Heydər ƏLİYEV:
Mənim üçün hər şeydən
əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim
torpağımdır
Məşhur ingilis filosofu Tomas Karleylin "Həyat
etikası" əsərində deyilir:
"Dünyanın zənginliyi məhz bənzərsiz şəxsiyyətlərdir.
Onların əməllərinin və əsərlərinin sayəsində
dünyanın nuru artır". Tariximizin ən
çətin və kəşməkəşli dönəmlərində
Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi
naminə böyük siyasət
meydanına atılan ulu öndər Heydər
Əliyev məhz belə bənzərsiz dahi
şəxsiyyətdir.
XX əsrin
70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı
və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin
titanik səyləri sayəsində yeni impuls, miqyaslı
inkişaf parametrləri kəsb edərək özünün
yüksək mərhələsinə qədəm
qoymuşdur. O zamandan başlayaraq Heydər Əliyev
ideyaları həyatımızın başlıca gerçəkliyi,
inkişafımızın təməl daşı olaraq
qalmaqdadır. Heydər Əliyevin taleyinə Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə ölkəsinin siyasi,
sosial-iqtisadi və mədəni intibahına nail olmaq
missiyası düşmüşdür. Ulu öndər həm
ötən əsrin 70-ci illərində, həm də
1993-cü ildən ömrünün sonunadək bu
missiyanın öhdəsindən layiqincə gəlmişdir.
Tarixi
inkişaf yolu keçmiş Azərbaycan iqtisadiyyatı
müxtəlif dövrlərdə öz təşəkkülünün
müəyyən xüsusiyyətləri ilə səciyyələnmişdir.
Təbii sərvətlərlə zəngin olan Azərbaycanda
ötən əsrin 60-cı illərində sənayenin
inkişaf miqyası son dərəcə məhdud və
istehsal mərhələləri yarımçıq idi.
Respublika ərazisinin 90, əhalisinin 70 faizdən
artığını əhatə edən rayonlar ümumi sənaye
məhsulunun 30 faizdən azını verirdi.
Kənd
təsərrüfatında məhsuldar qüvvələrdən
səmərəli istifadə olunmadığından aqrar
sektorun inkişaf səviyyəsi də xeyli aşağı
idi. Həmin dövrdə iqtisadiyyatın digər
sektorlarında da belə acınacaqlı vəziyyət
hökm sürürdü.
1969-cu ilin iyulunda Azərbaycanın rəhbəri seçilən Heydər Əliyevin qarşısında respublikanın iqtisadiyyatını tezliklə yüksəltmək kimi mürəkkəb və məsuliyyətli bir vəzifə dururdu. Amma bu miqyaslı məsələnin həlli böyük həcmdə vəsait qoyuluşu tələb edirdi. Yeni lider Heydər Əliyev bu çətin vəzifəni uğurla həll etdi. 1970-1985-ci illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına 32 milyard rubl vəsait sərf olundu. Heç vaxt respublikanın inkişafı üçün mərkəzi hakimiyyət bu qədər vəsait ayırmamışdı. Respublika iqtisadiyyatının inkişafına yönəldilən bu əsaslı vəsaitin və resursların böyük miqyası, onlardan məqsədyönlü istifadə tezliklə öz müsbət nəticələrini verdi.
Qısa zamanda Azərbaycanda məhsuldar qüvvələrin inkişafında son dərəcə köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verdi. 1985-ci ildə Azərbaycanda əvvəlki illərə nisbətən milli gəlir 2,6, sənaye məhsulu istehsalı 2,9, kənd təsərrüfatı məhsulları istehsalı 2,3 dəfədən çox artdı. İqtisadiyyatın əsas sahəsi olan sənayenin inkişafında hər cəhətdən böyük dəyişikliklər baş verdi. Respublikada mövcud olan yüzlərlə müəssisənin yeni texnika və texnologiyalar əsasında təzələnməsi, habelə genişləndirilməsi ilə yanaşı, 218 yeni müəssisə tikildi. Eyni zamanda, həmin dövrdə Azərbaycan iqtisadiyyatında həlledici rol oynayan yanacaq-enerji kompleksinin inkişaf miqyası genişləndirildi.
