Heydər Əliyevin
siyasi hakimiyyətə gəlişi Azərbaycanın
sosial-iqtisadi, elmi-texniki
və mədəni inkişafında yeni mərhələnin
başlanğıcı oldu
Bu gün tam əminliklə
söyləmək olar ki,
Azərbaycanın dövlət suverenliyi və
iqtisadi müstəqilliyi, sistemli
şəkildə artan xarici
iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya
olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı
potensialına əsaslanır.
Heydər ƏLİYEV,
Ümummilli lider
1969-cu ilin 14 iyul tarixi
xalqımızın yaddaşına əbədi yazılıb
Türk dünyasının
görkəmli elm adamı və ictimai xadimi, bütün
türk xalqlarının misilsiz təəssübkeşi olan
İhsan Doğramacı çıxışlarının
birində qeyd etmişdi ki, Azərbaycan xalqı iyirminci əsrdəki
milli qurtuluşunun tarixini əslində 1969-cu ilin yayından
hesablamalıdır. Çünki həmin tarixdə siyasi
hakimiyyətə gələn Heydər Əliyev sözün həqiqi
mənasında böyük bir xalqın həyatında
möhtəşəm dəyişikliyə, misilsiz inkişafa
nail olmuşdu. 1969-cu ilə qədər SSRİ-nin aqrar
respublikası kimi tanınan Azərbaycan həmin tarixdən
sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki
tərəqqinin geniş şəkildə tətbiq
olunduğu respublikaya, yüksək mədəniyyəti ilə
bütün dünyada tanınan bir diyara çevrilmişdi.
Tarixçilərin
fikrincə Heydər Əliyevin hakimiyyətə gəlişi
Azərbaycanın hərtərəfli inkişafını təmin
etmiş, ölkə yeni bir tərəqqi yoluna qədəm
qoymuşdu. Siyasətçilər isə 1969-cu ilin 14 iyul
tarixli plenumdan sonra Azərbaycanda baş verən ictimai-siyasi
hadisələri gələcəkdə yaranacaq müstəqil
Azərbaycan dövləti üçün zəmin
formalaşdırılması kimi qiymətləndirirlər. Bu
məqama sırf milli maraqlar prizmasından baxanların qənaəti
isə bir qədər də fərqlidir. Onlar qətiyyətlə
bildirirlər ki, Azərbaycan və azərbaycanlılar
üçün o qədər də uğurlu olmayan həmin
illərdə Heydər Əliyev kimi siyasət dahisinin hakimiyyətə
gəlişi faktiki olaraq Azərbaycanda milli dövlətçiliyi
möhkəmləndirə bilərdi, necə ki, möhkəmləndirdi.
Milli maarifin və milli mədəniyyətin təəssübkeşləri
də 1969-cu ilin iyul plenumundan sonrakı dövrə münasibət
bildirərkən çox orijinal məqamlar üzərində
dayanırlar: "Tanrı Heydər Əliyevi Azərbaycan təhsilini
və mədəniyyətini qorumaq, inkişaf etdirmək,
bütün azərbaycanlıların mədəni səviyyəsini
və təhsilini yüksək səviyyəyə qaldırmaq
üçün göndərmişdi". Bu
yanaşmaların hamısı tarixi həqiqətlərdir və
onları söyləyən müəlliflər xüsusi
ehtirama layiq insanlardır. Ona görə də bu yazıda məhz
həmin həqiqətlərin bəzilərinin üzərində
dayanacağıq.
Bu
ümumdünya miqyasında yekdilliklə qəbul edilmiş
bir həqiqətdir ki, Azərbaycanın bir əsrdə ikinci
dəfə əldə etdiyi dövlət müstəqilliyinə
gedən yolun təməli məhz 1969-cu ildən etibarən
qoyulmuşdu. Həmin illərdə həyatın müxtəlif
sahələrində baş vermiş dirçəliş milli
-azadlıq ideyalarının da canlanmasına səbəb
olmuşdu. Siyasət dahisinin müdrik uzaqgörənliyi nəticəsində
Azərbaycan Respublikası həmin illərdə
bugünkü müstəqillik dövrü üçün
hazırlanmışdır. Müstəqilliyə qovuşmaq məqsədi
ilə reallaşdırılan həmin tədbirlər nəticəsində
- 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye
müəssisəsi istismara verilmiş, dünyanın 65
ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin
illər ərzində Azərbaycanın milli gəlirinin
ümumi həcmi 2,5 dəfə artmışdı.
Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər
şəhərlərinin 170 aparıcı elm və təhsil
ocağına 3500 azərbaycanlı oğlan və qız
göndərilmişdi. Bu isə Heydər Əliyev siyasi
müdrikliyinin, uzaqgörənliyinin göstəricisi idi. Ulu
öndərin həmin fəaliyyətinin nəticəsi idi ki,
SSRİ dağılandan sonra yaranan yeni müstəqil dövlətlərdən
ancaq ikisi-Rusiya və Azərbaycan müstəqil olaraq öz
iqtisadiyyatını idarə etmək iqtidarında idi.
1970-ci
ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə
1 milyard ton neft istehsal etmiş, Böyük Vətən
müharibəsi illərində SSRİ-nin neftə olan
ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma
zavodları hələ çar dövründə inşa
edildiyinə görə müasir tələblərlə
ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə
edən ulu öndər SSRİ Nazirlər Soveti
qarşısında məsələ qaldırdı və
Bakıdakı bütün neftayırma müəssisələrinin
tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən
tikilməsinə nail oldu. Bununla yanaşı 70-ci illərdə
Bakıda, Naxçıvanda, Əli Bayramlıda, Gəncədə,
Mingəçevirdə, Lənkəranda, Xankəndində
bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika,
cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri
tikilib istifadəyə verildi. 1975-ci ildə Bakıda istifadəyə
verilən Məişət Kondisionerləri Zavodunu Moskva rəhbərləri
əslində Ukraynada tikdirmək istəyirdilər. Daha
doğrusu bu plan təsdiqlənmişdi. Heydər Əliyev
SSRİ miqyasında olan nüfuzundan istifadə edərək
Kondisioner Zavodunun Bakıda tikilməsinə nail oldu. 1970-1982-ci
illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş
fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin
sayı əvvəlki 50 ildə tikilən müəssisələrin
sayından qat-qat çox idi. Həmin illərdə Bakıda
8-ci kilometr, Musabəyov, Bakıxanov, Əhmədli, Günəşli,
Hövsan və Xırdalan kimi iri qəsəbələr
salınmışdı.Cəmi 10 ildə tikilən mənzillərin
sayı əvvəlki 50 ildə tikilən mənzillərdən
60 faiz çox idi. 1970-1982-ci illərdə Heydər Əliyevin
bilavasitə göstərişi və rəhbərliyi ilə
Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri
aparılmış, 650-dən çox tarix və mədəniyyət
abidəsinin yüksək səviyyəli pasportu
hazırlanmışdı. Ulu öndər ölkəyə
birinci dəfə rəhbərlik etdiyi dövrdə respublika gənclərinin
bilavasitə Bakıda hərbi təhsil alması
üçün o zamanlar mümkün olan bütün
addımları atmış, Moskvadakı bəzi qüvvələrin
etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin
açılmasına nail olmuşdu. Ancaq bu, işin bir tərəfi
idi. Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil
alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi
məktəblərinə respublikamızdan göndərilən
gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı
yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində
saxlayırdı.
1970-80-ci
illərdə respublikanın ali məktəblərində
100-dən artıq yeni kafedra,40-dan çox yeni fakültə
açılmış, 100-ə qədər yeni ixtisasın
hazırlığına başlanmışdı. Həmin illərdə
ölkədə 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi
yaradılmışdı.Üstəlik həmin 10 ildə
SSRİ-nin orden-medallarına layiq görülən təhsil
işçilərinin sayı 8 min 700 nəfərdən
çox idi. Milli Elmlər Akademiyasının maddi- texniki
bazasının möhkəmləndirilməsi, səhiyyə
sisteminin müasirləşdirilməsi, ölkənin yol
infrastrukturunun daha da yaxşılaşdırılması, eləcə
də ulu öndər tərəfindən reallaşdırılan
bütün tədbirlər nə zamansa ərsəyə gələcək
müstəqil AZƏRBAYCAN dövləti naminə həyata
keçirilirdi . Azərbaycan xalqı xoşbəxtdir ki, ulu
öndər həmin quruculuq fəaliyyətini ölkəmizin
dövlət müstəqilliyini bərpa etməsindən sonra
da davam etdirdi. Xalqımız məmnundur ki,ümummilli liderin
titanik siyasi fəaliyyəti bu gün Prezident İlham Əliyev
tərəfindən böyük uğurla davam etdirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 14 iyul.- S. 3.