Azərbaycan regionun və Avropanın mühüm
enerji təminatçısıdır
Son 20 ildən artıq bir müddətdə
enerji ehtiyatlarının zəngin olduğu regionlar, ölkələr
ətrafinda gedən münaqişələr, lokal
müharibələr və qarşıdurmalar aydın şəkildə
göstərir ki, indiki
dünyada ölkələrin təhlükəsizliyini
enerji təhlükəsizliyindən ayrı təsəvvür etmək
mümkün deyil. Bu mənada
Azərbaycanın hazırda regionun,
Avropanın və ümumiyyətlə, dünyanın bir çox ölkələrinin
enerji təhlükəsizliyinin təminatçısına
çevrilməsi onu dünya
birliyinin mühüm strateji dövlətləri sırasına
çıxarmışdır. Lakin bu nüfuza sahib çıxmaq üçün
ölkə çox şərəfli və
böyük inkişaf
yolu keçmişdir.
XX əsrin
əvvəllərində Alfred Nobelin "burada neft, qan və
siyasət çox sıx şəkildə bir-birinə
qarışıb" deyə, xarakterizə etdiyi Azərbaycan
elə həmin əsrin sonunda da eynən belə
idi...Ümummilli lider Heydər Əliyev 1993-cü ildə
hakimiyyətə qayıdandan sonra Azərbaycandakı xaosa və
hakimiyyət boşluğuna, qardaş qırğınına
son vermək, müstəqil dövlətçiliyin əsaslarını
qoymaqla yanaşı, çox böyük səylə
özünün neft strategiyasının real
konturlarını çəkməyə başladı.
Böyük siyasət ustası XX əsrin sonunda dünyada
neft diplomatiyası dövrünün
başlandığını və bu diplomatiyanın
reallıqlarının nəzərə alınacağı təqdirdə
ölkənin qazanacağı iqtisadi və siyasi dividendləri
çox dəqiq hesablaya bilmişdi...
1994-cü
il sentyabrın 20-də bəzi dövlətlərin təzyiq
və hədələrinə baxmayaraq, dünyanın 11
transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"
adını alan hasilatın pay bölgüsü haqqında
ilk saziş imzalandı. Dünyada o qədər də
tanınmayan müstəqil Azərbaycan beynəlxalq
iqtisadi-siyasətin maraq mərkəzlərindən birinə,
qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına
çevrilirdi...
"Əsrin
müqaviləsi" Azərbaycanda güclü qanunvericilik
bazası yaratdı və ölkə əlverişli və
etibarlı investisiya mühiti olan sivil bir ölkəyə
çevrildi. Qisa zamanda Azərbaycana investisiya axını
başladı. Artıq neft sənayesinə geniş sərmayə
qoyuluşu və neft əməliyyatlarında müasir texnika
və texnologiyanın tətbiqi nəticəsində 1999-cu ildə
nəhəng "Şahdəniz" qaz-kondensatı
yatağı açkar edildi.
1994 - 2010-cu illər ərzində ölkənin neft-qaz sektoruna 40 milyard dollar həcmində sərmayə qoyuldu. Elə bu müddətdə xarici ölkələrin neft şirkətləri ilə hasilatın pay bölgüsü üzrə 32 saziş imzalandı. Hazırda 15 ölkənin 34 beynəlxalq enerji şirkəti quruda və Xəzərin Azərbaycan sektorunda yerləşən 30 yataq üzrə aparılan neft-qaz hasilatına cəlb olunmuşdur.
Yeni neft strategiyasına uyğun olaraq böyük həcmdə Azərbaycan neftinin Avropaya və dünya bazarına çıxarılması üçün alternativ marşrutlar təyin etmək lazım gəlirdi. 1999-cu ildə ilkin dövr üçün Bakı-Tbilisi- Supsa neft kəməri tikilərək istismara verildi. Bu marşrutun mövcud olan Bakı - Novorossiysk marşrutundan üstünlüyü onda idi ki, birincisi, Azərbaycan nefti "Azerlayt" markası altında təmiz halda dünya bazarına çıxarılır, ikincisi, nəql xərcləri daha ucuz olur və ən mühümü Azərbaycan neftinin sərbəst çıxışına maneə qalmırdı.
