Azərbaycan Turizm İnstitutunda Məzun günü keçirildi

 

"Hilton Bakı" otelində Azərbaycan Turizm İnstitutunun "Məzun- 2012" adlı üçüncü buraxılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Dövlət himni oxunduqdan sonra institutun təhsil-tədris-təcrübə-təlim-idman fəaliyyətini əks etdirən qısa metrajlı sənədli foto-sessiya nümayiş etdirildi.

 

ATİ-nin rektoru C.Cəfərov institutun ölkədə turizm sahəsində ixtisaslaşmış yeganə təhsil, treninq və tədqiqat mərkəzi olmasından söz açdı. Bildirdi ki, tədris fəaliyyətinə 2006-cı ildə 200 tələbə, bir fakültə, 3 ixtisas və 2 kafedra ilə başlayan institutda hazırda bakalavr səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və 5 ulduzlu mehmanxanalarda çalışırlar. 2010-cu ildə ATİ-də qiyabi şöbədə ikinci ali təhsil üzrə müsahibə yolu ilə tələbə qəbulu aparılıb. Turzim sahəsində əmək fəaliyyəti ilə məşğul olan, qeyri-ixtisas təhsilli 14 sektor nümayəndəsi ATİ-də ikinci ali təhsil alır. Son iki ildə ATİ-dən məzun olanların sayı 288 nəfərdir. 2010-cu ildən ATİ-də 3 ixtisas üzrə 19 tələbə ilə magistratura pilləsi fəaliyyətə başlamışdır. Hazırda bu təhsil pilləsində 7 ixtisas üzrə 41 nəfər təhsilini davam etdirir.

Rektor dedi: "ATİ-də 2011/2012-ci tədris ilindən doktoranturaya qəbul başlanıb və hazırda 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktorluğu üzrə təhsil alır. Tədris prosesi hələlik 7 kafedra vasitəsilə həyata keçirilsə də, daha üç kafedra yaradılması nəzərdə tutmuşuq. ATİ Avropa Kredit Transfer Sistemi (AKTS) və çoxballı qiymətləndirmə sistemini tam tətbiq edən yeganə dövlət ali məktəbidir. Bu sistem tələbələrin təhsil müddətini müstəqil müəyyənləşdirməsinə, tədrisin inkişaf etmiş ölkələr səviyyəsində keyfiyyətlə aparılmasına zəmin yaradır. AKTS çərçivəsində 36 tələbə xaricdə təhsil almışdır. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında turizm təhsili sahəsində beynəlxalq əməkdaşlıq müqaviləsi və akademik müqavilə imzalanmışdır. Bu müqavilələrə əsasən Avstriya - Azərbaycan Turizm Proqramı (AATP) adlı beynəlxalq qrup təşkil edilmişdir. Müqavilə şərtlərinə əsasən, birinci kursun sonunda IELTS proqramı üzrə 5.5 baldan yuxarı nəticə göstərən tələbələr AATP qrupuna daxil edilirlər. Proqrama indiyə qədər 100-ə yaxın tələbə qəbul olmuşdur. Ümumilikdə 33 nəfər eyni zamanda ATİ və Krems Tətbiqi Elmlər Universitetinin diplomunu almışdır." Qeyd edildi ki, 2007-ci ildə imzalanmış müqavilələr əsasında əldə olunmuş uğurları inkişaf etdirmək məqsədi ilə ötən il ölkə başçısı cənab İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti cənab Hayns Fişerin iştirakı ilə ATİ-nin rektoru C.Cəfərov və İMC Krems TEU-nun prezidenti Hayns Boyer tərəfindən Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında turizm və asudə vaxt menecmenti üzrə magistr proqramına dair Əməkdaşlıq Sazişi imzalanmışdır. Cari ildən qeyd olunan saziş üzrə 31 nəfərin beynəlxalq magistratura proqramına qəbul edilməsi nəzərdə tutulur. Tələbələr ölkəmizlə yanaşı, Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Cümhuriyyəti, ABŞ, Ukrayna, İsrail, Portuqaliya və s. ölkələrdə təcrübə keçirlər. 3-cü kurs tələbələrinin 8 və 20 həftəlik istehsalat təcrübəsinə göndərilməsi işi təşkil olunur.

