Prezident İlham ƏLİYEV:
Azərbaycan nəinki bölgədə, dünya
miqyasında da güclü
ölkəyə çevrilir
Ölkəmizin sosial-iqtisadi strategiyası böyük
uğurla həyata keçirilir
Azərbaycanda bazar iqtisadiyyatı
prinsiplərinin tam bərqərar olması, xarici
investisiyaların qeyri-neft sektoruna, xüsusən də
regionların inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və biznes mühitinin
formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin
həyat şəraitinin yaxşılaşdırılması
məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin
yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti
cəlb edir. İdarəetmə sisteminə dinamizm və
müasirlik çalarları gətirən dövlət
başçımız hökumətin həyata keçirməli
olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə
saxlayır, habelə ölkənin strateji resurslarını
milli inkişafa təkan verən qlobal layihələrin
reallaşdırılması yönündə səfərbər
edir. Bu baxımdan son illərdə regional inkişaf və
qeyri-neft sektorunun tərəqqisi istiqamətində
reallaşdırılmış tədbirləri xüsusi
vurğulamaq olar.
Regionlarda
sosial-iqtisadi sahələrdə müsbət dəyişikliklər
baş vermiş, kənd təsərrüfatı keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm qoymuş,
respublikamızda ərzaq təhlükəsizliyinin
yaradılması prosesində mühüm uğurlar əldə
edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin
bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl
aqrar sahədən başlamış, kənd təsərrüfatında
90-cı illərin əvvəllərində özünü
qabarıq büruzə verən tənəzzül meylləri
dayandırılmış, iqitsadi artıma və inkişafa
nail olunmuşdur.
2012-ci
ilin ilk yarısı da ölkəmizin sosial-iqtisadi sahələrində
əldə edilən mühüm uğurlarla yadda qaldı.
Dövlət başçısının düzgün
strategiyası nəticəsində cəmiyyətin ümumi
potensialının milli məqsədlər naminə səfərbər
olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü
təmin etdi. Paytaxtın və regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
görülən kompleks tədbirlər ölkəmizin
uğurlarını şərtləndirdi. Həyata
keçirilmiş məqsədyönlü iqtisadi siyasət
hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə
edildi. Kənd təsərrüfatında məhsul
istehsalının stimullaşdırılması, əhalinin ərzaq
məhsullarına olan tələbatının yerli istehsal
hesabına ödənilməsi istiqamətində dövlət
tərəfindən həyata keçirilən tədbirlər
də regionların iqtisadi mənzərəsinin dəyişməsində
əhəmiyyətli rol oynadı. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında da bu barədə ətraflı
danışılmışdır. Dövlət
başçısı giriş nitqində demişdir:
"...Altı ayda ölkə iqtisadiyyatı uğurla
inkişaf etmiş və qarşıda duran bütün vəzifələr
icra edilmişdir. Ümumi daxili məhsul 1,5 faiz
artmışdır. Bu rəqəm əvvəlki dövrlərlə
müqayisədə o qədər də böyük rəqəm
deyildir. Ancaq ölkəmizin ümumi iqtisadiyyatı artdıqca
hər bir faizin daha da böyük qiyməti və dəyəri
vardır. Onu qeyd edə bilərəm ki, iqtisadiyyatın hər
bir faizi təxminən 700 milyon dollara bərabərdir və
iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir
ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə
ölkədə 1 milyard dollar dəyərində çox məhsul
istehsal edilmişdir".
Azərbaycan
Prezidenti çıxışında qeyri-neft sektorunun dinamik
inkişafının daim diqqət mərkəzində
saxlanıldığını vurğulamış, bu istiqamətdə
tədbirlərin bundan sonra da davam etdiriləcəyini
bildirmişdir. Ölkə rəhbəri xatırlatmışdır
ki, altı ayda qeyri-neft iqtisadiyyatı 11,3 faiz
artmışdır. Bu, dünya miqyasında ən yüksək
göstəricidir....Bundan sonrakı illərdə də əsas
diqqət qeyri-neft iqtisadiyyatının inkişafına yönəldiləcək.
İlin altı ayının yekunları Azərbaycanda
aparılan islahatların məntiqi nəticəsidir. Sənaye
istehsalının ümumi həcmi 3 faiz azalmışdır.
Bunun da səbəbi neft hasilatının aşağı
düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayesinin
inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər
ərzində sənayeləşmə proqramının icrasının
nəticəsidir.
Ölkəmizin
müxtəlif bölgələrində, Bakı şəhərində
yeni böyük və kiçik müəssisələr
işə düşür, yeni iş yerləri
açılır. Beləliklə, sənayeləşmə
proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə
daim diqqət göstəriləcəkdir. Bu il və gələn
illərdə yeni sənaye müəssisələrinin işə
düşməsi qeyri-neft sektorunu daha da gücləndirəcəkdir.
