Söz azadlığı və peşə
davranışı normaları: xarici və
yerli təcrübə
Azərbaycanda mətbuat
üzərində senzura ləğv ediləndən
sonra qəzet və jurnal
təsisçiliyi sərbəst buraxılmış, Kütləvi
İnformasiya Vasitələri (KİV)
haqqında yeni qanun qəbul
edilmişdir. Müsbət istiqamətdə
addımlar atılaraq, mətbuatın dövlət tərəfindən
tənzimlənməsinə son qoyulmuş, mətbuatın özünüidarəsinə
xidmət edən Mətbuat Şurası
yaradılmışdır. Bütün bu azadlıqlar media
işçiləri qarşısında həm də ciddi vəzifələr qoyur.
Bu vəzifələr sırasında ən
mühümü daim
cəmiyyətin də diqqət mərkəzində olan, jurnalist peşəkarlığının
önəmli göstəricilərindən sayılan media etikası məsələsidir.
Hər
bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən
insan hüquqlarını, demokratik prinsipləri və etik
davranış qayadalarını nəzərə
almalıdır. Bu tələb "Jurnalistlərin peşə
əxlaqı kodeksi"ndə öz əksini
tapmışdır və "Diffamasiya haqqında" qanun
layihəsində də nəzərdə tutulur. Bu qanun layihəsi
etik davranış qaydaları və prinsiplərini, onların
yerinə yetirilməsilə bağlı hüquqi mexnizmləri
müəyyən etməklə yanaşı, jurnalistlər
qarşısında həm də siyasi neytrallığı
gözləmək tələbi qoyur.
Bütün
sivil və demokratik dövlətlərdə olduğu kimi, Azərbaycan
Respublikasında da medianın fəaliyyətinin təkcə
hüquqi deyil, həm də etik çərçivəsini
müəyyənləşdirən qanunlar mövcuddur. Bu
qanunlar zamanın tələbinə, cəmiyyətin və
medianın özünün inkişafına uyğun olaraq daim
yeniləşir və təkmilləşir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra söz və mətbuat azadlığı sahəsində münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılmış, Azərbaycan Respublikasının Konstitusiyası, "KİV haqqında" (1999-cu il), "İctimai televiziya və radio yayımı haqqında" (28 sentyabr 2004-cü il), "İnformasiya əldə etmək haqqında" (30 sentyabr 2005-ci il) qanunlar, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan milli mətbuatının 125 illik yubileyi haqqında" (27 mart 2000-ci il), Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında" (2005-ci il) fərmanları və digər sənədlər qəbul olunmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı, 50-ci maddəsində məlumat azadlığı hər kəsin istədiyi fikri ifadə etmək azadlığı ilə bərabər, "istədiyi məlumatı qanuni yollarla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ" öz əksini tapmışdır.
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ölkə Konstitusiyasından, "KİV haqqında" Qanundan, "Məlumat azadlığı haqqında", "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Rabitə haqqında", "Dövlət sirri haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə "KİV haqqında" Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Medianın fəaliyyətində mühüm məsələlərdən biri də müəllif hüququ məsələsidir. Qanunda bu problemlə bağlı dolğun müddəalar vardır. 12-ci maddədə göstərilir ki, müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən kütləvi informasiya vasitələrinin istifadəsinə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməklə yol verilir. Oxucu (dinləyici, tamaşaçı) məktubları dərc edilərkən (efirə verilərkən) onların məzmununu təhrif etməyən ixtisara və redaktəyə yol verilir.
Qanunun 10-cu maddəsində isə dövlət və cəmiyyət mənafeləri baxımından medianın söz və fikir azadlığından sui-istifadə etməsinin yolverilməzliyi ifadə olunmuşdur. Həmin maddədə deyilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Qeyd olunduğu kimi, Azərbaycan qanunvericiliyində media qurumlarının fəaliyyətinin hüquqi, sosial-siyasi, maddi-texniki cəhətləri ilə yanaşı, etik-əxlaqi aspektlərinə, mənəvi prinsiplərinə də önəmli yer ayrılmışdır. Burada söz azadlığı ilə şəxsiyyətin qorunması amili arasında hüdudların və dəqiq nisbətin gözlənilməsi əsas məsələ kimi ön plana çəkilmişdir.