Ötən əsrin 70-ci illərində Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi iqtisadi strategiyanın başlıca mahiyyətini onun hərtərəfli, kompleks inkişafı təşkil edirdi. O zamankı mürəkkəb şəraitdə hər cür maneələr dəf edilərək Azərbaycan iqtisadiyyatının, ilk növbədə, milli mənafelərə uyğun həyata keçirilən bu inkişaf kursu, əslində, respublikanın müstəqil təsərrüfat sisteminin yaradılması yolunda atılan cəsarətli addım idi. Ensiklopedik biliyə, polad iradəyə və milli ruha malik olan Heydər Əliyev Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə öz xalqının iradəsinə tabe olaraq 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmaqla respublikamızın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasına, vətəndaş müharibəsinin qarşısının alınmasına, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasına nail olmuşdur. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm", - deyib, siyasət meydanına atılan xilaskar Vətən oğlunun xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Bu tarixi anlarda ulu öndər deyirdi: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram". Tarix sübut etdi ki, dünya şöhrətli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin güvəndiyi, arxalandığı bu yenilməz qüvvə qarşıya çıxan neçə-neçə qorxunc təhlükəni sovuşdurmağa, keçilməz maneələri dəf etməyə qadirdir. Məhz xalqın öz dahi lideri ilə birliyi, həmrəyliyi sayəsində müstəqilliyimiz əbədi prosesə çevrildi və ölkəmiz davamlı inkişaf magistralına çıxdı. Azərbaycana ikinci dəfə rəhbərliyə başlayan Heydər Əliyevə miras qalmış ictimai-siyasi və sosial-iqtisadi vəziyyətsə son dərəcə acınacaqlı durumda idi. Təkcə onu demək kifayətdir ki, 1991-1993-cü illərdə Azərbaycanda ümumi daxili məhsulun və sənaye istehsalının həcmi 2, əsaslı vəsait qoyuluşu 3, yük dövriyyəsi 4 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 40 faiz azalmışdı. Müstəqilliyin qorunub saxlanması və dövlətin möhkəmləndirilməsi sahəsində Heydər Əliyevin əzmlə həyata keçirdiyi siyasət tezliklə ölkənin ictimai-siyasi mühitində möhkəm sabitlik yaratdı. Cəbhədə atəşkəsə nail olundu və Azərbaycan haqqında əsl həqiqətlərin dünyaya çatdırılmasına başlandı. Bütün bunlar isə ölkədə düşünülmüş, ardıcıl, mərhələlər üzrə iqtisadi islahatların həyata keçirilməsi üçün əsaslı zəmin idi. Ulu öndərin rəhbərliyi altında, ilk növbədə, zəruri iqtisadi islahatların uğurlu gedişini təmin etmək məqsədilə hüquqi normativ baza yaradıldı, çoxlu sayda vacib qanunlar qəbul olundu.
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyətinə və titanik fəaliyyətinə fəlsəfi-analitik təhlil verərək deyir: "Biz yalnız Heydər Əliyevin sayəsində dövlətçiliyimizi qoruyub saxlamağa və bütün gözlənilməz hadisələrdən uğurla ötüşməyə nail olduq, yetkinlik imtahanından uğurla çıxdığımızı sübut etdik. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusudur, müstəqil, suveren Azərbaycan isə onun abidəsidir".
1994-cü ilin sentyabrında Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə inkişafının əsasını qoyan "Əsrin müqaviləsi"nin imzalanması ilə respublikanın iqtisadi qüdrəti və tranzit potensialı xeyli dərəcədə artdı. Şərqlə Qərb arasında strateji körpü rolu oynayan Azərbaycan əlverişli tranzit əhəmiyyətli dövlətlərdən biri kimi bölgədəki lider statusunu təmin etdi. Tarixi İpək yolunun bərpası istiqamətində həyata keçirilmiş kompleks tədbirlər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın geostrateji əhəmiyyətini daha da artırdı. Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətinin və qətiyyətinin nəticəsi idi.
