Hər gün yeniləşən, dəyişən şəhər

 

2500 ildən artıq yaşı olan Gəncə şəhərinin tarixinə nəzər yetirsək, onun dəfələrlə yadelli işğalçılar tərəfindən dağıdılmasının şahidi olarıq. Daxili feodal çəkişmələri nəticəsində müəyyən zaman kəsiyində tənəzzül baş versə də, bu qədim şəhər müxtəlif dövrlərdə ozünün intbah dövrünü yaşamışdır.

 

Tarixən seysmik aktiv zonada yerləşməsinə baxmayaraq qədim insanlar da bu şəhərdə yaşamağa üstünlük vermişlər. Çünki, bu şəhərin iqlimi mülayim-istidir, şəhərin hər tərəfi münbit torpaq sahələri ilə yanaşı, qışlaq və yaylaqlarla əhatə olunmuşdur. Digər tərəfdən, Gəncə Böyük İpək yolunun üzərində yerləşdiyindən şəhərin iqtisadiyyatında sənətkarlıq və ticarət xüsusi yer tuturdu. Gəncə bazarlarında yerli və xarici sənətkarların hazırladıqları məmulatlar satılırdı. Şəhərin yaxınlığında dəmir, mis, zəy və digər mədənlər sənətkarlığın inkişafına zəmin yaradırdı. X əsrin ortalarında Gəncə iri siyasi, iqtisadi və mədəni mərkəzə çevrildi. Gürcüstan və Qara dəniz sahillərinə gedən ticarət karvanları bu qədim diyardan keçirdi. Həmin illərdə Gəncənin siyasi mərkəzə çevrilməsi onun iqtisadi həyatında tərəqqiyə, mədəniyyət və elm sahəsinin, kitabxanaların, təhsil sisteminin yaranmasına səbəb oldu.

1139-cu ilin sentyabr ayının 30-da baş vermiş zəlzələ nəticəsində Gəncədə 200 mindən çox əhali həlak olmuş, şəhər bərbad hala düşmüşdür. Sağ qalmış əhali yenidən şəhəri bərpa etmişdir. Bunun nəticəsində bir neçə onilliklərdən sonra Gəncədə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Qivami Mühərrizi kimi simalar yetişmişlər. Tarixin sonrakı dövrlərində şəhər bir neçə dəfə yadellilər tərəfindən işğal edilmiş, xarabalığa çevrilmişdir və yenidən bərpa edilmişdir. 1970-80-cı illərdə respublikamızın hər yerində olduğu kimi, Gəncə də özünün intibah dövrünü yaşamışdır. Belə ki, həmin illərdə Yeni Gəncə, Gülüstan, Üzeyir Hacıbəyov qəsəbələri, bir neçə mikrorayon tikilmiş, çox sayda fabrik, kombinatzavod işə salınmışdır. 1980-ci illərin ikinci yarısından respublika iqtisadiyyatı çökməyə başladı. Yeni iqtisadi münasibətlərin formalaşması, Sovetlər İttifaqının dağılması sənaye müəssisələrinin iflic vəziyyətinə düşməsinə səbəb oldu. Qısa müddətdə respublikamızın sənaye potensialı zəiflədi.

Yalnız 1993-cü il iyulun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda siyasi sabitlik yaranmağa başladı. Aparılan iqtisadisiyasi islahatlar nəticəsində ölkəmiz yenidən inkişaf yoluna qədəm qoydu. Ulu öndər Heydər Əliyevin siyasi xəttini ardıcıl və mükəmməl şəkildə davam etdirən Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu xaricidaxili siyasət nəticəsində respublikamızın iqtisadi qüdrəti ilbəil artır və dünyanın siyasi arenasında mövqeyi möhkəmlənir.

Son 20 ildə Gəncədə çox az həcmdə, özü də şəhərsalma prinsiplərinə uyğun olmayan, fövqəladə halların tələblərinə cavab verməyən və şəhərin ümumi ansamblına uyğun gəlməyən tikinti-təmir işləri aparılmışdır. Şəhərin memarlıq ənənələri unudulmuş, mühəndis kommunikasiya sistemi, parklar baxımsızlıqdan acınacaqlı hala düşmüşdür. Hazırda Gəncə şəhərində böyük quruculuq, tikinti-təmir, yenidənqurma və bərpa işləri aparılır. Şəhərdə magistral və paylayıcı qaz, su xətləri yeni texnologiyaların tədbiqi ilə yerin altına keçirilməklə yeniləri ilə əvəz edilir. Yaxın bir-iki ildə istifadəyə veriləcək. Gəncə Dövlət Filarmoniyası öz görünüşü ilə şəhərə xüsusi görkəm verəcək, eyni zamanda, Azərbaycan xalqının klassik musiqi ənənələrini yaşatmaqla, müasir dünya musiqisi ilə tanışlığa da şərait yaradacaqdır.

