Azərbaycan - Rusiya münasibətləri zəngin tarixə malikdir

 

Bakıda keçirilən "Rusiya - Azərbaycan dialoqu-2012" üçüncü Rusiya - Azərbaycan regionlararası forumu göstərdi ki, iki ölkə regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq getdikcə inkişaf edir, mövcud əlaqələr daha da genişlənir. Bununla bağlı forumda ətraflı danışılmışdır.

 

Bildirilmişdir ki, Azərbaycan - Rusiya münasibətlərinin gücləndirilməsi istiqamətində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Məhz elə bunun nəticəsidir ki, hazırda iki ölkə arasında siyasi, sosial-iqtisadi sahələrdə sıx əməkdaşlıq mövcuddur. Bunu statistik göstəricilər də təsdiq edir. Belə ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 47,4 faiz artaraq 2 milyard 828 milyon ABŞ dolları olmuşdur. Onu da deyək ki, bu gün Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. 1994-2012-ci illərdə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyasının subyektləri arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlığa dair 30-dan çox saziş imzalanmışdır. Həmin subyektlərdən Dağıstan, Tatarıstan, Başqırdıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Volqoqrad, Moskva, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk, Tula, Belqorod və Nijni Novqorod vilayətləri Azərbaycan ilə daha sıx əməkdaşlıq edirlər. Keçən il Rusiya ilə ticarət dövriyyəsinin ümumi həcmində həmin regionların payı 81,7 faiz təşkil etmişdir.

İki ölkə arasında əlaqələrinin daha sıx qurulmasında, gücləndirilməsində ümummilli liderimiz Heydər Əliyevin mühüm rolu danılmazdır. Dahi şəxsiyyət siyasi hakimiyyətə gələndən sonra sözügedən sahədə vəziyyət sürətlə yaxşılığa doğru dəyişmişdir. Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməklə, Rusiya ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynamış və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoymuşdur. 2000-ci ildə Vladimir Putinin Rusiya Prezidenti seçilməsi isə Rusiya-Azərbaycan münasibətlərini daha da gücləndirmişdir. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail olmuşlar. Həmin münasibətlər bu gün də Azərbaycan və Rusiya dövlət başçılarının səyləri sayəsində dinamik şəkildə inkişaf edir.

Müasir mərhələdə Azərbaycan ilə Rusiyanın qarşılıqlı münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev forumda bildirmişdir ki, əlaqələrimiz çoxşaxəli, çoxplanlıdır və həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycan - Rusiya münasibətləri açıqlıq, səmimilik, etimadın və qarşılıqlı anlaşmanın yüksək dərəcəsi ilə səciyyələnir. Dövlət başçılarının yüksək səviyyəli siyasi əlaqələri mövcuddur, mütəmadi olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "bizim ikitərəfli münasibətlərdə təxirəsalınmaz həllini tələb edən hər hansı məsələ yoxdur".

Bu gün Azərbaycan ilə Rusiyanın strateji tərəfdaşlar olduğunu söyləyən akademik Ramiz Mehdiyev qeyd etmişdir ki, son illər ərzində biz birgə səylərimizlə hər iki tərəf üçün çox vacib olan məsələlərə dair optimal, qarşılıqlı məqbul və qarşılıqlı faydalı həll yolları tapmağa nail olmuşuq. Dövlət sərhədi haqqında müqavilə bağlanmış, Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi məsələsi həll edilmiş, Xaçmaz rayonunun iki kəndində yaşayan rusiyalı vətəndaşlarla bağlı vəziyyət nizamlanmışdır. Xəzərin statusu barədə Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşdırılması prosesi faktiki olaraq başa çatmışdır. Bu isə perspektivdə bütün Xəzəryanı dövlətlər arasında konsensus əldə olunmasını təmin edə bilər.

Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. MDB ölkələri ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin 50 faizdən çoxu Rusiyanın payına düşür. Keçən il ölkələrimiz arasında əmtəə dövriyyəsi rekord həddə çataraq 2 milyard 828 milyon ABŞ dollarına bərabər olmuş, başqa sözlə, onun həcmi 2010-cu ildəkinə nisbətən 47,4 faiz artmışdır. Bizim qarşılıqlı münasibətlərimizin bütün tarixi ərzində heç vaxt belə nəticə olmamışdır. Bu, əlbəttə, bizi sevindirməyə bilməz. Bu, o deməkdir ki, qarşıda bizi yaxşı perspektivlər gözləyir.

Davamlı iqtisadi artım şəraitində Azərbaycan xarici və transmilli şirkətlər tərəfindən genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün cəlbedici olur. Hazırda respublikamızın ərazisində Rusiyanın 457 müəssisə və təşkilatı fəaliyyət göstərir. Onlardan 219-u 100 faiz Rusiya kapitalı əsasında yaradılmışdır, 149-u müştərək müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya nəhəng "LUKoyl" neft şirkəti, "Baltika" pivə istehsalı şirkəti, "Nikoyl" investisiya-kommersiya bankı, "Bank VTB" Açıq Səhmdar Cəmiyyəti və başqaları daxildir.

Onu da xatırladım ki, bu gün Rusiyanın 70 regionu respublikamızla əməkdaşlıq edir. Dağıstan, Başqırdıstan və Tatarıstan respublikaları, Krasnodar və Stavropol diyarları, Moskva və Sankt-Peterburq şəhərləri, Həştərxan, Belqorod, Volqoqrad, Moskva, Nijni Novqorod, Rostov, Samara, Sverdlovsk, Perm, Tula və Çelyabinsk vilayətləri Azərbaycan ilə əlaqələri daha fəal inkişaf etdirirlər. 2011-ci ilin yekunlarına görə, Azərbaycan-Rusiya əmtəə dövriyyəsinin ümumi həcmində bu subyektlərin payı 81,7 faiz olmuşdur.

Azərbaycan - Rusiya arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın inkişafını təsdiqləyən faktların sayını daha da artırmaq olar. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ilin yanvar ayında Rusiya Prezidenti ilə görüşü zamanı dediyi sözləri xatırlatmaqla yuxarıdakı fikri yekunlaşdırmaq istərdim. Dövlət başçımız adı çəkilən görüşdə demişdir: "Biz ikitərəfli münasibətlərin bütün spektri üzrə müsbət dinamika müşahidə edirik. Bu, bizi çox sevindirir. Biz Rusiya ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Rusiya bizim üçün strateji tərəfdaşdır. 2011-ci ildə bu tərəfdaşlıq daha böyük əməli işlərlə möhkəmlənməyə başlamışdır".

 

 

Musa HACIYEV,

iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2012.- 13 iyul.- S. 10.