Müstəqillik illərində Azərbaycanın iqtisadi qüdrətinin artması digər sahələrin, xüsusən, nəqliyyat sektorunun da davamlı inkişafına güclü təkan verib. Bu gün nəqliyyat sektorunda irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycanın polad magistralı sürətli və hərtərəfli tərəqqi mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadim Heydər Əliyevin şəxsi köməyi, dəmir yoluna lazımi qayğısı sayəsində həyata vəsiqə almışdır. Ulu öndərin ən layiqli siyasi varisi, Azərbaycanın və regionun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən bu kurs 9 ildir ki, uğurla davam və inkişaf etdirilir.
Qədim İpək yolunun fəaliyyətə başlaması Azərbaycanın tranzit potensialının artmasına, sərnişin və yükdaşımaların genişlənməsinə inkamlar açıb. Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolunun müasir tələblər səviyyəsində yenidənqurulması prosesi daha da sürətləndirilib, yeni-yeni lahihələr həyata keçirilir, ən keyfiyyətli texnologiyalar tətbiq olunur. "Şimal-Cənub" və Avropa - Qafqaz - Asiya (TRASEKA) nəqliyyat dəhlizləri çərçivəsində böyük tikinti-quruculuq işləri aparılır. Azərbaycanın təşəbbüsü, təkidi və maliyyə imkanları hesabına inşasına başlanan Bakı - Tbilisi - Qars dəmir yolu xətti öz miqyasına və dünya üçün əhəmiyyətinə görə bəşəri məna daşıyır. Bu, yalnız Azərbaycanı qardaş Türkiyə ilə deyil, daha çox Avropanı Asiya ilə birləşdirəcək və dünyada indiyədək analoqu olmayan qlobal layihədir.
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı iqtisadiyyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol kompleksinin dinamik inkişafı üçün böyük imkanlar yaradır. Möhtərəm İlham Əliyev demişdir: "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayır. Hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir. Beləliklə, indi Azərbaycanda bütün sferaların, o cümlədən də nəqliyyatın inkişafı üçün kifayət qədər münbit şərait var".
Fərəhli haldır ki, regionların sosial-iqtisadi inkişafına dair I və II Dövlət Proqramının icrasından keçən dövr ərzində Azərbaycanda 1 milyondan çox yeni iş yeri açılmışdır və bunun 80 faizindən çoxu regionların payına düşür. Ölkə başçısının "İnvestisiya fəaliyyətinin təşviqi üzrə əlavə tədbirlər haqqında" 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan İnvestisiya Şirkəti də artıq fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasına başlamışdır. Eyni zamanda, makroiqtisadi sabitliyin təmin olunması nəticəsində Azərbaycanın valyuta ehtiyatları da ilbəil artır.
Bakıda bu yaxınlarda Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev Azərbaycanın sürrətli inkişafını önə çəkərək demişdir: "İndi Azərbaycan artıq 20 ildir ki, beynəlxalq birliyin üzvüdür və uğurla inkişaf edir. Bu 20 il ərzində həm siyasi, həm də iqtisadi sahədə çox ciddi dəyişikliklər baş vermişdir... Azərbaycan öz hesabına yaşayan, öz hesabına inkişaf edən ölkədir. Azərbaycan, eyni zamanda, çox önəmli xarici siyasətini də inkişaf etdirir... Azərbaycanın regionda artan təsiri bölgədə stabilləşdirici amildir, onun əsasını yaratmışdır".
Bu gün Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edir və söz yox ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı tədbirlər qarşıdan gələn illərdə də ölkəmizin daha sürətli tərəqqisini və vətəndaşlarımızın layiqli yaşayış səviyyəsini təmin edəcəkdir. Bu, qurtuluşdan dirçəlişə, dirçəlişdən inkişafa aparan yoldur.
Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert, fəxri dəmiryolçu
Xalq qəzeti.- 2012.- 14 iyul.- S.3.