Milli birlik və həmrəyliyə
xidmət edən dövlət siyasəti
Azərbaycan diasporunun formalaşması tarixi
kifayət qədər uzun bir
zaman kəsiyini əhatə etsə də
onun ilkin
addımları barədə dolğun məlumat
bu gün də kifayət
qədər deyil. Amma
bu heç də bir sıra tarixi mənbələrə
əsasən ortaya qoyulan
tarixi faktların dəyərini
azaltmır. VII əsrin sonundan başlanan və Azərbaycanın Rusiya imperiyası tərəfindən
işğalına kimi olan
böyük bir dövr Azərbaycan diasporunun
formalaşmasında təkcə mərhələ deyil, həm də tarixi prosesdir.
Diaspor
formalaşmasının sonrakı mərhələsi Azərbaycan
Demokratik Respublikasının (1918-1920) süqutundan sonra, xaricə
mühacir axını və Avropada Azərbaycan diasporunun təşəkkülü
ilə bağlıdır. II Dünya müharibəsi
zamanı əsirlikdə olan, sovetlərin ölüm xofundan Vətənə
dönə bilməyən soydaşlarımızın və
XX əsrin sonlarında İrandan on minlərlə azərbaycanlının
Qərb ölkələrinə mühacirəti də Azərbaycan
diasporunun genişlənməsinin mühüm mərhələlərindəndir.
SSRİ-nin süqutundan sonra xarici ölkələrdə azərbaycanlıların
yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün
son mərhələsidir.
XX əsrin 70-ci illərinin əvvəllərindən
başlayan iqtisadiyyat,
mədəniyyət, elm və təhsil
sahələrində inkişaf ölkədə
milli özünüdərk prosesinin təkamülünə böyük təkan verdi.
Həmin dövrün mövcud siyasi
reallıqları diaspor problemi
ilə milli-ideoloji zəmində
açıq və sistemli şəkildə
məşğul olmağa imkan
verməsə də, mədəniyyət, incəsənət,
elm sahəsində ciddi
iş aparılır, respublikamızın
nailiyyətləri xaricdə təbliğ edilir,
dünya azərbaycanlılarının
tarixi Vətənlə əlaqəsinə
xidmət edəcək imkandan tam səmərə ilə istifadə edilirdi. Xarici ölkələrlə mədəni əlaqələrin
qurulmasi, bədii tərcümə işinin genişlənməsi, xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan
Mədəni Əlaqələr Cəmiyyətinin -"Vətən"in
yaradılması soydaşlarımızın mənəvi birliyini və Vətənlə
ayrılmaz tellərlə bağlılığını
göstərən addımlar idi.
Azərbaycan diasporu - 10 il
Azərbaycan
müstəqillik əldə etdikdən sonra dövlət
ölkə daxilində sabitliyi bərpa edib iqtisadi inkişafa
nail olmaqla yanaşı, xaricdə yaşayan
soydaşlarımızın problemləri ilə maraqlanmağa
da başladı. Müstəqil dövlətimiz
olmadığından əvvəllər xaricdəki
soydaşlarımızın, ümumiyyətlə, 50 milyondan
artıq azərbaycanlının vahid milli ideologiya ətrafında
birləşməsi ideyası olmamışdı. Xarici
ölkələrdə yaşayan azərbaycanlılar uzun illər
boyu özləri pərakəndə şəkildə Vətənlə
əlaqələrini qoruyub saxlamağa, adət-ənənələrimizi
unutmamağa, dilimizi, mədəniyyətimizi yaşatmağa
çalışmışdılar. 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın
rəhbərliyinə qayıdışından sonra diaspor
quruculuğu prosesi dövlət siyasətinin tərkib hissəsinə
çevrildi.
Ulu
öndərin təşəbbüsü və rəhbərliyi
ilə 2001-ci ildə keçirilən dünya azərbaycanlılarının
ilk qurultayı soydaşlarımızın həmrəyliyinin
təmin edilməsi istiqamətində tarixi hadisə oldu.
Dünya azərbaycanlılarının bu mötəbər
yığıncağından sonra Azərbaycan diaspor hərəkatı
tamamilə yeni mərhələyə qədəm qoydu. Bu sahədə
sistemli dövlət siyasətinin həyata keçirilməsini
təmin etmək məqsədilə Prezident Heydər Əliyevin
fərmanı ilə 5 iyul 2002-ci ildə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi yaradıldı. Bu tarixi fərman xaricdəki Azərbaycan
cəmiyyətlərinin vahid mərkəzdən koordinasiya
olunmasına və habelə onların fəaliyyətlərini
dövlət qayğısı ilə gücləndirmək
üçün real zəmin yaratdı.
