"Baba bulağı" etnoqrafik
turizm məkanıdır
Masallı Azərbaycanın
gözəl turizm diyarına çevrilən
guşələrindəndir. Bakıdan 232 kilometr
cənubda yerləşir. Dağları, meşələri,
müalicə suları bu qədim
diyarın füsunkarlığını daha
da artırır, burada
turizmin inkişafını şərtləndirir.
Təbiəti nağıla bənzəyir Masallının.
"Nağıl"a Anadolu türkcəsində
"masal" deyilir.
Masallıya bu ad, bəlkə
də elə gözəlliyinə görə verilib.
Hazırda
Masallıda 28 turizm obyekti fəaliyyət göstərir. Onlardan biri də "Baba bulağı" Təbiət
evidir. Bu dilbər
guşə Mahmudavar kəndinin yaxınlığında
yerləşir. Yaşıllıqlar qoynunda, balıq ovu üçün yaradılmış gölün
sahilində, bulaqların
əhatəsindədir. Ərazinin səliqə-sahmanı göz
oxşayır. Kompleksdə bir
neçə motel, qədim
üslubda restoran-bar,
nadir meşə zolağı,
idman meydançaları
var. Göldə üzən
uzunboyun qazlar, sulardan boylanan balıqlar burada arın-arxayın yaşayırlar.
Çınqıllı cığırların sağ və sol tərəflərində, bəzək
və kol bitkilərinin dibində, ağacların çətiri
altında tısbağadan
tutmuş ceyrana, əjdahaya qədər ən müxtəlif heyvanların heykəl və fiqurları əsl canlı təbiət guşəsini
xatırladır. Baxdıqca düşünürsən
ki, biologiya müəllimləri şagirdlərinə
bəzi dərsləri
"Baba bulağı" Təbiət
evində keçsələr,
öyrədilənlər ömürlük
yadda qalar. Yerli faunaya aid heykəllər qeyri-adi təsir bağışlayır. Sanki bir anlıq yerlərində donub qalıblar, indicə hərəkətə gəlib
hərəsi bir yana qaçacaq...
İllərcə Masallıya gəlib-getsəm
də, "Baba bulağı"ilə
ötən il
tanış olmuşam.
Səbəbkarsa bu gözəl
diyarın ziyalı oğlu, əməkdar müəllim Musarza Mirzəyev olub. Maraqlı kitablar müəllifi olan tarixçi dostumun dəvəti ilə Mahmudavar məktəbinə, onun yaratdığı Heydər
Əliyev Muzeyinə getmişdim. Muzeylə tanışlıqdan
sonra, axşamüstü
Təbiət evinə
istirahətə yollandıq.
Orada gördüyüm gözəlliklərə
heyran qaldım. Çay daşlarından hörülmüş
divar-barılar, qədim
el sənəti nümunələri
- baba və nənələrimizin ruhunu
yaşadan əntiq əşyalar, kənd təsərrüfatı alətləri,
bulaq başı, gül-çiçəkli çəmənlər,
təndir və sair adamı ilkinliyinə qovuşdurur.
Ağız ləzzəti olan
löyün-löyün milli
mətbəx örnəkləri,
bulaq suyundan pürrəngi samovar çayı,
bülbüllərin cəhcəhi,
başlıcası isə
ruh oxşayan təmiz hava, sərinlik qeyri-adi təsir bağışlayır.
Musarza müəllim sonsuz marağımı duyaraq dedi ki, türk-talış
çalpaşıq məişətini,
adətlərini, xalqlarımızın
məcmu etnik simasını, mədəni
vəhdətini əks
etdirən belə bir etnoqrafik turizm məkanı ilə fəxr etməyə dəyər.
Təbiət evində bu gözəlliyi yaradan Mahmudavar bələdiyyəsinin
sədri, el-obanın dərin hörmətini qazanmış Əfqan Babayevdir. Onun rəhbərliyi
ilə burada qonaqlara yüksək mədəni xidmət göstərilməsinə nail olunub.
Xidmət heyəti çalışır
ki, hamı "Baba bulağı"ndan xoş
təəssüratla, hədsiz
razılıqla getsin.
Axı, belə olsa, gedənlərin yenidən
gəlmək ehtimalı
birə-beş çoxalar.
Təbiət evinin inzibati
binasının fasadında
ilk tanışlıq üçün
fotoslaydlardan ibarət
lövhə yaradılıb.
Bundan başqa,
"Baba bulağı"nın
reklam bukleti də var və
müsafirlərə böyük
məmnuniyyətlə paylanır.
May ayında Masallıda
təşkil olunmuş
turizm sərgisində
"Baba bulağı" uğurla
iştirak edib. Xəzər dənizinin
də, Talış dağlarının da yaxın olduğu bu gözəl məkanın bütün
üstünlükləri sərgiyə
gələnlərə yüksək
səviyyədə təqdim
olunub, turizm potensialı gözlər önündə layiqincə
canlandırılıb.
