Qələmi ilə
qələbəmizə töhfə verməyə
çalışır
Yazıçı
və həyat
Firudin Tərtəroğlu
müasir ədəbiyyatımızda vətənpərvərlik
mövzusunda məhsuldar yazıb-yaradan, öz dəsti-xətti
ilə seçilən yazıçı-publicist, Prezident təqaüdçüsüdür.
Qocaman yazıçı ara-sıra öz poetik duyğu və
hisslərini nəzmə də çəkir, lakin o, oxucular
arasında əsasən gözəl hekayə, sənədli və
bədii povestlərin müəllifi kimi tanınaraq sevilir.
Firudin
müəllim daha çox torpaq, millət təəssübü
çəkən qeyrətli, mərd kişilərdən
yazır və bunu özü üçün tale qisməti
hesab edir. Yazıçı xatırlayır ki, "hələ
uşaqlıq illərində cəsur, igid adamlar barədə
hekayətləri dinləməkdən doymurdum. Bizim Borsulu kəndində
Çopur Məhəmməd adlı bir el qəhərəmanı
olub. Hələ XX əsrin əvvəllərində ermənilər
Qarabağda amansız qətl və talanlar törədəndə,
Çopur Məhəmməd özü kimi igidləri
başına toplayıb, ana-bacılarımızın namusunu
qoruyub, yağı düşmənə qarşı
ağır döyüşlərdə qeyri-adi şücaətlər
göstərib.
Firudin
müəllim Qarabağ müharibəsi başlayanda
"Borsunlu Çopur Məhəmməd" adlı sənədli
povest yazaraq ayrıca kitab şəklində nəşr
etdirdi. Əsər oxucular, xüsusiə də yeniyetmə və
gənclər arasında böyük rəğbətlə
qarşıılandı. Tərtər rayonunun əksər kənd
məktəblərində kitabın qızğın
müzakirələri oldu, müsbət oxucu rəyləri
yazıçını vətənpərvərlik
mövzusunda yeni əsərlər yazmağa sövq etdi.
Yazıçı növbəti "Zülmətdən
süzülən işıqlar" adlı kitabında
artıq 1990-ci illərin əvvəllərində
Qarabağın Tərtər cəbhəsinin qəhrəman
müdafiəçilərindən biri olan İlham Məmmədovun
və döyüş yoldaşlarının igiliyini
böyük sevgi və məhəbbətlə qələmə
aldı. Sonra "Döyüşən Tərtər"
poemasında tərtərlilərin cəbhədəki qəhrəmanlıqlarını
tərənnüm etdi. Bu poema da ayrıca kitab şəklində
nəşr olunaraq oxucular tərəfindən rəğbətlə
qarşılandı.
Firudin Tərtəroğlu
maraqlı taleyi olan insanlardandır. O, Qarabağın Tərtər
rayonunun Borsunlu kəndində anadan olub. Uşaqlıq illəri
Böyük Vətən müharibəsinin ağır illərinə
təsadüf edib. Dövrün çətinlikləri,
acı məhrumiyyətlər onu çox ağır
sınaqlara çəkib, lakin qürurunu, vüqarını
bütün ömrü boyu qoruyub saxlaya bilib. Firudin müəllim
deyir ki, çətinliklər ona "həyat dərsi"
verib. Anlayıb ki, "düz, namuslu, əqidəsinə sədaqətli
insanlara heç yerdə zaval yoxdur".
F.Tərtəroğlunun
gənclik illərinin xöşbəxt anları da az
olmayıb. O, 1949-53-cü illərdə Gəncədə ali təhsil
aldığı illərdə Asya adlı tələbə
qızla əhd-peyman bağlayıb ailə qurub. 60 ilə
yaxındır ki, onlar birgə xoşbəxt ömür
sürülər. Gözəl övladları, nəvələri
var. F.Tərtəroğlunun yazıçılığa meyli
məhz tələbəlik illərindən başlayıb. O,
tələbəlik dönəmi ilə bağlı bir
çox maraqlı, yaddaqalan əsərlər yazıb. Məncə,
bunlardan ən təsirlisi onun "Gəncədə bir
çinar var" adlı sənədli povestdir. Yeri gəlmişkən,
bu sənədli əsərdə xalq şairi Nəriman Həsənzadənin
də obrazı var. Nəriman müəllimdən bu əsərə
münasibətini soruşanda dedi: "Firudin mənim ali məktəb
yoldaşımdır. Biz Gəncə Dövlət Pedaqoji
Univesitetində bir yerdə oxumuşuq. Şəhərdə fəaliyyət
göstərən ədəbi məclisin üzvü idi,
şeirləri qəzetlərdə dərc olunurdu. Onun "Gəncədə
bir çinar var" əsərində təsvir olunan həzin
xatirələr məni çox həyəcanlandırdı.
Belə kövrək xatirələri yada salanda adamın
gözlərinə işıq gəlir".