Heydər Əliyevin şah əsəri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallığa çevrilməsi ulu öndərin neft strategiyasında yeni bir mərhələ oldu. Layihə ətrafında kəskin diskussiyalar getdiyi bir vaxtda gənc siyasətçi İlham Əliyev böyük uzaqgörənliklə deyirdi: "Biz özümüz kəmərə nəzarət etməliyik və buna nail olacağıq... Biz imkan verə bilmərik ki, "kimsə" kəmərin mülkiyyətçisi, sahibi olsun."
2006-cı ilin mayında ötürmə qabiliyyəti 60 milyon ton olan BTC kəməri işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən danışaraq deyirdi: "BTC-nin fəaliyyətə başlaması dünyanın enerji xəritəsini dəyişdi. " Bu mənada BTC bu gün həm də beynəlxalq enerji təhlükəsizliyi sisteminin əsas elementlərindən birinə çevrilmişdir. Mərkəzi Asiyanın nəhəng neft mərkəzlərindən olan Qazaxıstan artıq "Tengiz" yatağından hasil etdiyi neftin müəyyən hissəsini məhz bu kəmər vasitəsi ilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürür. Hazırda ulu öndərin adını daşıyan bu kəmər vasitəsi ilə sutkada 1,2 milyon barrel neft Səngəçal terminalından Aralıq dənizi sahillərinə yola salınır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri səfir Rolan Kobia qeyd edir
ki, "müstəqillik illəri Azərbaycan
iqtisadiyyatının böyük inkişaf dövrü olmuş və indiki vaxtda ölkə qabaqcıl neft
və qaz təminatçılarından
birinə çevrilmişdir. Şəffaf
müqavilə şəraiti, uzunmüddətli əməkdaşlıq
imkanları, xarici şirkətlər üçün yaradılmış şərait
və ARDNŞ-in fəaliyyəti dünya səviyyəsindədir. Azərbaycan qlobal səviyyədə
neft və qaz
istehsalçısıdır." Hazırda Azərbaycan
ABŞ, İtaliya, İsrail,
Fransa, İndoneziya, İspaniya da daxil olmaqla dünyanın
24 ölkəsinə xam neft
ixrac edir. 2010-cu ildə
ölkədə ilk dəfə olaraq neft hasilatı 50,9 milyon tona
çatmışdır. Hasil edilmiş neftin 6,4 milyon
tonu emal edilmiş, 44,3 milyon tonu isə ixrac
olunmuşdur. Vaxtı
ilə çoxlarının
xəyal hesab etdikləri BTC kəməri
vasitəsilə 2006-cı ildən
bu günə qədər dünya bazarına 189, 3 milyon tona yaxın neft yola salınmışdır.
Azərbaycanın ABŞ və Avropa
İttifaqı ölkələri
ilə sıx münasibətləri, strateji
enerji əməkdaşlığının
inkişafı respublikanın
iqtisadi tərəqqisilə
yanaşı, heç
şübhəsiz, ölkənin
müstəqilliyinin və
suverenliyinin də bilavasitə möhkəmlənməsi
deməkdir. Sabit xarici siyasət kursu, dünya birliyinə uğurlu inteqrasiya artıq gənc müstəqil dövlətin əsas etibar mandatına çevrilmişdir. Rolan Kobianın sözləri ilə desək, "...Avropa Azərbaycanı bu regionda ən
mühüm tərəfdaş
hesab edir."
