Axtarışlar uğurla həyata keçirilir

 

Binəqədi IV dövr fauna və flora təbiət abidəsi ərazisində artıq bir aydır ki, təbiət və flora tapıntılarının axtarışı ilə bağlı tədqiqat işlərinə başlanılıb. Ötən müddət ərzində burada görülən işlər, yeni tapıntılar, perspektivlər barədə ictimaiyyətə məlumat vermək məqsədilə Binəqədi qəsəbəsində, abidə ərazisində mətbuat konfransı keçirilmişdir.

 

Tədbirdə respublika MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov, Regionların İnkişafı İctimai Birliyinin sədri Seymur Quliyev, Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov və başqaları çıxış edərək unikallığı ilə seçilən bu abidənin tarixi əhəmiyyətindən, burada reallaşdırılan elmi-tədqiqat işlərindən, əldə edilən tapıntılardan ətraflı danışmışlar.

Bildirilmişdir ki, Azərbaycan Sənaye İnstitutunun tələbə geoloqu A. Məstanzadə tərəfindən 1938-ci ildə aşkar edilən Binəqədi IV dövr fauna və flora təbiət abidəsi nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və unikal tapıntılarından biri hesab olunur. Bu abidə Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il qərarı ilə dövlət təbiət abidəsi elan olunmuşdur. Sahəsi 1,2 hektardır. Tələbə geoloq A. Məstanzadə ilkin topladığı kolleksiyanın SSRİ Elmlər Akademiyasının filialı olan Geologiya İnstitutunun paleontoloji seksiyasına, V. Boqaçyova təqdim etmişdir. Yeni kəşfin və qalıqların öyrənilməsində ilkin mərhələdə V. Boqaçyovun xidmətləri və rolu əvəzsizdir. Qazma işləri o zaman Təbiət tarixi muzeyinin geoloqu R. Sultanova həvalə olunmuşdur. Ümumi rəhbərliyi isə muzeyin direktoru R. Cəfərov etmişdir. Qırdan təmizlənmiş sümüklərin bərpası ilə reperator və bərpaçı V. Reys məşğul olmuşdur. Sümüklər əvvəlcə ağ neftdə saxlanılır, ondan sonra da qələvi məhlulda qaynadılırdı. Müqəvvaçı V. Reys 1940-cı ildə Binəqədi təbiət abidəsindən tapılmış kərgədanın skeletini yığmış və bu skelet bugünədək Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyində saxlanılaraq, nümayiş etdirilir.

Binəqədi təbiət abidəsinin ərazisində 300-ə yaxın heyvan, 22 növ bitki qalıqları aşkar edilmişdir. Demək lazımdır ki, aşkar olunmuş növlərin bir çoxunun (20-dən artıq) nəsli kəsilmişdir. Qazıntı işlərinin nəticəsində çoxlu sayda nadir heyvan qalıqları aşkar olunmuşdur. Həmin qalıqlar Həsən bəy Zərdabi adına Tabiət Tarixi Muzeyinin 12 cildlik əsərlərində, eyni zamanda respublikanın və digər ölkələrin dövri elmi nəşrlərində, ümumiyyətlə, 100-dən artıq xarici mətbuatda öz əksini tapmışdır.

1938-ci ildə Binəqədidə dördüncü dövrə aid fauna və flora yataqlarının tapılması həmin dövr Azərbaycan təbiəti haqqında biliklərin artması və paleontologiyanın inkişafına təkan verməklə yanaşı, daş dövrünə aid insan izlərinin axtarışı üçün də vacib bir əsas oldu. Bu yataqların xronoloji çərçivəsi orta paleolit dövrünə təsadüf edir.

Vurğulanmışdır ki, keçən əsrin ortalarınadək Azərbaycan ərazisində daş dövrü abidələri haqqında nəinki heç bir məlumat, hətta onların aşkarlanması üçün ciddi səylər də belə olmamışdı. Lakin Binəqədidə unikal yataqların tapılması nəticəsində bu tapıntıları tədqiq edən bütün alimlər nəzəri olaraq bölgədə ibtidai insanların olmasını əsaslandırmağa başladılar. Bu mənada arxeoloqların mövqeyi də istisna təşkil etmirdi. Belə ki, öküz, maral, at, kərgədan kimi iri məməlilərin zənginliyi daimi qida axtarışında olan ibtidai insanların diqqətini cəlb etməyə bilməzdi.