2002-ci
ildən başlayaraq dövlətin diaspor siyasətinin
formalaşmasından sonra dünyada yaşayan
soydaşlarımızın təşkilatlanması istiqamətində
mühüm işlər görülməyə
başlandı. Əvvəlcə dağınıq formada olan
diaspor təşkilatlarımız bir araya gətirildi, əlbir
fəaliyyətin qurulması təmin edildi. Avropanın
müxtəlif ölkələrində diaspor təşkilatlarımızın
forumları təşkil edildi. Toplantı və konfranslarda
qarşıda duran vəzifələr müzakirə olunaraq,
diasporumuzun həyata keçirməli olduğu işlər
müəyyənləşdirildi. Bundan sonra Azərbaycan
diasporunun dünyadakı mövqe və güc nisbəti dəyişməyə
başladı. Bu isə Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılmasında və
erməni yalanlarının ifşa olunmasında xüsusi rol
oynadı. Bununla yanaşı, dünyanın digər
xalqlarının diaspor təşkilatları ilə əlaqələrin
qurulması, onlar vasitəsilə Azərbaycanın təbliği
işi həyata keçirilməyə başlandı. Türk
diasporu ilə qurulan əlaqələr bu yöndə ciddi
uğur oldu.
2006-cı
ilin 16 mart tarixində Prezident İlham Əliyevin sərəncamı
ilə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının
II Qurultayı görülən işlərin müsbət nəticələrindən,
diaspor təşkilatlarımızın koordinasiya
olunmasından, xaricdə formalaşmış gücə
çevrilən Azərbaycan diasporunun mövcudluğundan xəbər
verirdi. 10 il ərzində Azərbaycanın
tanıdılması, təbliği istiqamətində kifayət
qədər işlər görülmüşdür ki, bunun
da nəticəsi dünya ictimaiyyətinin Azərbaycan
haqqında geniş məlumatının olmasında
özünü göstərir.
Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması
Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, xarici ölkələrdə fəaliyyət
göstərən diaspor təşkilatlarının təbliğat
sahəsində fəaliyyətinin daha da gücləndirilməsi,
Ermənistanın Azərbaycana təcavüzü ilə
bağlı beynəlxalq aləmin məlumatlandırılması
və bu faktın dünya dövlətlərinin parlamentlərinin,
siyasi dairələrinin müzakirəsinə
çıxarılması ötən dövrdə diaspor təşkilatlarının
əsas vəzifələrindən olmuşdur. Eyni zamanda,
ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən
KİV-lərdə Azərbaycanla bağlı məqalə və
materialların tirajlandırılması istiqamətində
görülən işlərin mənzərəsi də xeyli
uğurlara nail olduğumuzdan xəbər verir. 2011-ci ildə
Amerika Azərbaycanlıları Şəbəkəsinin təşəbbüsü
ilə ABŞ-ın kütləvi informasiya vasitələrində
Azərbaycana həsr olunmuş 70-dən çox məqalə
dərc olunmuşdur. "20 Yanvar" faciəsinin 22-ci,
Xocalı soyqırımının 20-ci ildönümləri və
31 Mart Azərbaycanlıların Soyqırımı
Günü ilə əlaqədar İsveç,
İsveçrə, Finlandiya, Norveç, Niderland
Krallığı, Böyük Britaniya, Belçika, Latviya,
Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan,
Türkiyə, Özbəkistan, Qırğızıstan,
Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni
Zelandiya, Avstraliya, Misir, Cənubi Koreya, Almaniya, Fransa,
Çexiya, Macarıstan, Rumıniya və s. ölkələrdə
müxtəlif formatlı tədbirlər təşkil
edilmişdir.
Heydər
Əliyev Fondu Moskva nümayəndəliyinin rəhbəri
Leyla xanım Əliyevanın rəhbərliyi ilə
keçirilən "Xocalıya ədalət"
kampaniyası bütün dünyaya səs saldı.
Dünyanın 150-dən çox şəhəri, 50-dən
çox müxtəlif ölkəsi fevralın 25-26-da Azərbaycan
həqiqətlərindən-Xocalı soyqırımından ətraflı
xəbər tutmuş oldu. Həmin günlərdə dünya
Ermənistanın təcavüzkar siyasətinin, bu vəhşiliyin
hansı faciələrə yol açdığını
gördü. Baxmayaraq ki, Ermənistanın havadarlarının
dəstəyi ilə Azərbaycana qarşı illərdən
bəri dünyada əks-təbliğat aparılır, son 5
ildə Azərbaycan informasiya müharibəsində Ermənistanı
xeyli üstələyib. Bunun əsas səbəbi təşkilatlanmış,
düşünülmüş strategiyadır.
Türkiyə
mətbuatı Xocalı soyqırımı günü
İstanbulun Taksim meydanındakı yürüşə
çox böyük yer ayırdı. Ümumilikdə,
Türkiyə mediasında həm aksiyadan əvvəl, həm
də yürüş-mitinqdən sonra Xocalı
soyqırımı, Ermənistanın
işğalçılıq siyasəti ilə bağlı
kifayət qədər material yayımlandı. Hətta mətbuatda
analitik xarakterli yazılara, telesüjetlərə də rast gəlinirdi.