İclasda
dövlət başçısı bu ilin üç
ayında investisiyaların 4,3 milyard dollar təşkil etməsini,
keçən illə müqayisədə ölkə
iqtisadiyyatına qoyulan investisiyaların 30 faiz, əhalinin pul gəlirlərinin
14,2 faiz artmasını, inflyasiyanın 2,2 faiz olmasını
diqqətə çatdırmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev iclasda Bakının və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurla reallaşmasını qeyd etmiş,
bölgələrdə tikinti-quruculuq, abadlıq işlərinin
geniş vüsət aldığının
vurğulamışdır. Bildirmişdir ki, ötən
dövr ərzində, yəni, ilin 6 ayında 46 min yeni iş
yeri açılmışdır ki, onlardan 37 mini daimi iş
yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək
olar ki, Azərbaycanda hər həftə yeni müəssisə,
yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu
artır...
İclasda
həmçinin qeyd edilmişdir ki, hesabat dövründə
dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat
və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin
eyni dövrü ilə müqayisədə 45 faiz çox
olmuşdur. Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116
faiz əməl etmişdir, yəni, büdcəyə 2 milyard
968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən
isə 405 milyon manat və ya 15,8 faiz çox vəsait
köçürülmüşdür. Həmin vəsaitin 55
faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan
daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin
müvafiq dövrünə nisbətən 222 milyon manat və
yaxud 15,8 faiz çoxdur.
Ölkənin
əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal,
meliorasiya infrastrukturların tikintisi və yenidən
qurulması üçün 1 milyard 476 milyon manat, o cümlədən
yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən
qurulması üçün 405 milyon manat, "Bakı
Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair
Dövlət Proqramı"nın icrası üçün
118 milyon manat, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində
nəzərdə tutulmuş tədbirlərə 150 milyon
manat, su təchizatı və kanalizasiya sisteminin bərpası
və yenidən qurulması üçün "Azərsu"
Açıq Səhmdar Cəmiyyətinə 154 milyon manat,
torpaqların su təminatı və meliorativ vəziyyətinin
yaxşılaşdırılması tədbirləri
üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"
Acıq Səhmdar Cəmiyyətinə 156 milyon manat vəsait
yönəldilmişdir.
Dövlət
büdcəsindən ayrılmış investisiya xərcləri
ilə yanaşı, ölkəmizdə yol, su təchizatı
və meliorasiya, kənd təsərrüfatı, sosial və
digər infrastrukturların tikintisi və yenidən
qurulması üçün Azərbaycan hökuməti tərəfindən
xaricdən cəlb olunmuş kreditlər hesabına 348 milyon
manat məbləğində vəsait istifadə edilmişdir.
İclasda
diqqətə çatdırılmışdır ki, hesabat
dövründə dövlət büdcəsinin ehtiyat fondundan
əvvəlcədən büdcədə nəzərdə
tutulmayan bir sıra dövlət əhəmiyyətli tədbirlərin
maliyyələşdirilməsinə 400 milyon manat, o cümlədən
"Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan
Respublikası Bankının Azərbaycan Respublikasının
vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
imzaladığı tarixi fərmanın icrası olaraq 300
milyon manat vəsait ayrılmışdır. Qeyd olunan fərmanın
icrası olaraq cari ilin iyunun 1-dən fərdi birdəfəlik
ödəmələrin verilməsinə
başlanılmış, 10 iyul tarixə keçmiş
SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital
Banka daxil olmuş 315 min əmanətçinin müraciətlərinin
192 mini üzrə müsbət qərar qəbul edilmiş,
onun 156 mini üzrə isə 86 milyon manat məbləğində
vəsait əmanətçilərə ödənilmişdir.
Fərdi
birdəfəlik ödəmələrin verilməsi zamanı
yarana biləcək mübahisəli məsələlərə
baxılması, müvafiq qərarların qəbul edilməsi
və bu işlərə ümumi nəzarətin həyata
keçirilməsi məqsədi ilə xüsusi idarələrarası
komissiya yaradılmış, əmanətçiləri ən
çox maraqlandıran məsələlər müəyyənləşdirilərək
bu istiqamətdə geniş məlumatlandırma və təbliğat
işləri aparılır.
İclasda
bildirilmişdir ki, ölkə vətəndaşları
xalqın rifahı naminə imzalanan bu fərmanı Azərbaycan
Respublikası Prezidentinin ölkə vətəndaşlarına
yüksək diqqət və qayğısının növbəti
təzahürü kimi qiymətləndirirlər.