Azərbaycanda paleolit düşərgələrinin axtarışı üçün ilk xüsusi ekspedisiya 1953-cü ildə S. Zamyatnin və M. Hüseynovun rəhbərliyilə başlamış və Damcılı mağarasında paleolit düşərgəsinin tapılması ilə nəticələnmişdi. Bu axtarışlara əsas təkanverici amillərdən biri də Binəqədidə dördüncü dövrə aid fauna qalıqlarının tapılması olmuşdu.

Bu gün Binəqədi qır yatağının öyrənilməsi tarixində yeni mərhələ - müxtəlif elm sahələri üzrə alimlərinin cəlb olunduğu komleks tədqiqat mərhələsi başlayır. Abidənin tədqiqatında, paleontoloqlarla yanaşı, geoloqlar, kimyaçılar və arxeoloqlar iştirak edirlər. Arxeoloqların iştirakı, mümkündür ki, Abşeronda orta paleolit dövrü insanın maddi mədəniyyət qalıqlarının aşkarlanmasına imkan verəcək. Bu fərziyyə yaşamaq hüququna malikdir, belə ki, paleolit ovçusunun təbii tələyə düşmüş heyvanın-asan qənimətin dadına baxmaq imkanını əldən buraxmamalarını güman etməyə kifayət qədər əsas vardır.

Qeyd edilmişdir ki, Binəqədi fauna və flora təbiət abidəsindən toplanan kolleksiyada 43 məməli, 107 quş, 2 sürünən, 1 suda-quruda yaşayan canlının qalıqları aşkar olunmuşdur. Onurğasız heyvanlardan isə buğumayaqlıların 120-dən çox növü, mollyuskaların 1 növü təyin olunmuşdur. Bitkilərdən isə 22 növ müəyyən edilmişdir. İndəyədək Binəqədi fauna və flora təbiət abidəsində müxtəlif işlər aparılıb, muzeyin layihəsi üzərində işlənilsə də, başlanılan layihələr müxtəlif səbəblərdən sona çatdırılmamışdır. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası, Binəqədi Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında yeni paleontoloji ekspedisiya yaradılaraq fəaliyyətə başlamışdır. Ekspedisiyaya AMEA-nın tanınmış alimləri cəlb olunmuşlar. Ərazi qısa müddətdə təmizlənmiş, gələcək işlər üçün işgüzar şərait yaradılmışdır. Məqsəd bu unikal təbiət abidəsinin öyrənilməsi, elmi şəkildə araşdırılması və açıq səma altında yerləşən nadir fauna və flora, neft muzeyinin yaradılmasıdır. Bunun nəticəsində ərazidəki qır süxurlarının tərkibində aşkar olunacaq yeni fauna və flora nümunələrənin təsnifatı aparılacaq, yataqda yeni paleontoloji, geoloji kəşfiyyat işləri davam etdiriləcəkdir. Süxurların mütləq yaşının təyin olunması diqqətdə saxlanılacaqdır. Ərazidə buruq və qazma işlərinin aparılması, seysmoloji vəziyyətin öyrənilməsi və radar vasitəsilə sümüklərlə zəngin olan süxurların da aşkar edilməsi nəzərdə tutulur. Yatağın strategiyasının geniş öyrənilməsi məqsədilə bir neçə quyunun qazılması planlaşdırılır. Neft muzeyinin yaradılması üçün ərazidə 32 quyunun ilkin vəziyyətə gətirilməsi lazım gələcək. Sözügedən təbiət abidəsindən bəhs edən elmi əsərlərin və məqalələrin yenidən çap olunması nəzərdə tutulur. Eyni zamanda, Binəqədi təbiət abidəsinin İnternet saytı yaradılacaqdır. Burada respublika və beynəlxalq əhəmiyyətli konfransların keçirilməsi planlaşdırılır.

Başlanılan böyük layihə Azərbaycan tarixinin, onun təbiətinin, flora və faunasının öyrənilməsində önəmli rol oynayacaq, özünün elmi, tarixi əhəmiyyətilə təkcə ölkəmizdə yox, dünya miqyasında böyük diqqət və marağa səbəb olacaqdır.

Mətbuat konfransında KİV nümayəndələrinin çoxsaylı sualları da cavablandırılmışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 14 iyul.- S. 6.