Gəncədə
ali məktəbi bitirəndən sonra gənc Firudin əvvəlcə
Tərtərin Qaradağlı, sonra doğma kəndi Borsunluda
uzun illər dil-ədəbiyyat müəllimi işləyib.
Bir fədakar pedaqoq olaraq çoxlu istedadlı, vətənpərvər
gənclər tərbiyə edərək yetişdirib, təhsilimizin
əsl cəfakeşlərindən biri kimi ad qazanıb. Onun bu
sahədəki xidmətləri hökumət tərəfindən
də yüksək qiymətləndirilib. "SSRİ maarif əlaçısı",
"Azərbaycanın qabaqcıl maarif xadimi"
medallarına, bir çox fəxri fərmanlara layiq
görülüb.
1990-cı
illərin əvvəllərində- Qarabağ müharibəsi
başlananda o dövrdə artıq təqaüdə
çıxmağa hazırlaşan Firudin müəllimin həyatının
nizamlı axarı pozuldu. Vətən təhlükədə
olanda o, necə sakit qala bilərərdi? Ən ağır
döyüşlərin getdiyi yerlərə gedib
döyüşçülərimizə ürək-dirək
verir, əlində nə maddi imkanı vardısa, milli ordumuza
kömək edirdi. Ən çox da qələmi ilə qələbəmizə
öz töhfəsini verməyə
çalışırdı. Deyir ki, "cavan olsaydım, əlbəttə,
əlimə silah götürüb vuruşardım, indi
gücüm qələmə çatır".
Qocaman
yazıçı Qarabağ müharibəsi barədə bir
çox kitablar yazıb. Onun həmin hadisələri dərindən
təsvir və şərh edən "Heydər Əilyev cəmiyyəti
necə yarandı?" publisistik əsəri də hadisələrin
obyektiv şərhi baxımından maraqlıdır.
Yazıçı öz müşahidələri əsasında
yazır: "Ermənilərin bizim dədə-baba
torpaqlarımızı işgal etməsi özlərini Xalq Cəbhəsi
adlandıran səriştəsiz və məsuliyyətsiz siyasətçilərin
günahı üzündən baş verdi. Onlar nə ölkəni
özləri idarə edə bilirdilər, nə də geri
çəkilib işi işbilənə tapşırmaq istəyirdilər.
Əgər həmin illərdə dahi siyasətçi Heydər
Əliyev Azərbaycanda hakimiyyətdə olsaydı,
başımıza bu müsibətlər də gəlməzdi".
Heydər Əliyevin Azərbaycana yenidən rəhbərlik etməsi ilə insanların qəlblərində inam, ümid hissləri yarandı. Ulu öndər tezliklə ökədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına nail oldu, Azərbaycanda milli dövlətçilik quruculuğu sahəsindəki böyük tarixi işlər görüldü. F.Tərtəroğlu deyir ki, "mən qəlbən əminəm ki, Heydər Əliyev siyasəti gələcəkdə də Azərbaycanın əbədi tərəqqisinə xidmət edəcək. Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi indi regionun lider dövlətinə çevirib. Bu gün paytaxtda, bölgədərdə, doğma Tərtərdə aparılan böyük quruculuq işlərini, tərrəqqini müşahidə etdikcə, qəlbim sevincdən dağa dönür".
F.Tərtəroğlu son bir neçə ildə bir-birindən maraqlı əsərlər yazaraq nəşr etdirib. Tanınmış ziyalı, mərhum professor Hüseyn Hüseynovun elmi axtarışlarına və tale yoluna həsr olunmuş "Yarımçıq ömrün dastanı" kitabı (2008) ədəbi ictimaiyyətin diqqətinə səbəb olub. Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə yazır ki, "Yarımçıq ömrün dastanı" əsərini oxuyanda bir daha əmin oldum ki, bədii ədəbiyyatın gücü onun həyat həqiqətinin təcəssüm imkanları ilə ölçülür. F.Tərtəroğlu həyat həqiqətindən qorxmur, inamla ona doğru gedir, onu böyük sevgi ilə təsvir edir".
F.Tərtəroğlunun son poemalarından biri isə "Ağdabanın yay gecələri" adlanır. Bu əsərin hər misrasında bu gün düşmən pəncəsində inləyən Kəlbəcərin mütləq azad ediləcəyinə dərin inam hopub. Bu yaxınlarda isə qocaman yazıçı "Yaxşı adamların sorağındayam" adlı əsəri ilə oxucuların görüşünə gəlib. Yazıçının burada əsasən son illərdə qələmə aldığı hekayə, poema, sənədli oçerkləri toplanıb.
Bədii yaradıcılıq milli tale məsələsidir. Bədii ədəbiyyat millətə sonsuz sevgidən yaranır və öz müəllifini də yaşadır. Düşünürəm ki, F. Tərtəroğlunun faktdan bədii ədəbiyyata gedən yolu millət sevgisindən keçib gedir.
Mahmud QƏRİBOV
Xalq qəzeti.- 2012.- 15 iyul.- S. 7.