Qeyd
edilmişdir ki, bu ilin altı ayında kənd təsərrüfatı
məhsulları istehsalçılarına 35 milyon, damazlıq
heyvanların alınmasına 10 milyon, lizinq xidmətlərinə
33 milyon, fermerlərə kreditlərin verilməsinə 8
milyon, sahibkarlığın inkişafına 110 milyon manat vəsait
yönəldilmişdir. Bundan əlavə, Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən dəstəklənən
investisiya layihələrinin sayı ötən illə
müqayisədə 57,1 faiz, verilən güzəştli
kreditlərin məbləği isə 53 faiz
artmışdır. Azərbaycanda sığorta
bazarının məcmu aktivləri iki dəfə,
sığorta şirkətlərinin məcmu nizamnamə
kapitalı isə 3,3 dəfə çoxalmışdır.
Bu
gün ölkədə əsas hədəflərdən biri də
sahibkarlığın inkişafı üçün biznes
mühitinin daha da yaxşılaşdırılması, bu sahədə
qanunvericiliyin təkmilləşdirilməsi, milli
iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi,
dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası və bu əsasda ölkədə dinamik
inkişafın davamlılığını təmin etməkdir.
İqtisadi
inkişafı şərtləndirən və əhəmiyyətli
dərəcədə sürətləndirən əsas amillərdən
biri də dövlətlərarası ticarət əlaqələrinin
genişləndirilməsi, uğurlu idxal-ixrac əməliyyatlarının
həyata keçirilməsi, onlar arasında nisbətin milli
maraqlara uyğun olaraq düzgün qurulmasıdır.
İclasda
həmçinin vurğulanmışdır ki, ulu öndər
Heydər Əliyevin təkrarsız və unikal dövlət
idarəçilik məktəbinin davamçısı
möhtərəm Prezidentimiz İlham Əliyevin həyata
keçirdiyi müstəqil siyasət milli
maraqlarımızın qorunmasını təmin etmişdir.
Digər sahələrdə olduğu kimi, ölkəmizin
xarici-iqtisadi fəaliyyət sferasında da daim inkişaf nəzərə
çarpır, xarici-ticarət dövriyyəsinin həcmi
böyük sürətlə artır. Ölkənin fiskal
siyasətinin həyata keçirilməsində önəmli
rola malik olan Dövlət Gömrük Komitəsi
üçün hər il olduğu kimi "2012-ci il dövlət
büdcəsi haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq 1 milyard 200 milyon manat həcmində
büdcə daxilolmaları
proqnozlaşdırılmışdır. Hesabat ilinin ilk 6
ayında 555 milyon manat büdcə proqnozuna qarşı faktiki
olaraq 557,2 milyon manat gömrük vergi və rüsumları
toplanaraq dövlət büdcəsinə
köçürülməsi təmin olunmuş, proqnoza 100,4
faiz əməl edilmişdir.
Beynəlxalq
ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin
sürətləndirilməsində, yük-nəqliyyat
daşımalarının həcminin artırılmasında,
tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində,
gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə,
nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin
təmin olunmasında gömrük xidməti müstəsna
rol oynayır.
Ölkə
Prezidentin müvafiq sərəncamına əsasən tətbiq
olunan "Bir pəncərə" sistemi gömrük rəsmiləşdirilməsi
əməliyyatlarının
avtomatlaşdırılmış qaydada həyata keçirilməsini,
bu işə sərf olunan vaxtın minimuma endirilməsini təmin
edərək xarici iqtisadi fəaliyyət
iştirakçılarına və fiziki şəxslərə
xidmətin səviyyəsini
yaxşılaşdırmış, bütövlükdə
gömrük orqanlarında idarəçiliyin təkmilləşdirilməsinə
imkan yaratmışdır. Bununla yanaşı, gömrük
ödənişlərinin bank və ya plastik kart vasitəsilə
alınması təşkil olunmuş, bütün
gömrük idarələrində pos-terminallar
quraşdırılmış və ya müvafiq bankların
filialları açılmışdır.
İclasda
yuxarıda qeyd edilənlərlə yanaşı,
qaçqın və məcburi köçkünlərin
sosial problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlər, İKT və telekommunikasiya
sektorunda görülən işlər, sosial müdafiə sisteminin
beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən
qurulması və s. məsələlər barədə də
ətraflı danışılmışdır.
Ölkə
Prezidenti yekun nitqində 2012-ci ildə qarşıda duran vəzifələrə
də toxunmuş, həyata keçiriləcək tədbirlərlə
bağlı tövsiyələrini vermişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 13 iyul.- S. 7.