"Xocalı soyqırımı"nın kütləvi
insan qırğını aktı kimi tanıdılması
prosesi beynəlxalq təşkilatlarda da davam etdirildi. Meksikada,
Pakistanda, eləcə də ABŞ-da başlayan bu proses digər
ölkələrdə də diqqətdə saxlanılır.
Dünya
Azərbaycanlıları Konqresinin sədr müavini Asif
Qurbanov bildirir ki, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında xaricdə yaşayan
soydaşlarımızın müstəsna rolu var. Dünya
arenasında diaspor təşkilatlarımızın fəaliyyətinin
daha dolğun olması üçün
soydaşlarımızın yaşadıqları ölkələrin
media qurumları ilə sıx əlaqəsi önəmli məsələlərdəndir.
Qloballaşan informasiya müharibəsində qalib gəlmək
ən güclü və ciddi nəticələr verən bir
vasitədir. Lobbiçilik işinin daha səmərəli olması
üçün diaspor təşkilatlarının fəaliyyət
göstərdikləri ölkələrin media qurumları ilə
yaxınlığı çox vacibdir. Bizdə bu barədə
işlər hələ zəifdir və görülən
işlərdə medianın rolu da yüksək deyil. Xarici
media ilə işləyən mərkəzimiz yoxdur. Sadəcə,
hər kəs şəxsi münasibətlərindən
faydalanaraq Azərbaycan ilə əlaqəli xəbərləri
xarici mətbuatda verdirə bilir. Kənarda Azərbaycan barədə
xəbərlərə az yer ayırırlar. İnformasiya
müharibəsində qalib gəlmək üçün
dünyanın nüfuzlu media qurumlarında azərbaycanlı
jurnalistlərin təmsil olunması müasir
dövrümüzdə diplomatların,
iqtisadçıların yetişdirilməsi qədər
lazımlı məsələlərdəndir.
Azərbaycan dövləti həmvətənlərimizə
arxadır
Prezident
İlham Əliyevin 2008-ci il noyabrın 19-da
imzaladığı sərəncamla Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin əsasında Diasporla İş üzrə
Dövlət Komitəsi (DİDK) yaradıldı. Belə bir
komitənin yaradılması ilə xaricdə yaşayan azərbaycanlıların
təşkilatlanması, hüquq və
azadlıqlarının müdafiəsi, xalqımızın
tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması ilə
yanaşı, həm də qloballaşan dünyada mədəniyyətlərarası
dialoqun dərinləşməsinə, xalqlar arasında
inteqrasiya meyillərinin gücləndirilməsinə kömək
etmiş oldu. Bu qurum diaspor və lobbi təşkilatlarının
beynəlxalq siyasətdə rolunu artırmaq, bu sahədə
genişmiqyaslı fəaliyyət göstərmək zərurətindən
yarandı. Diaspor işi ilə hərtərəfli və məsuliyyətli
bir şəkildə məşğul olacaq ayrıca dövlət
komitəsi günün tələbi idi.
Komitənin
gördüyü işlər artıq öz bəhrəsini
verməkdədir. Azərbaycanın lobbiçilik işi
qurumun məqsədyönlü fəaliyyəti ilə daha da
sürətləndirildi. Demək olar ki, dünyanın hər
bir yerində-ABŞ-da, Rusiyada və Çində, Avropa və
Ərəb ölkələrində, hətta uzaq Avstraliyada Azərbaycanın
diaspor təşkilatları qurularaq, həqiqətlərimizin
təbliği, Vətənin tanıdılması işi
uğurla həyata keçirilir. Bu yöndə işlərin
nəticəsi 2011-ci il iyul ayında Bakı şəhərində
keçirilən Dünya Azərbaycanlılarının III
Qurultayında da özünü göstərdi.
Dünyanın 42 ölkəsindən 579 nümayəndə və
211 qonağın iştirak etdiyi qurultayda Prezident İlham Əliyev
yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə
Şurasının sədri seçildi. Dünyanın
müxtəlif ölkələrində məskunlaşan
yüzlərlə diaspor nümayəndəsi
yaşadığı yerdən asılı olmayaraq, bir daha
anladı ki, onun arxasında Azərbaycan kimi güclü bir
dövlət dayanıb.
Diaspor
sahəsində həyata keçirilən işlərin səmərəliliyini
və müsbət nəticələrini nəzərə alan
dövlət başçısı 6 iyul 2012-ci il tarixdə
komitənin bir sıra əməkdaşlarını dövlət
mükafatları ilə təltif etdi. Bununla yanaşı,
Prezident İlham Əliyevin sərəncamı ilə
DİDK-yə görülən işlərin uğurla davam
etdirilməsi, diaspor quruculuğunun müasir reallıqlara
uyğun şəkildə aparılması və Azərbaycanın
diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi
üçün dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait
ayrıldı.
Namiq ƏHMƏDOV
(Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçündür.)
Xalq qəzeti.- 2012.- 12 iyul.- S. 9.