"Baba bulağı"nda müdrik
bir baba ilə tanış
olmaq sevincini də yaşadım. Bu, yaşına görə qıvraq təsir bağışlayan Qurban kişi idi.
Əslən Miyankü
kəndindən olsa da, qonşu Mahmudavarda gözaltıladığı
Zümrüd xanımla
ailə qurub şad-xürrəm ömür
sürən Qurban kişi həm
də baməzə söhbətləri ilə
ürəklərə yol
tapan aqildir. Səksən
iki yaşlı ağsaqqalın zəngin həyat təcrübəsi
var, ibrətli söhbətləri yaddan çıxan deyil. Onu da əlavə
edim ki, Qurban kişi
hazırda İstanbulda
yaşayan, məşhur
"Palmali" şirkətinin
ünlü sahibi Mübariz Məsimovun atasıdır. Sözarası
zarafatla söylədi
ki, futbolu o qədər də sevmir, amma oğlu
Mübarizin xatirinə,
onun sponsorluq etdiyi "Xəzər-Lənkəran"
klubunun buradakı bütün oyunlarına tamaşa etmək üçün stadiona gedir...
"Baba bulağı"na qrup halında, ailəvi istirahətə gələnlər çox
olur. Burada həm böyüklərin,
həm də uşaqların ürəkdən
dincəlmələri üçün
hər cür şərait yaradılıb.
Masallının sakinləri də
bir neçə saatlığa bu istirahət məkanına
gəlməkdən məmnunluq
duyurlar. Mahmudavarın şöhrətli oğlu,
Prezident təqaüdçüsü
Şirvan Əbilovla
"Baba bulağı"nda çay süfrəsi arxasında həmsöhbət
olmaq, onun ulu öndərlə bağlı xatirələrini
dinləmək maraqlıdır.
Başqa bir Prezident təqaüdçüsü,
"Dövlət qulluğu"
ordenli Əliəşrəf
Niftiyev də dostları ilə ara-sıra "Baba bulağı"na
gələrək buranı
əsl babalar bulağı kimi urvatlandıranlardandır. Ağsaqqalların gözəl istirahət məkanı barədə
dedikləri hər kəsin ürəyindən
xəbər verir.
Şirvan Əbilov:
- Mənim yaşım səksəni ötüb.
Hər dəfə buraya gələndə sanki cavanlaşıram. Çünki
"Baba bulağı"nın
hər cığırında,
hər talasında gəncliyimin bir izini görürəm. Yurdumuzun dilbər guşələri
çoxdur, amma belə zövqlə yaradılan, qayğı ilə qorunan, hüsnünə sığal
çəkilən yerlər
azdır. Halal olsun bu gözəlliyin
qədir-qiymətini uca
tutanlara!
Əliəşrəf Niftiyev:
-
"Baba bulağı"nın
hər guşəsi bir naxışdır. Burada insanın ruhu dincəlir, əsəbləri
sakitləşir. Şəhər bürküsündən sıyrılıb
təbiətin qoynuna,
belə ecazkar bir guşəyə üz tutmağın özü bir aləmdir. Mübaliğəsiz deyirəm ki,
əgər "Baba bulağı"
bir qədər də genişləndirilsə,
əsl beynəlxalq turizm obyektinə çevrilə bilər.
Bu, həm də
Azərbaycanın misilsiz
təbiətinin, xalqımızın
qədim mədəniyyətinin
təbliği baxımından
önəmli olardı.
Gənclər də Təbiət evini çox sevirlər. Biz orada Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
bir qrup tələbəsi ilə də tanış
olduq. Gənclər mənalı istirahət
etmələrindən, həmçinin
böyük bir dinozavr heykəli yaratmaqla məşğul olmalarından həvəslə
söhbət açdılar.
"Baba bulağı"nda
keçirdikləri günləri
heç zaman unutmayacaqlarını söylədilər.
Gölün üzərindən boy göstərən nəhəng
"dinozavr" isə
onlardan bir xatirə kimi burada qalacaq.
Nəhayət, onu da əlavə edim ki, "Turizm ili" kimi tarixə düşmüş
2011-ci ildə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin sərəncamı ilə
ayrılmış 3,5 milyon manatlıq vəsaitlə Masallının
Ərkivan-Boradigah-Rudəkənar avtomobil yolunun çəkilişi reallaşdırılıb.
Yol və digər infrastruktur layihələr
həm adamların rahatlığına xidmət
edən, həm də bölgəyə turist axınını gücləndirən amillərdir.
Bu gün rahat asfalt yolla "Baba bulağı"na gəlib çıxmaq nə qədər asandırsa, buradakı gözəlliklərdən, unudulmaz
təsir bağışlayan
istirahətdən ayrılıb
getmək bir o qədər çətindir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 13 iyul.- S. 10.