ADPU yubiley ilini uğurla başa vurdu

 

2012-ci il mayın 25-də təhsil naziri, professor Misir Mərdanov "İmtahan sessiyasının təşkili və keçirilməsi" barədə əmr imzalamışdır.

 

Əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2011-2012-ci il tədris ilinin yaz imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahanların gedişində yarana biləcək mənfi halların aradan qaldırılması, ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması, imtahan qərargahları və "Qaynar xətt" xidmətlərinin yaradılması, daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə çevik məlumat verilməsi, həmçinin imtahan sessiyasında şəffaflığın, ictimai nəzarətin gücləndirilməsi və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm məlumatların verilməsi kimi vacib məqamlar öz əksini tapmışdır.

Təhsil nazirinin əmrinə uyğun olaraq bu dərs ilində özünün 90 illik yubileyini qeyd etmiş ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov da universitetdə yaz imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalamışdır. Əmrdə tələbələrin biliyinin qiymətləndirilməsi zamanı biliyin yeganə meyar kimi götürülməsi vacib və mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Rektorun əmri ilə ADPU-da universitetin qabaqcıl və təcrübəli pedaqoq-alimlərinin daxil edildiyi 9 nəfərdən ibarət "Qaynar xətt" xidməti yaradılmışdır. "Qaynar xətt"ə ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Süleyman Məmmədov sədrlik edir, eyni zamanda bütün fakültələrdə də "Qaynar xətt" xidmətləri fəaliyyət göstərir. Son 6 ildə ADPU-nun rektoru, professor Yusif Məmmədovun rəhbərliyi ilə universitetimizdə həyata keçirilən islahatlar tələbə gəncləri oxumağa, öyrənməyə, biliklərə daha dərindən yiyələnməyə həvəsləndirmişdir. Kollokviumların, semestr və dövlət imtahanlarının elektron-test üsulu ilə keçirilməsi tələbələrlə yanaşı, onların valideynləri tərəfindən də rəğbətlə qarşılanır. Təhsil Nazirliyinin rəhbərliyi də ADPU-da imtahanların bu üsulla keçirilməsini təqdir edir. İmtahan sessiyasının gedişi zamanı qarşıya çıxan narazılıqların ədalətli həlli üçün həm fakültələrin, həm də universitetin "Qaynar xətt" xidməti səmərəli fəaliyyət göstərir. "Qaynar xətt" xidmətlərinə edilən hər bir müraciət çevik şəkildə, diqqətlə hərtərəfli araşdırılır və qanunamüvafiq qərarlar qəbul edilir. Bu günə kimi bizə tələbələr tərəfindən 350-ə qədər müraciət edilib ki, onlardan 100-ü tələbələrin xeyrinə həll edilib. Bütün bu işlər rektor Y.Məmmədovun birbaşa rəhbərliyi və nəzarəti altında həyata keçirilir.

ADPU-da cari tədris ilinin yaz imtahan sessiyasından başlayaraq imtahanların yeni üsul tətbiq edilməklə iki mərhələdə keçirilməsinə başlanılmışdır. ADPU Elmi Şurasının müvafiq qərarı əsasında "yaxşı" və "əla" qiymət almaq istəyən tələbələr elektron-test üsulu ilə, kompyuter vasitəsilə imtahan verdikdən sonra kompyuterin müvafiq düyməsini basmaqla elə həmin gün eyni fəndən yazılı imtahanlara buraxılmaq imkanı əldə edirlər. ADPU-da bu yeni üsulun tətbiq edilməsində başlıca məqsəd tələbələrin imtahanlara daha ciddi, daha məsuliyyətli hazırlaşmalarını, elmi biliklərə daha dərindən yiyələnmələrini, onların sərbəst düşünmək qabiliyyətlərini, yaradıcı təxəyyülünü və məntiqi təfəkkürünü inkişaf etdirmək, öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığını formalaşdırmaqdır.

Onu da əlavə edək ki, Kompyuter Mərkəzində VTS.TEST sistemi vasitəsilə keçirilən semestr imtahanlarında müəyyən dəyişikliklər olmuşdur. İndi semestr imtahanları iki mərhələdə aparılır. Əgər tələbə 71-dən çox bal toplayarsa, onda həmin tələbə imtahanın ikinci mərhələsinə buraxılır. Tələbələrin imtahanların ikinci mərhələsində iştirak etmələri könüllük prinsipinə əsaslanır. İkinci mərhələdə tələbələr yazılı imtahan verirlər. Əgər tələbə yazılı imtahanlarda da yüksək bal toplayarsa, o zaman kompyuterdə aldığı "4" və "5" qiymətini təsdiqləmiş olur. Tələbə yazılı imtahanlarda az bal toplayarsa, bu zaman ona 70 bal verilir. Tələbə yazılı imtahanın suallarını cavablandıra bilməzsə, onun biliyi 60 balla qiymətləndirilir. 51 baldan çox, 71-dən az bal toplayan tələbələr isə yazılı imtanlara buraxılmırlar onlar üçün kompyuter balları əsas götürülür. Yekunda 51 baldan az toplayan tələbələr "qeyri-kafi" qiymət almış olurlar.

Diqqətinizə çatdıraq ki, gün ərzində Kompyuter Mərkəzində təxminən 800-1200 nəfərə yaxın tələbə imtahan verir. Onlardan 100-150 nəfəri imtahanların ikinci - yazılı mərhələsində iştirak etmək üçün "bəli" cavabını verirlər. Yazılı imtahanlarda iştirak edən tələbələrin 40-50%-i öz qiymətlərini təsdiqləyirlər. Yazılı imtahanlarda ictimai humanitar elmlər üzrə daha çox tələbə iştirak edir. Dəqiq elmlər üzrə isə yazılı imtahanlarda iştirak etmək istəyən tələbələrin sayı azlıq təşkil edir.

İmtahanların tam şəffaf düzgün aparılması üçün qarşımızda qoyulan tələblərə layiqincə əməl etməklə universitetimizin şərəfini yüksəltməyə çalışırıq.

Yaz imtahan sessiyasının gedişi zamanı tələbələr imtahanların qanun çərçivəsində, şəffaf şəkildə aparılmasından öz razılıqlarını bildirdilər.

 

 

Süleyman MƏMMƏDOV,

"Qaynar xətt"in sədri, əməkdar

elm xadimi, professor,

 

Mənsur İBRAHİMLİ,

ADPU-nun mətbuat və

informasiya şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2012.- 15 iyul.- S. 6.