Azərbaycan özünü təkcə
neft ixracatçısı
deyil, eyni zamanda, etibarlı qaz ixracatçısı kimi də beynəlxalq
birliyə təqdim edə bilmişdir. Dövlət başçısı
İlham Əliyev
AGRİ (Azerbaijan-Georgia-Romania İnterconnektor
) layihəsi ilə bağlı 2010-cu il sentyabrın 14-də keçirilmiş
görüşü zamanı
bildirmişdi ki,
"...Azərbaycanın beynəlxalq
səviyyədə təsdiq
olunmuş qaz ehtiyatlarının həcmi
2 trilyon kubmetrdir, reallıqda isə bizim minimal ehtiyat potensialımız 5 triliyon
kubmetrə yaxındır.
Diversifikasiya ixracı
strategiyası üçün
bu, bir neçə
onilliyə, bəlkə
də yüz ilə bəs edər..."
Prezident
İlham Əliyev Azərbaycan qazının
müxtəlif bazarlara
nəqli üçün
də öz infrastrukturuna sahib olmasının
vacibliyini qeyd edərək bildirir ki, "Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi bizim regionun qaz sahəsində əməkdaşlığının inkişafında böyük
rol oynadı. Diversifikasiyanın bizim hamımıza böyük
faydası olacağını
nəzərə alaraq,
biz hazırda yeni marşrutların müəyyənləşdirilməsi
üzərində işləyirik.
Bu işin həyata keçirilməsi üçün
bizim planlarımız
da, siyasi iradəmiz də var."
Azərbaycanın müstəqillik illərində
həyata keçirilən
bir mühüm layihəsi də, Prezident İlham Əliyevin qeyd etdiyi kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri olmuşdur. Ötürmə gücü
20 milyard kumetr olan bu kəmər
hazırda ölkənin
əsas qaz ixrac kəməridir. Lakin ölkənin qaz potensialını reallaşdırmaq, eyni zamanda, Avropa istehlakçılarının Xəzər
regionuna və onun karbohidrogen resurslarına çıxışını
təmin etmək üçün bir çox layihələr üzərində ciddi iş gedir. Təbii ki, nəqliyyat marşrutları
üzərində intensiv
işləməyə əsaslar
da var. Ölkədə
qaz hasilatı dinamıkasını nəzərdən
keçirək: 2002-ci ildə
4, 2 milyard kubmetr qaz hasil edilibsə,
2010-cu ildə bu göstərici 26 milyard
349,6 milyon kubmetr olub.
Hazırda Azərbaycan 5 ölkəyə
qaz ixrac edir. Son bir ildə
Türkiyəyə 6,6 milyard,
Gürcüstana 1,5 milyard,
Rusiyaya 500 milyon, İrana 400 milyon və reeksport yolu ilə Yunanıstana
400 milyon kubmetr qaz satılıb. Azərbaycanın enrji resursları təminatı
sahəsində region və
Avropa Birliyi ölkələri ilə əməkdaşlığını yüksək dəyərləndirən
qonşu Gürcüstan
Respublikasının Prezidenti
Mixeil Saakaşvili deyir: "...Azərbaycanın
Avropa istiqamətində
enerji təminatında
siyasi nöqteyi-nəzərdən
heç bir dəyişiklik yoxdur. Azərbaycanın enerji resursları sabit şəkildə artır.
Azərbaycan özünü
sabit, proqnozllaşdırılmış
və etibarlı enerji təminatçısı
kimi təqdim edib. Bütün bu işlər şəffaf şəkildə
aparılmışdır."
Bu, bir daha onu
göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu onun bəyan etdiyi "enrgetika sahəsində əməkdaşlıq
istehsalçıların və
istehlakçıların bərabərhüquqlu
əməkdaşlıq zəminində
qurulmalıdır" fikri
ilə tam eynilik təşkil edir. Bu da təkcə neft- qaz sektoruna
deyil, ölkənin digər sənaye və kənd təsərrüfatı infrastrukturlarına
da xarici iş adamlarının marağını artırır.
Almaniya Federativ Respublikasının
keçmiş xarici işlər naziri, tanınmış siyasi xadim Hans -Ditrix Qenşer Azərbaycanı
Cənubi Qafqazda sabitliyin qarantı hesab etməklə bərabər, bildirir:
"Mən regionda əməkdaşlıq üçün
Azərbaycandan yaxşı
partnyor tanımıram.