Avropa İttifaqının Erasmus-Mundus xarici əməkdaşlıq proqramı çərçivəsində 2008-ci ildən Yunanıstan, Fransa, Bolqarıstan, İtaliya, Litva, Portuqaliya, Niderland və s. ölkələrin 16 ali təhsil müəssisəsi ilə əməkdaşlıq imkanları əldə edilmişdir. Almaniyanın Yade, Türkiyənin Atatürk, Qars Qafqaz, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə Amerikan və Doğu Akdeniz universitetləri ilə əməkdaşlıq memorandumları imzalanmışdır. Həmçinin, ATİ Ümumdünya Turizm Təşkilatının qoşulmuş üzvü, Demokratiya üçün Universitetlər İttifaqı, Universitetlərin Beynəlxalq Assosiasiyası, Xidmət üzrə Ali Məktəblərin Milli Elmi-Təhsil İnnovasiya-Texnoloji Konsorsiumu, Dialoq Avrasiya Platforması, Xəzəryanı Ölkələrin Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyasının fəal üzvüdür.

C. Cəfərov ali turizm təhsili ilə bərabər, bacarıqlı xidmət personalının hazırlanması məqsədilə 2008-ci ildə ATİ-də Turizm Təlim Mərkəzi yaradılmasından da danışdı: "Turizm potensialının yüksək olduğu bölgələrdə bu günə kimi "Bələdçi", "Turoperator və turagent" və "Qeydiyyat-Ön büro" peşə istiqamətləri üzrə kurslar təşkil olunmuşdur. Artıq bu kursları 49 nəfər bitirmiş, 42 nəfər isə təhsilini davam etdirməkdədir. Ölkədə turizm sahəsində xidmət keyfiyyətinin artırılması məqsədilə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılmışdır. Həmçinin Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallı rayonlarında regional turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur.

2008-ci ilin avqust ayında ATİ-də Tədqiqat və İnkişaf Mərkəzi yaradılmışdır. Mərkəz BMTİP, GİZ, BMU, IUCH/POSC, GFA, ATİB, Almaniyanın Ekologiya Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s. qurumların sifarişi ilə turizm sahəsində 20-dək müxtəlif tədqiqat layihələri həyata keçirmişdir. ATİ-də Ümumdünya Turizm Təşkilatının və Themis Fondunun idarə etdiyi TedQual prosesinin tətbiqinə başlanmışdır. Bu proses nəticəsində ATİ-nin turzim təhsili üzrə beynəlxalq keyfiyyət göstəricisi olan TedQual sertifikatını alması nəzərdə tutulur.

Bu il Azərbaycan Turizm İnstitutunu bitirən tələbələrdən 206 nəfər milli, təxminən 24 nəfər eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alacaqlar. ATİ 2012-ci ildə daha bir ilkə imza atır. 4 nəfər məzun ATİ-nin magistr diplomunu alacaq. Mən məzunlarımızı təbrik edir, onlara uğurlar arzulayıram".

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İMC Krems Tətbiqi Elmlər Universitetinin prezidenti Hayns Boyer, Avstriyanın ölkəmizdəki səfiri xanım Silvia Kaybiç çıxış edərək məzunlara xoş arzularını bildirdilər. Avstriya ilə Azərbaycan arasında mədəniyyət və turizm sahəsində ikitərəfli əlaqələrin inkişafındakı xidmətlərinə görə xanım Silviya Kaybiç Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Avstriya hökumətinin "Qızıl medal"ını təqdim etdi.

Sonra Məzunlara diplomlar və xatirə hədiyyələri verildi. ATİ-nin həyatında ilk olaraq institutun 2012-ci il məzunu Kamran Məmmədzadəyə Fəxri məzun kitabı verildi. O, ATİ-nin məzunu olmaqdan qürur duyduğunu bildirərək həmin kitabı III kurs tələbəsi Türkan Rüstəmovaya təqdim etdi.

Məzun günü incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatdı. Tədbirin sonunda məzunlar xatirə şəkli çəkdirdilər.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2012.- 14 iyul.- S. 7.