AR Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Qanunvericilik şəxsiyyətin, onun şərəf və ləyaqətinin qorunması ilə bağlı istər mənəvi, istərsə də inzibati və cinayət məsuliyyəti nəzərdə tutur.
Beləliklə, ölkə qanunvericiliyi media etikasının hüquqi çərçivəsini müəyyənləşdirən kifayət qədər dəqiq müddəalarla zəngindir. Onu da xüsusi vurğulamalıylq ki, dövlət və cəmiyyət bu müddəalara ehkam kimi yanaşmır, Azərbaycanda sivil toplum oturuşduqca, onlara yenidən qayıdılır, qanunvericliyin milli mənafelər naminə medianın daha da inkişafına şərait yaratması üçün addımlar atılır. Bu baxımdan diffamasiya haqqında qanunun qəbul edilməsi ilə irəliyə doğru mühüm addım atılacağı şübhə doğurmur.
Söz azadlığı və jurnalistlərin peşə davranış qaydalarının müəyyən edildiyini xatırlatdıq. Bəs bu qaydalar necə gerçəkləşməlidir? Başqa sözlə, jurnalist fəliyyətinin səmərəliliyini təmin etmək üçün media etikası ilə media praktikasının qarşılıqlı əlaqə və münasibətləri necə olmalıdır? Bu sualları cavablandırmaq üçün etik qaydaların və davranış normalarının izahlı açılışını nəzərdən keçirmək yetərlidir:
- Jurnalistin əsas vəzifəsi informasiyalar, ideyalar və ictimai yüklü fikirləri cəmiyyətə ötürməkdir. Əlbəttə, jurnalistin şərh verməyə ixtiyarı vardır. Senzuranın və təhrifin istənilən formasına müqavimət göstərmək jurnalistin həm haqqı, həm də vəzifəsidir. Vətəndaş cəmiyyəti quruculuğunda iştirakını önə çəkərək, jurnalistlər insan hüquq və azadlıqlarını, şərəf və ləyaqətini müdafiə etməli, ideya və fikir plüralizminə hörmətlə yanaşmalı, hüquqi dövlətin möhkəmlənməsinə yardımçı olmalı, hökumətin və digər sosial strukturların fəaliyyətinə ictimai nəzarətdə fəal iştirak etməlidirlər.
- KİV-lər cəmiyyətin maraqlarına, şəxsiyyətin hüquqlarına və qanuni maraqlarına zidd kampaniyalara cəlb edilməməlidir. Müharibəyə, zorakılığa, dini, irqi, milli, sosial dözümsüzlüyə, millətlərarası münaqişələrə, qəddarlığa, pornoqrafiyanın yayılmasına, aşkarlıq və fikir müxtəlifliyi üzərində inhisara, ictimai fikirlərin manipulyasiyasına çağırışlar yolverilməzdir.
- Jurnalistlər həqiqətə xidmət etməli, informasiyada dəqiqliyi və obyektivliyi ön plana çəkməlidirlər. Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini də öyrənib əks etdirməli, hər hansı səbəbdən bu mümkün olmadıqda isə tənqid obyektinin tələbinə əsasən, öz fikirlərini çatdırmağa ən qısa vaxtda ona şərait yaratmalıdır. Jurnalistlər xəbərlə onun şərhini, faktla ona münasibəti aydın şəkildə ayırmalıdırlar. Siyasi prosesləri, xüsusilə, seçkiləri işıqlandıran materiallar qərəzsiz, tarazlaşmış olmalı və obyektivliyi ilə seçilməlidir. Təhsil, tərbiyə və siyasi mövzuların işıqlandırılmasında bayağı leksika yolverilməzdir. Əldə olunan məlumat təsdiqini tapmırsa və ya fərziyyədirsə, bu qeyd qəzet səhifəsində öz əksini tapmalıdır.
- Jurnalistlər informasiya qaynaqlarına sayğı ilə yanaşmalıdırlar. Hər bir jurnalist ötürdüyü informasiyanın dəqiqliyinə cavabdehdir. Müxtəlif təşkilatlara, partiyalara, cəmiyyətlərə, birliklərə və digər maraqlı qruplara aid rəsmi məlumatlar verilərkən mənbə mütləq göstərilməlidir.
- Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır.
- Jurnalist haqqında yazdığı adamları milli, irqi, dini, cinsi və sosial mənsubiyyətinə, yaşadığı və ya anadan olduğu yerə görə aşağılamaqdan çəkinməli, ehtiyac olmadıqda onlar haqqında bu tipli məlumatları vurğulamamalıdır. Sosial statusu zəif olan və diskriminasiyaya uğrayan vətəndaşların tərəfini saxlamaq jurnalistin mənəvi borcudur.
- Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə hörmət bəsləməli, şəxsi həyatın toxunulmazlığı prinsipinə riayət etməlidir. Vətəndaşların şəxsi həyatına aid faktlar, onlar cəmiyyətin maraqlarına toxunmursa və ictimai əhəmiyyət kəsb etmirsə, özlərinin razılığı olmadan yayıla bilməz.
- Jurnalist və kütləvi informasiya vasitəsi yol verilmiş səhvi, müəyyən edildikdən dərhal sonra ən qısa müddətdə və tam həcmdə aradan qaldırmalı, müvafiq düzəliş verməlidir. Bu zaman əvvəl verilən məlumatın nə dərəcədə tam, yoxsa qismən yalnış olduğu aydın göstərilməlidir.
- Hər hansı cinayətdə şübhəli sayılan şəxsin tam adı və şəkli yalnız o hallarda dərc oluna bilər ki, bu, cinayətin açılmasına kömək etsin. Bu həmçinin həmin adam artıq həbs olunduğu, yaxud da törədilən cinayətlə onun tutduğu vəzifə arasında əlaqə olduğu hallarda da mümkündür. Kütləvi informasiya vasitəsi hər hansı vətəndaşın şübhəli şəxs qismində həbs olunması, yaxud istintaqa cəlb edilməsi barədə məlumat yaymışsa və sonradan onun təqsirsizliyi sübuta yetmişsə, həmin informasiya orqanı bu barədə mütləq xəbər verməlidir.
- Qiymətli hədiyyələr, bəxşişlər həm jurnalistlərin, həm də onların təmsil etdikləri informasiya orqanlarının adına xələl gətirə bilər. Odur ki, jurnalist peşəsi ilə bağlı əlaqədə olduğu şəxslərdən qiymətli hədiyyə, bəxşiş almamalıdır. Eyni zamanda, jurnalist redaksiya sənədindən şəxsi mənafeləri üçün və maddi maraqlarını gerçəkləşdirmək naminə istifadə etməməlidir.
- Jurnalist fəaliyyətində
heç bir formada plagiata yol verməməlidir. Hər bir jurnalist istifadə
etdiyi ədəbiyyatı,
mətbuat materiallarını,
internet ehtiyatlarını dəqiq
göstərməli, müəllif
hüquqlarının qorunması
prinsipinə əməl
etməlidir, çünki
bu təkcə onun özünün deyil, həm də onun işlədiyi
redaksiyanın, üzvü
olduğu kollektivin şərəf məsələsidir.
İctimai nəzarəti həyata keçirən medianın
özü də tam nəzarətsiz qala bilməz, başqa sözlə, demokratik toplumun söz və fikir azadlığı
kimi fundamental dəyərləri
sui-istifadə obyektinə
çevrilib şəxsi
və qrup mənafelərinin gerçəkləşdirilməsi
aləti olmamalıdır. Təcrübə göstərir ki, mediaya inzibati nəzarət son nəticədə
qeyd olunan dəyərlərin məhdudlaşdırmasına
gətirib çıxarır.
Odur ki, media etikası alternativ həll variantı olaraq ön plana çıxır.
Məhz
media etikası informasiya
vasitələrinin fəaliyyətinin
hüquqi əsaslarını
tamamlayaraq onun cəmiyyətin xeyrinə
dolğun və səmərəli işini
təmin edə bilər. Bu mənada
jurnalistlərin könüllülük
prinsipi ilə yaratdığı qeyri-hökumət
təşkilatlarının rolu əvəzedilməzdir.
İbrahim NİZAMİOĞLU
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrin
inkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə
təqdim olunur.
Xalq qəzeti.- 2012.- 15 iyul.- S. 5.