Azərbaycan bizim üçün mühüm
ölkələrdən biridir.
Mən belə hesab edirəm ki, Azərbaycan Avropanın enerji təhlükəsizliynin təmin
olunmasında həlledici
rol oynayır".
Almaniya kimi Avropanın digər ölkələrinin
də qaz təminatı ilə bağlı Azərbaycana üz tutması təkcə ölkəmizin
zəngin qaz ehtiyatlarının olması
ilə yox, həm də respublikanın regionda sabit siyasət yürüdə bilməsilə
bağlıdır. Buna baxmayaraq,
Aİ-nin Bakıdakı
nümayəndəliyinin rəhbəri
Rolan Kobia qeyd edir ki,
"respublikanın mövcud
kəmərlər şəbəkəsi
Xəzər qazının
Avropaya daşınması
ilə bağlı ambisiyalı planları reallaşdırmaq gücündə
deyil... Biz uzunmüddətli
və fasiləsiz fəaliyyət göstərəcək,
heç bir "tıxac və ləngimə" problemi yaşatmayacaq dəhliz istəyirik".
Bu
baxımdan təbii ki, Cənub enerji dəhlizi ilə
bağlı layihələrdən Transanadolu qaz kəməri
layihəsi daha real görünür. Bakının və
Ankaranın illik ötürmə gücü 16 milyard kubmetr
olacaq Transanadolu qaz kəməri layihəsi üzrə 2011-ci
ilin dekabrında imzaladığı anlaşma memorandumundan
sonra bu istiqamətdə müzakirələr daha intensiv
xarakter almışdır.
Ekspertlər
bildirirlər ki, Transanadolu qaz kəməri ilə bağlı
bəzi konseptual məsələlər həll olunarsa, onda bu
kəmər Avropanın qaz təminatı ilə bağlı
bütün tələblərə cavab verər. Bununla belə,
Azərbaycan qazı Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin
təminatı baxımından prioritet sayılan Nabukko,
Türkiyə-Yunanıstan-İtaliya (İTGİ), Transadriatik
qaz kəməri (TAP), "Bəyaz axın" kimi iritutumlu
qaz kəmərləri layihələrinin də əsas mənbələrindən
hesab olunur.
Bütün
hallarda Avropa İttifaqı ən azından "Şahdəniz-2"
layihəsi çərçivəsində
çıxarılacaq qazın Avropaya ixracı
üçün xüsusi infrastrukturun yaradılmasında
çox maraqlıdır. R.Kobia hələ bu ilin mart
ayında bəyan etmişdi ki, "Avropa İttifaqı Azərbaycan
qazının Avropaya ixracı üçün xüsusi
infrastrukturun yaradılmasını zəruri hesab edir... Azərbaycan
qazının Avropaya ixracı üçün
seçilmiş infrastruktur variantının sonradan həm Azərbaycan,
həm də bütölükdə regionda, xüsusilə
Türkmənistanda yaranacaq yeni qaz həcmlərinə görə
genişləndirmək imkanları da olmalıdır."
Aydın
ifadə olunan bu mövqe istər ABŞ-ın, istərsə
də Aİ-nin münasibətlərindən bir gercək məram
da üzə çıxır ki, onlar Avropanın enerji təhlükəsizliyi
baxımından Azərbaycana təkcə enerji
resurslarının təminatçısı rolunu deyil, həm
də əsas taranzit ölkə rolunu ayırmışlar. Əslində
Azərbaycan bu etimadı çoxdan qazanıb. Çünki məhz
bizim ölkə son onillikdə regionda təkcə neft və
qaz istehsalçısı kimi deyil, Xəzərətrafı
qonşu ölkələrin enerji resurslarının tranzit
ölkəsi kimi də qabaqcıl mövqeyə
çıxmışdır.
İlqar RÜSTƏMOV
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrin inkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
Xalq qəzeti.- 2012.- 15 iyul.- S. 5.