədəniyyətin gücü insanların başqa xalqlar haqqında öyrənməyə can atmaları barədə inamımızı daha da möhkəmləndirdi. Qarabağ Fondunun məqsədi məhz belə insanlarla dinamik şəkildə işləməkdir ki, son nəticədə azərbaycanlılar amerikalılar biri-birilərinin mədəniyyətlərinə yol tapa bilsinlər.

- Diana xanım, Qarabağ Fondu cəmi iki ildir fəaliyyət göstərməsinə baxmayaraq, ABŞ paytaxtında Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olan əsas mərkəzlərdən biri kimi tanınır. Belə qısa müddətdə bu qədər geniş tanınmağınız necə mümkün olmuşdur?

- Doğrudur. Bu gün Qarabağ Fondu fəxrlə deyə bilər ki, Vaşinqtonda nüfuzlu Smitsonian İnstitutundan tutmuş ABŞ Konqresinin kitabxanası bu yaxınlarda Milli Coğrafiya Cəmiyyəti ilə tərəfdaşlıq qurmuşdur birgə layihələr həyata keçirir. Lakin mən deyərdim ki, fəaliyyətimiz təkcə ABŞ paytaxtı ilə məhdudlaşmır. Azərbaycanda "Eurovision" mahnı müsabiqəsi keçiriləndə biz ABŞ-ın bir neçə şəhərində mədəni proqramlar həyata keçirdik, Boston Nyu-Yorka getdik. Bu şəhərlərdə gələcəkdə mədəni layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər almışıq. Amma bununla yanaşı, hər həftə Vaşinqtonun beş milyonluq dinləyici auditoriyasını əhatə edən "New World Radio" dalğasında yayımlanan "Azərbaycan radio saatı"nı görün qədər insan dinləyir?! Radio proqramlarımız müxtəlif mədəni mövzulara toxunur hər buraxılış Qarabağ Fondunun internet səhifəsində (www.karabakhfoundation.org) arxivləşdirilir. Minlərlə insan bizim fəaliyyətimizi internetdən, sosial şəbəkələrdən izləyirsə, coğrafi sərhədlərin əhəmiyyəti qalmır. Qısa zamanda bu qədər uğur qazanmağımızda Qarabağ Fondunun Azərbaycan mənşəli könüllüləri ya bizim adlandırdığımız kimi, "mədəni səfirləri" böyük rol oynamışlar. Onlar öz mədəniyyətlərini amerikalılarla böyük həvəslə bölüşürlər. Bizim Vaşinqtondakı qərargahımıza gəlsəniz görərsiniz ki, oradakı insanların hamısı işə yalnız xatirinə deyil, hər gün Azərbaycan mədəniyyətini ABŞ-da bir qədər tanıtmaq məqsədi ilə gəlirlər.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Xalq qəzeti.- 2012.- 12 iyul.- S. 10.