Qeyd edək ki, şəhərdə aparılan təmir bərpa işlərində müasirliklə qədim Gəncə memarlıq elementlərinin birgə tətbiqi xoş mənalı kompozisiya təşkil edir. Bakı-Gəncə, Qazax-Gəncə şosse yollarının kənarında və Heydər Əliyev adına Memorial parkda aparılan yaşıllaşdırma işlərinin nəticəsində şəhərimizə gələn hər bir qonaqda xoş təəssürat oyatmaqla gəncəlilər üçün oksigen generasiya edən mənbə yaranacaqdır. Yaşıllaşdırma işləri yüksək mütəşəkkilliklə, xoş əhval-ruhiyyə ilə davamlı ümumşəhər tədbiri şəklində icra olunmuşdur. Son bir ildə Gəncədə sənaye potensialının artırılması, işsizliyin aradan qaldırılması və texniki tərəqqiyə meyilli gənclərin yetişdirilməsi istiqamətində proqrama uyğun tədbirlər həyata keçirilir. Məktəbəqədər tədris müəssisələrinin şəhər icra hakimiyyətinin tabeliyinə verilməsi ilə uşaq bağçalarında vəziyyət əsaslı şəkildə dəyişmişdir. Son aylarda şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin ali təhsil müəssisələrinin kollektivləri ilə görüşləri universitetlərdəki mövcud çatışmazlıqları və müsbət işləri açıb göstərdi. Nöqsanların aradan qaldırılması üçün görüləcək tədbirləri müəyyənləşdirərək, universitet əməkdaşlarının elm, tədris və ictimai işlər sahəsindəki fəaliyyətini daha da artırmaq üçün dəyərli tövsiyələr verildi. Tədbirdə Gəncə şəhərində olan universitetlərdə aparılan təmir işlərinin gedişi müzakirə edildi. Gəncədə ölkənin daxili tələbatına uyğun vacib yeni ixtisaslar üzrə kadr hazırlanması və ali təhsil müəssisələrinə tələbə qəbulunun sayının artırılmasına diqqət yetirilməsinin vacibliyi də müşavirədə qeyd edildi. Həmin müəssisələrdə aparılan elmi-tədqiqatların nəticələri əsasında layihələrin hazırlanıb tətbiq edilməsinin vacibliyi vurğulandı.

Mərkəzi stadionun yenidən qurulması, digər idman müəssisələrinin işinin günün tələbləri səviyyəsinə qalxması gənclərdə idmana həvəsi artırmaqla yanaşı, yaxın vaxtlarda şəhərin adını dünya miqyasında tanıdacaq, şöhrətini ucaldacaqdır. Respublikanın ali təhsil müəssisələrində bədən tərbiyəsi fənninin məcburi fənn kimi tədrisinin yenidən bərpası asudə vaxtlarının çoxunu əyləncələrlə keçirən tələbələrin sağlamlığına müsbət təsir göstərərdi.

Bu gün şəhərimizdə elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. Hazırda səhiyyə müəssisələrinin əksəriyyəti yenidən qurulur, maddi-texniki bazaları möhkəmləndirilməklə kadr potensialı gücləndirilir. İndi Gəncə regionun səhiyyə mərkəzinə çevrilir.

Bütün bunlar onu göstərir ki, Gəncə yaxın illərdə Bakı ilə müqayisə ediləcək səviyyəyə qalxacaqdır. Gəncə şəhərində tikilməsi nəzərdə tutulan, Avropada birinci olacaq kitabxananın layihəsi hazırlanır. Əlbəttə, belə çox dəyərli kitabxananın istifadəyə verilməsi, məktəbəqədər müəssisələrdə, orta məktəblərdə və ali təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəlməsinə təkan verəcəkdir.

Şübhə yoxdur ki, yaxın illərdə Gəncə elmi, təhsili, mədəniyyəti, musiqisi, səhiyyəsi, idmançıları ilə seçilən bir şəhər olacaq. İndi şəhər əhalisində Gəncədə işləməyə, yaşamağa, yaratmağa böyük həvəs yaranmışdır. Çünki şəhərdə görülən bütün işlər onların rifahı naminə edilir. Gəncə təkcə yenidən qurulmur. İndi hər bir gəncəlinin düşüncəsində vətənə məhəbbət, dövlətçiliyinə sədaqət, təhsilə, elmə, mədəniyyətə, musiqiyə həvəs artır, daha mənalı yaşamaq hissi, istəyi güclənir. Şəhər ictimaiyyəti içərisində olan, onların arzu və istəklərini dinləyən hər bir kəs bu qənaətdədir. Bunlar Gəncənin bugünkü inkaredilməz reallıqlarıdır.

Gəncədə belə bir mühitin yaradılmasına görə şəhər əhalisi Azərbaycan Prezidenti İlham Əliyevə və onun daxili siyasətini uğurla yerinə yetirən, əhalinin qısa müddətdə rəğbətini qazanan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirirlər.

Yeri gəlmişkən, mən də bir gəncəli kimi, öz təkliflərimi vermək istəyirəm. Hesab edirəm ki, gələcəkdə Gəncə şəhərinin yaxınlığında burada fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının Avropa təhsil müəssisələrinin standartlarına cavab verən bir şəhərcikdə yerləşdirilməsi zəruridir. Şəhərdə fəaliyyət göstərən xəstəxanaların birləşdirilməsi və müasir standartlara cavab verən bir sağlamlıq mərkəzinə çevrilməsi də bölgə əhalisinin səhiyyə xidmətlərindən rahatlıqla və daha keyfiyyətlə istifadə etməsinə şərait yaradardı.

İnanırıq ki, tezliklə dünyanın gözəl şəhərləri sırasında Gəncə də yer alacaq. Bu gün Gəncədə görülən işlər, yaradılan ab-hava bunu deməyə əsas verir.

 

 

Siyasət MƏMMƏDOV,

Azərbaycan Dövlət Aqrar

Universitetinin dosenti,

texnika elmləri namizədi

 

Xalq qəzeti.- 2012.- 13 iyul.- S. 11.