Azərbaycan beynəlxalq təşkilatlarda milli maraqlarını uğurla təmin edir

 

Respublikamız öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, inkişaf etdirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Lakin ilk vaxtlar respublikamıza rəhbərlik edənlərin dövlət idarəçiliyində və diplomatiya sahəsindəki naşılığı nəticəsində ölkədə anarxiyanın, xaosun hökm sürməsi, bir sıra əhəmiyyətli məsələlərlə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına da mənfi təsir göstərirdi. Yalnız 1993-cü ilin iyunundan - ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycanın müasir dünyaya inteqrasiyası yolunda əsaslı addımlar atılmaqla birlikdə, milli maraqlarımızın beynəlxalq təşkilatlar çərçivəsində təmin olunmasına start verildi.

 

Sivil, hüquqi, düyəvi və demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi üçün vacib olan addımlar atılmalı idi. 1992-ci il martın 2-də BMT üzvlüyünə qəbul olunan respublikamız ilk illərdə bu mötəbər beynəlxalq qurumun kürüsüsündən xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılması üçün istifadə edə bilmirdi. Buna baxmayaraq, 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilmişdi.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra isə, bütün beynəlxalq tribunalar Azərbaycanın üzünə açıldı. BMT-nin 2000-ci ilin sentyabr ayında keçirilən Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir. 2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsi zərurətini qeyd edərək, mövcud mexanizmlərin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycan BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür.

Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas faktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Azərbaycan bu ilin mayında bir ay müddətinə BMT TŞ-nin sədri olarkən bunu bir daha təsdiq etdi. Bu müddətdə qlobal əhəmiyyətli bir sıra məsələlər mötəbər qurumun iclaslarında müzakirə olundu, əsaslı müzakirələr aparıldı.

ATƏT ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edirkollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Onu da xatırladaq ki, məhz ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" barədə qərar qəbul olundu. 1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabon zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olunduLissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. Bu gün də Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının Akvil, MuskokLos-Kabos bəyanatında status-kvonun qəbuledilməz olduğu dəfələrlə vurğulanmışdır. Bu, diplomatiyamızın əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat işğal altındakı torpaqların azad olunması tələbi kimi başa düşülür.

Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra əməkdaşlığa böyük maraq göstərdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də məhz Avropa Şurasıdır. 2001-ci il yanvarın 17-də ölkəmizin Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması - respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeniçox mötəbər tribuna vermiş oldu. Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə Milli Məclisin deputatı İlham Əliyevin rəhbərlik etməsi və daha sonra onun AŞPA-dakı fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri reallaşdırdı. Məhz cənab İlham Əliyevin prinsipialişgüzar fəaliyyəti nəticəsində AŞPA-nın 2002-ci ilin sentyabrında keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı. Bütün bunların məntiqi davamı kimi 2003-cü il yanvarın 27-də Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA-nın vitse-prezidentiqurumun Büro üzvü seçilməsi ilə müstəqil Azərbaycan tarixinə yeni səhifə yazılmış oldu. Hazırda Azərbaycan -Avropa Şurası əməkdaşlığı daha intensiv xarakter almışdır. Azərbaycan nümayəndə heyəti qurumun müxtəlif strukturlarında keçirilən tədbirlərdə iştirak edərək müzakirə edilən məsələlərlə bağlı ölkəmizin mövqeyini bu mötəbər qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır. Eləcə də, Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə izlənilir və buna adekvat münasibət bildirilir.

Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmişbu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlıq başlanmışdır. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"nin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Ötən dövr ərzində əlaqələrin inkişafı istiqamətində baş verən müsbət proseslər kontekstində 2009-cu ildən həyata keçirilən və Azərbaycanın da iştirak etdiyi "Şərq tərəfdaşlığı" təşəbbüsü Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun bu il iyulun 5-də Azərbaycana reallaşdırılan səfəri zamanı da ikitərəfli əlaqələrin inkişafı bir daha ətraflı müzakirə olundu. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Herman Van Rompuyun ölkəmizə səfərini tərəfdaşlığımızın və dostluğumuzun əhəmiyyətli göstəricisi kimi dəyərləndirmişdir. Azərbaycan ilə Avropa institutları, eləcə də ölkəmizin əsas enerji tərəfdaşlarından olan Avropa İttifaqı arasında əlaqələri yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfərin tərəfdaşlığın daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini bildirmişdi. Öz növbəsində, Herman Van Rompuy da demişdir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadienerji sahələri ilə yanaşı, digər istiqamətlərdə də əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial imkanlar mövcuddur.

Avratlantik strukturlarına inteqrasiya çərçivəsində NATO - Azərbaycan əlaqələri də milli mənafeyimizin tələbləri çərçivəsində inkişaf edir. Azərbaycanın "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması və "Fərdi Tərəfdaşlıq üzrə Fəalliyət Planı" nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin, 2010-cu il noyabrın 20-də Lissabon zirvə toplantısının, bu ilin may ayının 21-də Çikaqoda baş tutan sammitin yekun bəyanatlarında Azərbaycanın ərazi bütövlüyüsuverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv olan dövlətlər tərəfindən tanınmışdır. Bütün bunlar, ölkəmizin yürütdüyü daxilixarici siyasətin nəticəsi, beynəlxalq təşkilatlarla fəal aparılması ilə bağlıdır. Bu isə gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarda öz milli maraqlarını təmin etməsinə zəmin yaradır.

 

 

Rauf KƏNGƏRLİ

 

(Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.)

 

Xalq qəzeti.- 2012.- 14 iyul.- S. 5.